Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:46

«Ölkədə ərzaq problem yarana bilər»


Vahid Məhərrəmov
Vahid Məhərrəmov

-

Ölkənin əkin sahələrinin suvarılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün Prezidentin Ehtiyat Fondundan 10 milyon manat ayrılıb.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna müsahibəsində deyir ki, hər dəfə bu sektora vəsait ayrılır, amma ortada görünən nəticə yoxdur: «Bu problem olduqca ciddidir, hər yay əkin yerlərinin suvarılması, içməli su təminatı ciddi formada özünü büruzə verir».

- Vahid bəy, sərəncamda əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində əkin sahələrinin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması nəzərdə tutulur. O cümlədən, 150 subartezian quyusunun layihələndirilməsi və qazılması planlaşdırılır. Bu işlər bu sahədəki problemlərin öhdəsindən gəlməyə imkan verirmi?

- Hökumətin bu sahəyə diqqət ayırması çox vacibdir. Ancaq bu maliyyə vəsaiti ayrılmazdan qabaq bu problemlərin həllini özündə ehtiva edən konsepsiya hazırlanmalı və ictimaiyyətə təqdim olunmalıdır. Əslində, bu sahə üzrə ciddi strategiyanın hazırlanmasına ehtiyac var. Bir il əvvəl prezident çıxışlarının birində etiraf etdi ki, bu sahəyə bir ucdan maliyyə vəsait ayrılır, ancaq suvarma ilə bağlı nə qədər ehtiyacın qarşılandığı barədə bir məlumat yoxdur. Baxmayaraq ki, kifayət qədər böyük maliyyə vəsaiti ayrılır, amma bu vəsaitin necə xərclənməsi və səmərəliliyi ilə bağlıməlumat verilmir. İndi də sanki vəsait ayırmaq xətrinə vəsait ayrılıb. Bundan da əvvəl bu sahəyə bir neçə dəfə prezident sərəncamı ilə 10 milyon ayrılıb. Qoy bir dəfə 9 milyon olsun, bir dəfə 11 milyon.

- Yəni demək istəyirsiniz ki, bu vəsaiti əsaslandıran smeta yoxdur?

- Bəli, bunu əsaslandıran smeta yoxdur. Hansı işlər görüləcək, harada, nə qədər fermerin suya ehtiyacı ödəniləcək, hansı kənddə, yerli əhalinin necə faizinin içməli suya təminatı öyrəniləcək? İndiki həssas vaxtda belə bir vəsaitin ayrılması üçün əsaslı smeta olmalıdır və bütün bunlar ictimaiyyət ucun açıqlanmalıdır.

- Vahid bəy, əkin yerlərinin suvarılması torpaqların şoranlaşması ilə bağlı məsələni aktuallaşdırır. Bəzi ekspertlər hətta həyəcan siqnalı verirlər ki, ölkənin münbit torpağışoranlaşma hesabına azalır.

- Əfsuslar olsun ki, şoranlaşan və şorakətləşmiş torpaqlar getdikcə artır.Bunun qarşısını almaq üçün Dövlət Proqramı qəbul edilməlidir. Ölkədə şoranlaşmış torpağın həcmi belə bəlli deyil. Müxtəlif dövlət qurumlarının mənbələrində müxtəlif rəqəmlərdir. Bilirsiniz ki, ölkədə adambaşına düşən torpaq həcmi çox azdır. Şoranlaşma və torpaqların dövriyyədən çıxarılması tendensiyası isə arta-arta gedir. Suvarılma məsələsi köklü həllini tapmasa, torpaqların yuyulması, onların bərpa edilməsi və dövriyyəyə qaytarılması hələ uzun çəkəcək.

- Neftin qiymətinin düşməsi və neft gəlirlərinin azalmasını şərh edən ekspertlər deyirlər ki, bundan sonra ölkəni torpaq doyuzduracaq. Torpaq erası başlaya bilərmi?

- Azərbaycan indiyə kimi yalnız neftdən gələn gəlir hesabına böyük layihələr həyata keçirirdi. Brüsseldən yenicə qayıtmışam, orda Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində qatıldığım toplantıda tərəfdaş ölkələrdəki mövcud vəziyyət müzakirə olunurdu. Burda ən pis vəziyyət Azərbaycan üzrə idi. Təsəvvür edin ki, təklif edilən kredit üzrə ən yüksək faiz dərəcəsi Azərbaycanda idi. Məsələn, Ermənistanda və Gürcüstanda kredit üzrə faiz dərəcəsi 14-dür, Azərbaycanda isə 28 faiz. Həmin ölkələrdə kənd təsərrüfatına təklif edilən kredit ümumi portfeldə 15-20 faiz olduğu halda, Azərbaycanda bu göstərici 3.7 faiz idi. Bu o deməkdir ki, neft gəlirlərinin yüksək olduğu bir vaxtda bu vəsaiti real sektora- sənayeyə, kənd təsərrüfatına yönəldə bilmədilər. Sahibkarlara təklif edilən kreditlər yüksək faizli oldu, üstəlik, qeyri-rəsmi ödənişlər vardı. Neft gəlirlərinin azaldığı bir vaxtda kənd təsərrüfatını inkişaf etdirə bilməyəcəyik, buna zaman lazımdır. Bu dövrə çoxdan hazırlamaq lazım idi. Maliyyə vəsaiti olan zaman bu imkandan istifadə etmədiksə, maliyyə imkanları azalan vaxtı nə edə biləcəyik? Sənaye məhsulumuz yoxdur, aqrar sektor üzrə daha çox idxaldan asılıyıq. Buna görə daha çox valyuta xərcləməli olacağıq. Valyuta xərclənməsi də ona gətirib çıxaracaq ki, biz əvvəlki kimi kənd təsərrüfatı məhsulu idxal edə bilməyəcəyik və ölkədə ərzaq problem yaranacaq. Vəziyyət daha da pisləşməyə doğru gedir.

XS
SM
MD
LG