Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:28

-

Medianın başlıca mövzusu yenə də manatın üzən məzənnə rejiminə keçidindən sonra baş verənlərdir.

«Yeni Müsavat» qəzeti «Devalvasiya şoku-bağlı mağazalar, total bahalaşma...»dan yazır.

«Bazarlarda satılan yerli məhsulların qiymətlərində cüzi artım olsa da, xaricdən idxal edilən meyvə və çərəz məhsullarının qiymətlərində 30-50 faiz artım var. O cümlədən, ərzaq mağazalarında müxtəlif məhsulların qiymətlərində 20-40 faiz arasında artım olub. Ən çox qiymət artımı məişət texnikaları, elektronika məhsulları, mobil telefonlarda və bu məhsullar üçün nəzərdə tutulan aksesuarlarda müşahidə olunub.Burada artım 30-50 faiz, bəzi məhsullarda isə daha çoxdur», - qəzetdə oxuyuruq.

«Yeni Müsavat» İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlunun yeni devalvasiyanın olacağını istisna etmədiyini qeyd edir.

İqtisadçı Mərkəzi Bankın yenə də «valyuta ehtiyatlarını bazarda xərcləmək kimi sonu olmayan və problemin tam həllinə təsiri azalan bir yol» seçdiyini bildirir..

Qəzet bir məqama da diqqət çəkir: «Yaranmış vəziyyətlə bağlı hökumətin hansı anti-krizis proqramı üzərində işlədiyi hələ ki, məlum deyil. Son 48 saatda ölkənin baş naziri yanında nazirlərin iştirakı ilə hər hansı toplantı keçirilməyib. Hətta baş nazir özü belə devalvasiyanın yaratdığı vəziyyətlə bağlı KİV-lərə açıqlama verməyib».

Əkrəm Həsənov

Əkrəm Həsənov

KREDİTLƏRİN BÖYÜK BİR HİSSƏSİ BATA BİLƏR

«Bizim yol» dollarla kredit ödəyənlərin çətin duruma düşdüyünü yazır: «Ötən il xarici valyutada kredit götürmüş şəxslər bundan sonra borcunu ikiqat bahasına geri qaytarmalı olacaq. Təbii ki, ödəmə qabiliyyəti zəifləyən, gəlirləri azalan əhali üçün borcunu ödəmək ağırlaşacaq. Bu səbəbdən problemli kreditlərin həcmi qarşıdakı aylarda daha da arta bilər».

Banklar üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov «Bizim Yol»a deyib ki, Azərbaycan maliyyə sektoru təhlükəli tendensiyaya qədəm qoyub: «Burada söhbət təkcə vətəndaşlardan deyil, biznes sahəsindən də gedir. Sahibkarların da əksəriyyəti kreditlərini qaytarmamaq qərarına gəliblər. Əgər fevral devalvasiyasından sonra çox çətinliklə də olsa ödəmə aparırdılarsa, indiki devalvasiyadan sonra artıq başa düşürlər ki, borclarını ödəyə bilməyəcəklər».

Ə.Həsənova görə, proseslərə hökumətin müdaxiləsi olmazsa, bankların böyük əksəriyyəti bağlana bilər: «İkinci devalvasiyadan ən böyük zərərə bank sektoru uğrayacaq. Problemli kreditlərin artması ilə yanaşı, əhali sürətlə əmanətlərini geri çəkir. Çünki insanların banklara etibarı azalıb. Nəticədə onların əksəriyyəti iflasa uğrayacaq».

Ekspert çıxış yolu olaraq hökumətin devalvasiya nəticəsində zərər çəkən vətəndaşların borclarını kompensasiya etməsində görür.

Valyutadəyişmə məntəqəsi

Valyutadəyişmə məntəqəsi

MANATIN DEVALVASİYASI BAZAR İQTİSADİYYATININ TƏMƏL PRİNSİPLƏRİNDƏN İRƏLİ GƏLİR

«Azərbaycan» yazır: «...manatın dönərli valyutalara nisbətdə ucuzlaşmasının sosial gərginlik yaratmayacağını, xüsusən idxal məhsullarının bahalaşmayacağını zənn etmək də sadəlövhlük olardı. Odur ki, indi əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir. Müvafiq qurumlar vətəndaşları əmin etməlidir ki, indiki mərhələni nisbətən ağrısız ötmək üçün bütün lazımi tədbirləri görəcək».

Qəzet prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun manatın kursunun dəyişməsi ilə bağlı hökumətin ilk növbədə sosial müdafiəyə ehtiyacı olan vətəndaşları qoruyacağını, sahibkarların fəaliyyətinə süni maneələr törədilməsinin qarşısını almaq üçün vacib addımların atılacağını bəyan etdiyini xatırladır. «Dövlətin indiki vəziyyətdə yeritdiyi maliyyə siyasətini bu gün hər birimiz başa düşməliyik. O xalq maneələri asan dəf edir ki, çətin məqamda birləşməyi bacarır, səylərini eyni məqsəd, eyni amal uğrunda bir nöqtədə cəmləyir. Eyni zamanda, iqtisadi inkişafa, sosial rifahın təminatına mane olan nə varsa ondan imtina edir. Bir də, bizə min illər bundan öncə tövsiyə olunub ki, qollarımızı nə həddən ziyadə geniş açaq, nə də sinəmizə bərk sıxaq. Yəni, əliaçıqlıqda və qənaətcillikdə hədləri aşmayaq», - məqalə bu tövsiyə ilə bitir.

Cəmil Həsənli

Cəmil Həsənli

VAŞİNQTONDAN QAYIDAN CƏMİL HƏSƏNLİ NƏLƏR DEDİ?

Vaşinqtondan qayıdan Cəmil Həsənli ABŞ-ın sanksiya hazırlığı barədə nələr dedi?

Suala cavabı «Azadlıq» qəzeti axtarıb.

Milli Şurasının sədri, professor Cəmil Həsənli ABŞ-dan səfərdən qayıdıb. O ABŞ-da hazırlanan «Azərbaycan Demokratiya Aktı» layihəsinə münasibət bildirib:

«Konqresin Helsinki Komissiyasının rəhbəri Chris Smith-in dekabrın 16-da irəli sürdüyü «Azərbaycan Demokratiya Aktı» adlı qanun layihəsi heç şübhəsiz ki, narahatlığın ifadəsidir. Bu layihə demokratiya və insan haqları ilə bağlı tək Azərbaycanda yaranmış dözülməz vəziyyətin ifadəsi deyil, eyni zamanda Birləşmiş Ştatların son illər ölkəmizdə itirdiyi dəyər və prinsiplərin xilas edilməsi cəhdidir».

Cəmil Həsənli qanun layihəsinin müəllifi haqqında fikirlərini də bölüşüb: «Respublikaçı konqresmen Smith kifayət qədər təcrübəli siyasətçidir, onun ABŞ qanunverici orqanında 35 illik zəngin təcrübəsi var. Uzun müddət təhlükəsizlik və Avropa ilə əməkdaşlıq komissiyasına rəhbərlik edib, Çin, Bosniya, Vyetnam, Polşa, Uqanda, Belarus və digər narahat ölkələrlə bağlı Konqresdə qəbul edilən qanunların müəllifi olub. Bu gün Azərbaycan rəhbərliyi Smith-in irəli sürdüyü qanun layihəsində acınacaqlı vəziyyətdən çıxış yolu aramaq əvəzinə, ona «ermənipərəst» damğası vurmaqla, özünü təmizə çıxarmaq istəyir. Halbuki, cənab Chris Smith 2004-cü ildə «Belarus Demokratiya Aktı»nın müəllifi olub, həmin qanuna əsasən, Alyaksandr Lukashenka hökumətinin 200 rəsmisinə Amerikaya gəlmək qadağan olunub. Məhz bu Aktın təsiri altında Lukashenka siyasi məhbusları sonuncu nəfərinə qədər azad etməyə məcbur oldu.

Chris Smith son illərdə Rusiya və insan hüquqlarını pozan digər rejimlərə qarşı tətbiq edilən «Qlobal Maqnitski Aktı»nın qəbulunda da mühüm rol oynayıb. Məgər bunlar da ermənipərəstlikdən irəli gəlib?..».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG