Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:42

Tatarıstan Moskvanın Türkiyə siyasəti ilə razı deyil


Rustam Minnikhanov Ankarada Recep Tayyip Erdoğan-la görüşür - 30 aprel 2015

Rustam Minnikhanov Ankarada Recep Tayyip Erdoğan-la görüşür - 30 aprel 2015

-

Tatarıstan prezidenti Rustam Minnikhanov nəhayət ki, sükutu pozdu və Tatarıstan-Türkiyə münasibətlərinə mövqeyini açıqladı.

Dekabrın 21-də Yeni il qabağı jurnalistlərlə ənənəvi görüşündə o, rus-türk «soyuq müharibəsi» ilə yaranmış vəziyyətin Tatarıstan üçün «ağrılı» və «çox həssas» olduğunu söyləyib.

Minnikhanov-un fikrincə, Rusiya və Türkiyə arasındakı münaqişə sırf siyasi xarakter daşıyır. O deyib ki, prezident Vladimir Putin Rusiyanın kiminlə və hansı səbəbdən siyasi fikir ayrılığı olduğunu aydın göstərib.

«Ölkələrimiz arasında bu məsələlər siyasi səviyyədə həll olunur. Türk investorlarına gəlincə, biz burada qanun çərçivəsində işləyirik, başqa fikir ola bilməz», - Tatarıstan rəhbəri deyib.

TÜRKİYƏ- STRATEJİ TƏRƏFDAŞ

Türkiyənin Rusiyanın qırıcı təyyarəsini vurmasından və Kremlin Ankaraya qarşı sanksiyalarından sonra Tatarıstan həqiqətən də çətin vəziyyətə düşüb. Respublika rəhbərliyi əvvəllər dəfələrlə Türkiyəni əsas strateji tərəfdaş adlandırıb.

«Tatarıstandakı bütün investisiyaların ¼-i Türkiyədən gəlir», - deyə prezident Minnikhanov bu ilin oktyabrında bir türk kompaniyası ilə görüşdən sonra söyləmişdi.

Rustam Minnikhanov İstanbulda Tatarıstan-Türkiyə ticarət-investisiya forumunda – 2012

Rustam Minnikhanov İstanbulda Tatarıstan-Türkiyə ticarət-investisiya forumunda – 2012

Türkiyə Tatarıstan iqtisadiyyatına təxminən 1.5 milyard sərmayə qoyub. Bu ilin 9 ayı ərzində respublikanın ticarət dövriyyəsi 10 milyard dollar olub. Bunun 3 faizi Türkiyə-Tatarıstan işgüzar münasibətlərinin payına düşür, - «Ros-BiznesKonsaltinq» yazır.

Rustam Minnikhanov jurnalistlərlə görüşdə deyib ki, onlar respublikada daha çox türk sərmayəsi gözləyirlər, amma o, təfsilata varmayıb.

Rəsmi məlumatlara görə, respublikada 280 türk şirkəti çalışır. Onlardan biri, «Efes» pivə istehsalçısı Tatarıstanın iri vergi ödəyiciləri siyahısına düşüb.

Jurnalistlərlə görüşdə prezident birgə müəssisələrdə çalışan türkiyəli mütəxəssislər məsələsinə də toxunub. Onun sözlərinə görə, bu müəssisələrdə işçi qüvvəsinin 98 faizini rusiyalılar təşkil edir.

«Düşünürəm ki, bu mütəxəssislərdən imtina etmək bizim tərəfdən düzgün olmaz», - Rustam Minnikhanov deyib.

MƏDƏNİ İTKİ

Kremlin antitürk sanksiyaları Tatarıstanın «qardaş» Türkiyə ilə təkcə iqtisadi yox, həm də mədəni əlaqələrinə zərbə vurur.

2012-ci ildə Kazan Federal Universitetində açılmış Türk Dili Mərkəzi dekabrın əvvəlində qapadılıb.

Tatarıstan müftisi Kamil Samigullin Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmez ilə - fevral 2015

Tatarıstan müftisi Kamil Samigullin Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmez ilə - fevral 2015

Noyabrın axırında Rusiyanın mədəniyyət naziri Vladimir Medinsky respublika rəhbərlərinə teleqram vurub ki, TÜRKSOY beynəlxalq türk mədəniyyəti təşkilatı ilə əlaqələri kəssinlər.

Bütün bunların fonunda Tatarıstan «Eurovision»un analoqu olan «Turkvision» mahnı müsabiqəsinə qatılmaqdan imtina edib. Müsabiqə dekabrın 13-dən 20-nə kimi İstanbulda keçirilib. Maraqlı orasıdır ki, ötən il bu müsabiqə Kazanda təşkil olunmuşdu.

Tatarıstanın Türkiyə ilə həm də dini əlaqələri var. Hər iki ölkə əhalisinin böyük əksəriyyəti sünniliyin Hənəfi qoluna aiddir.

Bundan başqa, respublika müftisi Kamil Samigullin Türkiyənin tanınmış dini alimlərindən biri şeyx Mahmud'el Ufi-nin tələbəsidir. Hər il Tatarıstan Müsəlmanları İdarəsinin dəvəti ilə Türkiyənin tanınmış din xadimləri respublikaya səfər edirlər.

Rusiya-Türkiyə münaqişəsindən hamıdan çox Rusiyanın türkdilli regionları əziyyət çəkə bilər. Bu isə yerli hakimiyyətləri narahat etməyə bilməz. Rustam Minnikhanov və onun həmkarları Kreml və strateji tərəfdaşları arasında manevr etməyə çalışırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG