Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:55

Sanksiyalar hakimiyyət komandasını parçalaya bilər


Nazirlər Kabinetinin iclası.

Nazirlər Kabinetinin iclası.

-

«Azadlıq» qəzeti ABŞ Helsinki Komissiyasının Azərbaycana tətbiq edilməsini istədiyi sanksiyaların hakimiyyət komandasını silkələyə biləcəyini iddia edir: «İndi isə son həddir və hakimiyyət düzgün qərar qəbul etməlidir. Yəni, anti-ABŞ, Anti-Avropa kampaniyası əvəzinə, islahat kampaniyasına başlanılmalıdır. Çünki tendensiya hakimiyyətin özünün parçalanmasına gətirib çıxaracaq. Heç kimə sirr deyil ki, bu komandanı birləşdirən maddi maraqlardır. Deməli, komandanın böyük oyunçuları illərlə yığdığını sanksiya çətiri altına salmayacaq. Heç kim komfortundan, Qərbdəki əlaqələrindən imtina etməyəcək. Nəticə etibarilə Əliyev komandası daxildən çat verməyə başlayacaq.

Bir sözlə, Helsinki Komissiyasının hazırladığı qanun layihəsi «son zəng» kimi qiymətləndirilməlidir. Hakimiyyət bu «zəng»i eşitməlidir, yoxsa «sinifdə qalmaq» ehtimalı böyükdür. Bəli, hökumətin ilkin reaksiyaları yanlışdır. ABŞ-a əzələ göstərib «qarışqa və fil» lətifəsi yaratmaq əvəzinə, ağıllı addım atmaq lazımdır».

Əli Abbasov və Eldar Mahmudov

Əli Abbasov və Eldar Mahmudov

İKİ SABİQ NAZİRLƏ BAĞLI MÜDHİŞ HƏBS PLANI

«Yeni Müsavat» qəzeti yazır ki, Eldar Mahmudovdan sonra sabiq rabitə naziri Əli Abbasov barəsində də faktiki ev dustağı edilməsi barədə qərar verilib: «Sabiq milli təhlükəsizlik, eləcə də işdən çıxarılan rabitə və yüksək texnologiyalar naziri (RYTN) haqda həbs qərarı hazırlanır».

«Maraqlıdır ki, Ə.Abbasovun nazirliyinin fəaliyyətində MTN generalları da yaxından iştirak edib, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilib», - qəzet yazır: «Yəni indi istintaqın işi o qədər qəlizləşib ki, RTYN-də həbs edilənlər həm də «MTN işi» üzrə istintaqa da ifadə verməli olurlar. MTN işinə görə həbsdə olanların bəziləri isə Rabitə Nazirliyindəki istintaqda da dindirilirlər. Çünki RYTN-nin rəhbərliyindəki bəzi şəxslər də MTN-in sabiq rəhbərliyinin iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi əməllərinə cəlb ediliblər».

«Yeni Müsavat» yazır ki, Beynəlxalq Bankın İdarə Heyətinin dekabrın 4-də həbs edilən sabiq sədri Cahangir Hacıyev «Eldar Mahmudov haqda ifadə verməmişəm» desə də, qudaların kreditlərin mənimsənilməsində əlaqələrinin üzə çıxarılması istiqamətində intensiv iş gedir: «Yəni mart ayından dekabradək azadlıqda qalan C.Hacıyev E.Mahmudovu «Beynəlxalq Bank işi»nə qatmamağa çalışsa da, MTN-dəki həbslərdən sonra bu kifayət qədər çətinləşib. Çünki bir neçə sahibkar MTN-in təcridxanasından qurtulmaq üçün borclarını Beynəlxalq Bankdan «götürülmüş» kreditlərlə ödəyiblər».

Xəzər çimərlikləri belə hasarlanır.

Xəzər çimərlikləri belə hasarlanır.

XƏZƏRİ HASARLAYANLAR CƏZALANACAQ, AMMA...

«Yeni dəyişikliklər məmurların daş hasarlarına «toxuna» bilmədi», - deyə yazan «Bizim Yol» qəzeti dekabrın 18-də parlamentin müzakirə etdiyi qanun layihəsinə toxunub. Qəzet yazır ki, sahilyanı ərazilər müzakirəyə çıxarılsa da, dəyişikliklərin bir çoxu texniki xarakterli olub: «Bir sıra qanunlara edilən eyni məzmunlu dəyişikliyə əsasən, …Sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahəsinin - dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərtilə - hasara alınmasına o halda yol verilir ki, hasar üçün istifadə edilən konstruksiyalar qəfəsli olmaqla, sahil tərəfdən dənizin, onun quru ilə təmas xəttinin görünməsini məhdudlaşdırmasın».

Deputat Fazil Mustafa bildirib ki, vətəndaşların dənizdən məhrum edilməsinin motivi də bura əlavə olunmalıdır:

«Ayrı-ayrı şəxslər imkanlarından istifadə edərək, dəniz qıraqlarını hasarlayırlar. İnsanların dənizə girişinə qadağa qoyurlar. Kimlərsə dənizə gedən məhəllələrdən dənizə çıxış yolunda hasar tikirlər. Yalnız bir nəfərin keçib getməsi üçün cığır saxlayırlar. Nəqliyyatın sərbəst hərəkət etməsi üçün yol qoyulmalıdır. Bu gün dənizkənarı yerlərdə vəziyyət belədir. Dar yollu məhəllələrin arasında tıxac yaranır və vətəndaşların istirahət hüququ pozulur. Ona görə bu məsələyə prinsipial yanaşmaq lazımdır. Dənizin insanların üzünə bağlanmasının qarışısı alınmalıdır. Dənizin bu cür istismar olunmasına, təbii sərvətin insanların əlindən alınmasına son qoyulmalıdır».

Telefon.

Telefon.

AZƏRBAYCANDA BU SAHƏDƏ QİYMƏTLƏR QALXDI

ANSPress yazır ki, qiymət artımı özünü məişət elektrotexnika məhsullarında göstərir. Ötən gündən başlayaraq ABŞ valyutasının nisbətən bahalaşması artıq elektrotexnika və mobil telefon mağazalarında qiymət artımına səbəb olub. Alıcılar artımın olduğunu desələr də, satıcılar bunu inkar edir.

Şəhər sakinlərinin verdiyi məlumata görə, hazırda bəzi mağazaların üzərində müəyyən faiz dərəcəsi ilə endirim yazılsa da, bu endirimə nəinki əməl edilmir, hətta avadanlıqlarda bahalaşma hiss olunur.

Bakı sakini Samir Hüseynov deyir ki, dekabrın 19-da telefon mağazasından 249 manata mobil telefon alıb:

«Həmin telefonu keçən ay eyni mağazada 230 manata görmüşdüm. Qiymətdə bahalaşma olduğunu satıcıya desəm də, o, mənimlə razılaşmadı. Ancaq aldığım telefonda olduğu kimi, digər telefonlarda da qiymət artımı müşahidə edilirdi».

Günün bütün mövzuları

XS
SM
MD
LG