Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:06

Qanuna boyun əyməyən bir nəfər olsa, hamı onun boyunduruğu altına düşər


Jean-Jacques Rousseau
Jean-Jacques Rousseau

-

"Yeni qurulmuş bir respublikada yaşamaq istəməzdim..."

Jean-Jacques Rousseau

İnsanlar arasındaki bərabərsizliyin səbəbləri

kitabından kiçik bir parça

Əgər doğulduğum yeri seçə bilsəydim, sərhədləri insan bacarıqlarının qüdrəti tərəfindən cızılmış, başqa sözlə, yaxşı idarə edilən cəmiyyəti seçərdim; orada hərə öz işinin öhdəsindən gəldiyi üçün, heç kim öz işini başqasına tapşırmalı olmazdı.

Demokratiya tələbilə nümayiş, 2014-cü il
Demokratiya tələbilə nümayiş, 2014-cü il

Elə dövlət seçərdim ki, orada hər kəs bir-birini tanıdığı üçün nə əxlaqsızlığın qaranlıq manevrləri, nə də əxlaqın təvazökarlığı ictimaiyyətin diqqətindən yayınardı.

Orada bir-birini gömək, tanımaqdan irəli gələn xoş alışqanlıq olardı, ölkə sevgisi onun torpağına sevgidən çox, insanına sevgiyə çevrilərdi.

Elə bir ölkədə doğulmaq istəyərdim ki, orada hakimiyyət və xalqın mənfəəti eyni olardı və beləcə, bu böyük mexanizmin bütün hərəkətləri ortaq xoşbəxtlik üçün çalışardı.

Hakimiyyət və xalq eyni olmadıqca vəziyyət belə ola bilməz, yəni bir sözlə, demokratik bir hökümət altında doğulmaq istəyərdim.

Azad yaşamaq və azad ölmək istəyərdim, - qanunlara o vaxt baş əymək istəyərdim ki, nə mən, nə də bir başqası onların şərəfli boyunduruğundan qaçmağı düşünərdi, belə ki, ən özündənrazı boyunlar belə, başqa birini daşımayacaqları üçün sakitcə (harmonik) uyduqları bu sağlam və yumşaq boyunduruğu öz üstündən atmasınlar.

Dövlətin içində kiminsə qanundan yuxarıda olduğunu iddia etməsini və kənardan dövlətin tanımaq məcburiyyətində qalacağı bir diktə olmasını istəməzdim.

Çünki hökümət necə olursa olsun, əgər o hökümətdə qanuna boyun əyməyən bir nəfər belə olsa, başqa hər kəs onun boyunduğu altına düşər.

Əgər içəridə bir diktə edən, kənarda da başqa bir diktə edən ağa varsa, onlar öz aralarında səlahiyyətlərini necə paylaşırsa paylaşsın, hər ikisinə lazım olduğu kimi boyun əymək və Dövlətin yaxşı idarə edilməsi mümkün deyil.

Qanunları nə qədər yaxşı olursa olsun, yeni qurulmuş bir respublikada yaşamaq istəməzdim. Çünki hökümət bəlkə də o ankı vəziyyətin tələb etdiyindən başqa cür formalaşdığı üçün, o, yeni vətəndaşlarla, ya da yeni vətəndaşlar onunla anlaşmaya bilər və Dövlət elə doğulduğu vaxtda devrilmək, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qala bilər.

Axı azadlıq da eynən sağlam və dolğun ərzaqlar kimi, onlara öyrəşmiş orqanizmi bəsləməyə və gücləndirməyə uyğun olsa da buna alışmamış zəif və incə orqanizmləri səxoş edərək yıxan sərt şərablar kimidir.

Bir dəfə ağalara öyrəşən xalqlar onlarsız yaşaya bilməzlər...

Qədim Roma İmperiyasının qalıqları
Qədim Roma İmperiyasının qalıqları

Roma xalqı, bütün azad xalqların o modeli, Tarquin'lərin (Lucius Tarquinius Superbu - Romanın son hökmdarı) zülmündən qurtulduğu vaxt özünü idarə edəcək vəziyyətdə deyildi.

Quldarlığın məhkum etdiyi aşağılayıcı əmək tərəfindən alçaldılmış səfeh kütlədən başqa bir şey deyildi və çox böyük müdrikliklə nəzarət və idarə edilməsi şərt idi.

Ancaq beləcə, yavaş-yavaş azadlığın sağlam havasını nəfəsimizə çəkməyə alışaraq, tiranlıq altında zəifləmiş, daha doğrusu, tükənmiş olan o ruhlar addım-addım nəhayət ki, onu bütün xalqların ən hörmətlisi edən əxlaqın ciddiyyəti və cəsarətin qürurunu qazana bildilər.

O vaxt bir növ zamanın gecəsində itmiş antik dövrün xoşbəxt və dinc respublikasını axtarmalıydım – yalnız təbəələrinin cəsarət və vətənsevərliyini sərgiləməyə və gücləndirməyə xidmət edəcək tipdə problemlər yaşamış, çoxdandır şüurlu azadlığa alışmış vətəndaşlarının təkcə azad olduğu deyil, həm də azadlığa layiq olduqları bir respublika.

Özümə elə bir dövlət seçməliydim ki, nə haranısa fəth etmək istəsin, nə də kiminsə tərəfindən fəth edilmək. Digər ölkələrin onu fəth etmək əvəzinə, fəth etmək istəyənlərdən qoruduqları bir dövlət olsun. Belə olan dövlətin özündən başqa qorxacaq heç nəyi olmazdı...

Elə bir respublika ki, hər il vətəndaşlar öz aralarında ən bacarıqlı və ən dürüst hesab etdikləri adamı dövləti idarə etmək üçün seçərdi. Əgər bu zaman cəmiyyətdə buna görə hansısa ölümcül səhv, narazılıq yaransa, belə korluq və yanılma zamanlarında belə, rəftar, qarşılıqlı hörmət və qanunlara ortaq hörmət keyfiyyətləri daşımalıydılar ki, səmimi və davamlı uzlaşmanın əlamətləri və güvəndiyi şeylər də elə bunlardır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG