Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:38

Narınclar köçkünü: «Böyütdüyümüz oğlanların çoxu orduya yararsızdır»


Narınclar kəndində 88 təsərrüfat subyekti olmaqla təqribən 450 nəfər qeydiyyatdadır.

Narınclar kəndində 88 təsərrüfat subyekti olmaqla təqribən 450 nəfər qeydiyyatdadır.

-

Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunan Kəlbəcər rayonunun əhalisi ölkənin 700-dən çox yaşayış məntəqəsində sığınacaq tapıb. Təkcə bir kəndin- Narıncların keçmiş sakinləri hazırda Bakı şəhərində, İmişli, Yevlax və Qax rayonlarında məskunlaşıb.

«MÜVƏQQƏTİ MƏSKUNLAŞMA»NIN 23-CÜ İLİ

Kənd əhalisinin əsas hissəsi İmişli rayonunun ərazisində, vaxtilə Ağdərə rayonuna məxsus olan qış otlaq sahəsinə sığınıb (Narınclar 1992-ci ilin sonunadək adıçəkilən rayonun tabeliyində olub). Nə yeraltı, nə də yerüstü su mənbəyi olan, yalnız yabanı bitkilərin yetişdiyi düzdə 22 ildən artıqdır ki, «çölçülük həyatı» yaşanır.

Onları bu yerlərə gətirib çıxaran avtomobillər artıq pas atıb, çürüyüb torpağa qarışmaqdadır. Tikililərin divarlarının suvağını, kərpicləri yağış yuyub, gün döyüb, kələk «yalayıb». Həşəratlar, siçan və ilanlar bu divarlardan oyuqlar açıb. Bəzi tikililərin dam örtüyü üstündən qaçıb, sütunları əyilib. Qucaqlarda, kürəklərdə gəlib çıxmış, yaxud köçkünlüyün ilk illərində doğulmuş uşaqlar böyüyərək təhsil alıb, bəziləri ailə qurub, özlərinə ev tikib.

Burada köhnəliklə müasirliyin qəribə vəhdəti yaranıb.

Burada köhnəliklə müasirliyin qəribə vəhdəti yaranıb.

Narınclar kəndində 88 təsərrüfat subyekti olmaqla təqribən 450 nəfər qeydiyyatdadır. Amma şəraitsizliyə görə onların bir qismi faktiki olaraq başqa yerdə yaşayır.

Burada köhnəliklə müasirliyin qəribə vəhdəti yaranıb: kərpicdən, qamış və torpaq doldurmadan tikilən bəzi köçkün evlərində kondisionerlər, peyk antenaları gözə dəyir. İt hürüşü, qoyun-quzu mələrtisi, eşşək anqırtısı ilə avtomobillərin, mobil telefonların səsləri bir-birinə qarışıb...

SİNİF OTAQLARI VƏ SEÇKİ MƏNTƏQƏSİ İRİ QUTU İÇİNDƏ...

Narınclar kəndində nisbətən səliqəli ictimai yer tam orta məktəbin həyəti hesab oluna bilər. Təhsil müəssisəsi öz məzununun- Əlövsət Tahirovun adını daşıyır. Dəmir torlu çərçivələrlə əhatə olunmuş həyətə bir xarici humanitar təşkilat iki ədəd «fin evi» qoyub. Cəmi 44 kvadratmetr sahəsi olan bir iri «qutu» içərisində faner və karton arakəsmələrlə 3-4 sinif otağı təşkil olunub. Hələ «müəllimlər otağı» da var.

«Fin evləri».

«Fin evləri».

1-ci sinif şagirdlərinin yeri o qədər dardır ki, «otaq»ı qızdırmaq üçün alınmış elektrik sobası ön cərgədə əyləşən şagirdlərin partası üzərinə qoyulub. «Qutu»nu qızdırmalı olan odun sobasının borusundan bayıra çıxan tüstü divara boya ilə işlənmiş dövlət gerbinin rəngini soldurub. Bütün otaqlar ata və oğul Əliyevlərin şəkilləri ilə bəzədilib.

Ana dili və ədəbiyyatı müəllimi Akif Fərzəliyev deyir ki, 70-dək yaşı olan məktəbin bu ərazidə fəaliyyəti 1995-ci ildə bərpa edilib: «Köçkün ailələrindəki uşaqların hamısı icbari təhsilə cəlb edilib. İndi 60 nəfərədək şagirdimiz var. Onların təlim-tərbiyəsi ilə 20-dək pedaqoji işçi məşğul olur. Bütün çətinliklərə baxmayaraq, yaxşı oxuyan uşaqlarımız var. Köçkünlük dövründə də məzunlarımızdan ali məktəblərə sənəd verən, qəbul edilən az olmayıb».

«Qutu» içərisində məktəb.

«Qutu» içərisində məktəb.

Məktəbin tədris «qutu»larından biri seçkilər dövründə 123 saylı Kəlbəcər seçki dairəsinin 55 saylı məntəqəsi kimi fəaliyyət göstərir. Bu məntəqə üzrə seçici siyahısında 213 nəfərin adı var.

KÖÇKÜNLÜK BACI-QARDAŞLARI BİR-BİRLƏRİNDƏN AYRI SALIB

Mahirə Məmmədova deyir ki, vaxtilə 5 bacısı və 6 qardaşı ilə bir kənddə yaşayıb, qaçaqaç düşəndə onların yarısı bu yerə pənah gətirib:

Güllə yağışı altında meşədə qaçarkən 3 yaşlı qız qorxudan iflic olub.

Güllə yağışı altında meşədə qaçarkən 3 yaşlı qız qorxudan iflic olub.

«Valideynlərimiz və bir qardaşımız vəfat edib. Burada 2 qardaşım və 2 bacım qalır. Qalanlarının hərəsi bir tərəfdədir. Onlarla əlaqə saxlaya bilmirəm. Nə getməyə yolpulu tapmaq olur, nə kontur alıb telefonla danışmaq. Heç onlar da gəlmir, zəng etmir, hərə öz hayındadır».

Köçkünlüyün gətirdiyi ümumi problemlərdən əlavə, bu ailə müharibənin daha bir acısını yaşayır: güllə yağışı altında meşədə qaçarkən 3 yaşlı qız qorxudan iflic olub və o vaxtdan bəri yataq xəstəsinə çevrilib. Oğlunu nişanlayan zavallı qadını indidən dərd götürüb: «Bu darısqal, şəraitsiz yerə necə gəlin gətirim?».

«İLAN VƏ QIRXAYAQLARLA QOL-BOYUN YAŞAYIRIQ»

Dilşad Məmmədovanın evi güclü küləkdən sonra qəzalı vəziyyətə düşdüyündən son vaxtlar o da uşaqları ilə birgə bacısı Mahirənin yanına sığınıb. Qadın ürək yanğısı ilə bitib-tükənməyən problemləri dilə gətirir:

Dilşad Məmmədova

Dilşad Məmmədova

«Biz ilan və qırxayaqlarla qol-boyun yaşayırıq. Torpaq, linoleum döşəmələr üzərində illərlə yatıb-durmaqdan böyrəklərimiz sıradan çıxıb. Hamının evində bir torba resept var. Burada böyütdüyümüz oğlan uşaqlarının çoxu orduya yararsız hesab olunur. Kənddə nəinki həkim, heç feldşer də yoxdur. Bircə iynəni vurdurmağa görə xəstəmizi kənar yerlərə aparırıq. Hökumətin bizdən xəbəri yoxdur».

XS
SM
MD
LG