Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:52

-

"Vətəndaşın ölkəsinə xeyir vermək borcu onun öz xoşbəxtliyini qurban verməsindən keçməli deyil."

"Bütün bunların fonunda, Azərbaycanla bağlı ümid və gözləntilər qurmaq qızıl balıqdan arzu istəmək qədər xəyalpərəslikdir."

Azərbaycanda BMT-nin sosial inkişaf layihələrində işləmiş, sonra Yeni Zelandiyada təhsil almış, təhsildən sonra orada işləməyə, yaşamağa davam etmiş Vəfa Xanlar ilə OxuZalında söhbət

- Vəfa, Yeni Zelandiyada təhsil almaq, ölkənin kültür mühiti və təhsili sənə necə təsir etdi, üfüqlərini genişlətdimi?

- Təhsildən sonrakı zamanda özümdə çox dəyişikliklər hiss etməyə başladım. Hər şeyi sorğulamağa başladım. Əminliklə "bu, belədir" deyə biləcəyim bir mövzu, fikir, mülahizə demək olar ki, qalmadı. İstənilən mövzuda dünyadakı insanların sayı qədər mövqelərin mövcudluğunu qəbul etməyə başladım. Doğru və yanlış mövqelərin olmadığını, müəyyən zaman kəsiyində zərərli və xeyirli mövqelərin olduğunu dərk etməyə başladım və insanların fikir müxtəlifliyinə hörmət etmək adətini qazandım.

Vəfa Xanlar

Vəfa Xanlar

Bu dəyişikliklərdə təkcə təhsil və fərdi təfəkkürümün deyil, həm də YZ-nın ictimai mədəni mühitinin rolu olub. Yaşadığım şəhər YZ-nın milli tərkibinə görə ən rəngarəng şəhəridir. Burada demək olar ki, dünyanın hər yerindən gəlmələr yaşayır. Bu, şəhərin həyatına öz təsirini göstərməyə bilməz.

Sərbəst, müstəqil və tənha (ailə və qohumlardan uzaq) yaşamaq, cəmiyyətin tam bir üzvü olmaq, həyatın məqsədinin yalnız ailə sahibi, valideyn olmaq gözləntiləri deyil, seçim olduğu bir mühitdə yaşamaq tam fərqli bir təcrübədir. Dəyişiklik və fərqliliklər hər zaman mənə stimul və motivasiya verir.

Müəllimə ödəmə vahidi tələbənin biliyi və öyrəndikləridir.

Təhsil sistemi ilə bağlı isə bunu deyə bilərəm ki, master oxuyurdum. Professorlarım bizə tələbə deyil, öz həmkarları kimi baxırdılar. Universitetdə qapıçı, polis və ya təhlükəsizlik işçiləri yox idi. İlk təhsilimi Azərbaycan Dillər Universitetində almışam, yadımdadır ki, qapıda daim qapıçı və polis geyimli təhlükəsizlik işçiləri olardı.

Burada təhsildə ictimai məcburiyyət yoxdur. İnsanlar status üçün deyil, bilik və imkanlar üçün təhsil alırlar. Heç kəs qiymət almaq üçün müəllimə pul vermir, bu mənada, ödəmə vahidi tələbənin biliyi və öyrəndikləridir.

Təhsil xoşlarına gəlmədikdə rahatca tərk edirlər, hansısa səbəbdən təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqda sonradan davam etdirə bilirlər, təhsil aldıqları müddətdə başqa sahəyə maraqları yaranarsa, rahatca transfer edirlər. Bir sözlə, təhsil almaq çox rahatdır, tələbənin sevə sevə təhsil alması hiss olunur, hətta imtahanlarqabağı hamı gərgin olsa belə.

- İşdən sonra, həftəsonları görüşdüyün dostların haqqında danış, çevrəndə kimlərdir?

- Müxtəlif ictimai tədbirlərdə və ortamlarda tanış olduğum, maraq və dünyagörüşlərini bölüşdüyüm, açıqfikirli, gənc ruhlu, enerjili, gözəl insanlardır.

Vəfa Xanlar (sağda)

Vəfa Xanlar (sağda)

Çevrəm stabil deyil, zamanla və maraqlarımla əlaqədar olaraq daim dəyişir. Dostlarım arasında keçmiş və indiki ev yoldaşlarım da var.

Ümumiyyətlə, otaq-ev yoldaşı bir Yeni Zelandiyalının həyatında kifayət qədər mühüm yer tutan qrupdur. İnsanlar adətən yeniyetmə yaşından artıq valideynlərindən ayrılıb sərbəst yaşamağa başlayırlar. Ev almaq çox baha olduğu üçün uzun illər kirayədə yaşamalı olurlar. Hətta ev aldıqda belə, banka krediti ödəyə bilmək üçün otaqlarını kirayə verməli olurlar.

Bu, sərbəst və tərəkəmə yaşam tərzini formalaşdırır – iqtisadi, mədəni və ictimai səbəblərdən, xüsusilə də işə görə vaxtaşırı yaşayış yerlərini dəyişirlər və beləcə, çoxlu insanlarla tanış olur və eyni mühitdı yaşamalı olurlar.

- Qərb modeliylə inkişaf etmiş demokratik ölkələrdə həyat rutinləşib. Vətəndaş-dövlət münasibətləri lazımınca inkişaf edəndən sonra bir çoxları xoşbəxtdir, amma bir çoxları yenə də yox. İnsan təbiəti yenə də özündə bir çatışmazlıq hiss edir. Bəlkə də buna görə belə ölkələr Art layihələrə son dərəcə geniş imkanlar açırlar, incəsənət (o, həmişə incə olmalı deyil, yeri gəlmişkən), film, ədəbiyyat insana daha böyük azadlıq hissi verir.

Uzun müddətdir qayda-qanunlu, sakit bir ölkədə yaşayırsan. Bu, sənin bir insan kimi əhval-ruhiyyənə necə təsir edir? Sosial problemlərə üsyan bitəndə ardınca üsyankar insan nədən narazı olur? Yoxsa hər yerin öz sosial problemləri var?

- Beynimiz təbiətcə adətkarlığa meyllidir. Bu özünü istənilən cəmiyyətdə büruzə verir. Əksər insanların həyat seçimləri yaşadıqları cəmiyyətin inkişaf səviyyəsindən asılı olmayaraq, kifayət qədər rutin və adət-ənənələrə sadiqliklə doludur. Bu mənada, YZ da müstəsna deyil.

Vəfa Xanlar (solda)

Vəfa Xanlar (solda)

Azərbaycanla müqayisədə, burada eynilikdən, rutindən bezib dəyişiklik etmək istədikdə imkanlar saysız qədərdir, hər sahədə - incə və qeyri-incə sənət, elm, ictimaiyyət, siyasət və cəmiyyətin digər sahələri.

Sosial problemlər də heç zaman bitmək bilmir - YZ-da təbiətin mühafizəsi ilə bağlı mübarizə daim davam edir, heyvanların hüquqları, qadın və kişilərə bərabər əmək haqları, hər kəs üçün ədalətli və bərabər imkanlar, miqrantların problemləri, cinsi azlıqların problemləri, qonşu (bir okean o tərəfə) regionlarla əməkdaşlıq və inkişaf məsələləri və daha nələr.

Ümumiyyətlə, istənilən cəmiyyətin lokomotivi olan üsyankar insanların həyatı daim mübarizə ilə doludur. Vətəndaş-cəmiyyət qarşıdurması inkişafdan asılı olmayaraq, hər zaman mövcuddur. Cəmiyyət statik bir mexanizm deyil, daim hərəkətdədir, dəyişməkdədir. Hər bir dəyişiklik, hər bir yenilik isə yeni mübarizə deməkdir. Burada hər kəs öz mübarizəsini seçməkdə və aparmaqda azaddır.

Mənə gəldikdə isə, Azərbaycanla müqayisədə, sakit bir ölkədə mən də lazımınca pasifist olmuşam, təbiətə, köklərimizə bağlanmışam. Makro deyil, mikro yaşamları tərcih etməyə başlamışam. Qlobal düşünüb, lokal yaşayamaq tərəfdarıyam.

Burada olduğum zamanda, özümü inkişaf etdirməyə, yeni bacarıqlara yiyələnməyə, yeni hiss və emosiyalar doğuracaq həyat təcrübələri yaşamağa çalışıram.

YZ-nın ictimai siyası həyatına aktiv qatılmasam da, vacib olduğuna inandığım məsələlərdə məsuliyyətli mövqe tutmaq üçün daim maariflənməyə, özümün inanc və dəyərlərimi vaxtaşırı süzgəcdən keçirməyə, bir növ özümü tərbiyə etməyə kifayət qədər enerji və vaxt sərf edirəm. Hesab edirəm ki, hər kəsin mübarizəsi ilk öncə özü ilə olmalıdır.

- Yerli tayfalarla şəhərlilərin bir-birinə münasibəti necədir?

- YZ-nın yerli əhalisi Maorilər hesab olunur, əhalinin 10 faizini təşkil edirlər və ölkə həyatına kifayət qədər inteqrasiya olunublar. Burada yerli tayfalar və şəhərlilər qarşıdurması yoxdur, daha çox yerli mədəniyyət və koloniyaçılıq qarşıdurması var.

YZ kənardan sakit, yaşıl və sülhsevər ölkə təəssüratı bağışlasa da, ölkə daxilində çoxlu dinamik proseslər gedir.

YZ kənardan sakit, yaşıl və sülhsevər ölkə təəssüratı bağışlasa da, ölkə daxilində çoxlu dinamik proseslər gedir.

Koloniyaçı keçmiş Britaniya İmpersiyasının varislərindən biri kimi, şübhəsiz ki, YZ-da da ağların kapitalist qərb mədəniyyətinin aliliyi prinsipi cəmiyyətin idarə olunmasında kifayət qədər özünü biruzə verir. Bu isə köklərə və mənəvi dəyərlərə bağlı icmasevər Maori mədəniyyəti ilə uyuşmur.

Bununla yanaşı, digər keçmiş koloniya ölkələrinin yerli əhalisi ilə müqayisədə, Maorilərin yerli mədəniyyətlərini qoruyub saxlamaq sahəsində irəliləyişləri və imkanları daha uğurlu olub.

Müasir zamanda, Maori ritualları artıq bütün rəsmi tədbirlərə daxil edilir, Maori dilində danışanların sayı artmaqda davam edir, Maorilərin inkişafı üçün xüsusi dövlət proqramları həyata keçirilir, müxtəlif sahələrdə kvotalar tətbiq edilir.

Maorilər bugünkü statuslarına gəlib çatmaq üçün uzun mübarizə yolu keçiblər. Bu mübarizənin pik anı 1970-ci illərin əvvəllərində Maori Etiraz Hərəkatı ilə başlayıb və günümüzə kimi davam edir.

- Orta statistik bir Yeni Zelandiyalının dərdi nədir?

- Yaman çətin sualdır. Mənim müşahidələrimə görə, orta statistik Yeni Zellandiyalının dərdi soyuducuda pivənin qurtarması, azarkeşlik etdiyi idman komandasının məğlubiyyəti, reqbidə Millinin məğlub edilməsi, Avstraliyada minimum əmək haqqının YZ-dan çox olması və s. bu kimi həyati əhəmiyyətli məsələlərdir.

Həqiqətən də, bu suala cavab vermək çətindir. Əminəm ki, bütün insanlar kimi, Yeni Zellandiyalı da ölkəsində sülh və sabitlik, iqtisadi inkişaf, geniş iş və fəaliyyət imkanları, yüksək maaş, uğurlu ailə həyatı və s bu kimi sadə təbii istəklərə sahibdir.

İnkişaf etmiş ölkə olsa da, burada da ciddi sosial-iqtisadi bərabərsizlik mövcuddur və bu səbəbdən hamı öz istəklərinə nail ola bilməyir.

- Sosial inkişaf profili üzrə (UNICEF) işləmisən, gender üzrə təhsil aldın, qabaqcıl fikirlərin var. Bu işığından başqalarına işıq ötürməyə özünü borclu hiss edirsənmi? Azərbaycan kimi ölkədə maarifçiliyin bloq yazmaqdan başqa yolları nə ola bilər, səncə?

Vəfa Xanlar, Nərmin Kamal

Vəfa Xanlar, Nərmin Kamal

- Fikirlərimin nə qədər qabaqcıl olduğuna əmin deyiləm, deyərdim ki, qeyri-ənənəvi olmaqdan, axına qarşı getməli olmaqdan çəkinmirəm. İşığımdan (lap utandım!) başqalarına ötürməyə gəldikdə isə, mən biliyi bölüşməyin tərəfdarıyam. Bu mənada, bildiklərimi başqalarına ötürmək kimi borcluluq hissim yoxdur, yəni mənim bildiklərimi öyrənmək istəyənlər olmadıqda bu hiss öz mənasını itirir. Amma, bölüşməyi hər zaman sevirəm və daim kimdənsə yeni şeylər öyrənəcəyim ortamlar cəlb edir məni.

Bloq yazmaq əladır, bloq oxumaq vərdişlərini təlqin etmək ondan da əladır. Mən universitet illərimdə virtual forumları çox sevirdim, müxtəlif ictimai təşkilatlarda könüllülük edir, gənclər üçün təlimlərdə iştirak edirdim. Sonrakı illərdə xaricdə təhsil almış azərbaycanlı tələbələrin (ingiliscə adı – AN alumni network) şəbəkəsinin görüşlərinə böyük maraqla qatılırdım.

Ümumiyyətlə, canlı iştirak tələb edən tədbirləri daha effektiv maarifçilik üsullarından hesab edirəm. Məsələn hesab edirəm ki, hətta qrup halında bir səyahət səfəri özü böyük maarifçilik missiyasıdır. Amma effektivlik nisbidir, canlı iştirak hamı üçün effektiv olmaya bilər. Buna görə hər hansı bir məqsədə nail olmaq baxımından, bu prosesdə aidiyyatı olanların hansı usüllara üstünlük verməsini araşdırıb öyrənmək vacibdir.

- Təhsil Nazirliyinin xəttilə Avropaya gedib 1 il magistratura oxuyandan sonra orada qalıb işləyən, sonra vətəndaşlıq alan, ondan sonra da qayıtmayan, həyatını ora bağlayan məzunlar çoxdur. Bu, biraz Təhsil Nazirliyinin başını aldatmış, borcu qaytarmamaq təsiri bağışlayır. Amma cavabında onlar deyirdilər ki, Azərbaycanda onların aldığı təhsilə layiq iş və əmək haqqı vermirlər.

Bəs səncə, niyə gənclər “təhsildən sonra 5 il Azərbaycanda işləmək”, “Azərbaycana faydalı olmaq” kimi şərtlərə əməl eləmirlər?

- Əslində, mən özüm belə gənclərdən biriyəm, təhsilimi 2008-ci ildə bitirməyimə baxmayaraq, burada qaldım. Qalmaqda ciddi bir səbəbim yox idi. Sadəcə təhsil aldığım müddətdə ölkəni gəzə və araşdıra bilmədiyim üçün müəyyən müddət qalmağa qərar verdim və sonra isə həyatın öz axarı ilə davam etməsinə müdaxilə etmədim. Son illərdə isə Azərbaycana qayıtmaq barədə düşünməyə başlamışam.

Vəfa Xanlar dostlarıyla

Vəfa Xanlar dostlarıyla

Təhsildən sonra xaricdə qalmaq məsələsinə munasibətdə mən insanların azad seçimlərinə hörmət edirəm.

Ölkəyə xeyir vermək istəyi və buna mənəvi hazır olmaq vacibdir, məcburən bu mümkün deyil. Məncə, vətəndaşın ölkəsinə xeyir vermək borcu onun öz xoşbəxtliyini qurban verməsindən keçməli deyil.

Xoşbəxt olmayan birisi çətin ki, cəmiyyətə bir xeyir vermiş olsun. Əlbəttə, xaricdə təhsil alanları qayıdıb ölkəsində yaşayıb işləməyə həvəsləndirmək əlaqədar dövlət qurumlarının proqramında olmalıdır. Amma bununla bağlı hansı işlər görülür, xəbərim yoxdur.

Mübariz gənclərə qarşı siyası basqılar isə göstərir ki, hakim qurumlarımız hələ ki, inkişaf etmiş cəmiyyət qurmaq niyyətində olan maarifçi, təhsilli, vicdanlı gənclərin ideyalarını reallaşdırmaq niyyətində deyil.

- Sən gedəndə Azərbaycanda vəziyyət təxminən necəydi? Son yadında qalan mənzərələr nədir? Qayıdanda ölkəni, insanları necə görəcəyinə ümid edirsən?

- Çox geniş sualdır. Mən Azərbaycandan 8 il öncə getmişəm. O zaman gənc idim, həyatı duyumum, görüşlərim, fikirlərim fərqli idi. O zaman həm də ictimai hadisələrin içərisində idim, tədbirlərə, görüşlərə, təlimlərə qatılırdım, gənc olaraq şəbəkələşirdik, aktiv idik.

Ötən yay Azərbaycanda olduğum 4 ay ərzində vaxtımı əsasən ailəmlə və dostlarla keçirdim, ölkə haqqında geniş və ya fərqli təəssüratım olmadı.

Vəfa Xanlar

Vəfa Xanlar

Ola bilsin ki, müsbət istiqamətdə dəyişikliklər var, amma, nə zamana kimi ki, növbə mədəniyyəti, yol hərəkəti qaydalarına riayət etmək mədəniyyəti, xidmət mədəniyyəti, insanların bir-birinə və ətraf mühitə hörmət və diqqətlə yanaşmaq mədəniyyəti və sair bu kimi gündəlik sahələrdə mədəniyyət nümayiş etdirə bilməyəcəyik, sadə insanlarda çətin ki, hər hansı bir inkişaf təəssüratı yaranmış olsun.

Təəssüf ki, Azərbaycanın üzdə görünən "inkişafı" (bahalı restoranlar, dəbdəbəli otellər, brend mağazalar, kofe şoplar, ikonik tikililər, işıqlandırılmış binalar və s.) ilə bərabər, sosial-iqtisadi bərabərsizlik də artmaqdadır.

Bütün bunların fonunda, Azərbaycanla bağlı ümid və gözləntilər qurmaq qızıl balıqdan arzu istəmək qədər xəyalpərəslikdir.

Bu mübarizə təkcə siyasi olmalı deyil - insanlar öz həyatlarına, öz inkişaflarına, öz səhvlərinə sahib çıxmalıdırlar.

Mən Azərbaycanın görmək istədiyim səviyyəyə (azad, demokratik, insansevər, dünyasevər, sülhsevər, mədəni və elmi inkişaf etmiş ali cəmiyyət) yaxınlaşması üçün bütün ömrüm boyu dayanmadan mübarizə aparmalıyam.

Bunu istəyən hər bir kəs ömrü boyu dayanmadan mübarizə aparmalıdır. Bu mübarizə təkcə siyasi olmalı deyil - insanlar öz həyatlarına, öz inkişaflarına, öz səhvlərinə sahib çıxmalıdırlar.

Bu prosesdə dünənki gəncliyin rolu da çox böyükdür. İstərdim ki, gəncliyində mübariz olan insanlarımız mübarizə əzmini itirməsinlər. Bizdə geniş yayılmış bir münasibət var, yaşlılar daim gənclərə deyirlər, "Bala, mən cavanlığımda mübariz idim, nə əldə etdim?!" Məncə, bu çox yanlış yanaşmadır.

Gənclik çox güclü bir enerjidir və bu enerjinin qarşısını almaq həm mümkün deyil, həm də buna cəhd etmək ədalətsizlikdir. Bu enerjini pozitiv dəyişikliklərə istiqamətləndirmək və bundan cəmiyyətin inkişafı üçün səmərəli yararlanmaq lazımdır. Yaşlı nəslin ən mühüm töhfəsi gəncləri mübarizəyə ruhlandırmaq və onların mübarizəsini dəstəkləməkdən ibarət ola bilər.

Buna görə istərdim ki, artıq cəmiyyətdə oturuşmuş, müəyyən status sahibi olan insanlar gənclərə öz ideyalarını reallaşdırmaqda təmənnasız kömək etsinlər.

Qoy bu insanlar şəbəkələnsinlər, cəmiyyətlər, fondlar yaratsınlar və gənclərin layihələrini mailiyyələşdirsinlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG