Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:00

«Bu ölkədə siyasi fəaliyyət məhrumiyyətlər hesabına başa gəlir»


Əli Qasımlı

Əli Qasımlı

-

Xəbər verildiyi kimi, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu ildə Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı 14 şikayət üzrə qərar çıxarıb. AzadlıqRadiosunun bölgə müxbiri həmin ərizəçilərdən biri- AXCP İmişli rayon şöbəsinin sədri Əli Qasımlı ilə söhbətləşib.

- Əli bəy, belə bir qərarın qəbul ediləcəyini gözləyirdiniz?

-Mən hələ MSK-ya şikayət verəndə işin Avropa Məhkəməsi perspektivini nəzərə almışdım. Milli Məclisin deputatlığına namizədliyimi qeydə almaqdan çox əsassız şəkildə- namizədliyimin müdafiəsi üçün toplanılmış 600 seçici imzasının 213-ünü etibarsız hesab etməklə imtina olunmuşdu. İmtinanın qanunsuz olduğunu yaxşı bildiyindən hökumət Avropa Məhkəməsinin qərarını gözləmədən hüququmu pozduğunu etiraf və kompensasiya təklif etmişdi. Amma bu o zaman etiraf olundu ki, artıq bu işlər üzrə Avropa Məhkəməsi qərar qəbuletmə mərhələsində idi.

-Bu qərar şəxsən Sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

-Onu həm siyasi, həm hüquqi, həm də mənəvi aspektdən qiymətləndirmək olar. Mən müxalifətdə olan bir siyasi partiyanın üzvüyəm, 22 ildir ki, onun rayon təşkilatına rəhbərlik edirəm. 2010-cu ildə namizədliyim partiyamızın təmsil olunduğu blok tərəfindən irəli sürülmüşdü. Ortaya artıq hüquqi sənəd qoyulur ki, hökumət Konvensiya ilə müəyyən olunmuş «azad seçki hüququ»nu pozub. Pozuntuların sayı və əhatə etdiyi miqyas indi belə bir fikri söyləməyə tam əsas verir ki, 2010-cu ildə bu ölkədə azad seçki keçirilməyib, qanunverici orqan legitim formalaşdırılmayıb. İndiyə qədər iddia etdiyimiz halın məhkəmə qərarı ilə təsdiqlənməsi insana ən azından mənəvi rahatlıq gətirir. Barəmdə qanunsuz qərar qəbul etmiş seçki komissiyaları üzvləri, ekspertlər və hakimlərin çoxu hələ də iş başındadır. Baxmayaraq ki, göstəriş «yuxarı»dan gəlib, amma qanunsuz sənədə imza atdıqlarına, haqsız bir işdə rol aldıqlarına görə bu qərar indən belə onları təqib edəcək.

-Avropa Məhkəməsinin Azərbaycanda seçki hüquqlarının pozulmasına dair qərarları artmaqdadır. Sizcə, bu nəyi dəyişə bilər?

-Azərbaycan 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyası atındadır. İndiyədək ona «plüralist seçkilərin təşkilində təcrübəsi az olan dövlət» kimi yanaşılıb. Amma artıq Avropa qurumlarında da başa düşülür ki, bu hökumət onların verdiyi tövsiyələri qulaqardına vurur. Çıxarılan qərarlar təkcə fərdi hüquqların pozulması faktı deyil, bütövlükdə dövlətimizin azad və ədalətli seçkilər keçirməklə bağlı öhdəliyinə nə dərəcədə əməl etməyinə güzgü tutur. Bu isə Avropa Şurasının, onun Nazirlər Komitəsinin daha effektli iş aparmağına gətirib çıxara bilər.

-Orta aylıq əməkhaqqının 460 manat olduğu ölkədə 10 min avro az pul deyil...

-Deyəsən, indən belə bizim pulumuzu sayacaqlar (gülür). Hesab etməyin ki, bu, itirdiklərimizin tam əvəzidir. Əvvəla, bu məbləğ Milli Məclis deputatının təqribən 7 aylıq əməkhaqqı qədərdir. İkincisi, namizədliyimin qeydə alınmaması üçün elə hərəkətə yol verilib ki, heç bir məbləğ onun kompensasiyası ola bilməz. 2010-cu ildə imza vərəqlərim DSK-ya təqdim olunanda, mən Bakıda xəstəxanada- ağır vəziyyətdə olan həyat yoldaşımın yanında idim. Biz- ailə üzvləri, yaxın qohumlar onun həyatını xilas etmək üçün bütün imkanlarımızı səfərbər etdiyimiz vaxtda, yerli icra hakimiyyəti də öz nümayəndələri, polis, vergi, bələdiyyə orqanlarının rəhbərləri vasitəsilə namizədliyimin müdafiəsi üçün imza atmış şəxslərdən təzyiq yolu ilə imtina ərizələri almaqla məşğul idi. Hətta gecə saatlarında belə insanların evinə basqın edirdilər. Beyləqanın Dünyamalılar kəndində yaşayan 55 şəxs adından kollektiv müraciət də təşkil etmişdilər ki, guya mənə imza toplayan adam onları «qaz boru xətti çəkilməsi» adı ilə aldadıb. Səsvermə gününə bir həftədən də az vaxt qalanda, həyat yoldaşım can verdiyi vaxt Ali Məhkəmədə namizədliyimin qeydə alınması məsələsinə baxılırdı. Bu ölkədə siyasi fəaliyyətlə məşğul olmaq məhrumiyyətlər hesabına başa gəlir. Çıxarılan qərar üzləşdiyim çoxsaylı qanunsuzluqdan yalnız biridir. Bu təzminatı bütün zərərlərə nisbətdə bölsək, hər birinə qəpik-quruş düşər. Mən daim pozulmuş hüquqlarımızın bərpa olunmasına öz gücümüz, mübarizəmizlə nail olmaq barədə düşünmüşəm. İndi də daha çox buna arxalanıram.

XS
SM
MD
LG