Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:31

«Cənub xəbərləri» qəzeti çapını dayandırıb


«Cənub xəbərləri»
«Cənub xəbərləri»

-

Ölkədə baş verən bahalaşma əyalət qəzetlərinin qapısını döyməkdədir. Tədricən həmin qapılar qapanmaqdadır. Elə rayon qəzetləri var ki, böyük fasilələrlə çıxır. Cənub bölgəsində öz populyarlığı ilə seçilən, redaksiyası Masallı şəhərində yerləşən «Cənub xəbərləri» qəzeti əvvəllər ayda 3 dəfə çıxıb. Sonralar ayda 2 dəfə çap olunmağa başlayıb. Artıq bir müddətdir ki, bu qəzet çapını dayandırıb.

«ƏVVƏLLƏR LAYİHƏLƏR OLURDU...»

«Cənub xəbərləri» qəzetinin naşiri və baş redaktoru Zahir Əmənov deyir ki, problemlər çoxdur:

«Region qəzetlərin problemlərindən dəfələrlə danışmışıq. Qəzet oxumaq, qəzet almaq başqa-başqa məsələlərdir. Qəzet oxumaq istəyənlər çoxdur, lakin almağa imkanları yoxdur. Qəzetə pul xərcləmək istəmirlər. Əvvəllər layihələr olurdu, əl-ələ verib qəzeti buraxa bilirdik. İndi hər hansı bir layihə almaq mümkünsüz olub. Mətbuata xeyli yardım göstərsələr də, bu xeyri paytaxt mətbuatı görür. Region mətbuatı bundan faydalana bilmir. Yardım almaq üçün qəzet həftəlik çıxmalıdır. Bu isə bizdə mümkünsüzdür».

«BU GÜN ƏYALƏTDƏ QƏZET BURAXMAQ ÜÇÜN KAMİKADZE OLMALISAN»

Baş redaktor deyir ki, artıq rayonlarda jurnalist qalmayıb. Yerli qəzetlərdə işləyənlər paytaxta köçüblər. O deyir ki, region qəzetlərinin kadr potensialı tükənib. Jurnalisti qəzetdə saxlamaq üçün pul da yoxdur:

«Bu şərtlər daxilində qəzet buraxmaq mümkünsüzdür. Həftədə qəzet buraxmaq üçün, ayda 2-3 min manat xərc tələb olunur. Masallıda 4-5 köşk var. Hərəsində 20-30 qəzet satılır. Bununla hara çıxmaq olar? Bu gün əyalətdə qəzet buraxmaq üçün kamikadze olmalısan. Bir adam bir neçə adamın işini görməlidir. Canından keçməlisən ki, qəzet çıxsın».

Bununla belə, Zahir Əmənov qeyd edir ki, qəzetin cenubxeberleri.com saytı fəaliyyət göstərir:

Zahir Əmənov
Zahir Əmənov

«Bunun xərci qəzetə nisbətən daha azdır. Amma bütün hallarda internetdən çox çap məhsuluna etibar edirlər. Bu baxımdan qəzetə ehtiyac var. Lakin qəzeti ayda bir dəfə də olsa, buraxacağıq».

«QƏZETLƏRƏ ZORLA ABUNƏ YAZDIRIRLAR»

Zahir Əmənovun fikrincə, əyalət mətbuatı ilə bağlı çətinliklər əvvəllər də olub. Ölkədə iqtisadi durum pisləşdikcə, birinci olaraq büdcəsi zəif olan region mətbuatı çökür:

«Müstəqillik dövründə region mətbuatı uduzdu, paytaxt mətbuatı isə uddu. Sovet dövründə hər rayonda qəzet çıxırdı. Qəzetlər həftədə 3 dəfə çıxırdı, tirajı 15-20 min arası olurdu. İndi müstəqil qəzetlər bir yana qalsın, icra hakimiyyətlərinin nəzarətində olan rayon qəzetləri bir-iki ayda bir dəfə çıxır. Onlara qəzet də demək olmur. Zamanla ayaqlaşa bilmir, özünə oxucu da tapa bilmir. Müstəqilliyi olmayan qəzetlərə zorla abunə yazdırırlar. Onlar da hələlik bu hesabla yaşayırlar. Reklam yox, satış yox, layihələrə də əngəl törətdilər, o da yoxdur».

Baş redaktor əyalətlərdə mətbuatın inkişaf yollarından da danışır:

«Dövlət tərəfindən kompleks münasibət lazımdır. KİV-ə Dəstək Fondunda region mətbuatı üçün ayrıca bir bölmə olmalıdır. Onların regionlarla əlaqəsi yoxdur. Ögey bir sahə kimi qoyulub kənara».

«ƏVVƏLCƏ QHT-LƏR SIRADAN ÇIXARILDI...»

Zahir Əmənovun sözlərinə görə, Qeyri Hökumət Təşkilatların sıradan çıxarılması əyalət qəzetlərini zəiflətdi:

«Layihələr müxtəlif xarici təşkilatlardan olurdu. Sonralar bunlarla bağlı bir sıra qadağalar oldu. Bu qadağanlardan sonra da heç bir əyalət qəzeti layihə ala bilmədi. Mən özüm bir neçə xarici ölkədə olmuşam. Bir çox xarici ölkədə region qəzetləri 4-5 min tirajla, həftədə bir neçə dəfə çıxır. Gözəl tərtibatla, geniş formatda çap olunurlar. Onların oxucuları çoxdur. Çünki onlar özlərinə yaxın olan məsələlərə daha diqqətlə yanaşırlar».

«Cənub xəbərləri» qəzetinin hazırda 23 yaşı var. Qəzet 1992-ci ildən «Masallı xəbərləri», 2003-cü ildən isə «Cənub xəbərləri» adı ilə çap olunur. Dəfələrlə məmurlarla məhkəmə çəkişmələrində olub. Qəzet əsasən cənub bölgəsinin 7 rayonunda yayımlanırdı.

XS
SM
MD
LG