Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:35

Mənim rəngli yuxularım (Azərbaycanlının Parisdə yazdıqları)


Flora
Flora

-

"Onsuz da mən həmişə qara geyinmişəm, qara yaylıq örtmüşəm, qara yaslara getmişəm. Bəs deyilmi?! İndi bu gözəl şəhərdədəmi qaralara qarışmalıyam?! İstəmirəm. Daha qara bəsdi."

FLORA

Mənim rəngli yuxularım

Bir həftədi, burdayam. O qədər yorğun gəlmişəm ki, gələndən üç gün yatdım.

Bir aydan çoxdu hüznlü günlər yaşayırıq. Böyüyümüz ölüb. O, uzun sürən xəstəlikdən sonra qəflətən öldü. Hələ yayda ölmüşdü, sonra ölmədi, dedilər, payızda vətənə dönəcək (o, uzaq ölkədə xəstəxanada yatırdı). Gözlədik, gəlmədi. Hamı istəyirdi ki, o gəlsin, ya ölüsu gəlsin, ya dirisi.

Axır ki, payızın sonunda balaca dəmir qutuda gəldi və bizim qara günlərimiz başladı.

Hamı onun haqqında danışmağa başladı, tanıyan da, tanımayan da, sevən də, sevməyən də, bir sözlə, hamı. Hamı onun yaxşılığından danışırdı, çünki ataların bir sözü var: «ölünün dalınca ya yaxşılığa danış, ya da heç danışma».

Mən heç danışmadım. Nədən danışa bilərdim, – qonşumuz Məsmə xalanın damın altında acından ölməyindənmi, dərsə getməyən uşaqların pul dilənməyindənmi, özümün ayda on bir «şirvan» təqaüd almağımdanmı?

Hələ on il çadırlarda yaşayan qaçqınları, yavaş-yavaş torpaqlarımızı unutmağımızı demirəm. Bunlardan çox demək olar, ona görə də mən heç danışmadım.

Ordan necə hüznlü gəlmişəmsə, yuxularımı da qarışdırmışam.

QARA

Mən heç vaxt rəngli yuxu görməmişəm. Üç gün yatıb doyandan sonra, dördüncü günü gecə yuxuda qara şəhər, qara adamlar, qara bayraqlar, qara qanlar, qara çaylar, hətta qara qar da gördüm.

Gördüm ki, mənim ürəyimi qara qutuya qoyublar, ürəyim isə şişir-şişir, az qalır qutudan çıxsın, ancaq çıxa bilmir. Ağrıdan ayıldım, bir dərman içdim və yuxumdan qorxdum.

Bu yerlərdə heç vaxt qış bilinmir. Səhər-axşam yağış yağır, hava çox rütubətli olur. Ona görə mən də evdə oturub qəzetə-jurnala baxıram, kitab oxuyuram, fikirləşirəm ki, gərək böyüyümüz ölməyəydi. Heç olmasa, ölməmişdən qabaq öz yerinə bizə bir başçı seçəydi, elə bir başçı ki, doğru danışsın, əməli saleh olsun, xalqı aldatmasın. Bir nağılda olduğu kimi:

NAĞIL

Ölkənin padşahı qocalmışdı, əldən düşmüşdü. Ölməmişdən qabaq öz yerinə ağıllı bir insan axtarırdı ki, padhaş olsun. Ona görə əmr verdi ki, məmləkətin bütün uşaqlarını sarayın qabağındakı meydana yığsınlar.

Bəli, deyilən vaxtı hamı yığışdı. Padşahın əmri ilə bir torba toxum paylandı. Və padşah əmr verdi: «Kim bu toxumdan gül bəsləsə, o da padşah olacaq».

Padşah sağ olsun, mən həmin toxuma nə qədər qulluq etdimsə, gül bitmədi.

Vaxt tamam oldu. Hamı meydana toplaşdı. Hərənin əlində bir dibçəkdə gül var idi. Padşah baxdı, baxdı və gördü ki, lap arxada bir uşaq ağlayır, əlində də heç nə yoxdu. Əmr verdi ki, o uşağı gətirsinlər.

Uşağı gətirdilər. Padşah soruşdu: «Niyə ağlayırsan?» Uşaq isə ağlaya-ağlaya dedi: «Padşah sağ olsun, mən həmin toxuma nə qədər qulluq etdimsə, gül bitmədi».

Padşah üzünü camaata tutub dedi: «Ey məmləkət əhli, padşah bu uşaq olacaq, çünki paylanmış toxum bişmiş idi, bişmiş toxumdan isə gül bitməz. Bir belə məmləkətdə yalnız bir adam doğru danışdı».

Nağıl burda bitir və mən istərdim ki, bizdə də belə olsun. Ancaq olmadı.

QARA

Axşamın düşməyindən yaman qorxuram. Keçən gecəki yuxu məni sarsıtmışdı. Yəqin bunlar hamısı qocalıq əlamətidir. Qocalıq soruşmadan gəlir. Anam hərdən deyərdi:

Əzizim harayından.

Səs gəlir sarayından.

Gündə bir kərpic qopur,

Ömrümün sarayından.

Elə bunları fikirləşə-fikirləşə məni yuxu apardı. Az yatmışdım, çox yatmışdım, bilmirəm, gördüm gözümün qabağından bir qara kölgə keçdi. Ha istədim üzünü görəm, görə bilmədim. Onu hiss etdim ki, həmin kölgə qulağıma nə isə deyir.

Əvvəlcə heç nə başa düşmədim, sonra diqqətlə qulaq asanda gördüm deyir ki, sən rəngli yuxu görməyibsən? Yalan deyirsən axı. Otuz il bundan qabaq gördüyün yuxu bə nə idi? Kölgə yox oldu, mən isə oyandım. Doğrudur, mən onda qara yuxu görmüşdüm.

Dağda idik, hər il yayı biz, o gözəl yaylaqlara gedərdik. Oranın havasının, suyunun yerini heç nə verməz. O dağları lap keçmişlərdə babalarımız ömürlük qızıl pula almışdılar. Namərd qonşuların naxələfliyi bizi o dağlardan məhrum etdi. İndi o yerlər üçün burnumun ucu göynəyir.

Nə isə, sözüm ondadır ki, həmin yayı biz yaylaqda dincəlirdik. Qonşumuz da biznən bərabər dağa getmişdi. Bir gün səhər qonşuya danışdım ki, qəribə yuxu görmüşəm. Yuxuda qara otaq nədir, görəsən? Mən nə kitabda, nə həyatda qara otaq görməmişəm, oxumamışam. Qonşu dedi: «Allah xeyrə döndərsin. Qorxma, yuxudu da». Mən sakitləşdim.

Dağdan köçməyimizə on-on beş gün qalmışdı. Axşama yaxın gördüm, qapımızda bir maşın dayandı və qonşumuzun yoldaşı maşından düşdü. O, dedi: «Yığışın, köçürük və üzünü mənə tutub: Qonşu sizi də aparıram, nənəniz ölüb».

Bu sözdən mənim ürəyimdə elə bil nə isə bir şey – bir tel qırıldı. Köçdük. Həyətimizə çatanda gördüm ki, aman Allah, insan əlindən yer yoxdu. Küçə, ev, həyət – hər yer adamlarla doludu.

Gözümü qaldıranda elə birinci nənəni gördüm və onda başa düşdüm ki, deyəsən, qara otaq mənimkidir. Məni kimsə qara otağa yox, bağa apardı. Böyük ərik ağacının altında qara qutudan qara örtüyün altından qara qıvrım saçları gördüm. Və bununla mənim qara günlərim başlandı.

Qırx gün keçəndən bir gün sonra yuxuda gördüm ki, qara qıvrım saçların yiyəsi mənimlə üzbəüz oturub öz ölümünə özü də ağlayır. Onun gözlərindən üzüm giləsi boyda qara yaşlar axır.

Vəssalam, bu, mənim az qala yadımdan çıxmış qara rəngli yuxum idi.

İki gündü, günəş çıxır. Yeri isitməsə də, şüası adama xoş gəlir. Sevinirəm ki, daha qara yuxu görmürəm.

Bir az şəhəri gəzdim. «Dünyanın bu gözəl şəhərini bircə dəfə görüb ölmək böyük xoşbəxtlikdir». Gözəllik şəhəri, sevgi şəhəri, ehtiraslar şəhəri. Səni çox sevdim, çox istədim.

QƏHVƏYİ

Axşama yaxın yağış yenə başladı yağmağa. Mən isə çox narahat idim, qorxdum, yuxu görməkdən qorxurdum. Dərin bir yuxuya getdim və öz tərəflərimizi gördüm. Haradansa uşaq vaxtı tanıdığım Dəli Qədir dedikləri kişi gəldi girdi yuxuma. İndiki vaxtdı, ancaq o, heç qocalmayıb. Mən isə ona çatmışam. Gördüm, o, mənə əl eləyir. Getdim.

Deyirlər ki, bu borudan qara nöyüt gedəcək o tərəfə. Ordan da o biri boru ilə pullar gələcək biz tərəfə.

O, dedi: «Sən sirr saxlayan adama oxşayırsan. Bu sirri sənə deyirəm. Heç kimə açma, yoxsa ikimizi də öldürərlər:

Bizim kəndin içindən təzə borular çəkirlər. İki dənə boru birinin üzü o tərəfədi, o birinin üzü isə biz tərəfə. Deyirlər ki, burdan qara nöyüt gedəcək o tərəfə. Ordan da o biri boru ilə pullar gələcək biz tərəfə.

İndi neçə vaxtdı, bu qara camaat o pulları gözləyir, nədənsə pul gəlib çıxmır ki, çıxmır. Üzü qara olsun bu qara nöyütün, qara camaata yazığı gəlmirmi?!

Mən bir gecə fikirləşdim, gedim borunu deşim, görüm doğrudanmı bu nöyütdü, yoxsa bizimi aldadırlar? Borunun üstü örtülməmiş yerindən deşdim və dəhşətə gəldim, sən demə, boruynan gedən qara nöyüt yox, qara qandır».

Dəli kişi bu sözləri deyəndə mən də dəhşətə gəldim və yuxudan oyandım. Yox, daha bu qədər qara yuxu görmək olmaz. Həyatda ayrı rənglər yoxdumu? Gərək yuxunun hamısı qara olsun? Onsuz da mən həmişə qara geyinmişəm, qara yaylıq örtmüşəm, qara yaslara getmişəm. Bəs deyilmi?! İndi bu gözəl şəhərdədəmi qaralara qarışmalıyam?! İstəmirəm. Daha qara bəsdi.

Hardasa oxumuşdum ki, bir kişi anadan olandan yatmır, deməli, yuxu da görmür.

Çıxdım şəhəri gəzməyə və dünyanın ən zəngin muzeylərindən birinə getdim. Elə adamlar var ki, aylarla bu muzeyi gəzib qurtara bilmir.

Şəkillərə baxa-baxa zaldan-zala keçirəm. Axırıncı zalda bir tablo gördüm, onun altında yazılmışdı: «Oğlu Apollonu ağlayan ananın ağı deməsi». Çox təsirləndim.

Mən dedim, buralarda iş yoxdu, hamı kimi sən də get oralarda işlə. Dilim qurusun, oğul, bu sözləri dediyim yerdə.

Evə gəldim. Yorulmuşdum deyə, tez yatdım. Yuxuda gördüm ki, ağı deyən qara paltarlı qadın Apollonun anası yox, çox istədiyim qohumumuz Dilbərdi. Oğlunu çörək pulu dalınca uzaqlara göndərən ana, ölmüş oğlunun başını dizləri üstə qoyub ona qara layla çalır; ağı deyir: «Anan kor olsun, oğul, səni göndərdiyim yerdə, kaş damımızın altında acından öləydik. Anan kar olsun, oğul, sənin ölüm xəbərini eşidən yerdə.

Mən dedim, buralarda iş yoxdu, hamı kimi sən də get oralarda işlə. Dilim qurusun, oğul, bu sözləri dediyim yerdə. İndi sənin özünü istəyirəm, oğul, mənə heç nə lazım deyil səndən başqa. Dur, anan qurban, dur. Gəlin ikicanlıdı, oğul, səndən sonra bu dünyaya gələcək balana nə deyəcəm, oğul».

Bu ağıya yuxuda o qədər ağlamışdım ki, hıçqırığıma, öz səsimə oyandım. Doğrudan da üz-gözüm yaş içindəydi. Yayda qara qutuda gələn bu gözəl oğlanın ölümü mənə də çox təsir etmişdi. Anaya təsəlli verəcək söz də tapıb deyə bilməmişdim.

Gözümün qabağına otuz il bundan qabaq Kürdə batan həkim oğlanın, dörd uşaq atasının, nakam yarlı, qıvrım saçlı oğlanın bədbəxt anası gəldi. Yazıq ana, bədbəxt ana oğlunun qırx yaşı tamam olan günü ona – gözəl oğluna qara layla çaldı, qara oyun oynadı, ağı dedi ağladı, Kürün sularına qərq olmuş oğlunu axtardı.

Əzizim balabanı.

Asta çal balabanı.

Hamının balası gəldi

Bəs mənim balam hanı?

Bir gecə sularda – Kürdə yatan oğlanı səhərisi anasına verdilər. Oğlan bir daha oyanmadı. Ana isə ömrü boyu ağladı.

Ana öz oğlunu çox böyük arzularla böyütmüşdü. O, birinci sinifdən onuncu sinfə kimi əla oxumuşdu, qızıl medal almışdı. Musiqi təhsili almışdı. Ölkəmizin paytaxtında həkimlik öyrənmişdi.

Ana ayda qırx manat əmək haqqının hamısını oğluna göndərərdi, deyərdi ki, oğlu özünə korluq verməsin, oralar çox soyuqdu, özünü isti saxlasın. Məktublarında yazırdı. «Anan gözlərinə qurban, ay bala, yaxşı oxu ki, təqaüd ala biləsən, biz burada birtəhər dolanarıq».

Müharibədən sonrakı ağır illərdə hamı ehtiyac içində yaşayırdı. İndi öz torpaqlarımızın uğrunda vuruşub, onu geri ala bilmirik, ancaq o vaxt özgə torpaqlarını faşistlərdən azad etmək üçün bütün kişilər müharibəyə getmişdi. Bir ailədən beş oğul birdən gedirdi, beş oğlun beş qara xəbəri gəlirdi. Çox insanlar müharibənin ağrılı-acılı illərinə sinə gərdi.

Qışda soyuq olanda başıma örtməyə şal tapmayanda süfrə örtüb işə getmişəm...

Bu ailənin isə bir kişisi getmişdi, çünki o, tək oğul idi. Kişi əsir düşmüşdü, ölüm düşərgələrində olmuşdu. Özü danışırdı ki, əsirlikdə ona bir fransız həkim kömək edib. Ona görə də oğlunu həkim görmək istəyirdi.

Əsirlikdə olduğuna görə atanı çox incidirdilər, vətən xaini deyirdilər, iş vermirdilər. Ailənin bütün ağırlığı isə ananın üstünə düşürdü. İndi ananın əli boşa çıxmışdı, həkim oğlu – qıvrım saçlı, ala gözlü, hündür boylu, ağıllı oğlu sulara qərq olmuşdu.

Ana Kürü qarğıyırdı: «Suyun qurusun, Kür, oğlumu, balamı niyə əlimdən aldın? Mən onu əziyyətlə böyütmüşdüm. Özüm yemək yeməmişdim, ona göndərmişdim. Qışda soyuq olanda başıma örtməyə şal tapmayanda süfrə örtüb işə getmişəm. İndi mənim balama niyə qıydın?»

Ana ölənə kimi oğlunu çağırdı, oğlunu istədi, şeirlər yazdı, vəsiyyət etdi ki, öləndə onu oğlunun yanına qoysunlar.

Paris
Paris

Mən də daha qara söhbətlərdən yoruldum, qara yuxulardan bezdim. Bu gözəl şəhərdə mən niyə qara-qura şeylərdən danışıram. Ayrı söhbətlər də eləmək olar.

Deyirlər, bu şəhərin adı qədim yunan əsatirlərindəki bir qəhrəmanın adından götürülüb.

Gözəl Paris Menelayın arvadı gözəl Yelenanı sevir və onu götürüb qaçır. Böyük bir müharibə başlanır – Troya müharibəsi. Uzun illər çəkən bu müharibə böyük qəhrəmanlar yetişdirir. İnsanlar əldən düşür, yorulur, lakin bircə dəfə Parislə Yelenanın gözəlliyini görəndə deyirlər: «Bu gözəllik üçün müharibə etməyə dəyər».

Dünyanın ən gözəl şəhəri olan Paris bu qəhrəmanın adı ilə adlandırılıb.

Elə istəyirəm ki, qar yağsın, dümağ qar, tərtəmiz qar və bu ağ qar mənim qara yuxularımın, qara fikirlərimin üstünü örtsün, onlar bir də üzə çıxmasın, yuxulara girməsin.

Bura gələndə bir xalça gətirmişəm. Onu kənddən almışdım. Xalçanın yiyəsi qoca, nurani bir qadın idi. Dedi: «Bu, mənim cehizlik xalçamdır. Vəsiyyət eləmişdim ki, öləndə məni bu xalçanın üstündə götürsünlər. İndi ehtiyacım var, çörək almağa pulum yoxdu, satmağa məcburam». Nə isə, qadın neçə istədi, onu da verdim və xalçanı aldım.

Xalça tamam yundan toxunub. Biz tərəflərdə buna «Göllü xalça» deyirlər. Xalçanın yerliyi qıpqırmızıdır. Ortasında naxışlarla bəzədilmiş göl var. Gətirdiyim xalçanı buxarının qabağına salmışıq, çox gözəl görünür. Belə buxarılar vaxtilə bizim kəndlərdə də olub. Həm evi isidərdi, həm yemək bişirilərdi, çaydan isə gecə-gündüz isti olardı.

Nə vaxt yuxuya getdiyimi bilmirəm. Onda gördüm ki, xalçanın üstündə oturmuşam, o isə yavaş-yavaş göyə qalxır, lap nağıllarda olduğu kimi xalça uçur, mən də üstündə. Yuxuda deyirəm: «Ay Allah, kaş bu xalça məni nağıllardakı şəhərlərə, yerlərə aparsın. O tərəfləri, xurma ağaclarını, görüm, əfsanəvi yerləri gəzim, dəvələrə minim».

QIRMIZI

Xalça uçdu-uçdu və birdən dayandı. Bu zaman yerdə nə isə partladı və alov – qıpqırmızı alov göyə qalxdı. Xalça yerdən qalxdı, alovdan alışdı və başladı yanmağa, mən də onunla bir yandığım yerdə yuxudan ayıldım.

Bu vaxt ekranda dünyanın o başından gələn dəmir çəkməli, dəmir dəbilqəli, əli avtomatlı əsgərlərin Bağdadı dağıtmalarını, yandırmaqlarını göstərirdilər. Bağdad yanırdı.

Kommunist geyimi
Kommunist geyimi

Bir neçə il bundan qabaq bizim şəhəri də beləcə dağıtmışdılar, xalqı gülləbaran etmişdilər.

Qırmızı biletli, qırmızı sifətli, qırmızı bayraqlı qırmızı ordu dinc xalqımı qırmızı gülləyə tutmuşdu.

Vaxt var idi, qırmızı bilet almaq üçün gecə-gündüz guya işləyirdilər, yalandan planı yüz faiz, yüz beş faiz yerinə yetirirdilər.

Pambıq tarlalarında, üzüm bağlarında çobanların arasında yarışlar keçirilirdi. Çoban söz verirdi ki, bir qoyundan üç bala alacaq. Pambıqçı deyirdi ki, planı yüz əlli faiz yerinə yetirəcək. Qırmızı partbileti əldə etmək üçün daha nələr etmirdilər.

PARTBİLET

Raykomun bir işçisi bu sahədə ad çıxartmışdı, rüşvət alıb partbilet düzəldirdi. Bir gün çobanın biri gəlir həmin raykom işçisinin yanına:

«Ay müəllim, hamıya qırmızı bilet düzəldirsən, nə olar, qoyundan-quzudan verim, mənə də partbilet düzəlt».

Müəllim deyir: «Çoban adamsan, bilet sənin nəyinə lazımdır?»

Çoban isə cavab verir: «Niyə, mən də deputat olaram, böyük-böyük şəhərlərə gedərəm, rəhbərlərimizi görərəm».

Müəllim razılaşır. Raykomda qırmızı bilet alanları sorğu-suala tuturlar. Növbə çobana çatır. Sual: «Çoban, BMT-nin baş katibi kimdi?» Çoban nə bilir kimdi.

Onun yanında oturan raykom işçisi pıçıldayır: «U Tan, U Tan (o, vyetnamlı idi)». Çoban dözmür və qayıdır: «Ə, utan da, qızar da, qoyun-quzumu yediyin bəs döy, hələ maa utan da deyirsən».

Çobana başqa sual verirlər: «Çoban, heç olmasa, de görək, bizim düşmənlərimiz kimdi?»

Çoban deyir: «Xarici düşmənlərimizi bilmirəm, ancaq daxili düşmənlərimiz ermə…»

«Demə, demə, bizim daxili düşmənimiz yoxdu. Biz sovetlər ailəsində yaşayırıq. Hamı bir-birinə dost və qardaşdı».

Və çobana qırmızı partbileti təqdim edirlər. Bundan sonra çobanın səsi qurultaylardan, iclaslardan gəlir. Qırmızı biletə belə yiyələnirdilər.

Bizim məktəbə təzə müdir qoymuşdular. O da qırmızı bilet alandan sonra seçilmişdi. Savadsız, adi müəllim olan bu adam qırmızı bilet alıb müdir keçəndən sonra tanınmaz oldu. Qırmızı evi, qırmızı paltarı, qırmızı maşını və nəhayət, qırmızı sifəti.

Qırmızı imperiyanın qırmızı ordusu xalqımızı qırmızı qana batıranda, qırmızı biletlər cırıldı, yandırıldı, atıldı. Matəmli günlər oldu. Bir neçə gündən sonra yuxarıdan əmr gəldi ki, hər şey əvvəlki kimi öz qaydasına düşsün. Və müdirimiz qırmızı biletini yenidən cibinə qoydu.

Dərsə getmişdim, sinfə girəndə gördüm ki, uşaqların hamısı qırmızı qalstuklarını taxıblar.

Mənim uşaqlıqdan qırmızı qalstukdan zəhləm gedirdi. Adamın boğazından tutub sıxırdılar: «Kimi çox istiyirsən?» Gərək deyəsən: «Qırmızı qalstuku, komsomolu, partiyanı»? onda adamı buraxırdılar. Əgər desəydin ki, atamı, anamı, nənəmi, bacımı, qardaşımı» - onda adamı boğurdular.

Nə isə, uşaqları qırmızı qalstukda görəndə dedim: «Uşaqlar, bu nədi, siz xalqımızı qıran qırmızı ordunun qırmızı qalstukunu yenə də boğazınıza bağladız?» Elə bunu demişdim ki, uşaqlar bu sözə bəndmiş kimi qalstuklar açıldı, cırıldı, parça-parça oldu. Açıq pəncərədən qırmızı yağış yağmağa başladı.

Həmin ili mən təqaüdə çıxdım. Müdir isə hələ də işləyir. Bütün bunları yuxuda görməmişəm, həyatda görmüşəm. Daha az-az yuxu görürəm.

Belə kəşf etmişəm ki, adam istəsə yuxu görər, istəməsə yox. İnsan bəzən yuxunun içində də yuxu görür. Qışqırmaq istəyirsən, qışqıra bilmirsən, qaçmaq istəyirsən qaça bilmirsən. Hələ heç kim yuxunun nə olduğunu izah etməyib.

Qırmızı sifətli, qırmızı partbiletli müdir isə, deyirlər, daha da varlanıb. Əvvəlcə xalqçılarla işləyib, sonra isə yapçılarla. Savad və mədəniyyətdən başqa hər şey öyrənib. Seçki vaxtları qutuya bir adamın adını salırlar, o isə qutudan başqa adamın adını çıxardır.

Qışın oğlan çağıdı. Səhər gördüm, qar yağır, sevindim, ancaq qar yağması tez kəsdi. Balaca stolun üstündə bir kasset var idi. Baxdım ki, üstündəki şəkil biz tərəfin adamına bənzəyir. Boz rəngli pencək geyinmiş, başında boz papaq olan bu kişinin belində bir boxça var. Boz güllü dolu boxçanı belinə alıb harasa gedir bu kişi. Kassetin üstündə, şəklin altında isə yazılıb: «Qaçhaqaç». Bu musiqi əsəri olan kasset idi.

Keçən əsrin əvvəllərində böyük bəstəkarımızın qardaşı bu ölkəyə gəlib və ömürlük burda qalıb. Onun qəbri də burdadı. Onun oğlunun gəlini, fransız qadını, böyük bəstəkarın ölməz musiqisi əsasında yazıb bu musiqi parçasını.

Musiqiyə qulaq asdıqca adamın gözünün qabağından elə bil insanlar harasa qaçır. Ona görə də əsərin adı «Qaçhaqaç»dır. Kassetə qulaq asıram və hər qulaq asdıqca yurdunu, yuvasını qoyub qaçan, didərgin düşən xalqımın halına acıyıram, ağrıyıram, ağlayıram.

BOZ

Gecə çox gec yatdım, yuxuya gedə bilmirdim. Nə vaxt yatdığımı bilmirəm. Yuxuda gördüm ki, boz bir təpə ilə yuxarı qalxıram. Burnuma yovşan iyi gəlir. Boz yovşan kolluğuna əyilirəm ki, yovşan dərim, ancaq nə görsəm yaxşıdı.

Kassetin üstündəki boz papaqlı, boz pencəkli, boz güllü boxçalı kişi kolun dibində oturub. Onun bədəni, papağı, boxçası deşik-deşikdi. Gözünün biri də deşikdi, o biri gözü isə açıqdı. Məni görən kimi deyir:

«Neçə illərdi burdayam, nə gələn var, nə gedən, bədənimi görürsənmi? Bircə ürəyimi qoymuram deşilsin», onu qoruyuram. İstəyirəm ki, torpağıma ürəyim salamat getsin, parçalanmasın, deşilməsin. Gəlin, tez gəlin, qaça-qaça gəlin. Daha taqətim qalmayıb. Ürəyim də əldən getsə, o torpaqlara nə aparacam».

Azərbaycan. Qaçqınlar
Azərbaycan. Qaçqınlar

Bu sözlərin qabağında mən nə deyə bilərdim. Haqqı var boz papaqlı, boz pencəkli, bədəni deşik-deşik olmuş kişinin.

Onsuz da mən yuxuda danışmıram, çünki danışan kimi yuxudan ayılıram, həyatın boz, sərt üzünü yaşayan, qaçqın, köçkün, yurdsuz, yuvasız olan boz papaqlı, boz pencəkli, boz güllü boxçalı adama heç nə deyə bilməzdim. Ayıldım.

Bura gəlməmişdən qabaq qaçqınların yanına getməyimi xatırladım. Cənubi azərbaycanlı bir xanım qaçqınlara humanitar yardım gətirmişdi. Onun özü də bir növ qaçqındır. O da öz yurdunda yox, başqa ölkədə yaşayır. Onunla birlikdə qaçqınların yaşadığı yerə getdik.

Buruqların arasında boz daşdan tikilmiş bu bina dörd mərtəbəlidir. Əsrin əvvəllərində inşa edilib. Dağ yerindən qovulmuş qaçqınları bu binada yerləşdiriblər.

Yayda günün istisindən, qışda şəhərin sərt küləklərindən bozarmış adamlara baxanda deyirsən: «İlahi, bu haqsızlığı necə götürürsən?»

Gətirilən yardımı payladıqca qaçqınlar çox minnətdarlıq edirdilər. Axırda yaşlı bir kişi, görünür bura gələndə cavan imiş, üzünü hamıya tutub dedi:

«Allah böyüyümüzün canına sağlıq versin, bizi yaddan çıxarmır, tez-tez köməklik edir. Bu yaxınlarda yaponlar gəlib məktəb otaqları tikiblər, bir fransız qızı, jurnalisti uşaqlara məktəb ləvazimatı gətirmişdi. Yenə deyirəm, böyüyümüz sağ olsun, başımızın üstündən əskik olmasın. Allah onu bizə çox görməsin. Ancaq bizə öz torpaqlarımız lazımdı».

MAVİ

Biz geri qayıtdıq. Öz-özümə fikirləşirəm: «Bu xalq nə vaxta kimi ələ baxım olacaq». Xalqın seçdiyi, etibar elədiyi adamlar, deputatlar öz yığıncaqlarında, qaçqınların acınacaqlı vəziyyətindən elə bil ki, heç xəbərləri yoxdu. Onların bu misgin həyatı, görkəmi, deyəsən, yaddan çıxır.

Deputatxanada oturan adamların mübahisəsinə baxmağa xəcalət çəkirsən. Bir-birlərinə «faşistsən» deyirlər, «qanmaz» deyirlər, «boşboğaz» deyirlər. Elə bil ünvanları səhv salıblar. Hələ bu yaxınlarda böyük adamların birinin qohumu deputatın birinə «qoluboy», «petux», «yaramaz» dedi. «Qoluboy», «petux», «yaramaz» deputatı və onu deyəni bizmi seçmişik görən, niyə seçmişik, nə üçün seçmişik?

Burda da o iclaslar yadıma düşəndə utanıram, xəcalət çəkirəm. Başqaları bizim qaçqınların halına acıyır, özümüzünkülər isə beləcə, söz güləşdirirlər.

Ucalardan ucasan, heç kim bilməz necəsən!

Çox darıxdım və balkona çıxdım. Göy üzü tərtəmiz idi, gömgöy idi. Təzə Ay çıxmışdı. Ayın yanında da parlaq bir ulduz. Ayrı ulduzlar görünmürdü. Salavat çevirdim. Sağ-salamat keçsin ayımız, ilimiz – dedim. Hamının arzusu yerinə yetsin. Allah xalqımıza bir qapı açsın - dedim.

Görən, niyə adicə adama müraciət edəndə «siz» deyirik, ancaq qurban olduğum Tanrıya «sən» deyirik. «Sənə» fəda olum, ay Allah, Aqilsən, Adilsən, yüksəksən, əlçatmazsan.

«Dədə Qorqud»da deyildiyi kimi, «Ucalardan ucasan, heç kim bilməz necəsən!» Sən hər bir insanın ürəyindəsən, qəlbindəsən, ün çatansan, səs eşidənsən, sənə pənah gətirənləri darda qoymazsan. Darıxanda, qarıxanda, çaşanda səni köməyə çağırmışam, eşidibsən, köməyimə çatıbsan.

İndi bu əziz günlərdə, Qurban bayramı günlərində xalqımın səsini eşit, naləsini eşit, qoy hər kəs öz yurduna-yuvasına qayıtsın, qoy hər kəs öz evində-eşiyində yaşasın, bir tikə çörəyə möhtac olmasın. Amin!

Bu yalvarışları pıçıldaya-pıçıldaya məni yuxu apardı. Yuxuda gördüm ki, həmin balkondu, həmin gecədi, ancaq burda yox, öz evimizdəyəm. Aya tamaşa edirəm. Balaca vaxtı bizi qoymazdılar Aya çox baxmağa, deyərdilər ki, Ay adamı çəkib aparır.

Nə isə, Aya-səmaya baxıram. Gömgöy səmada hilal Ay gözəldi. Bir də hiss etdim ki, yanımda nəfəs var. Çox həyacanlandım, axı mən gecənin bu vaxtında balkonda təkəm, kim ola bilər bu. Belə baxanda, yanımda gömgöy bir qız gördüm. Az qaldı dilim tutula. Mənim həyacanımı görən gömgöy qız dedi:

- Qorxma, biz çoxuq, o birilər də gəlir. Biz göy adamlarıyıq, aydın səma olanda hərdən aşağılara enirik.

Onlar çoxaldı. Qızların yanında gömgöy oğlanlar da var idi. «Aha, yadıma düşdü, bu gömgöy səma adamları haqqında hansı əsərdəsə oxumuşam». Onların üzü, gözü, saçı gömgöy idi. Çox gözəl idilər. Üzlərində bir şəffaflıq, bir ülvilik var idi.

