Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:04

Heç bilirsiz, Tünzalə müəllimə ən çox nəyi xoşlayır? (Uşaq hekayəsi)


Zoopark

Zoopark

-

"Tünzalə müəllimə bu gün təzə paltar geyinib, fikir verməmisiniz? Bundan yaxşı fürsət ələ düşməz..."

Vüqar Haqverdiyev

Qıvrımsaçın hoqqaları

I fəsil

II fəsil

III fəsil. Bağça uşaqları zooparka gedirlər

Vüqar Haqverdiyev

Vüqar Haqverdiyev

Qıvrımsaçın getdiyi bağçada uşaqlar çox dəcəl və davakar idilər. İki dəqiqədən bir aralarında deyişmə, çəkişmə, boğuşma düşürdü. Hər şey üstündə mübahisə edirdilər.

Bir gün yenə də balaca Ruslanla özündənrazı Vaqif arasında mübahisə düşdü. Ruslan dedi:

- Atam söz verib, istirahət günü məni zooparka aparacaq.

Vaqif dedi:

- Sən, elə həmişə deyirsən, atam söz verib, atam söz verib, ancaq atan aparmır, ancaq mənim atam söz verib, bu bazar məni zooparka aparacaq.

Ruslan dedi:

- Ay apardı ha, sən də elə həmişə belə deyirsən.

Mübahisə qızışdı, bağça uşaqları onları dövrəyə aldılar. Ruslan Vaqifi əli ilə itələdi:

- Sənin atan yalançıdır!

Vaqif də Ruslanı itələdi: - Yox, sənin atan yalançıdır!...

Qıvrımsaç dözməyib mübahisəyə qarışdı:

- Uşaqlar, ataların yalandan söz verməsi hamıya məlumdur. Bizə çatanda onların vaxtı olmur. Zooparka getmək istəyirsinizsə, bunun asan yolu var.

Deyişənlər dönüb şübhə ilə Qıvrımsaça baxdılar.

- İnanmırsınız, düz deyirəm, başqa getmək istəyən var?! – Qıvrımsaç dedi.

- Hə, hə, biz də istəyirik! – uşaqlar xorla cavab verdilər.

- Elə isə gəlin Tünzalə müəllimədən xahiş edək, səhər bağçanın hesabına bizi zooparka aparsın.

- Eh, biz də deyirik, nə deyir, havayı işdir, aparan deyil. – uşaqlar ruhdan düşdülər.

Qıvrımsaç dedi:

- Aparar, ancaq bunun üçün ağıl işlətmək lazımdır. Biz onun xoşuna gələn işi görməliyik. Heç bilirsiniz Tünzalə müəllimə ən çox nəyi xoşlayır?

Uşaqlar bir-birilərinə baxıb çiyinlərini çəkdilər. Qıvrımsaç dedi:

- Görürsünüz, bilmirsiniz, komplimenti. Ölür tərif üçün, bir-iki yağlı sözdən sonra hara desək, aparar. Özü də Tünzalə müəllimə bu gün təzə paltar geyinib, fikir verməmisiniz? Bundan yaxşı fürsət ələ düşməz...

- Qıvrımsaç, sən dahisən, əla plandır! – uşaqlar onu alqışladılar.

Tərbiyəçi uşaqların otağına girəndə hərə bir tərəfdən kompliment yağdırmağa başladı: – Müəllimə nə qəşəng paltarınız var, sizə necə də yaraşır, bu paltarda çox gözəl görünürsünüz, həmişə belə geyinin...

Müəllimə tərifdən özünü itirdi, kövrəldi, otaqdakı güzgünün qabağına keçib özünə baxdı, əynindəki təzə dona səliqə verib xoşlandı, məmnunluqla uşaqlara baxıb dedi:

- Gözəl balalar, siz, necə də diqqətcilsiniz, mən ona görə də sizi çox sevirəm, hamınız qəşəngsiniz, hamınız şirinsiniz.

Uşaqlar planın baş tutduğunu görüb əsas məsələyə keçdilər.

- Tünzalə müəllimə, səhər bizi zooparka apara bilərsiniz? Deyirlər, yeni heyvanlar gətiriblər, baxmaq istəyirik!

- Bir dəqiqə gözləyin, indi gəlirəm – deyə Tünzalə müəllimə Almaz xanımın kabinetinə girdi. Bir neçə dəqiqədən sonra sevincək çıxıb elan etdi:

–Uşaqlar, hazırlaşın səhər zooparka gedirik!

- Urra, urra!... – balacalar qışqıra-qışqıra atılıb düşdülər.

Tərbiyəçi gedən kimi Qıvrımsaç dedi:

- Uşaqlar, gəlin səhər özümüzlə heyvanlar üçün yem də götürək.

- Heyvanlar nə yeyir ki?

- Hər şey, məgər bilmirsiniz, konfet, şokolad, piroq, alma, armud, banan, buterbrod, çipsi... – Qıvrımsaç öz xoşuna gələn təamları sadaladı.

Bağça uşaqları fikrə getdilər. Uzunsaç Aysu dedi:

- Anam şokolad fabrikində işləyir, konfet, şirniyyat mən gətirərəm.

Arıq və çəlimsiz Cümşüd dedi:

- Bizdə alma var, atam Qubadan gətirib.

Üzü çilli Bəhruz dedi:

- Bizdə qoz-fındıq çoxdur, Zaqataladan göndəriblər.

Uşaq bağçası

Uşaq bağçası

Gombul Fariz dedi:

- Mən də kolbasa, bişmiş sosiska götürərəm, evimizin altında kolbasa sexi var.

Hərə bir şey dedi, gətirərəm. Qıvrımsaç dedi:

- Yaxşı uşaqlar, bəs banan, banan yaddan çıxdı, meymunlar bizdən inciyər axı?

Qaragöz Tükəzban dedi:

- Banan da mən gətirərəm.

Qıvrımsaç ağzı sulana-sulana əllərini bir-birinə sürtdü.

- Əla, çalış çox olsun, zooparkda meymun çoxdur, hamısına çatsın.

Səhər uşaqlar bağçaya dolu torba ilə gəldilər. Günortaya yaxın bağça avtobusu gəldi. Balacalar torbalarını götürüb avtobusun yanına qaçdılar. Qıvrımsaç da çiynindən bir çanta asmışdı.

Tünzalə müəllimə dolu torbaları görüb soruşdu:

- Bunlar nədir?

Uşaqlar dedilər:

- Heyvanlara yem götürmüşük.

Müəllimə gülüb, təəssüflə başını yellədi:

- Uşaqlar, axı zooparkda heyvanların yemlənməsi qadağandır, buna icazə verməyəcəklər.

Uşaqlar məyus oldular.

- Ay, nə pis oldu, biz də dünəndən onları necə yemləmək haqqında düşünürük.

Qıvrımsaç boş çantasını açıb bic-bic dedi:

- Yaxşı ki, anam düzəltdiyi buterbrodları məhəllədəki pişiklərə verdim, yedilər. – sonra uşaqlara təskinlik verdi: – Narahat olmayın, yolda bir şey fikirləşərik.

Uşaqlar bir-birini itələyə-itələyə avtobusa mindilər. Tünzalə müəllimə də qabaq kabinədə sürücünün yanında oturdu, yola düşdülər.

Balacalar özlərini arxa oturacaqlara verdilər ki, müəllimənin gözündən uzaq olsunlar. Qıvrımsaç dedi:

- Uşaqlar, göstərin görək kim nə gətirib?

Hərə öz torbasını açdı. Qıvrımsaç dedi:

- İş ki, belə gətirib, gəlin bir oyun oynayaq. Hərə bir heyvan olsun, biz də onu yemləyək.

Təklif hamının xoşuna gəldi. Gombul Fariz ətli və enli əllərini ayı kimi qaldırdı: – Öööö... mən ayıyam, mən ayıyam!

Qıvrımsaç dedi:

- Uşaqlar, gəlin ayıya konfet, şokolad verək.

Sonra yekəpər Namazəli fil oldu, ona alma, armud verdilər. Narıngül dələ oldu, fındıqdan, qozdan yedi. Sevinc dovşan oldu, kök yedi. Ruslan canavar, Kamran tülkü oldu, kolbasa-sosiska yedilər.

Qıvrımsaç da gah kirpi olub piroqdan, tortdan yeyirdi, gah da meymun olurdu, bananları soyub ləzzətlə mədəyə ötürürdü. Avtobus zooparka çatanda, balacaların heyvanlar üçün götürdükləri qidadan yalnız tullantılar qalmışdı.

Meyvə, çərəz qabıqları, konfet, şokolad kağızları avtobusun arxa oturacaqlarına, döşəməsinə səpələnmişdi. Qıvrımsaç o qədər yemişdi ki, güclə tərpənirdi. Qarnını sığallaya-sığallaya dedi:

- Uşaqlar, yaxşı əyləndik, indi avtobusun içini təmizləmək lazımdır, kim sumkasında nə gətirmişdi, onun qalıqlarını yığsın yenidən torbasına, çöldə zibil qutusuna atsın, yoxsa sürücü görüb hirslənər, bir də bizi heç yerə aparmazlar.

- Bəs sən?

- Mənim çantam boş idi axı – deyə, Qıvrımsaç çantasını çiyninə keçirib avtobusdan düşdü...

Günün bütün mövzuları

XS
SM
MD
LG