Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:21

Naxçıvandakı kredit güzəşti başqa regionlarda da olacaqmı?


Dollar
Dollar

-

Bu suala «Azadlıq» qəzeti cavab axtarır.

Qəzet yazır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tapşırıq verib ki, Naxçıvanda banka ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək 1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilsin:

«Deməli, Naxçıvan sakinləri köhnə məzənnə ilə ödəniş edəcəklər. Təbii ki, Naxçıvanda belə bir güzəştin tətbiq edilməsi yaxşı haldır və 1 nəfər vətəndaşın da yükdən azad olunmasına sevinirik. Amma ortaya əsaslı suallar çıxır. Niyə bu güzəştlər bütün ölkə boyu həyata keçirilmir? Bəlkə, Naxçıvanda xüsusi neft-qaz çıxır, xəbərimiz yoxdur? Axı, Naxçıvan iqtisadiyyatı da Azərbaycan iqtisadiyyatının bir hissəsidir və eyni potensiala malikik. Necə olur ki, ölkədə mənfi reputasiyaya malik olan bir adam belə bir qərar qəbul edə bilir, amma «sürətli inkişaf edirik» deyən prezident bu addımı ata bilmir?».

Qəzet hesab edir ki, kompensasiya bütün ölkəyə şamil olunmalıdır: «Unutmayın ki, Ukraynada, Qazaxıstanda, Yunanıstanda analoji hal baş verdi və hökumət xalqın xeyrinə qərar çıxardı. Azərbaycanda isə yalnız bir bölgədə kompensasiya qərarı verilir və hökumətin ayrıseçkiliyi ortaya çıxır. Naxçıvan başqa bir dövlət deyil və Naxçıvana gedən pullar da Azərbaycan büdcəsindən ayrılır».

Azərbaycan/AB
Azərbaycan/AB

QƏRBIN YANINDA YER ALMALI – QURTULUŞ DÜSTURU...

«Yeni Müsavat» qəzeti «Qərbin yanında yer almalı-qurtuluş düsturu...»ndan yazır.

Məqalədə deyilir ki, hakimiyyət Rusiya ilə hərdən Qərbdə bəzi şübhələr yaradacaq həddə də yaxınlaşır: «Amma bu sanksiyalar hədəsinə, Qərblə münasibətlərə bunca soyuqluq gətirəcək həddə ola bilməz. Qərb dediyimiz birqütblü deyil, onun bir ölkəsi ilə məsafəli davranıb, digəri ilə yaxın müttəfiq də olmaq mümkündür. Fəqət, bütün Qərbi, Amerikanı dörd-beş müxalifətçi mandatına, 10-15 siyasi səbəblərdən tutulmuş məhbusa görə qarşına almaq da doğru siyasət deyil».

Qəzet daha sonra yazır ki, Bakının Qərblə qarşıdurmaya getməsi neft bumunun bitdiyi bir dönəmdə Azərbaycan üçün çox ziyanlıdır: «Azərbaycan indən sonra Qərblə daha intensiv, daha açıq siyasət yürütməlidir. Ölkə Qərbin pullarının toplandığı maliyyə mərkəzləri ilə daha intensiv danışıqlara başlamalıdır, təxirəsalınmaz iqtisadi islahatlar aparılmalıdır. Qeyri-neft sektoruna Qərb investorlarını cəlb etmək lazımdır, bu mümkün olmasa belə, iqtisadiyyatı neft asılılığından qurtarmaq üçün maliyyə institutlarına müraciət etmək lazım gələcək. Bu kimi iri layihələri maliyyələşdirmək üçün isə ölkədəki siyasi azadlıqlar ən vacib şərtdir. Heç kim istəməz ki, Azərbaycan Qərbin boyunduruğuna düşsün. Zatən Qərbin də indi boynunda ağır yüklər var; milyardlarla dollartələb edən miqrantlar axınını, büdcəsi hələ də «deşiklə» formalaşan Ukraynanı xatırlamaq kifayətdir».

Məqalənin sonunda deyilir ki, 2016-cı il Azərbaycan üçün daha ciddi sınaq ili olacaq. Azərbaycan hakimiyyətinin bu sınaqdan çıxmasına isə təkcə hakimiyyət məsələsi kimi baxmaq yanlış olar, ortada Azərbaycanın taleyi var: «Neft siyasəti bitdi, amma dünyanın axırı da deyil...».

Valyutadəyişmə məntəqələri.
Valyutadəyişmə məntəqələri.

«QARA BAZAR»DA ÜZÜ QARALDILAN MANATIMIZ

ANSPress-in məlumatına görə, paytaxtda, «28 May» metrostansiyasının çıxışında və Səməd Vurğun parkının ərazisində bəzi şəxslər, 1990-cı illərdə olduğu kimi, «qara bazar» adlanan qeyri-qanuni valyuta bazarı formalaşdırıblar. Həmin bazarda vətəndaşların əlində olan yerli valyutanı ucuz qiymətə alır, ABŞ pulunu isə dəyərindən çox baha satırlar.

Reportajda deyilir ki, əhali arasında həyasan yaranıb: «Bu adamlar vətəndaşlara yaxınlaşıb onlardan pul dəyişmək istəyib-istəmədiyini soruşurlar. Dollar almaq istəyən vətəndaşlara isə özlərinin əllərində ABŞ valyutası olmadığını, olsa belə satmayacaqlarını, səbəb olaraq da dekabrın 28-də dolların məzənnəsinin 2 manat olacağını, ayın 31-nə qədər isə 2.30 manata qədər yüksələcəyini deyirlər».

Azərbaycan Bank Tədris Mərkəzinin (BTM) rəhbəri, Mərkəzi Bankın (AMB) sabiq sədri Cavanşir Abdullayev deyir ki, bu qanunsuz addımdır: «Mərkəzi Bankdan lisenziyası olmayan hüquqi və fiziki şəxslərin valyuta əməliyyatları aparması qeyri-qanunidir və qanunla qadağandır. Bu addım həm inzibati həmdə cinayət məsuliyyəti yaradır».

İqtisadçı Məhəmməd Talıblı çıxış yolu olaraq ölkənin baş bankının bazara hansısa formada müdaxilə etməli olduğunu deyir: «Mərkəzi Bankın rəhbərliyi KİV vasitəsilə vətəndaşlara baş verən bütün bu prosesləri anlatmalı və dollar tələbinin artmasını aydınlaşdırmalıdır. Əgər ölkənin əsas bankı bu gün tutduğu yolla davam edərsə və insanlara bütün proseslərin açıqlamalarını verməzsə, cəmiyyət arasında bankın əsas rıçaqlarını itirdiyi fikri formalaşa bilər. Bütün bu proseslərdən sonra vətəndaşlar arasında fikir formalaşacaq ki, dolları elə «qara bazar»da dəyişmək lazımdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG