Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:59

-

"Sən canın, heç inanardın ki, Putini Bakıda öldürəcəklər!? – bunu ekrandan gözünü çəkmədən klub sahibi dedi."

Əziz Rzazadə

9 zəng, 1 mesaj: “O.K, Putini öldürdün”

(fantastik hekayə)

“Elə yollar var ki, ağına düşməsən yaxşıdır”.

Lorn Malvo (“Farqo” filmi)

Monitorun sağ küncündə çərçivə açıldı, bir-bir döyəclənən hərflərin və ingiliscə danışan diktorun kadrarxası səsi eşidildi. Yeniyetmənin 5D eynəyi arxasındakı gözləri səbirsizliklə sözlərin yazılışını izləməyə başladı.

“Zaman keşikçiləri. Bu gizli və mistik qardaşlığın nə zaman yarandığı bilinmir. Bir çox sirlər kimi o da tarixin qaranlıq dəliyində gizlədilib. Tədqiqatçıların əksəri bu ordenin varlığını ümumiyyətlə danır, onu masonlar və ya illüminatlarla eyniləşdirirlər. Çağın ən böyük araşdırmaçılarından olan Maks Bred isə “Zaman keşikçiləri”nin mövcudluğuna dəlalət edən çoxsaylı sübutlar gətirir. Onun fikrincə, bu qardaşlığın təməli ta antik dövrdə qoyulub...

...Dünya tarixinin çarxı onların istəyi və maraqlarına uyğun fırlanır. “Zaman keşikçiləri” quldarlıq çağından bu günədək dövlətləri bir-birilə savaşdırır, terror aktları, sui-qəsdlər təşkil edir, insanları kütləvi köçlərə həvəsləndirir, qlobal maliyyə-iqtisadi böhranlar üçün təməllər yaradırlar....

Dassault Aviasiyaya məxsus döyüş təyyarəsi Misir ehramları üzərində

Dassault Aviasiyaya məxsus döyüş təyyarəsi Misir ehramları üzərində

..Onlar haqqında ilk məlumata qədim Misir ehramlarındakı divar yazılarında rast gəlinir...”

Mobil telefon zəng çaldı. Masanın üstündəki cihazın titrəyişdən bunu anlayan yeniyetmə özünə bitişik qulaqcığı olan 5D eynəyini çıxardı və ekrandakı adı görüb tez “yes” düyməsini basdı.

– Hə, ana... internet-klubdayam... hə... yaxşı, tez gələcəm, – deyib telefonu söndürdü, titrəyiş rejiminə keçirib, cəld gödəkcəsinin cibinə qoydu.

Monitorda artıq başqa bir qeyd yazılmışdı: “Seçimi edin...” Yeniyetmə növbəti əməliyyatı yerinə yetirib tarixi dönəmlərin siyahısında keçid üçün lazımi düyməni basdı.

“Zaman keçikçiləri” (“The Time Guardian”) adlı bu yeni kiber oyuna təkcə on beş yaşlı bakılı məktəbli yoluxmamışdı. Yeddidən yetmiş yeddiyə, böyükdən-kiçiyə dünyadakı bütün virtual azarlılar asudə vaxtda, ya da iş fasiləsində “World history-AIC” şirkətinin yeni icadında – möhtəşəm xəyal dünyasında bəxtini sınayırdı.

Oyunçu qarşısında qoyulan məqsəd ilk baxışdan sadəydi: “Zaman keşikçiləri”nə müqavimət göstərmək və dünya tarixinin bilinən axarını dəyişmək. Qulaqcıqlı 5D eynəyini taxan hər bir kəs kompüter arxasında oturub xəyalən oyunun içinə dalır, istənilən dönəmin çağdaşı-zamandaşı olurdu.

Lap başlanğıcda hər bir iştirakçı təlim mərkəzinə yollanır, ilk test-sınaqda iştirak edir, topladığı xallar buna imkan verdiyi təqdirdə, “Chaos” hərəkatının üzvü olurdu.

İnternet-club

İnternet-club

Yeraltı bunkerdə yerləşən mərkəzdə – “Choas”un qərargahında müvafiq tapşırıq alınır, oyunçu silah seçimini edib mühüm bir əməliyyata göndərilirdi. Bundan sonra iştirakçı qarşıya qoyulan məqsədi – hədəfi ya məhv etməli, ya da sui-qəsd planının qarşısına möhkəm sipər çəkməliydi.

Paytaxtın ingilis dili təmayüllü məktəblərindən birində oxuyan Orxan Kərimli artıq üç gün idi ki, dərsdən çıxdıqdan sonra evlərindən bir məhəllə uzaqlıqdakı bu internet kluba gəlirdi.

Yetmiş iki saatlıq zaman kəsimində “Zaman keşikçiləri”nə ayıra bildiyi müddətdə o, artıq üç oyunda öz kiber rəqiblərinə – cəsur və qorxmaz savaşçılara uduzmuş, “tarix”in tozlu rəfinə atılmışdı.

Birinci sınaqda hekayət Orxan Kərimliyə az-çox tanış idi: o, fironun gizli xəfiyyəsiydi; kahinlərdən yəhudilərə nicat verəcək və onların Misirdən çıxışına nail olacaq həzrəti Musanın doğulması xəbəri alınmışdı. Evbəev gəzən əsgərlərlə deyil, ayrıca axtarış aparıb İmranın komasını tapmalı və südəmər körpəni beşiyindəcə məhv etməliydi.

“Zaman keşikçiləri” bu qəsdin qarşısını aldılar.

Roma Senatında Brutu qabaqlamaq – bu ikinci oyunda Orxan Kərimlinin aldığı tapşırıqdı, bu dəfə də bəxti heç gətirmədi – Qay Yuli Sezar öldürüldü.

Üçüncü oyunu yeniyetmə heç xatırlamaq istəmirdi. “Bu “Zaman keşikçiləri” dəyirmanın gözünə ölü girib, diri çıxırlar”, – deyə düşünmüşdü. Həmin səfər məktəbli orta əsrlərdən, zənnincə, çox asan seçim eləmişdi. Amma yenə səyləri boşa çıxdı, həzrət Əliyə qəsd edən Əbdürrəhman ibn Mülcəmin qarşısını almaq mümkün olmadı.

Çoxbilmiş və öcəşkən Orxan Kərimli internet yazılarından bilirdi ki, bu oyunda hələ heç kim “Zaman keşikçiləri”nə qalib gələ bilməyib. Bunu təsəvvür eləmək, əlbəttə, çətindir, amma yeni kiber əyləncəyə dair xəbərlərə geniş yer ayıran dünya mediası, hər halda, ağ yalan, bu böyüklükdə uydurma-düzməcə yazmazdı.

Yeniyetmə bəxtini bir daha və son dəfə sınamaq qərarına gəlmiş və bu səfər uduzduqda, “Zaman keşikçiləri”nin üzərindən çalın-çarpaz xətt çəkməyi əhd eləmişdi.

Son seçim yaşanan çağa – iyirmi birinci yüzilliyə aid idi və o, nə qədər qəribə səslənsə də, “World history-AİC”-in tam elə bu gün yaydığı yepyeni, gələcəklə bağlı fərziyə idi. Odur ki, oyunu tam anlamaq üçün istənilən insana uzaq keçmişdən, tarixin qaranlıq dəliyindən hansısa xatirələri çağırmaq, ovqata köklənmək ehtiyacı qalmırdı.

Türk hərbçiləri

Türk hərbçiləri

Hekayət yetişməsini gözləyən yeddi yüz otuz gün sonra – 2016-ci ilə baş verirdi. Zəhmli, adamın içinə işləyən ötkəm səsiylə diktor yaxın gələcəyə pəncərə açırdı:

Suriya cəhbəsiylə təmas xəttində Rusiyaya məxsus Su-24 təyyarəsi vurulub, daha sonra Türkiyə ordusu sərhədi keçərək Dəməşqə istiqamət alıb, DAEŞ adlı qondarma terrorçu dövlətin “qırmızı xətt”i keçməsini əsas götürən İran qoşunlarını İraq ərazisinə doluşdurub.

Egey və Aralıq dənizlərində münaqişə edən tərəflərə məxsus bir neçə ticarət və hərbi gəmi batırılıb. Rusiya Türkiyəyə nüvə zərbəsi endirməyə hazırlaşır...

Uzun sözün qısası, sülhlə savaş dünyanı ortaya qoyub qumar oynayırdı.

Oyuna bu məlumatla verilən girişdən nədənsə Orxan Kərimli azca qorxdu, canına vicvicə düşdü.

Diktorun zəhmli səsinə azacıq vahimə və təlaş toxumu səpildi:

“Dünya savaşının qarşısını almaq üçün tərəflər Bakıda bir araya gəlməlidir. Türkiyə prezidenti Ərdoğan Azərbaycan paytaxtına Qarsdan uzanan dəmiryolu ilə yetişmək qərarı alıb. Rusiya prezidenti Putin də köhnə bir tarixi yeniləmək üçün Bakıya buxarlı qatarla – parovozla yollanır. Bir vaxtlar bu qatar Romanov sülaləsinə məxsusmuş...”

Üst-üstə düşmədən, təsadüfdən, açıq-aşkar gözlənilməzlikdən Orxan Kərimlinin dodağı qaçdı. Çünki həmin gün, yəni evə getməyə tələsməyən məktəblinin kompüter arxasında oturub kiber oyunda iştirak etdiyi gerçək tarixdə sözügedən hər iki dövlət başçısı həqiqətən Bakıya gəlirdi. Həm də qatarla, – bəlkə də “Zaman keşikçiləri” ilə növbəti qarşılaşmada ən maraqlı məqam məhz buydu – gerçəklə eynilik.

Orxan Kərimli siyasətə yaşından tez maraq göstərən uşaqlardan sayıla bilməzdi. Top qovmaq və kiber oyunlar – asudə vaxtını, marağını yalnız bunlara bağlamışdı. Hətta bədii kitab oxumurdu. Bircə dəfə yaranmış mütaliə həvəsində “Başsız atlı”dan bir neçə səhifə çevirmiş, sonra ani qərarla kənara tolazlamışdı.

Prezidentlərin Bakıya gəlişinə gəlincə, bunu evdə, atası TV izlərkən qulaqucu eşidib-bilmişdi. “Sakit dur, imkan ver xəbərlərə baxaq”, – deyə səs-küy salması, divanda qurcuxmasına görə valideyni oğluna təpinmişdi də.

...Kupedə sakitlik hökm sürürdü, yalnız hərdən bir parovozun kükrəməsi, ara-sıra verilən fit, bir də aramsız şəkildə pəncərəni döyəcləyən yağış sükutu pozurdu. O, kod adı “O.K” olan iştirakçı – Orxan Kərimli – “Chaos”çu qatil ayıq-sayıq “Zaman keşikçiləri”nin təqibindən qurtularaq qatarın sonuncu vaqonunda oturub vaxt-vədənin yetişməsini gözləyirdi...

...Bir saat keçdi.

...Qatar stansiyada dayanmışdı. Buxarlı mühərrikin fısıltısı eşidildikdə parovozun tərpəndiyi anlaşıldı. Növbəti iki saatda o, Bakı dəmiryoluna çathaçatda tunelə girməliydi. Məhz o vaxt və yalnız o vaxt ikinci iştirakçı ilə birgə “O.K” hərəkətə keçməliydi – beşinci, yəni sonuncu vaqondan ikinciyə sarı üz tutmalı, “Zaman keşikçiləri”nin sipərini yarlb, Rusiya prezidenti Putinin kupesinə girməli və onu qətlə yetirməliydi.

“Əks halda, bütün dünya nüvə müharibəsinə cəlb olunacaq və Yer üzündə bəşərin heç külü belə qalmayacaq”, – “Chaos”un qərargahında tapşırığı alarkən “O.K”-yə deyilmişdi. – Putin öldürülməlidir!”

İllüstrasiya

İllüstrasiya

Mühüm tapşırığın icrası sırasında Orxan Kərimli gödəkcəsinin cibindəki telefonun möhkəm titrəyişini duyurdu və sanki məhz bu titrəyiş qatıldığı kiber oyunda Xızır kimi köməyinə gəlirdi.

Səs dalğası hansısa inanılmaz tərzdə görüntülərdə dəyişiklik edir, keçilməz maneələri aradan qaldırırdı.

Sonra... sonra inanılmaz bir şey baş verdi.

Titrəyiş, təsvirin itməsi və ardınca qatarda – xəyali aləmdə – kiber oyunda hər yer qəfildən zülmətə qərq oldu.

“O.K” qaranlıqda əl havasına hərəkət edir, addımları yeyinləşirdi.

Görməzə-bilməzə atəş açılırdı.

Atışmalar, əlbəyaxa döyüş, təkbətək qapışma... nəhayət, “O.K” ikinci vaqona nə təhərsə yetişə bildi. Kupe ağzındakı cangüdənləri lazer tapançasıyla məhv etdikdən sonra içəri girib üzdən yaxşı tanıdığı hədəfə atəş açdı...

Mobil telefona aramsız zəng gəlirdi. Səs dalğasının təsiriyləmi, yaxud digər səbəbdən kiber oyundakı mənzərə anidən donub qaldı. “O.K” – Orxan Kərimli də izah olunmaz şəkildə xəyali aləmdən kənara atıldı.

9 buraxılmış zəng, 2 səsli və 1 yazılı mesaj.

Kimdən olacaqdı, əlbəttə anasından...

– Hə, ana, nolub axı? – deyə yeniyetmə könülsüz zəngə acıqlı cavab verdi.

– Tez gəl evə, tez! – israr elə güclüydü ki, etiraz etməyə əl yeri saxlamırdı.

– Yaxşı, gəlirəm.

– Cəld! – qadının səsindəki təlaşı tuta bilməmək qeyri-mümkünüydü. – Şəhərdə qarışıqlıqdı, beş dəqiqəyə evdə ol, eşitdin... Sən hələ evə gəl, ananın üstünə qışqırmağın nə demək olduğunu sənə göstərəcəm!..

Yeniyetmə oturduğu yerdən ağır-ağır qalxaraq aşırma çantasını çiyninə atdı. Oyun zalından çıxıb ödəşmək üçün girişdəki masaya yaxınlaşdı. Amma onu vecinə alan yoxudu. İnternet klubun yekəpər sahibi və işlədicisi – buruqsaç gənc oğlan əks tərəfdə, divardan asılı televizora dördgözlə baxa-baxa qalmışdı. Tez-tez qırıq-qırıq kəlmələrlə atışıb qızğın şəkildə nəyisə müzakirə edir, fikirlərini bölüşürdülər.

Vladimir Putin 3D eynəklə

Vladimir Putin 3D eynəklə

– Sən canın, heç inanardın ki, Putini Bakıda öldürəcəklər!? – bunu ekrandan gözünü çəkmədən klub sahibi dedi.

Tele-təsvirdə Bakı dəmiryol vağzalı, buxarlı qatar, ora-bura qaçışan adamlar...

Orxan Kərimli ixtiyarsız olaraq, baxışlarını qaldırıb gerçək dünyada baş vermiş hadisəni izləməyə başladı, gözüylə gördüyü, qulağıyla eşitdiklərini beyninin süzgəcindən keçirdi və birdən birə qırımı dəyişdi, təlaşa düşdü.

Olduğu, indi dayanıb daşa döndüyü yerdən qaçmaq, dabanına tüpürüb qaçmaq istədi. Amma anidən nəsə düşünüb oyun zalına qaçdı.

Monitorda ingiliscə “Zaman keşikçiləri”nin bitməsi və “O.K”-in qalib gəlməsinə dair bildiriş vardı.

“Game over. You won”.

Günün bütün mövzuları

XS
SM
MD
LG