Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:40

Nərgiz Paşayeva: «Bakının qədim, qara daşları hanı?»


Nərgiz Paşayeva
Nərgiz Paşayeva

-

virtualaz.org saytı «hakim ailənin üzvü», Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva ilə müsahibənin davamını yayıb.

Nərgiz Paşayeva müsahibəsində köhnə Bakını xatırladan obraz və simvolların ilkin simasını itirdiyini deyir: «Bakının qədim, qara daşları, küçə fənərləri, üstü oyma naxışlı unikal qapı-pəncərələri, fəvvarələri hanı? Müəllifi zamanın özü olmuş həmin o harmonik gözəllik hanı? Qədimlik və zamandan başqa hər şeyi pulla almaq, tikmək, qurub-yaratmaq olar. Qədimlik isə xalqın və millətin əsas keyfiyyət sertifikatıdır. Bakının qara daşdan tikilən köhnə iki-üç mərtəbəli binaları toz-torpaqdan ola bilsin ki, çirkli görünər. Amma onlar harmonik baxımdan çox gözəl və təmiz, proporsiya baxımından isə möhtəşəmdir. Axı onları məmurlarla, bəzən hətta büdcə vampirləri ilə birgə hansısa həvəskar arxitektorlar yaratmayıb. Bu bilirsiniz nəyə bənzəyir?! Zamanın təsirindən rəngi qaralan gözəl və dəyərli bir əntiq əşyanı zərgər dükanının piştaxtasından götürdüyün parıltılı bir əşya ilə dəyişməyə. Təəssüf... Çox vaxt nadanlığın, mədəniyyətsizliyin, biganəliyin nəticəsində belə olur. Bu, həm də keçmişini, dünənini unudub daha çox varlanmaq imkanı əldə etmək istəyənlərin vurduğu ikiqat zərbədir. Belə hallarda əsrlər boyunca toplanan təcrübə və biliklər bu sözün dolayı və müstəqim mənasında itib-batır, qorunub saxlanmır və gələcək nəsillərə ötürülmür».

Elçin Şıxlı
Elçin Şıxlı

ELÇİN ŞIXLI: «RAUF ÇIXSA BELƏ…»

Fəaliyyətini dayandırmaq məcburiyyətində qalan «Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı «Yeni Müsavat» qəzetinə müsahibəsində deyir ki, qəzetlərinin fəaliyyətini davam etdirməsi üçün bir çox şeylərə göz yummalıydı: «Deməliydim ki, günəş çıxır, hava yaxşıdır, bülbüllər cəh-cəh vurur...».

- İndi nə düşünürsünüz? Rauf Mirqədirovla bağlı məsələ yekunlaşmaq üzrədir. Qəzetlərlə bağlı bir hazır planınız varmı?

- Rauf çıxsın, bu haqda o zaman danışmaq olar. Allah eləsin, Rauf çıxsın. İş orasındadır ki, Rauf çıxsa belə, bizim qəzet bazarında, media mühitində «Zerkalo»nun bağlanmasının səbəbləri aradan qalxmayıb. Bu səbəblər daha da dərinləşib ki, zəifləməyib.

- Sizə qeyri-rəsmi olaraq qəzet fəaliyyəti ilə məşğul olmaq qadağası qoyulubmu?

- Xeyr. Heç vaxt.

- Bəs niyə sayt versiyası barədə düşünmürsünüz?

- Saytla bağlı müəyyən düşüncələrim var. Amma Raufa görə heç nə etmirəm. Onun işinə zərbə vurmaq, qıcıq yaratmaq istəmirəm. Çıxandan sonra... Allah kərimdir, danışmaq olar.

- Belə gördüm ki, illərinizi sərf etdiyiniz qəzetlərlə bağlı o qədər də nikbin deyilsiniz. Bəs ölkənin gələcəyi ilə bağlı fikirləriniz necədir? Gedişat necədir, Sizcə?

- Azərbaycanı çox istəyirəm. Mənim üçünbu saat harasa çıxıb getmək mümkündür. Amma birincisi, yaşımın bu vaxtıdır... İkincisi, bir həftə-on gün qıraqda olandan sonra darıxıram, dayana bilmirəm. Nə qədər gözəl şərait, rahatlıq olsa belə. «Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı» deyiblər. Mən bir çox atalar sözümüzü bəyənmirəm, amma bunu çox bəyənirəm. Bizim yer buradır. Azərbaycan bir ölkə olaraq, potensial olaraq əla bir yerdir. Ərazimiz çevikdir, əhalimizin sayı çevikdir. Nə istəyirsənsə var burda. Təbii sərvət və sair öz yerində. Amma məsələ burasındadır ki, biz bunu hələ də kommunist qafası ilə qavrayırıq...

Ziya Məmmədov
Ziya Məmmədov

ZİYA MƏMMƏDOV HAKİMİYYƏT KOMANDASINDAN KƏNARLAŞDIRILIB

«Azadlıq» qəzeti yazır ki, nəqliyyat naziri Ziya Məmmədov hakimiyyət komandasından demək olar ki, kənarlaşdırılıb: «Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, nəqliyyat naziri artıq bir neçə aydır ki, heç bir dövlət tədbirinə dəvət olunmur.

Məlumatda deyilir ki, hətta Ziya Məmmədov mərhum Heydər Əliyevin anım mərasiminə də dəvət edilməyib. Ölkə başçısı İlham Əliyev Çində səfərdə olarkən də nəqliyyat naziri onun yanında görünmədi. Halbuki Çin ilə Azərbaycan arasında əsasən nəqliyyat sahəsinə aid müqavilələr imzalandı. Bu baxımdan Ziya Məmmədovun da həmin səfərdə ölkə başçısını müşayiət etməsi lazım idi.

Bildirilir ki, nəqliyyat nazirinə bu münasibət onun yaxın vaxtlarda istefaya göndəriləcəyi barədə ehtimalları gücləndirir. Bəzi məlumatlarda isə bildirilir ki, Nəqliyyat Nazirliyi ümumiyyətlə ləğv olunacaq. Beləliklə, Ziya Məmmədovu artıq «vurulmuş» kadr saymaq olar».

Vergilər Nazirliyi
Vergilər Nazirliyi

VERGİ ANCAQ ƏMLAKIN SAHƏSİNƏ GÖRƏ QOYULACAQ

«Yaşayış təyinatlı sahələrindən fərqli olaraq, qeyri-yaşayış sahələrinin satışı üzrə tətbiq ediləcək yeni vergiqoyma qaydaları, demək olar ki, ancaq müsbət dəyişikliklərdən ibarətdir». Bunu «Value and Sources» konsaltinq şirkətinin baş direktoru Rəşad Əliyev Vergi Məcəlləsinə kommersiya obyektlərinin vergiyə cəlbi ilə bağlı edilən dəyişiklikləri «Bizim Yol»a şərh edərkən bildirib.

Qanundakı dəyişikliyə əsasən, bundan sonra qeyri-yaşayış təyinatlı sahələri satan şəxslər əmlakın sahəsinə uyğun vergi ödəyəcəklər.

R.Əliyev qanuna edilən dəyişikliklərin mənfi cəhətlərinin də olmasını qaçılmaz sayır: «Hazırkı vergiqoyma yanaşması ancaq əmlakın texniki parametrlərinə, yəni sahəsinə bağlı olacaq. Bu cür yanaşma ilə qeyri-yaşayış sahəsinin neçəyə satılmasının və nəticədə nə qədər qazanılacağının heç bir əhəmiyyəti olmur. Obyekti zərərlə və mənfəətlə satan mülkiyyətçilər eyni vergi ödənişi edəcəklər. Əvvəlki qaydalarda isə zərərlə (baha alıb ucuz satan) mənzil satan satıcılar vergi ödəmirdilər».

Əhməd Əhmədzadə
Əhməd Əhmədzadə

610 MİN HEKTAR ƏRAZİ KOLLEKTOR-DRENAJ SİSTEMLƏRİ İLƏ TƏCHİZ OLUNUB

«Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə yap.org.az-a müsahibəsində ölkənin meliorasiya sahəsində görülən işlərdən danışıb: «Hazırda ölkədə əkin altında həyətyanı sahələr də daxil olmaqla 1 milyon 984 min hektar sahə istifadə olunur. Bunun 1 milyon 435 min hektarı suvarma şəbəkələri və qurğuları ilə təchiz olunmuş suvarılan torpaqlardır. Suvarılan torpaqların 610 min hektarı kollektor-drenaj sistemləri ilə təchiz olunub».

Ə.Əhmədzadənin dediyinə görə, Kür çayı boyunca Sabirabad, Salyan, Neftçala rayonları və Şirvan şəhəri ərazisində təhlükəli döngələrdə 1988 pm uzunluğunda daştökmə yolu ilə sahilbərkitmə işləri aparılıb: «Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 56 km məsafəsində möhkəmləndirmə işləri görülmüş, Kür çayının uçmaya meylli sahillərində 190 km məsafədə qayakəsmə tədbirləri, 4138 kbm həcmində daş-betonitlərlə və 4015 kbm həcmində faşınla sahilbərkitmə işləri yerinə yetirilib».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG