Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:49

Qarlı dağlar aşmışam, nənədən də qaçmışam


Ziya F.M.
Ziya F.M.

-

"Şaxta baba rolu təklif elədilər ona. 25 manat verəcəyik dedilər..."

"Kimsə əlindən tutub eşiyə çıxartdı, parkda oturacağa əyləşdirdi. Beynində bircə bu fikir var idi; uşaqlara deməliydi ki, məni başqa uşaqlar da gözləyir, mən gedim onların da hədiyyəsini verim..."

Ziya F.M.

Qış nağılı

Biri vardı, biri yoxdu, bir aktyor dostumuz vardı. Onda hələ aktyor deyildi, çünki Teatr yox idi, Şekspirin əsərlərində oynamaq istəsə də, məcburən şəhər klubunda 70 manata “massovik" işləyirdi.

Evlənə bilmirdi, çünki evi yox idi. Heç nəyi yox idi. Yeganə qazancı - müdirinin hər günorta ona aldığı əriştəli isti idi. Bir sevgisi də vardı - uşaqlardan ötrü ölürdü.

Günlərin bir günündə, bıçaq sümüyə dirənəndə, pulu qurtaranda, acından öləndə (müdir ezamiyyətdə idi), bir sözlə, hər şeyi tükənəndə göydən bir alma düşdü. Bəlkə də elə şahlıq quşuydu başına qondu. Şaxta baba rolu təklif elədilər ona.

25 manat verəcəyik dedilər. Ürəyi atlandı, balaca uşaqları gözünün qabağına gətirib “ay allah...” dedi, başladı mahnılamağa:

A balaca, balaca, balaca...

Bir paltar verdilər, geyindi, oldu Şaxta baba. Heç qrim-zad da lazım deyldi. Bir Şaxta babaydı, bir Şaxta babaydı, saqqalı qardan dümağ...

Dedilər:

- Səhnədə nağayrajan?

Dedi:

- Nağarasıyam, uşaxlarnan oxuyajam, güləjəm, oxuyajam, kefə baxajam...

Ləhcədə dedi, çünki şəhərdən daha çox kəndə yaxın idi. Səhnədən kənarda ədəbi dildə danışsa, ona xor baxardılar yerliləri.

Şaxta Baba
Şaxta Baba

Durdu güzgünün qabağında, bir o tərəfinə baxdı, bir bu tərəfinə baxdı... Yazıq nə bilsin Şaxta baba necə olur, heç Şaxta baba görmüşdü ki?!...

Hə-hə, bircə baxça müəlliməsi olan anasını Şaxta baba paltarında görmüşdü, onda da zulum-zulum ağlamışdı ki, anama nolub...

Otağın bu başına keçdi, o başına keçdi, dedi, görən, ay allah, içərini necə düzəldiblər.

Elə bilirdi bir yekə otaqdı, ortasında bir yekə şam ağacı, rəngli kağızlar bu başından o başına sallanır, işıqların biri qırmızı rəngdə, biri sarı, o birisi mavi.

Ürəyi titrədi. Uşaqların əvəzinə sevindi. Elə sevinirdi ki, uşaqlar onun yanında yalan olardı.

Müdir dedi, içəridə özündən hoqqa çıxartma. İçəridə ansambl olacaq. Nə istəsən çaldırarsan, uşaqlara şeir dedirdərsən, mahnı oxudarsan, rəqs elətdirərsən. Hamısını başına yığıb yolkanın başına fırladarsan.

Dedi, özüm bilmerəmmi, hər şeyi nətəri var eləjə də eliyəjəm.

Özünün aktyor cəsarətini toplayıb Şaxta babaların danışdığı tonla, hündürdən:

- Hə-ə-ə, mənim əziz balalarım, hardasınız? Niyə Şaxta babanı qarşılamırsız?- deyə-deyə içəri girdi və ağlı başından çıxdı. İçəridə nə görsə yaxşıdı? Bış! Sən demə, otaq zaldan və səhnədən ibarət imiş. Səhnədə şam ağacı qurulub, zalda isə uşaqlar valideynləri ilə oturub ona baxırlar. Vəziyyətdən çıxmaq üçün tezcə Şaxta baba şeirinin bir hissəsini yadına salmağa çalışdı...

Dərələrdən yel kimi

Təpələrdən sel kimi

???????????????

Bəs ortası nətəriydi?

Qarlı dağlar aşmışam

Nənədən də qaçmışam (yox bu o döy)

Nətəriydi, nətəriydi?!

Dağlarda qurdum dəyə

Gəldim sizi...sizi...görməyə...

Şaxta Baba
Şaxta Baba

Uf-f-f, canı çıxdı ki, ... İndi məcbursan uşaqları yuxarı - səhnəyə qaldırasan. Bəs valideynləri nəylə məşğul olacaqlar?

Başa düşdü ki, bütün “şənlik” boyu onlar oturub eləcə baxacaqlar.

Texnikumda oxuyanda keçdikləri yadına düşdü. Tamaşaçıları fəallaşdırmaq üsulları... Yadında qalan bircə adı idi. Tər basdı. Soyuq idimi, isti idimi, xəcalətin təri idimi, başa düşə bilmədi. Adam əlini qaynar suya da, buz kimi soyuq suya da vuranda eyni hissləri keçirir. Bu səhnə deyəsən, ondanmış.

Şaxta baba maskasının arxasından tamaşaçılara baxdı. Yaxşı ki, üzündə maska var. Yəqin indi üzü əsil Şaxta babanın sifəti kimi od tutub yanır. Təpimiş dilini qurumuş ağzında hərləyib nəsə bir söz demək istədi. Eləcə istədi, ondan o tərəfə gedə bilmədi.

Musiqiçilər vəziyətin xarab olduğunu görüb nəsə Yeni ilə aid olmayan bir şey çalmağa başladılar. Yəqin toyxana musiqiçiləridirlər, daha doğrusu, manıslardır... Nəsə eləmək lazımdır. Qurumuş beyni səs tellərinin yoğunundan birini işə sala bildi:

- Hə-ə-ə, mənim əziz balalarım. Gəlin Şaxta babanın yanına. Yadına hansısa məşhur müğənninin dediyi bir ifadə düşdü:”Mənim əzizlərim”.

Uşaqlar bir-bir, qorxa-qorxa səhnəyə qalxmağa başladılar. Çıxmayan uşaqları valideynləri itələyə-itələyə gətirdilər, sonra da gedib yerlərində oturub yenə gözlərini Şaxta babaya zillədilər.

- Hə-ə-ə, əziz balalar, kim Yeni ilə aid bir şeir söyləyər?

Aşağı baxmağa məcbur oldu. Maskanın göz yarığı yarımçıq olduğundan gərək başını çox əyəydi. Balaca-balaca uşaqlar altdan yuxarı ona baxırdılar, biri qorxurdu, gözlərindən bilinirdi. Görən niyə? Yəni o qədər bədheybət görünür ki?!

Sakitcə dedi ki, qorxma balaca. Adama deyəndə ki, qorxma, adam elə bilir ki, nəsə qorxulu bir şey var, o ki qaldı, balaca uşaq ola. Uşaq “qorxma” sözünü eşidib hündürdən “mama-a-a-a” deyib ağlamağa başladı. Manıslar yenə çalmağa başladılar ki, uşağın ağlamağı eşidilməsin. Deyəsən, bu musiqiçilər yaxşı adamlardı. Sağ olsunlar. Tezcə birinin qulağına tərəf əyilib pıçıldadı ki, Yeni ilə aid bir şey çalsınlar.

O dedi ki, nə? Nə bilim nə? O dedi ki, bəs mən nə bilim nə?

Gördü, söhbət belə getsə, manıslarla arası dəyə bilər. Tezcə beyninin uşaq qırışlarında eşələndi:

Yolkamıza qar ələ,

Gəl oynayaq əl-ələ...

Məktəb uşaqları
Məktəb uşaqları

Şükür allaha, çaldılar. Uşaqların əlindən tutub Qotur şamın ətrafında hərlənməyə başladı...

Yox, belə getməz. Gərək özünü tarazlaya! Gözlərinin torunu birtəhər yox edə bildi. Yadına düşdü! Buna müəllimləri psixo-fizioloji dominanta deyirdilər. Psixo-ruhi, fizioloji isə cismani deməkdir. Amma bu dominanta nə deməkdir, heç cür yadına sala bilmədi. Amma öz vəziyyətindən başa düşdü ki, çox axmaq şey imiş.

Maskanın yarığından gözünü valideynlərə tərəf süzdürdü. Nə rahat oturublar, lap elə bil yeyib-içib dünyadan keçiblər. Elə bil tamaşaya baxmağa gəliblər. Yox, onları da bura qoşmasa, işləri deyəsən, getməyəcək. Hündürdən:

- Hə-ə-ə-ə, əziz atalar-analar, siz də gəlin bizə qoşulun, - dedi.

Söz ətdən hörülmüş daşa-divara dəyib üzünə çırpıldı. Biri yanpörtü oturub özünü eşitməməzliyə vurdu. O biri həyasızcasına düz onun göz yarığına dikildi. Elə bil deyirdi ki, gəl məni yerimdən tərpət, görüm necə tərpədirsən. Özün mütrüfsən, mənə nə olub? Mən də sənin kimi ora çıxıb götümü oynatsaydım daha niyə pul verib burda oturmuşam.

Biri qorxaq imiş deyəsən, tezcə durub zaldan çıxdı, elə bil bu saat onu tutub səhnəyə çıxardıb məsxərəyə qoyacaqdılar.

Biri başladı əl çalmağa. Guya ki, oynayan uşaqlara çalırdı. Amma əslində deyirdi ki, bağışla, bundan artıq heç nə edə bilməyəcəyəm. Yadına toyxana düşdü. Bütün toylarda “aralıq atı-kor fatı”, ya da “toy toğlusu” deyilən bir adam olurdu ki, musiqi çalınanda ortalıqdan çıxmırdı. Özü o qədər belələrinə gülmüşdü ki...

Nə qədər dövrə vurmaq olar?! Yazıq uşaqlar rəqs kollektivi ha deyillər. Özləri bir-birinin ayağına dolaşması cəhənnəm, azca qalırdılar ayağının altında qalalar.

Musiqiçilər
Musiqiçilər

Manıslar da eyni havaya iyirminci dəfə dövrə vurulmasına dözməyib xaltura eləməyə başlamışdılar. Eybi yoxdur. Toyda o qədər kefli kişilərin pullarından ötrü bir havanı təkrar-təkrar çalıblar ki, ..qoy indi də uşaqlar üçün havayı çalsınlar.

Yəqin müdir onlara da bir şey söz verb. Ola bilsin deyib ki, gələn dəfə toya gedəndə qazanclarından heç nə ummayacaq. Ya da deyib ki, apparaturanı bu həftə müftə götürə bilərlər. Ya da, daha doğrusu və dəqiqi, işdən çıxarmaq qorxusu ilə hədələyib.

Yazıqlar xaricdə yaşamırlar ki, işsizliyə görə pul verələr, burada adamı tutub dama basarlar ki, niyə sənə heç kim rüşvətsiz iş vermir... Hə-ə-ə, onda qoy çalsınlar. Yox çalmasınlar. Nə iyrənc havadır...Gözü qəşəng bir qizcığazı aldı. Belə qəşəng uşaqlar yəqin şeir də bilirlər, rəqs də eləyirlər:

- Aaay mənim qəşəng qızım, aaay mənim gözəl qızım, indi bir şeir de, Şaxta baba sənə Yeni il hədiyyəsi versin.

Ancaq indi yadına düşmüşdü ki, bir əlində əsa, o biri əlində isə hədiyyə torbası var.

Qız irəli gəldi, əllərini yanında cütləyib var gücü ilə bar-bar bağırmağa başladı:

Lelin-Lelin dilimdə!

Qızıl bayraq əlimdə!!

Çalışarıq, vuruşarıq

Lelin baba yolunda!!!

Lelin baba sağ olsun!!!!

Hər tərəfi bağ olsun!!!!!

Günah onda döy, ata-anasındadır. Belə fikirləşib əlini torbaya saldı ki, qıza bir şey versin, amma əvvəl istəyirdi ki, ona heç nə verməsin. Yazıq uşağa belə şeylər öyrədib görən başını niyə xarab edirlər? Bu saat o məstan pişik, ala-bula boz keçi, ya da pipiyi qan xoruz haqqında şeir bilməlidir. İndi isə pişiyi də, keçini də, xoruzu da Lenin babaları əvəz edir.

Pişik demiş, axı bu torbada nə var görəsən? Yaman yüngül görsənir. Əlini torbanın lap dərinliklərinə apardı. Heç nə yoxdur! Yaxşı ki, üzündə maska var...

- Aaaay mənim əziz balam, hədiyyəni Qar qız verəcək.

Tez üzünü başqa tərəfə çevirdi ki, qızın ona zillənən gözlərini görməsin. Uşağın əvəzinə kövrəldi. Ürəyində müdirin tarixi köklərinə qədər gedib çıxdı. Hamı ona baxır. Hamı ondan nəsə gözləyir.

Beyni qarışdı: Mən kiməm axı?! Nəyim var mənim? Məndən olsaydı, hər şeyimi uşaqlara verərdim. Heç evlənməyə də pulum yoxdu. Yoxsa evlənərdim. Uşaqlarım olardı. Onlara özüm hədiyyə alardım. Daha mənim kimi Şaxta babaların yanına aparmazdım ki, onlar da uşağı aldatmasınlar.

Bu saat burdan qaçıb gedəcəyəm! Bəs uşaqlar?! Axı onlar bayrama gəliblər. Bəs 25 manat???... Bəs i-yir-mi-beş-ma-nat!!!!! BƏS İYİRMİ BEŞ MANAT??? Yox! Qalıram!

- Uşaqlar, kim Şaxta baba üçün yaxşı bir mahnı oxuyar?

Heç kimdən səs çıxmadı.

- Kim “Cücələrim” mahnısını bilir?

Uşaqlar xorla bağırışdılar:

- Mə-ə-ən!

- Kim ana olmaq istəyir?

- Mə-ə-ən!

- Kim cücə olmaq istəyir?

- Mə-ə-əən!!!

- Kim xoruz olmaq istəyir?

- .....

Görən niyə xoruz olmaq istəmirlər? Olmaya bunlar da bilirlər ki, bu sözün başqa dildə pis mənası var? Sizin dilinizi...

Yadından çıxdı ki, Şaxta babadı. Birinə toyuq kimi yeriməyi öyrətdi. Birinə cücə kimi cükküldəyib balaca qanadlarını yellətməyi. Birinə xoruz kimi banlamağı. Biri ana idi, mahnını oxuyurdu, o birilər də səsinə səs verib həm də rəqs edirdilər. Uşaqlar da unutmuşdular ki, onlar bura yolka bayramına gəliblər.

Şadlığın içində fikirləşdi ki, görəsən, toyuq-cücənin Şaxta babaya, Yeni ilə nə dəxli var? Əşi, nə dəxli var ki, dəxli yoxdur. Hələ sən bir valideynlərə bax! Onlar da yerlərində oyur-oyur oynayırlar. Hələ dayanın, sizi də bura çıxardacağam:

- Cücələrim, cücələrim, gedin anaş toyuqları da bura çağırın.

Yadından çıxmışdı ki, hər bir uşağın burda ya anaş toyuğu, ya da ataş xoruzu var. Uşaqlar qanadlarını yelləyə-yelləyə səhnədən zala cumdular. Dar pilləkənə sığmayıb açıq böyründən yerə tökülüşdülər. Aman Allah! Bağıran kim, altda qalan kim, başı üstə yerə yıxılan, burnu qanayan, üzü cırılan kim. Uşaqlar bir-birinin üstünə cormalaşdılar.

Anaları-ataları tökülüşdü. Hərə öz balasını çıxartmağa başladı. Ağlaşma zalı bürüdü. Bir həyasız arvad ona hücum eləyib difdik əvəzinə paltarın əlinə keçən hissəsini qamarladı:

- Eşşək köpəyoğlu, it köpəyoğlu. Şaxta baba köpəyoğlu. Görüm sənin nəslini şaxta vursun, vurğun vursun görüm səni, xoruz köpəyoğlu, toyuq köpəyoğlu...

- Ay anam, a bajım, burax məni, mən nə günahın sahibiyəm?

Sovet 25-liyi
Sovet 25-liyi

Manıslar tökülüşdülər. O biri tərəfdən kişilər gəldilər. Biletsatan aralarına girdi.

Onun daha gözləri heç nə görmürdü. Heç baxmırdı da. Yaş gözlərini tutmuşdu. Bilmirdi niyə, nəyə ağlayırdı; uşaqlaramı, öz gününəmi, yoxsa arvadın dırnağımı gözünə girmişdi. Onu harasa sürütlədilər. Otuzdurdular. Paltarı başından çəkib çıxartdılar.

Biletsatan bu darmacalda əlinə nəsə basdı, qulağına pıçıldadı ki, bir də səni buralarda görməyim. Kimsə əlindən tutub eşiyə çıxartdı, parkda oturacağa əyləşdirdi. Beynində bircə bu fikir var idi; uşaqlara deməliydi ki, məni başqa uşaqlar da gözləyir, mən gedim onların da hədiyyəsini verim.

Gözlərinin, qulağının beyinlə bağlı hissələri qırılmışdı, deyəsən. Baxırdı-görmürdü, dinşiyirdi-eşitmirdi. Bircə onu bilirdi ki, daha bayram olmayacaq. Nə sabah, nə birisi gün, nə də bir ildən sonra. Bircə onu bilirdi ki, nə özü üçün, nə də uşaqlar üçün heç vaxt Yeni il bayramı olmayacaq. Şaxta baba olmayacaq. Vəssalam, gedib tikintidə fəhlə işləyəcəm, cəhənnəm olsun hər şey, məndən aktyor olmaz.

Nağıl qurtarmışdı. Nağıl qurtarmışdı...

Qurtarmışdı...

Diksindi, kimsə əlini onun çiyninə qoydu. Hansısa uşağın atasıdı yəqin, gəlib məni döyməyə, büzüşdü, yığıldı içinə və zərbəni gözləməyə başladı, əvəzində çox qalın bir kişi səsi eşitdi:

- Şaxta Baban xoşuma gəldi, əsil milli Şaxta Baba idi, bilirsənmi, yoxsa Demmorozdu, Samtaklausdu nədi, onların bizə heş bir daxlılığı yoxdu, milli mentalitetimizə yaddılar, sən gəl belə elə, sabah gələrsən yanıma idarəyə, özümüzün milli yeni ilimizi, Novruz bayramını keçirməyə adam axtarırdıq, sənin də toyuq-cücəynən aran sazdı görürəm, yumurta döyüşdürməklə aran necə? Kosa rolunu sən oynayaşsan, gözdöörəm ha, birbaşa mədəniyyət şöybəsinə gələrsən.

Göydən bir alma da düşdü.
06.01.1992.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG