Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:37

Maşın satışı 50 faiz azalmışdı, yenə düşəcək


İllüstrasiya
İllüstrasiya

►"Bir xaos var hökumətin qərarlarında"

Dolların məzənnəsinin qalxmasından az sonra Mərkəzi Bank rəhbərliyi bəyan etdi: “Üzən məzənnə rejiminə keçid idxalın kəskin azalmasına səbəb olmalıdır”. Bundan başqa, bazarı qorumaq üçün xaricdən gətirilən dəbdəbəli mallara və zinət əşyalarına qarşı rüsum siyasəti sərtləşdirilməlidir.

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun bu söylədiyini xaricdən mal gətirən bəzi iş adamları ironiya ilə qarşılayırlar. Adının çəkilməsini istəməyən avtomobil salonlarından birinin əməkdaşı gülərək deyir:

“Hər şey əla olacaq, hər şey gözəl olacaq”.

Ancaq az sonra deyir ki, rüsum siyasəti sərtləşərsə, onların durumu daha da çətinləşəcək. O, hətta bəzi filialların bağlana biləcəyini də istisna etmir:

“Maşın alan olmayandan sonra şirkət neyləyəcək? Məcbur bazarı tərk edəcək...”

Buna da bax: Bayramqabağı vağzallarda sıxlıq- [Video]

“NURGÜN MOTORS”: “ALICILIQ QABİLİYYƏTİ 50 FAİZDƏN DƏ AŞAĞI DÜŞƏCƏK”

“Nurgün motors”-un marketinq meneceri Orxan Məmmədov AzadlıqRadiosuna dekabr devalvasiyasından sonra qiymətləri qaldırmadıqlarını bildirir.

Ancaq rüsumlar artacağı halda qiymətlərin də avtomatik qalxacağını söyləyir.

- Əlbəttə bahalanacaq. Bu da nəticədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq. Fevral devalvasiyasından sonra alıcılıq qabiliyyəti 50 faiz aşağı düşmüşdü. Yəqin indi bir az da aşağı düşəcək. Ona görə də, istər-istəməz, 2016-cı ilin yanvarından qiymətlər qaldırılacaq.

Bakıda Babək prospektində yerləşən “Yağmur” mebel mağazasında əsasən Türkiyədən gətirilən mallar satılır. Vitrində köhnə qiymətlər görünsə də, satıcı dolların məzənnəsinin qalxdığını eşidən kimi rəhbərliyin qiymətləri 15 faiz artırdığını söyləyir:

- Uşaqlar üçün satdığımız ikimərtəbəli çarpayını bazar ertəsinə kimi satışa 900 manata qoymuşduq. Bazar günü gələn müştərilərə 100 manatlıq endirim də edə bilərdik. Ancaq dollar bahalaşanda biz də məcbur qalıb qiyməti artırdıq.

- Nə qədər?

- 15 faiz. İndi həmin çarpayını müştəriyə 1035 manata satırıq. Endirimdənsə söhbət gedə bilməz. Biz malı Türkiyədən gətiririk. Dollar qalxdığı üçün məcburuq qiyməti qaldırmağa. Bunu baha satmalıyıq ki, yeni mal vura bilək. Onsuz da son aylarda satış dayanıb. Artıq bir filialımız bağlanıb.

“AZƏRBAYCAN TELEVİZOR, TELEFON İSTEHSAL EDƏ BİLMƏYƏCƏK”

İqtisadçı Natiq Cəfərli hesab edir ki, əslində hökumət idxalın azaldılması ilə bağlı qərarı 10 il qabaq gündəmə gətirməli idi. Onun sözlərinə görə, on il qabaq doğru-dürüst proqramlar qəbul edilsəydi, yerli istehsalı gücləndirmək olardı:

- Ancaq Azərbaycan hakimiyyəti bu işə indi başlasa, təşviq proqramları reallaşdırılsa, ən azı 3-4 il vaxt lazım olacaq ki, bəzi məhsullar əvəz edilsin. Ancaq bəzi mallar var ki, hökumət 10 il də çalışsa, onu yerli malla əvəz edə bilməyəcək. Azərbaycan özü televizor, soyuducu, yüksək keyfiyyətli kompüterlər, telefonlar, pal-paltar, ayaqqabı istehsal edə bilməyəcək, bunu bacarmır. Ancaq yerli istehsalın gücləndirilməsi problemli işdir, kompleks addımlar atılmalıdır. İnvestisiya şəraiti yaradılmalıdır, azad məhkəmələr olmalıdır, mülkiyyət hüququ təmin edilməlidir və s. Yəni bu məsələnin həlli üçün o qədər köklü islahatlar lazımdır ki, tək bir zavodun, fabrikin qurulması ilə xaricdən gətirilən məhsulu əvəzləmək mümkün deyil. Azərbaycan buna bənzər bir addım atdı, Sumqayıt texnoparkı yaradıldı, ancaq rəqabətli mühit üçün nəzərdə tutulmamışdı deyə günü bu gün qapısı bağlı qalıb.

Buna da bax: Cavid Hüseynovun işi ayrıldı

HƏM RÜSUM SƏRTLƏŞDİRİLİR, HƏM DƏ...

İqtisadçı yerli istehsalın gücləndirilməsini vacib sayır. Ancaq bunun üçün öncə siyasi və iqtisadi islahatlar aparılmasını zəruri adlandırır. Onun fikrincə, bu olmadan sadəcə rüsumların sərtləşdirilməsi vəziyyəti ağırlaşdıra bilər. Natiq Cəfərlinin qənaətincə, hökumətin atdığı bəzi addımlar bir-birini tamamlamır:

- Zinət əşyalarına böyük rüsum qoyulacaqsa, paralel olaraq da ölkəyə 10 min dollara yaxın əhali tərəfindən mal gətirilməsinə icazə veriləcəksə (hərçənd bu fərmanın işləmə mexanizmi yoxdur hələlik, ancaq fərz edək ki, işləyəcək) onda itirən yenə Azərbaycan büdcəsi olacaq. İki nəfər adambaşına 10 min dollarlıq məsələn, zinət əşyası, bahalı mebellər gətirəcəksə, rüsum ödəməyəcək. Burda da bir-birini tamamlamayan addımlara şahid oluruq. Bir xaos var hökumətin qərarlarında. Bu da onu göstərir ki, hökumətin düşünülmüş, addım-addım gediləcək antiböhran proqramı yoxdur.

Söhbət etdiyimiz işadamları isə yaxın aylarda əhalinin sürətlə kasıblayacağı üçün idxalın istər-istəməz azalacağını proqnozlaşdırırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG