Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:14

Qaçqınların qır-qızılını alacaqlar


Danimarkada qaçqınlar.
Danimarkada qaçqınlar.

-

Danimarka qaçqınların yerləşdirilməsi xərclərinin ödənməsi üçün sərhəddə onların zinət əşyalarını almağı planlaşdırır. Bircə bəxt üzüklərinə icazə veriləcək. Bu barədə «The Daily Beast» saytı yazır.

Bu günlərdə Danimarka parlamenti məsələni müzakirəyə çıxarıb. Sərhəd polisinə icazə vermək istəyirlər ki, ölkəyə girmək istəyən qaçqınlardan bütün dəyərli əşyalar və 300 avrodan artıq pulları varsa, alınsın. Məqsəd onların yerləşdirilməsi xərclərini qarşılamaqdır.

Müəyyən müzakirədən sonra hökumət qərara alıb ki, qaçqınlara bəxt üzüklərini, mobil telefonlarını və laptoplarını saxlamağa icazə verilsin. Məsələ səsverməyə çıxarılacaq. Ancaq bir deputat təkid edib ki, müəyyən karatdan artıq brilyantı olan üzüklər də alınsın.

«Sentimental hisslərlə bağlı olmayan, ciddi dəyər daşıyan əşyalardan söhbət gedir. Tutaq ki, bir nəfər bir çamadan brilyantla gəlir və Danimarkada sığınacaq istəyir. Bu halda ədalətli addımdır», - Danimarkanın immiqrasiya naziri Sören Pind yerli televiziyalardan birinə deyib.

Müəllif yazır ki, bu, oğurluğun normal sayıldığı dünyada ədalətli olardı. Sual doğur ki, Avropa ölkələrindən bəziləri nasist yanaşmasına qayıtmırlar ki? Axı o zaman da zinət əşyalarının müsadirəsi normal sayılırdı.

Danimarka bildirir ki, Avropa standartlarına əməl etməyəcək, ölkədə sığınacaq istəyən 13 min qaçqın elə çadır düşərgələrində yaşayacaq, ailələrin qovuşması üçün qoyulmuş müddət də üç dəfə artırılacaq.

Ancaq yerli sakinlərin heç də hamısı hökumətin planıyla razılaşmır. Yaşıllar Partiyasının lideri Uffe Elbaek Facebook səhifəsində yazıb ki, Danimarkanın qapısını varlı qaçqınlar döyməyəcək: «Bir çamadan brilyantın varsa, Aralıq dənizindən keçən riskli marşrutu deyil, daha yaxşı nəqliyyat vasitəsi seçəcəksən. Qaçqınların üzərində bir neçə şəxsi əşyadan başqa heç nə olmur. Doğrudanmı bunları qaçqınlardan almaq istəyirik? Bilmirəm gülüm, ya ağlayım».

John Kerry və Vladimir Putin.
John Kerry və Vladimir Putin.

KERRY-NİN MOSKVA SƏFƏRİNDƏN SONRA

«Stratfor» Araşdırmalar Mərkəzi ABŞ Dövlət katibi John Kerry-nin dekabrın 15-də Moskvaya etdiyi səfəri, rusiyalı həmkarı, eləcə də prezident Putin-lə görüşlərini dəyərləndirib:

«Moskvayla Vaşinqtonun münasibətlərində çətin bir il sona çatır. İki dövlət Suriya və Ukrayna münaqişələrində qarşı-qarşıya dayanıb, Birləşmiş Ştatlar Rusiyaya sanksiyaların qaldırılması, yaxud yüngülləşdirilməsinə doğru heç bir meyl göstərmir. Bayram yaxınlaşır, Kerry-nin səfəri Vaşinqtonla Moskva arasındakı ziddiyyətli məsələlərdə hər hansı irəliləyiş üçün son şansa çevrilə bilərdi».

Təhlildə vurğulanır ki, Moskva görüşlərində bəzi müsbət əlamətlər göründü. Məsələn, Suriya məsələsində terrorçu təşkilatların siyahısının hazırlanması üzrə razılığa gəlinib. Kerry deyib ki, Suriya xalqının özünün prezident Bashar al Assad-ın gələcəyini müəyyənləşdirməsinə razılaşıb. Birləşmiş Ştatlar daha öncə israr edirdi ki, Assad siyasi keçidin bir hissəsi olmamalıdır.

Ancaq, məsələn, Ukrayna məsələsində irəliləyişin baş verdiyini söyləməyə tezdir. ABŞ Rusiyanın Minsk protokollarını tam yerinə yetirməsini istəyir, Rusiya isə əvvəlcə Ukraynadan siyasi güzəştlər qoparmağa çalışır.

«Kerry-nin Moskva səfərinin iki ölkənin mübahisəli münasibətlərinin həllinə nəzərəçarpacaq dəyişiklik gətirməməsi təəccüblü olmadı. Danışıqlarda azacıq əyilməyə hər iki tərəfin yeri var, ancaq heç biri strateji mövqedən çəkilməyə hazır deyil», - «Stratfor» yazır.

Neft.
Neft.

NEFTİN QİYMƏTİ NİYƏ KƏLLƏMAYALLAQ GETDİ

«The Telegraph» qəzetinin iqtisadi yazarı Peter Spence neftin qiymətinin niyə düşməsini və bundan kimlərin faydalandığını araşdırıb.

Son günlər neftin barreli 37 dollara düşüb. 2011-2015-ci illərdə bir barrelin 100 dollara bərabər olduğu günlər var idi. Çünki nə vaxtsa qiyməti neft ixracatçısı olan ölkələrin karteli-OPEC tənzimləyirdi. Yeni istehsal mənbələrinin peyda olması isə OPEC-in mövqeyini zəiflətdi. Qurum istehsalı artırdı, ancaq tələbat da zəiflədi. Dünyanın ikinci böyük iqtisadiyyatı olan Çinin iqtisadi durumu sarıdan şübhələr yarandı, bu ölkə də istehlakın sürətini zəiflətdi.

UBS-in iqtisadçısı Paul Donovan deyir ki, növbəti aylarda neft qlobal səviyyədə inflyasiyaya təsirini göstərəcək. Əslində, bir ildir ki, təsir edir. «Ancaq neftin qiyməti vacib amil sayılsa da, istehlakçı inflyasiyasının heç bir indeksinə daxil deyil, çünki istehlakçı onu almır. Maşınlarımıza vurduğumuz neft benzin və dizelə emal olunub. Bu da ucuzlaşıb eləmir», müəllif yazır.

Neftin ucuzlaşmasından qazananlar və itirənlər kimlərdir? Təbii ki, ən çox itirən neft şirkətləridir. Böyük neft şirkətlərinin səhmləri ucuzlaşır, OPEC ölkələri, eləcə də Rusiya, Latın Amerikası ölkələri kimi böyük oyunçular ziyana düşür. İqtisadçıların fikrincə, qalanlar üçün neftin qiymətinin düşməsi səmərəlidir, məsələn, vergilər azalır. Neft idxalçısı olan ölkələrin, bir sıra digər şirkətlərin məsrəfləri düşür.

Müəllif yazır ki, neftin qiyməti qeyri-müəyyən vaxtadək aşağı həddə qalsa, bir çox ölkələr büdcə planlarını ona uyğunlaşdırmalı olacaq.

XS
SM
MD
LG