Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:42

-

Orxan Bahadırsoy

Bizim mentalitet – milliləşən xəstəlik

- Atan necə geyinir? – Qara şalvar, ağ köynək. Baban da belə geyinir. Babanın atası da belə geyinirdi. Qırmızı şalvar, sarı köynək nədir? Kişi boyun yerə girər, camaat nə deyər?

- Anan necə geynir? – Ətək dizdən aşağı, köynək dirsəkdən. Nənən də belə geyinir. Nənənin anası da belə geyinirdi. Qısa ətək, kimono nədir? Qız boyun yerə girər, camaat nə deyər?

Alt paltarına qədər qarışacaqlar. Sən də babaların kimi dizə qədər uzanan, sadə, ən yaxşı halda xana-xana tumanlar geyinməlisən. Nənələrin kimi qat-qat donlara bürünməlisən. Buna məcbur və məhkumsan. Axı mentalitet səndən bunu tələb edir.

- Qaş almaq nədir? Kişinin qaşı burnunun üstündə birləşər, hələ qulaqlara qədər də uzanar. Biraz da Darvinə inan. Atan-baban belə iş görüb?

- Gözlə, ərə gedəndən sonra alarsan qaşlarını. Nənən ərə gedəndə üstündə bir cehizlik yorğan-döşəyin tükü vardı. Sən indidən qaş almaq istəyirsən. Camaatı güldürəcəksən bizə.

Onlar səni nənəndən və babandan daha gözəl, daha yaraşıqlı olmağa qoymayacaqlar. Əgər buna etiraz etsən, səni damğalayacaqlar. Özgə vaxtı Darvinə inanmayanlar hər vəchlə səndən bir meymun düzəldəcəklər.

- Bu nə peşədir seçmisən? Artist nədir? Dünyada bir kişi sənəti yox idi? Get, mühəndislikdən, həkimlikdən bir peşə seç. Ayıbdır. Yekə kişisən.

- Qadın hara, səhnə işləri hara? Bir o qalıb ki, bizə qeyrətsiz desinlər. Oxumaq nəyinə lazımdır? Bir pullu kişiyə ərə gedərsən, uşaq saxlayıb yaşayarsan özünçün. Onsuz da bugün-sabah elçilərin gələcək.

İnkişaf etmiş toplumlarda yaradıcılıq sahəsi kimi qəbul edilən səhnə sənətləri, mentalitetli cəmiyyətlərdə mütriflik və əxlaqsızlıq sayılır. Onlar səhnə sənətlərində əxlaqsızlığın da bir yaradıcılıq olduğunu heç vaxt anlamayacaqlar. Sən heç nə yarada bilməzsən, çünki yaratmaq ancaq onların Allahına məxsusdur.

- O qızla evlənə bilməzsən. Heç bilmirik kimdir, kimlərdəndir. Bəlkə xalası pozğun olub!? Ya bibisi ayağı sürüşkəndir!? Bəlkə də bunların nəslində uşaq doğa bilmirlər!? Yaxşısı xalanın qızıdır. Özümüzküdür.

- O oğlana ərə gedə bilməzsən. Hardan bilirsən narkoman deyil? Bəlkə dayısı türmədə yatıb!? Ya əmisi öz arvadını boşayıb!? Bəlkə Allahsız adamdır!? Başqa nəslə etibar yoxdur. Xalan oğlu ali təhsillidir. Nə olsun fəhlə işləyir, alın təriylə pul qazanır da. Əsas odur, özümüzküdür.

Sənin ailə quracağın şəxsi hələ sən körpəykən seçərlər. Sevmək, aşiq olmaq kimi bütün ülvi duyğulardan məhrum olursan. Hələ də keçmişin ənginliklərində ördək kimi çapalayanlar tayfa həyatından xilas ola bilməyiblər. Səni sevmədiyin biri ilə ömür paylaşmağa məcbur edərlər. Sonra da sənə boşanma qadağası qoyarlar. Çünki onların ataları eşşəyə minməyi bir ayıb, düşməyi ikinci ayıb buyurub.

- Nə danışırsan? Geysən? Kim xəstələndirdi səni? Bu siyasətdir! Adamların sayını azaltmaq üçün edirlər. Kaş heç dünyaya gəlməyəydin, ya da uşaqkən öləydin. Övladı atmaq da olmur. Bir həkim tapaq, müalicə al. Sonra evləndirək səni, düzələrsən. Biabır olduq.

- Ay qız, lesbiyan nədir? Sən də xəstələndin? Allah bu siyasəti aparanların evini yıxsın. Təcili ərə vermək lazımdır səni. Bir qarın doğandan sonra düzələrsən. Ərə gedənə qədər evdən çölə çıxma.

Onlar sənin cinsi istəklərinin öz seçiminlə olmadığını heç vaxt başa düşməyəcəklər. Hətta özlərinin belə istəkləri olsa da, səni xəstə, siyasət qurbanı, pozğun adlandıracaqlar. Heç bir sevgi hissin yaxud cinsi marağın olmayan biri evləndirərlər səni. Sən bir yana, evləndiyin adamı da bədbəxt edərlər.

Hələ bu harasıdır? Daha nələr, nələr edərlər!? Bütün bunlar bizə mentalitet adı ilə uddurulmuş sürü psixologiyasının yazılmamış qanunlarıdır. Bu mentaliteti bizə böyük mənəvi dəyərlər toplusu kimi sırıdılar. Bunun sadəcə bizim topluma xas müsbət keyfiyyət olduğunu dedilər. Əslində isə bu mentalitetin xəstəlik olduğu hələ illər əvvəl Amerikada aparılmış bir təcrübə ilə sübut edildi və bu xəstəlik ibtidai icma quruluşundan mövcuddur.

Bu mentalitet bizdən bütün azadlıqlarımızı aldı. Hətta müasir dünyanın müasir qanunları, müasir tibbi də bizim kimi zəif toplumlara yoluxmuş bu çarəsiz və məhvedici xəstəliyin qarşısını ala bilmədi.

Bax, bu mentalitet səni sən olmağa, özün kimi yaşamağa heç vaxt qoymayacaq. Bu mentalitet səndən ölmüş əcdadının abidəsini düzəldəcək. Bu mentalitet hər gün daha çox yoluxacaq sənə. Bir də görərsən ki, iki ayaq üstündə durmuş qarın, sinə və başdan ibarətsən. Başın düşünməyi, sinən sevməyi unudar. Qarnın sadəcə ifrazat yığını olar, ayağın da bütün bunlara dirək olmaqdan başqa bir işə yaramaz.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG