Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:43

"Oxumayan insanların oxumağa başlayacağını gözləyirəm"


-

"Hələ pulla kitab alan olmayıb"

İki ay bundan əvvəl Azərbaycanda ilk mobil nəşriyyat yaradıldı, "Kitab-app" layihəsi təqdim olundu.

Bugünlərdə həmin layihənin adı dəyişdirildi, Çapp adlandırıldı. Layihənin rəhbəri Sadıq Məmmədli ilə OxuZalında söhbət

- Azərbaycanda IT mütəxəssisləri də, innovasiya sevənlər də, nəşriyyatlar da çoxdur, niyə bu vaxta qədər elektron nəşriyyat və mobill kitab application yaratmağa heç kəs təşəbbüs göstərməmişdi? Sizdən əvvəlki tarixçəsi necədir bu işin?

Sadıq Məmmədli
Sadıq Məmmədli

- Əslində, illər öncə, bu işin niyə görülməməsi bizə də maraqlıydı. Çünki başqa dillərdə saysız-hesabsız kitab tətbiqləri (app'ları) olduğu halda, öz dilimizdə oxşar məhsullar yalnız pərakəndə şəkildəydi; əsasən dini kitablar, bir yazıçı və ya şairin çox da peşəkar hazırlanmamış toplusu və sairə.

Əsas səbəb yəqin o olar ki, kitab bizdə elə də gəlirli biznes deyil. Üstəlik, onsuz da az satılan bir məhsulu insanların öyrəşmədiyi platformaya çıxarmağın özü də risklidir - iş xeyli vaxt tələb edir, gələcək gəlir isə sual altındadır.

Bir növ, müştərisi az olan bazarda, tələbatı az olan məhsulu təklif etməkdi bu. Amma az olsa da, təklif etmək lazımdır. Bir neçə il xarici kitab tətbiqetmələrinə baxıb “bundan bizdə niyə yoxdur” deyəndən sonra fikirləşdik ki, bu işi elə özümüz görək. Sonra da bir biznes-plan hazırlayıb İKT fonduna təqdim etdik.

- İndi neçə ədəd, hansı kitablar təklif olunur application'da? Oxucu aktivliyi gözlədiyiniz kimidirmi?

- Bu adı həm də “play store”-da açar-söz kimi istifadə etmək olur. Belə ki, “Çapp” yazıb axtarış verdikdə, bizim hələlik sayı az olan kitablarımız çıxır.

İş xırda addımlarla davam edir. Tətbiqləri cəmi iki nəfər - mən və hazırda Manhaym universitetində (Almaniya) təhsil alan Toğrul Məmmədli hazırlayırr deyə, tam sürəti və kəmiyyəti əldə etmək mümkün deyil. Bu işə əsas yox, əlavə vaxtımızı ayırırıq.

Gələcəkdə, biznes gəlir gətirməyə başladıqda, bütün diqqəti bu işə yönəltmək özümüzün də marağındadır.

Bu gün kitabların sayı çox deyil, hələ təzə-təzə başlayırıq. Bir il sonra kataloqda üç-dörd yüz kitab olsa, planı dolmuş saymaq olar.

Kitablar müxtəlif ola bilər, bütün sifarişlərə də açığıq. İndiyə qədər Azərbaycan klassiklərinin, çağdaş yazıçı və şairlərinin əsərlərini hazırlamışıq.

Oxucu aktivliyi yaxşıdır, ümid edirəm eyni sözləri gələcəkdə alıcı aktivliyinə də aid etmək olacaq. Bəzi pulsuz tətbiqlərimizin (app) yüklənmə sayı bir neçə yüzü keçir, - bu rəqəmlərin artacağına əminəm, sadəcə zaman məsələsidir.

- Çapp App'da hazırda təklif olunan kitablar pulsuz endirilə bilər, bəs pulsuz kitablarla yanaşı, pullu elektron kitabların satışını nə vaxtdan tətbiq etməyi planlaşdırırsız?

- Artıq başlamışıq. Könül istərdi ki, pulsuzların sayı daha çox olsun, amma hər halda qiymət məsələsi vəziyyətdən və sifarişçidən asılıdır. Balans yaratmaq üçün imkan olduqca pulsuz kitablar da hazırlayırıq. Elə indinin özündə bu nisbət əllinin-əlliyədir.

- Pulla kitab alan olub?

- Pullu kitabları təzə qoymuşuq. Hələ alan yoxdur.

- Application'un interfeysinin istifadə üçün tam asan olduğunu düşünürsünüz, ya təkmilləşdirmə gedir?

- Tətbiqetmələrin (application) interfeysi indiki zaman üçün yetərincə rahatdır. Amma İKT sahəsində, təkmilləşməyən məhsulun gələcəyi yoxdur.

Biz ilkin texniki bazanı qurmuşuq, hazırdasa məhsul sayını artırmaqla məşğuluq və biznesin gələcəkdə öz hesabına ayaqda duracağına inanırıq. Gözləntilərimiz doğrulduqca dövrün, texnologiyaların, müştərilərin tələb etdiyi bütün yenilikləri gətirəcəyik.

Bu gün bizim üçün ən önəmli məsələ gələcəkdə startapın iOS analoqunu qurmaqdır. Hələlik yalnız Androidlə başlamışıq.

- Çapp Applictaion'da əlfəcin də var. İndi qalır oxumaq. Daha kitabların baha olması, vaxt azlığı kimi əngəllər də olmayacaq, çünki pulsuz kitablardır, daimi cihazlarında olacaq. Bəlkə də kitab oxumaq probleminin bir çözümü bu idi. Azərbaycanda kitab-application'un populyarlaşmasını gözləyirsizmi?

- Bəli, oxucu istədiyi səhifəni əlfəcində qeyd edə bilər, bəli, bircə oxumaq qalır. Hərfləri böyütmək də olar. Vaxt əngəli də aradan qalxır, bu cür kitabı metroda ayaq üstə də oxumaq olar.

Kitablar, əsasən, öz kağız analoqlarından ucuz olacaq. Tək-tük hallarda, bahalı məhsullara da rast gələcəyik. Pulsuz kitablar da olacaq - nəzərəçarpacaq sayda.

“Play store” məhsulun qiymətini bir çox ölkələr, o cümlədən, Azərbaycan üçün dollarla göstərir. İndiki rəqəmlər son devalvasiyadan qabaq qoyulub deyə, tezliklə qiymətləri məzənnəyə uyğunlaşdırıb aşağı salacağıq.

Bunu da qeyd edim, məhsulları manat hesablı kartla da almaq olar - bu zaman ödəniş vasitəçisi olan bank valyutalararası konvertasiyanı cari məzənnəyə görə avtomatik həyata keçirir.

Sadıq Məmmədli
Sadıq Məmmədli

Açığı, oxumayan insanların oxumağa başlayacağını gözləyirəm. Kütləvi şəkildə yox, müəyyən qədər.

Bu cür kitabın əsas özəlliyi odur ki, ona pulu ancaq oxumaq fikri olan adam verəcək. Çünki dükandakı kağız kitabdan fərqli olaraq, tətbiqetməni alıb bir qırağa qoymağın heç vizual anlamı da yoxdur.

Buna görə də sabah biz inkişaf edəsi olsaq, biləcəyik ki, bu, gerçək gəlişmədir. Layihə özü çətin ki, populyar ola. Müəyyən müəlliflər üçün hazırlanan tətbiqlər məşhurlaşa bilər.

- İKT fondunun maliyyə dəstəyilə görülmüş bu işdə, belə görünür ki, məzmuna müdaxilə etmirlər; azadfikirli müəlliflərin kitablarını qoymusunuz...

- Bu startap İKT fondunun maliyyə dəstəyiylə qurulub. Fondun məqsədi bizim kimi yeni başlayan seçilmiş bizneslərə ilkin yardımı etməkdir. Sonrasa biznes öz fəaliyyətini müstəqil davam etdirir.

İKT fondu ilə yanaşı, digər başlanğıc tərəfdaşımız "Alatoran yayınları"dır. Dərc etdiyimiz ilk kitabları bu nəşriyyatdan almışıq. Elə indi də “play store”da Çapp kataloquna baxsanız, "Alatoran" kitablarının say çoxluğunu görərsiniz.

XS
SM
MD
LG