Gömgöy qız dedi: «Hər yanı gəzdik, bir adam tapmadıq ki, söhbət edək, hamı yatıb. Biz heç vaxt yatmırıq, dava etmirik, nə cür varıq eləcə də qalırıq, çünki qocalmırıq da. Bizdə qızlar qız yerində, oğlanlar da öz yerində olur. Bizdə oğlan qız olmaq istəməz, qız da oğlan. Bizim yerlər gömgöy rəngdədir, evlər, bağlar, dağlar - hamısı mavidir. Biz həmişə gülürük. Bunu dedi və güldü. Gördüm ki, onun dişləri də göy rəngdədir.

- Biz bu səfərə neçə illərdi çıxmışıq. Qara evlər görmüşük, qırmızı sifətlər görmüşük, boz təpələr görmüşük. Ancaq gömgöy sulardan başqa heç yerdə mavi rəngə rast gəlmədik. Hə, yadıma düşdü, bir də göyə ucalan minarələrin üstü göy rəngdədi. İstəyirsən səni də göyə qaldıraq. Həmin gömgöy qız və gömgöy oğlan qolumnan tutub məni də göyə qaldırmaq istəyəndə yuxudan ayıldım. Gözümü açmaq istəmirdim. Belə gözəl insanlardan ayrılmaq istəmirdim. ... Onlarla getmək istəyirdim. Ucalmaq, səmaya qalxmaq, göydə – gömgöy insanların yanında yaşamaq istəyirdim. Fikirləşirəm ki, həyatda hər şey öz adı ilə çağırılsa yaxşı deyilmi?! Oğlan oğlan yerində, qız qız yerində, cavan öz yerində, qoca öz yerində...

Hələ gəlməmişdən qabaq gecə kanalı ilə göstərirdilər ki, bir neçə qız paltarı geyinmiş oğlan şəhərin küçələrində gəzişir. Üzü qırxılmış, qaşları yolunmuş bu oğlanlar gödək, yaxası açıq paltarda, hündür ayaqqabıda yaman eybəcərdilər…

Onlara baxmamaq üçün başqa kanala keçirəm. Burdan isə yenicə istifadəyə verilmiş şadlıq evlərini, restoranları, gecə barlarını reklam edirlər.

Sonra isə gecə barlarından birində tutulmuş üç qızı göstərirlər: «Ay qız, gecənin bu vaxtı nə işin var burda?» Dinmir. «Hardan gəlibsən?» «Kənddən» «Şəhərə nəyə gəlibsən?», «Ali məktəbdə oxuyuram». Ağlayır. «Məni göstərməyin, kənddə öldürərlar məni. İmtahan qiymətini yazdırmaq üçün pul lazımdı, ona görə burdayam.» Ağlayır.

Daha heç nəyə baxmaq istəmədim.

YAŞIL

Artıq iki aydan çoxdu ki, burdayam. Ev üçün, nəvələrim üçün darıxmışam. Nəvəmin skripkada çaldığı melodiyalar üçün darıxmışam. «Nənə, nağıl danış» - deyən oğlan nəvəm üçün darıxmışam. Dövlətdə dəvə, övladda nəvə – deyib atalar.

Burda – bu gözəl şəhərdə hələ də yeni il şənlikləri davam edir. Maqazinlərdə hər şey ucuzlaşıb. Nə istəsən almaq olar. Kasıbın kasıb maqazini var, varlının isə varlı maqazini.

Bazar günü burda yaşayan çinlilər öz yeni illərini qeyd edirdilər. Mən də getmişdim. Məşhur Yelisey çöllərini özləri istədikləri kimi bəzəmişdilər. Çinli fransıza qarışmışdı, turistlər də onlara, o cümlədən də mən. Hər yerdə atəşfəşanlıq idi.

Paris
Paris

Bu fransızlar çox mehriban və humanist xalqdır. Təsadüfi deyil ki, dünyanın bir çox humanist təşkilatları bu ölkədə yerləşir. Dahi insanlar yetişdirən fransız xalqı böyük məhəbbətə layiqdir.

Yamyaşıl şam ağaclarının üstündəki oyuncaqlar, işıqlar hər tərəfə işıq saçır. Onsuz da hər yan işıqlıdı, elə bil heç axşam düşməyib.

Ürəyimdə bir yüngüllük hiss edirəm. Yadıma şam ağacının bəzədilməsi haqqında əfsanə düşür.

Həzrəti İsa anadan olanda hamı onu öpməyə gəlir. Ağaclar da. Təkcə şam ağacından başqa. Şam ağacı qorxur ki...

Həzrəti İsa anadan olanda hamı onu öpməyə gəlir. Ağaclar da.

Təkcə şam ağacından başqa. Şam ağacı qorxur ki, uşağı öpsə, iynələri uşağa batar, onu incidər. Çox məyus halda bir tərəfə çəkilir.

Bu zaman Allah-Taala deyir ki, şam ağacının üstünü oyuncaqlarla bəzəsinlər. Qoy o da öz bəzəyi ilə körpəni sevindirsin. O vaxtdan şağ ağacı yeni il şənliyində oyuncaqlarla bəzədilib.

Uşaq vaxtı mənə də yolka bəzəyərdilər. Atam bağımızda şam ağacı əkmişdi. Hər yeni il ərəfəsində şam ağacının ucunu kəsərdilər və böyük bir yolka bəzənərdi. O vaxtın oyuncaqlarından hələ də durur.

Şirin xatirələrin içində yuxuya getdim. Gördüm ki, burdan balaca yamyaşıl yolka ağacları almışam və onların üstünü qızıl oyuncaqlarla bəzəmişəm. Mən bu yolkaları götürüb qaçqın çadırlarına gedirəm. İstəyirəm ki, yamyaşıl yolkaları burda yaşayan uşaqlara verəm.

Hava yaman soyuqdur, hər tərəfə sulu qar yağır. Üşüdüyümdən tez yaxındakı çadıra girirəm. Ayağım suya batır. Çadırda çarpayının üstündə nimdaş yorğana bürünmüş zəif, cılız uşaqlar soyuqdan titrəyirdilər.

Ana dəmir peçi yandırmaq istəyir. Məni görəndə deyir: «Zəhrimara qalsın belə yaşamağı, səhərdən odunu doldurmuşam peçə, nə qədər üfürürəm yanmır, odun yaşdır.

Yolka
Yolka

Bilirəm, uşaqlara yamyaşıl yolka gətirmisən, ancaq yaxşısı budu, heç onları çıxartma. Onlar yolka ağacının, yolka bayramının nə olduğunu bilmirlər. Axı onlar isti evdə, isti yataqda bayramlar görə-görə böyümürlər.

Bu uşaqlar yayın istisində yanırlar, qışın soyuğunda donurlar. Onlar heç adi ağac da görmürlər. Bizi bura yerləşdirəndə düzənlik idi. Su olmadığından nə qədər əkdik, becərdik əmələ gəlmədi».

Mən üşüdüyümdən danışa bilmirdim. Nə deyə bilərdim axı.

Yuxudan ayıldım və bundan sonra yolka bayramı da elə bil gözümdən düşdü. «Niyə uşaqlar yolka görməsinlər? Niyə uşaqlar bomba görsünlər? Niyə uşaqlar isti, rahat evdə böyüməsinlər? Niyə uşaqlar çadırlarda donsunlar? Niyə? Niyə? Niyə?

Bütün qəzetlər bir ingilis rəssamının bir şəklini dərc ediblər. Bu şəkil məşhur ispan rəssamının rəsmi əsasında çəkilib. Əsl rəsm belədir: «Öz balasını yeyən Saturn». İngilis rəssamı isə onu belə çəkib: «Fələstinli uşağı yeyən İsrailin böyüyü Ariyel Şaron».

Mən isə bu şəklin altından bizim uşaqlarımızı yeyən məlun, naxələf, təcavüzkar qonşumuzun adını yazardım. Ömrü boyu qapımıza çörəyə gələn, tut yeməyə gələn, mer-meyvə düşürən, odun şələsi satan, pal-paltar dilənən namərd qonşu – nə vaxtsa bu uşaqlar böyüyüb görmədikləri, yaşamadıqları uşaqlıq illərinin hayıfını sizdən çıxacaqlar, sizdən alacaqlar. Ata-baba yurdlarını geri qaytaracaqlar, torpağında ölməyənlərin ruhunu şad edəcəklər. Ürəyini əlində saxlayan boz torpaqlı, boz pencəkli kişinin ürəyini öz torpağında basdıracaqlar.

Uşaqlar üçün yamyaşıl yolkaların üstünə əsl qızıldan oyuncaqlar taxacaqlar. Mavili, yaşıllı, qırmızılı bayrağımızı aparıb ata-baba yurdlarına sancacaqlar.

Allah, Tanrı, Böyük Yaradan sizə yar olsun, kömək olsun! Amin! Qurban bayramıdır. Hamının qurbanı qəbul olsun, bayramı mübarək olsun! Ekranda Məkkəni göstərirlər. Bütün dünyanın hər yerindən həcc ziyarətinə gələnlərin arasında azərbaycanlılar da var. Yetmiş il qadağa qoyulan dinimiz – İslam dini yenidən xalqımızın ürəyinə yol tapıb.

Atamın şəxsi kitabxanasında əski əlifba ilə tərcümə olunmuş “Quran” kitabı var idi. Atam əski əlifbanı yaxşı bildiyi üçün bizə bu kitabdakı ayələrdən oxuyardı. Ata-ana haqqı, düzgünlük, halallıq, insanpərvərlik, Allaha iman gətirmək, inam və başqa insani xüsusiyyətlərdən bəhs edən bu kitab müsəlman aləminin and yeridir.

Dərin və şirin yuxuya getmişdim. Yuxuda gördüm ki, evimizə qayıdıram. Təyyarədəyəm. Təyyarə göyə qalxır və birazdan ağ buludların arasına girir. Təyyarənin içində məni yuxu tutur. Və mən elə bil ki, təyyarədə yox, təkadamlıq ağ arabadayam. Araba isə ağ qanadlı ata qoşulub. Lap nağıllarda olduğu kimi araba məni başqa bir səmtə aparır.

Çox getmişdim, az getmişdim, bilmirəm, gördüm ağ buludların arasından ağ evlər, ağ imarətlər, minarələr, ağ paltarlı adamlar görünür. Hər tərəf dümağ işıq saçır. Buludların arasından mənə çox doğma olan əzan səsi gəlir. Mən də ibadət edə bilsəydim, arabanı ora sürərdim.

Bunu yuxunun içindəki yuxuda fikirləşirəm. Bu müqəddəs yerləri yuxuda gördüyüm üçün sevinirəm və yuxudan ayılıram. İki, üç gündən sonra doğrudan evə qayıtmalıyam.

Məni bura çağırdıqları üçün, burda – bu gözəl şəhərdə gördüklərim üçün, qaralı-ağlı yuxularım üçün burdakılara minnətdaram. Yaşımın bu vaxtında əlimə qələm alıb yazdıqlarım üçün bu gözəl şəhərə minnətdaram.

Bakı – Paris

Yanvar – fevral, 2004

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG