Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:02

«Qonşu evində gəzəndə, bizim evə daş düşür»


Bu binaların istismar müddəti 40 ildən çoxdur ki, başa çatıb.

Bu binaların istismar müddəti 40 ildən çoxdur ki, başa çatıb.

-

«Üzümüzə gün doğur, deyəsən, tezliklə buradan köçəcəyik». Bunu 21 ildir Sabunçudakı qəzalı binalardan birində yaşayan Nəzakət Mustafayeva deyir.

Nəzakət xanım bildirir ki, son vaxtlar evlərə tez-tez baxış keçirirlər:

«Gələnlər deyirlər ki, bu bina plana düşüb. Ona görə də ümidliyik ki, köçürəcəklər. Bu binaların istismar müddəti 40 ildən çoxdur ki, başa çatıb. Burda yaşayan sakinlərin hamısı təhlükədədir. Tavanı özümüz vurmuşuq. İkinci mərtəbədəki qonşu evində gəzəndə, bizim evə hər dəfə bir neçə daş düşür. Keçən dəfə bir qucaq daş uçub töküldü. Uçuq damları yamayıb yaşayırıq».

ARZULAYIRIQ Kİ, NÖVBƏTİ SÖKÜLƏCƏK BİNA BİZİMKİ OLSUN

Tinatin Məhərrəmovanın sözlərinə görə, binadakı qazı da, işığı da, suyu da öz vəsaitləri hesabına çəkiblər:

«Hər 2-3 ildən bir deyirlər ki, köçürüləcəksiniz. Amma hələ də burdayıq. Uzun müddətdir burda yaşayan qonşularımız var ki, deyirlər, inanmayın, köçürən deyillər. Çünki elə o vaxtlardan bunlara da belə vədlər verirmişlər. Ona görə də onlar artıq inanmırlar. Amma biz ümidliyik, çünki təzəlikcə burdakı binalardan birinin sakinləri köçürüldü. Arzulayırıq ki, növbəti bina bizimki olsun».

Tinatin nənə deyir ki, o, məcburi köçkündür, istənilən halda onu köçürəcəklər:

«Amma buralar qəzalı olduğu üçün yerli sakinlər də köçürülməlidir. Evin içərisini arada təmir edirik, amma nəmişlik olduğu üçün tez sıradan çıxır. Yağış yağanda isə günümüz lap qara olur. Evə vanna, vedrə düzürük ki, su başımıza dammasın. Tavanların hamısı çürüyüb».

SANKİ HƏR ŞEYDƏN TƏCRİD OLUNMUŞUQ

Kəmalə Əsədova isə evlərinin qəzalı durumuyla yanaşı, yaxınlıqda məktəb, aptek, dükan-bazar olmamasından da şikayətçidir:

«Uşaqlar hər gün dərsə avtobusla gedirlər. Elə evlərimizin istismar müddəti bitdiyi kimi, deyəsən, bu ərazilər üçün ayrılan avtobusların da istismar müddəti bitib. Bu ərazidən 204 nömrəli marşrut hərəkət edir. Balaca avtobusdur. Sərnişinlərin çox olduğu saatlarda minmək qeyri-mümkündür. Dərman almaq istəsək, gərək yenə də avtobusa minib Sabunçunun mərkəzinə gedək. Sanki hər şeydən təcrid olunmuşuq».

YENİ BİNA HAZIR OLANDAN SONRA DİGƏRLƏRİ DƏ SÖKÜLƏCƏK

Sabunçu rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, rayondakı qəzalı binaların siyahısı hazırlanıb:

«Sabunçu rayonunda 100-ə yaxın belə bina var. Qəzalı binalardan biri sökülüb və sakinləri köçürülüb. Köçürülən sakinlər üçün tikilən yeni bina hazır olandan sonra, digərləri də söküləcək. Həmin evlərin yerində isə hündürmərtəbəli binalar tikilməsi planlaşdırılır».

Nazirlər Kabinetinin bu yaxınlarda qəbul etdiyi qərara əsasən, 5 il müddətində Sabunçu rayonunda qəzalı vəziyyətdə olan binalar söküləcək. Həmin binaların yerində yeni mənzillər tikiləcək. Qəzalı vəziyyətdə olan evlərdən köçürülən sakinlər müvəqqəti olaraq onlar üçün ayrılmış kirayə mənzillərdə yerləşdiriləcək. Sakinlərin ev kirayəsini tikintini həyata keçirən şirkətlərin və rayon icra hakimiyyətinin ödəməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG