Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:30

-

Açıqlanan son rəqəmlər Azərbaycan əhalisinin gəlir artımını göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 5.7 faiz artaraq, 36 milyard 800 milyon manata çatıb. Açıqlanan məlumat 2-ci devalvasiyadan öncəki dönəmə aid olduğundan təbii sual doğur: 21 dekabr devalvasiyasından sonra da əhalinin gəlirləri necə olacaq?

Ekspertlər əhalinin gəlir artımı barədə indiyədək səslənən rəqəmləri real saymır və vətəndaşlarım gəlir qaynaqlarında hər hansı ciddi artımın müşahidə olunmadığını bildirir. Bu fikri açıqlarkən, onlar öncəbazar mexanizmində gəlirlərin əsas formalaşma qaynaqlarına sadalayırlar:

-əmək sərfi yolu ilə əldə edilən gəlirlər - əməkhaqqı, mükafat;

sahibkarlıq fəaliyyəti əsasında əldə edilən gəlirlər - mənfəət;

əmək sərfindən asılı olmayan gəlirlər - müavinətlər, pensiya, yardım, sosial sığorta ödəmələri və s.

- mülkiyyət və qiymətli kağızlardan əldə edilən gəlirlər - renta, mənzil kirayəsi, faiz, divident, istiqraz, lotereya uduşları və s.

Ekspertlərin fikrincə, sadalanan mənbələrdə ciddi dəyişiklik gözə çarpmayıb.

«REAL ARTIM MÜMKÜN DEYİL»

İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda statistikanın siyasiləşdirildiyini bildirir: «Təəssüf ki, statistika reallığı əks etdirmir, indikatorlar düzgün götürülmür və alternativ hesablamalar aparmağa şərait də çox məhduddur. Ölkədə vətəndaş gəlirlərinin real artımı mümkün deyil. Axı güclü inflyasiya gedir, amma rəsmi statistika bunu qeydə almır».

Ekspertin sözlərinə görə, ərzaqbahalaşdığından vətəndaş öz gəlirinin ortalama 75-80 faizini azuqəyə xərcləyir: «Bu da real gəlirlərin azalmasına səbəb olur. İkinci devalvasiyadan sonra gəlirlər daha da azalacaq, iş yerləri qapanacaq, maaşların real alım gücü xeyli düşəcək».

«DAVRANIŞ VƏ VƏRDİŞLƏR DƏYİŞƏCƏK...»

İqtisadçı ekspert Rəşad Həsənov devalvasiyanın iqtisadi riskləri dəfələrlə artırdığını düşünür: «Bu da, ilk növbədə, əhalinin sosial rifahına, gündəlik yaşam tərzinə, arzu və planlarına təsir göstərəcək. Ev almaq istəyən - ev, təhsil almaq istəyən - təhsil ala bilməyəcək. Biznes planları dəyişəcək. Bir sözlə, davranış və vərdişlər dəyişəcək, sosial münasibətlər yeni forma alacaq».

«İNFLYASİYA GƏLİRLƏRİ ƏRİDƏCƏK»

Ekspert devalvasiyanın əhalinin gəlirlərinə bir neçə yöndən mənfi təsir göstərəcəyini bildirir: «Birincisi, artıq müşahidə edilən mal və xidmətlərin bahalaşması faktik gəlirlərin alıcılıq gücünü azaldacaq. Başqa sözlə, gəlirlərin, orta hesabla, 30-35 faizini inflyasiya əridəcək. İkincisi, daxili tələbata hədəflənmiş istehsal prosesində tələbatın azaldığından tənəzzülyaşanacaq. Bu da sonda iş yerlərinin itirilməsinə və işsizliyin sürətlə artmasına yol açacaq».

«ORTA ƏMƏKHAQQI AZALACAQ»

Ekspertin fikrincə, işsizlik çoxaldıqca, biznesdə mənfəət azaldıqca orta aylıq əməkhaqqı da aşağı düşəcək: «Vətəndaş əvvəl daha yüksək həyat standartına can atır və yüksək maaşa meyllənirdisə, indi zəruri tələbatını ödəmək qarşılığında çalışmağa məcbur qalacaq. Beləliklə, hər üç istiqamət gəlirlərin azalmasına səbəb olacaq. Ölkədə çox az bir qrupun gəliri xarici valyutadır. Bu durum yalnız elələrinə az təsir edəcək. Amma onların çalışdığı sahələrdə də əməkhaqqı nominal ifadədə azaldılacaq və daim ixtisar təhlükəsi yaşanacaq. Bir sözlə, vətəndaşlar böhranı öz cibində və ən ağır şəkildə hiss edəcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG