Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:03

-

Gənclərin OxuZalına göndərdikləri hekayələrdən

Pərvanə Rəhimli

Göl qızı

Pərvanə Rəhimli

Pərvanə Rəhimli

Yaşadığım son hadisələrin qəlizləşib Qordi düyününə çevrilməsi psixoloq Rafiq bəyin uzaq kəndlərin birində, “təcili təbiət qoynunda istirahət etməlisən” tövsiyəsindən sonra oldu.

Bir bankda mühasibdim. Səhər açılandan dayanmadan səkkiz saat rəqəmlərlə əlləşir, qəbzləri vasvasılıqla qaydasına salır, kompüterdə hesab əməliyyatları aparırdım.

Axşam qanadlarını al-əlvan işıqlarla bəzənmiş şəhərin üstünə gərən kimi meqapolis tıxacına lənət oxuya-oxuya zəhər küpünə bənzər halımla evə tələsirdim, saunadan dönən arvadımın süni gülüşlə “xoşgəldin, əzizim!” deməsinə əhəmiyyət vermədən tələsik şam edir, gərginlik və yorğunluqdan oğlumun saçlarını sığallamadan başımı balışa atmağı qənimət bilirdim.

Arada yazı-pozu edirdim. Yazmaq istəyəndə də təbiət qoynunda buludlara baxmağı, çiçəkləri qoxlamağı, quşların qeyri-adi “bəstə”sini dinləməyi sevirəm. Təbiət cazibəsi olmasaydı, monoton bataqlığımda düşünə bilərdimmi?! Bu cazibədəki saflıq, məsumluq qədər nəyəsə, ya da kiməsə heyranlıq duymamışdım.

Gün keçdikcə bu stress dolu həyatımdan usanmış, getdikcə qulağımda səslənən qəribə səslərə dözməz olmuşdum.

Hər gün güzgüdə özümə baxıb güman edirdim ki, qarşımdakı sarı bığlı, gözləri qonur, gur saçlı, ağbəniz adam mən deyil, yad, fərqli birisidir. Bəzən güzgüdəki bu yad adam mənə acıqla baxıb birdən qəhqəhə çəkir, rişxənd edirdi.

Bütün güzgüləri sındırıb zibil qutusuna atdım. Eşitdiyim yad səslərin təsirindən öz-özümə danışmaqdan, qışqırmaqdan evdəkiləri də ürküdürdüm. Arvadım və on yaşlı oğlum mənimlə danışmaqdan çəkinir, sərhədsiz hərəkət və davranışlarımdan təngə gəlmişdilər.

İşdən evə qayıdan kimi hərə öz otağına çəkilir, yalnızlığıma qərq olub erkəndən yatağa girirdim. Bütün gecəni gözüm çimir edər-etməz, oyanıb güzgüdə mənə baxan o acıqlı və qəhqəhə çəkən adamı düşünürdüm.

Sübh açılan kimi özümü küçələrə, parklara atır, göyərçinlərin, qumruların qayğısız rəqs uçuşunu seyr edir, narahatlığıma çiçək kimi səpilən uşaqların şən, məsum, kövrək səs və gülüşlərinin içində itib batmaq hissindən zövq alırdım.

Lakin bu, uzun zaman davam etmir, qəfildən beynimdə ildırım kimi çaxan qəhqəhələri eşidir, yerimdən dəli kimi qalxıb var gücümlə qaçırdım.

Sanki bayaqdan yaşadığım hüzurlu anlar o biçimsiz səsə çevrilib qulağımı dəlirdi.

Ah! Bu nə işdi düşmüşdüm, aman Tanrım! Sahildə çırpınan balıq kimi çabalayır, çıxış yolu aramaqdan yorulub əldən düşmüşdüm. Bütün bunlara dözə bilməyib hey deyinən, mənimlə eyni yatağı paylaşmaqdan qorxan arvadımın psixoloqa getmək tövsiyəsini düşünmkdən başqa çarəm qalmadı.

Uzaq qohumum psixoloq Rafiq bəylə görüş təyin etdikdən sonra onun yanına getdim.

Göl

Göl

Ətrafa rahat şərait və ətir hakimdi. Psixoloq kimi uzun illər uğurlu iş həyatı yaşayan Rafiq bəy məni görəndə təəccübləndi.

Görünür, vəzifəsini xatırlayıb cəld özünü düzəltdi. Gülümsünüb mənə bir çay da təklif etdi.

Xeyli boş söhbətlərlə gəvəzəlik labirintində dolaşdıqdan sonra maraq dolu baxışlarını mənə zillədi. Az qaldı deyə: “Adam ol, sandığı aç görək! Bura məni görməyə gəlməyibsən ha. Çox elə bir-birimizi itirib axtaran qohumduq.”

Ümidsiz və könülsüz başıma gələnləri danışıb qurtardıqdan sonra mənə soyuqqanlı nəzər salıb başını qarşısındakı qeyd dəftərçəsinə dikdi. Bir qədər düşünüb qaşlarını çatdı: ”Əziz qardaşım, (qardaşım ha...) təcili burdan getməlisən.”

Gözlərimi döydüm. Getməliyəm? Axı hara? Rafiq bəyin cavabı sillə kimi üzümə çırpıldı:

− Bax, qardaşım, sən mütləq şəhər qalabalığından uzaq, sakit təbiət qoynunda ən azı iki ay dincəlməlisən. Yoxsa...?!

− Yoxsa nə? Açıq danışın, dəli olacağam?

– Əlbəttə, yox! Sadəcə qarşısıalınmaz ağır psixoloji uçuruma yuvarlanırsız- deyə mızıldandı...

− Hara gedə bilərəm axı? İş, ailə...

Sərt və qayğıkeş səslə sözümü ağzımda qoydu:

− Sən nə təhər adamsan? Qardaşım, söhbət səhhətindən gedir. Bu durumda necə işləyəcəksən?

Tərəddüd etdiyimi sezib ilk zərbəsini mökəmlətmək qərarına gəldi:

- Bax, gəl sənə bizim kənndəki bağ evini satım. Pulun yoxdursa, tələsmə. Yavaş-yavaş ödəyərsən. Hər iki aydan bir get orda dincəl. İnan ki, dağın ətəyində cənnət kimi yerdir. Evin bir tərəfi meşə, yanında da kiçik göl var. Gölün suyu elə şəffaf, elə təmizdir, öz içini belə görərsən, - gülümsündü - Çiçəklər, quşlar... bütün yorğunluğunu unudacaqsan.

(Əcaba, hər şeyi unuda biləcəyimdən əminəm?) Getsən, indi lap vaxtıdır, min dəfə eşitməkdənsə get bir gözlərinlə gör...

Halal olsun, Rafiq bəy! Tam hədəfə vurdu, top qapıda idi. Ay həzərat, bu adam hardan bilirdi təbiət məsələsində bu qədər həssasam? Mən ki, ona bu mövzuda bir kəlmə də deməmişdim. Kişi işinin ustasıdır, vallah. Bir xeyli dil tökdükdən sonra Rafiq bəyə razılıq verdim. Əcaba, hipnoz filan etmədi ki, belə asanlıqla razı oldum?!

Bir neçə gündən sonra yola düşdüm. Dağ kənarında, kiçik və rahat şəraitli kənd evi həqiqətən də Rafiq bəyin dediyi kimi varmış.

Klassik mebellər, ayı dərisi, maral buynuzlarından kolleksiya, xalı ilə döşənmiş ev dincəlmək üçün əsl aradığım evdir. Günboyu quşların səsi, yarpaqların xışıltısı bu hüzur palitrasına ayrı bir rəng qatırdı. Daha şəhərdə eşitdiyim və qulaqlarımı dələn səsləri eşitmirdim. Bu da ayrı bir rahatlıq verirdi ruhuma.

Nə var meqapolis bataqlığında?! Bütün günü şəhər insanlarının əsəbi davranışları, saysız maşın gurultusu, tıxaclar... İstədiyim yar idi, yetirdi pərvərdigar! Nə gözəlmiş əyalət, kənd, təbiət qoxusu! Öz sükutumu dinləyə, ruhumdakı düyünləri çözə bilərəm - dedim.

Şəffaf gölə gedən yol qurşağa qədər uzanan yaşıl, təravətli otların arasından keçib gedən yamac cığırıydı. Ora bir neçə dəfə getsəm də içimdə qəribə əndişə və maraq vardı. Ona sarı boylanan hər nəsnəni belə, dəqiq əks etdirən bu şəffaf və dərin göl məni özünə çəkirdi.

Suyun dibində − xırda balıqlardan tutmuş çömçəquyruqlara və mamırlarla bəzənmiş daşlara qədər hər gözəllik öz həyatını yaşayırdı.

Bir dəfə gölə diqqətlə baxarkən suyun dibindən qəribə məxluq, − qonur gözlü, uzun qəhvəyi saçlı, çılpaq bir qadının mənə baxdığını gördüm. Bir neçə saniyə baxışdıq. O gözlər elə dərin, sakit, cazibəliydi ki, özümü itirib gölə düşməkdən diksindim. Dəhşətlə geri çəkildim.

Təkrar suya baxdım. Sanki kimsə gölə daş atıb onu qabartmışdı. Heç nə görünmürdü. Aman Tanrım! Yəqin ağlımı itirirəm. Bu, necə ola bilər?! Axı indicə onu gördüm! O, həqiqətən canlı və adi insana bənzəyən varlıq idi. Mən qırx illik həyatımda bu cür gözəl varlıq görməmişdim.

Yoxuşu birnəfəsə qaçıb evə gələndə ürəyim qəfəsə yenicə salınmış quş kimi çırpınırdı. Bəlkə də o gözlər məni qəfəsə salmışdı. O anda nə etdiyimi xatırlamıram. Qorxu və xoş həyəcan içindəydim.

Günü birtəhər başa vurdum. Gecənin bir aləmində qəribə səs eşitdim. Sanki kimsə məni çağırırıdı. Oyanıb işığı yandırdım, qulaqlarımı təlaşla şəklədim.

Qorxudan soyuq tər alnımdan qaşlarıma süzülüb burnumun üstünə damcılayırdı. Qadın səsi idi. Hə, vallah, qadındı. Amma səsdə qəribə bir inilti və xoşbəxtlik vardı. Səs ”Gölə gəl!” deyirdi. Qara basırdı, nədi?!

Pəncərədən baxdım. Ay parıldayır və hər yer aydınlığa qərq olmuşdu. Ulduzlu səmada incə tül örtüyü xatırladan süd yolu sezilirdi. Ağaclarsa nağıllardakı vahiməli məxluqlara bənzəyirdi. Qəfildən yarpaqların arasından iri bir quş çıxıb qanadını çırparaq düz mənə şığıdı. Qışqırıb cəld pəncərəni örtdüm.

Quş pəncərəyə çırpılıb aşağı − gül kollarının arasına düşdü. Tələsik yorğana bürünüb qorxu və həyəcandan titrəyə-titrəyə dinləməyə başladım. Səs inilti qarışıq sevinclə dayanmadan adımı səsləyirdi. Çarpayıya qısılıb bu qarabasmanın nə zaman bitəcəyini gözlədim. Rafiq bəyə lənət oxuya-oxuya, sübh günəşi doğar-doğmaz şəhərə dönməyi qərara almışdım...

Çamadanımı hazırlayıb evdən çıxmaq istəyirdim ki, son dəfə gölə baxmaq arzusu damarlarımda şiddətlə şahə qalxdı. Özümü birtəhər cilovlayıb taxta pillələrlə həyətə enəndə gözlərimə inanmadım. Alma ağaclarının arasında qonur gözlü, qəhvəyi rəngli at dayanmışdı. Sanki dil açıb danışacaqmış kimi mənə baxır, iri, qonur gözlərində asılmış bir damla göz yaşı yuvarlanmağa bənddi.

Aramızda elə çox məsafə olmasa da ehtiyatla mənə baxırdı. Ancaq o, kimdən qorxub ehtiyat edirdi? Burda bir heykəl vardısa, o da məndim. Qorxu və heyranlığın yerə kilidlədiyi heykəl...

At uzun yalını oynadıb fınxırdı. Qəfil yerindən götürüldü. Yox, belə davam edə bilməz! Bu sirri öyrənməliyəm. Var gücümlə atın dalınca qaçdım. Ona çata bilməsəm də yoxuşu aşanda hər şeyi anladım. At mənə gölə tərəf getməyə işarə edirdi. Bu nə deməkdir?

Qorxularıma meydan oxumaq zamanı çatdı − deyə düşündüm. Nəticə nə olur olsun, ruhumu dələn ağrıdan birdəfəlik xilas olmaq barədə düşündüm. At gölə çatıb boynunu döndərdi. Ona çatmağımı gözlədi. Bir neçə addım qalmış qəfildən mənə yalvarış dolu baxışlarla baxıb gölə atıldı. Büdrəyib yıxıldım.

At suya qərq olduqdan sonra göl qabarıb sakitləşdi. Onun suya tullandığı yerə baxdım. Heç bir şey olmamış kimi su sakit və şəffafdı. Axı bütün bunlar təsadüf ola bilməz! Mən nə görürəm? Özümü itirmişəm, yoxsa ağlımı? Yox! Dəli olmaq istəmirəm! Göz yaşlarıma sarılıb aciz-aciz hönkürdüm. Hirsimdən və əlacsızlıqdan torpağı cırmaqlayır, gücüm çatdıqca bağırırdım. Birdən arxamda həlim səs eşitdim:

− Şəffaf göl qızı səni də rahat buraxmır?!

Təəccüblə geri çevrildim.

Bu, ağ saqqallı, çənəsini əlindəki dəyənəyə söykəmiş nurani qoca idi. Güman ki, yuxusuz, islaq gözlərimdəki qorxu və heyrəti görüb yazığı gəldi. Acınacaqlı halıma ötəri nəzər salıb qurumuş dodaqlarını dili ilə islatdı:

− Qorxma, oğlum, mən bu kənddə uzun illərdi yaşayıram. Hər səhər bu gölə baş çəkirəm. Belə desək, daha çox qurban aparmasına mane oluram. Bu gölün sirrini məndən başqa kimsə bilməz.

Əlini uzadıb kiçik təpədə oturmağımızı təklif etdi. Bir azdan dizlərimizi qucaqlayıb oturduğumuz başı yalın dikdən sanki bayaqdan heç bir şey udmamış gölə baxırdıq: dinc, cazibəli və gözəldi.

Ağır sükutdan sonra qoca saqqalını tumarlayıb mənə baxdı:

− Əsrlər əvvəl burda gözəl və cəsarətli bir qızı sevən bir gənc oğlan günahkar, qanlı addım atıb. Uzaq səfərə gedən gənc sevdiyi qızın ona olan eşqini yoxlamaq istəyir. Getsə, bir də qayıtmaz deyə, içini gəmirən qısqanc fikirlərlə vurnuxur. Bir gün sevgilisindən bu şəffaf gölə girəcək qədər cəsarəti, iradəsi olub-olmadığını soruşur. Qız gənci o qədər sevir ki, düşünmədən söz verir. Bir şərtlə... Əgər göl qızın sədaqətinə inanıb, onu əbədi sularına qərq etməsə, o da gölə girəcək, eşqini onun kimi isbat edəcək. Gənc razılaşır. Qız gölə girir, geri dönür. Amma gənc qorxur, gölə girməyə cəsarəti çatmır. Qız gənci bağışlamır, heç nə söyləmədən gölə atılır. O vaxtdan “Qız gölü" deyirlər bura.

“Qız gölü” bu ağrını unutmur. Yüzillərdir eşqində cəsarəti olmayanları gölə girməyə vadar edir, yaşadığı acının intiqamını alır. Lakin cəsarəti olanlara da mərhəmət edib toxunmur.

Çaşqın və heyrətli baxışlarımı görüb ah çəkdi. Ləkəli, göy damarlı əlini gölə uzatdı:

− Qorxularına yenilən iradəsiz hər kəsi göl qızı sınayır. Bu sirri bilən yeganə insan olsam da, göl qızı mənə heç vaxt toxunmur. Çünki onun sevdiyi qorxaq gənc mənəm. O, məni lənətlədi ki, heç vaxt ölməyim. Lakin daha yorulmuşam, ölə bilmək bəzən xoşbəxtlikdir.

Gözlərim yerindən çıxacaqmış kimi geri çəkildim... Vəziyyətimi təsvir edə bilmirəm. Elə an yaşayırsan, onu təsvir edə bilmirsən, vəssalam.

Qoca mənə etina etmədən danışırdı:

− Sonralar dəfələrlə bu gölə girib sağ çıxmışam. Orda olmaq başqa dünyadır. Sirli, qalibiyyət, ağrı dolu hisslər ruhuma hakim kəsilib və heç vaxt məni tərk etməyib. Heç kim bu gölə səmt gəlməz. Qorxuları olan heç kim... İndi hədəf sənsən. Ancaq sənə qəribə mehr göstərir. Səni həqiqətən incitmək istəmir. Özün qərar ver: ağrılarından qurtulmaq, ya qaçmaq istəyirsən? Ölənədək acı dolu səslər içində qıvrlmaq? Seç, qərar sənindir, oğlum! Əsas odur ki, ruhunu, özünü tanıya biləcəksən.

Qocanın söylədiklərinə inanmaq məcburiyyətində deyildim. Amma bir həqiqətə əmindim: həyatımda baş verən heç bir şey təsadüf deyildi. Yaşadıqlarımı inkar edə bilməzdim: nə güzgüdən boylanan acıqlı baxışları, ağrı, inilti dolu səsləri, şəffaf göldə gördüyüm qonur gözlü qadını, nə də qəhvəyi, sirli atı. Bütün bunları yaşamamış kimi də davam edə bilməzdim.

Ağrılarımı ruhumda daşımağa gücüm yoxdu. Qarşımda uzanan yamyaşıl mənzərəni, göz yaşı kimi dumduru gölü seyr edib, bütün bu məsum gözəlliklərin nəfis qoxusunu son dəfə ciyərimə çəkirmiş kimi dərindən nəfəs aldım.

Ayağa qalxıb ölümə həsrət qalmış sirli qocadan ayrıldım. Ağır və qəti addımlarla gölə yaxınlaşdım. Əyilib üzümə, sinəmə bir neçə ovuc su çırpdım. Suda kiçik dalğalar dövrə vurub gözdən itdi və suyun dibində kiçik qabarma yarandı. Birdən o qonur gözləri gördüm. Yalvarırmış kimi əllərini mənə uzatmışdı.

Titrədim. Lakin kənara çəkilmədim və əlimi sudakı əksimə tərəf uzatdım...

Şərhləri göstər

XS
SM
MD
LG