Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:52

Azərbaycanlı jurnalist beynəlxalq yarışmada


Pərvanə Rəhimli
Pərvanə Rəhimli

-

Pərvanə Rəhimlinin "Potensial qatillər" məqaləsi 1400-dən artıq jurnalistin qatıldığı, Avropa Birliyinin Natali Lorenzo adına beynəlxalq media yarışmasının ilk seçimlərində 100 namizəddən ibarət qrup sırasına keçib. Müraciət etdiyi kateqoriya və region üzrə isə (Ərəb dünyası və Orta Şərq) onun məqaləsi onluğa düşüb.

Bu haqda Belçikadan məktub alan P.Rəhimli OxuZalına deyib ki, yarışmadan onun bitməsinə 10 gün qalmış xəbər tutub və məqaləsinin yazılmasını, tərcüməsini, kriteriyalara uyğun olaraq, bir qəzetdə çapını təşkil edəndən sonra axır anlarda çatdıraraq göndərib.

Müsabiqənin şərtlərinə əsasən, ora peşəkar (jurnalist kimi çalışan) və qeyri-peşəkar (işləməyən) jurnalist işləri qəbul edilirdi. P.Rəhimli müsabiqəyə işləməyən jurnalist kimi qatılıb.
P.Rəhimlinin sözügedən məqaləsi:

Potensial qatillər...

Bakının "İntihar körpüsü"
Bakının "İntihar körpüsü"

Bir il bundan əvvəl toran qarışarkən Bakının göydələnlərdən uzaq, yarı-xarabalığı xatırladan, əyalətlərdən iş dalınca şəhərə axın etmiş yüzlərlə yoxsul ailəyə evcik olmuş gecəqonduya bənzər məhəlləsinə uzaq əqrabamı ziyarət etmək üçün yolum düşdü.

Zibilliklərlə əhatəli, üfunət, nəmişlik və çirkab qoxusu verən adsız məhəllədə gənc bir qadının təxminən bir yaşlı qızı qəddarlıqla döydüyünə şahid olmasaydım, bəlkə də indi bu sətirləri yazmazdım...

Gənc qadından niyə belə gərgin olduğunu sual etdikdə əvvəlcə məni təəccüblü baxışlarla süzdü. Kim olduğumu və kiminsə şəxsi həyatına müdaxilə etmiş olduğumu mənə xatırlatmasına imkan vermədim:

"Baxın, məndən sizə zərər gəlməz. Amma düzgün hərəkət etmirsiz. O, uşaqdır. Azyaşlı uşaqla belə rəftar etmək olar? Mən də sizin kimi qadınam. Axı sizə nə olub?!”

Susdu. Bayaqdan içində tüğyan edən hirsi, qəzəbi bir anda yox oldu.Yerə çöküb dizlərini qucaqladı. Bir müddət bayaqdan hıçqıran uşağa baxdı. Mən qadının sakitləşməsini gözləyirdim. O isə baxışlarını zillədiyi boşluqdan ayırmadan nənni kimi yırğalanırdı.

Gözləri dolmuşdu.Birdən əlləri ilə üzünü qapayıb hönkürdü. Belə vəziyyətdə, düzü, təsəlli verməyi bacarmadığım üçün nə edəcəyimi bilmədim. Əllərini üzündən çəkib göz yaşları içində nalə çəkdi:

"Mən pis anayam... alçaq anayam. Bütün ağrılarımı körpəmə tökürəm. Nə edim axı? Hara gedirəm, iş vermirlər. Ya da bir neçə ay keçər-keçməz, pulumu verməmiş işdən çıxarırlar.”

Təəssüflə gənc qadının həyat hekayəsini dinlərkən öyrəndim ki,valideynləri onu təhsildən uzaqlaşdıraraq molla kəbini ilə 15 yaşında ərə veriblər. Əri gənc qadın hələ hamiləykən oğurluq etdiyinə görə tutulub. O vaxtdan işsiz, kimsəsiz qalan hamilə qadın bir otaqlı, normal yaşayış üçün hər bir şəraitdən məhrum bu viranəliyə sığınıb. İşləyərkən əmək müqaviləsi və sosial sığortan olubmu sualına cavab verə bilmədi...

Xeyli sonralar onun intihar etdiyini eşidəndə özümü qınadım.

Bəlkə ona kömək edə bilərdim? Amma necə?! Əslində, bu problem hansısa rəsmi strukturların yerinə yetirəcəyi vəzifə olduğu halda nə əcəbsə sosial sığorta və əmək müqaviləsi haqqında heç bir anlayışı olmayan yoxsul,təcrübəsiz və ailə dəstəyindən məhrum qadınlar bu problemlə təkbaşına mücadilə etmək məcburiyyətində olurlar.

Sus və yola ver!

Azərbaycanda “Qızımıza ər evində nə lazımdır? Bir tikə çörəyi olsun yetər” “həqiqət”inə tapınaraq övladlarının həyatlarını yeniyetmə yaşda məhvə sürükləyən valideynlər işsizlikdən və yoxsul həyat tərzindən əziyyət çəkdiklərini etiraf edirlər.

Varlı ailələr arasında erkən nikahlar ailələrarası mülkləri genişləndirmək və artırmağa yönəlibsə, qızlarını yeniyetmə yaşda, xüsusilə 13-15 yaşda ərə verən kasıb ata-analar əksər hallarda bu addımı iqtisadi vəziyyətin aşağı olması ilə izah edirlər.

Valideynlərin təhrikiylə təhsildən kənarlaşdırılaraq çox vaxt erkən yaşda hüquqi nikah olmadan, sadəcə dini nikahla ərə verilən və zaman keçdikcə ailə qayğılarına tab gətirə bilməyən qızların böyük əksəriyyəti özünə inamsızlığa, ruh düşkünlüyünə, depressiyaya qapılır.

Məktəbdən uzaqlaşdırılaraq hələ də gəlinciklə oynayan, uşaqlığını yaşamaqdan məhrum edilib erkən nikaha məcbur edilən qızların həyatı boyu unutmayacağı psixoloji və mənəvi aşınmalara məruz qalması, təəssüf ki, qaçılmazdır.

Bura kişinin yaş fərqini, qadına qarşı fiziki və cinsi zorakılığını əlavə etsək, yaranmış durumu təsəvvür etmək elə də çətin deyil.

Gənc qadın vəziyyətə dözməyib ata evinə dönərsə, ata-anası, xüsusilə qardaşları və digər qohumları onu ər, ailə qayğılarına tab gətirməməkdə ittiham edib dərhal geri-əzildiyi və zorakılıq gördüyü ər evinə dönməyə məcbur edərlər.

Təcrübəsiz gənc qızlar ər evindəki zorakılığa etiraz edib öz ayaqları üstündə dayanmaq istəsələr belə, bu, asan məsələ deyil. Tanıdığım bir neçə boşanmış savadlı qadın belə, hansısa yaxşı iş fürsətlərinin kiminsə yatağına gedən yoldan keçdiyini dönə-dönə qeyd edirlər.

Çünki Azərbaycanda boşanmış qadınlara qarşı səbəbindən asılı olmayaraq mənfi ictimai mövqe formalaşıb. Hətta ata-analar qızlarını ər evinə gəlin köçürərkən az qala Quran ayələri kimi əzbərlədikləri bu cümlələri tez-tez təkrar edirlər:

"Qızım, ər evindən yalnız sənin cəsədin çıxa bilər.Bax, ərinin evini pir deyib tutursan. Nə olur, olsun, sus, yola ver!”

Bəli, sus və yola ver! Nəticədə gənc və erkən nikah qurbanları olan qızlar potensial qatilə, intiharçı qüvvəyə, psixoloji durumu darmadağın olmuş təhlükə mənbəyinə çevrilirlər.

Psixoloji gərginliyə dözə bilməyən, cinsi istəkləri pozulan qurbanlar çatmadıqları arzuların, xəyalların əvəzini ya uşaqlarına qəsd etmək (fiziki zorakılıq, əsəbi davranış), ya da özlərinə zərər verməklə (intihar) çıxırlar. Təəssüf ki, bu proses təkcə uzaq əyalətləri deyil, artıq şəhərləri də əhatə etməyə başlayıb.

20.06.2015 tarixində ölkə gündəmini silkələyən hadisə baş verdi. Gəncədə iki azyaşlı uşağının başını kəsərək öldürən B.Sevincin cəmi 17 yaşı vardı.

Valideynləri tərəfindən 13 yaşında erkən nikahın qurbanı olan B.Sevincin ailəsində zaman-zaman münaqişələr olub. Depressiyaya və gərginliyə qapılan gənc qadını bu dəhşətli addımı atmağa vadar edən əsas səbəbsə ərinin uşaqları onun əlindən alacağı ilə bağlı şantaj etməsi olub. Uşaqlarından ayrı qalmaqdansa onları öldürməyi planlaşdıran qadının daim qorxu içində yaşaması, kənardan psixoloji dəstəyin olmaması, savadsızlığı və özünəinamsızlığı onu qatilə çevirib.

Azərbaycanda qadınlara qarşı cinayətlərin infoqrafikası
Azərbaycanda qadınlara qarşı cinayətlərin infoqrafikası

Nə yazıq ki, Azərbaycanda qadınların çoxu ailədaxili zorakılığa dözməyə məcburdurlar.

İqtisadi cəhətdən müstəqil ola bilməmək, ata evində qəbul edilməmək qorxusu, yerli icra hakimiyyətlərində zorakılığa məruz qalmış qadınlara pulsuz hüquqi yardım və psixoloji dəstəyin demək olar ki, olmaması və s. qurbanların intihara əl atmasına yol açan əsas amillərdəndir.

Halbuki, “Məişət zorakılığının qarşının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məişət zorakılığı qurbanlarının sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi mütləqdir.

2015-ci ilin başlanğıcından indiyədək baş vermiş məişət zorakılığı zəminində intiharları araşdırarkən əldə etdiyim bir neçə nəticə diqqətimi cəlb etdi:

08.01.2015 – Siyəzən rayonunda yaşayan 5 uşaq anası V.Fəri ilə aralarında baş vermiş münaqişədən sonra küsərək atası evinə getmiş və özünü asmışdır.

26.03.2015 – Üç uşaq anası, 33 yaşlı Abdullayeva Pərvanə Nərimanov rayonunda yaşadığı evin həyətindəki ağacdan özünü asaraq intihar etmişdir.

31.03.2015 – Şəkidə 2 uşaq anası Salahova Şəhanə yaşadığı evin eyvanından özünün asaraq intihar edib.

26.04.2015 – Zaqatala rayon sakini, 3 uşaq anası 49 yaşlı Məmmədova Atiqat yaşadığı evin həyətyanı sahəsində tikilmiş tövlədə özünü asaraq intihar edib.

Xatırladım ki, bu statistika yalnız mətbuatda əksini tapan az sayda məişət zorakılığı qurbanlarının göstəricisidir. Qurbanların əksəriyyəti ər evindən ata evinə getdikdən sonra intihar ediblər.

Üzülərək qeyd etməliyəm ki, əksər hallarda ailələr tərəfindən intihar hadisələri gizlədilir. Cəmiyyət intihar edən qadını ölüm səbəbindən asılı olmayaraq, günahkar hesab edir.

Aparılan sorğular zamanı aydın olur ki, məişət zorakılığına məruz qalmış gənc və təcrübəsiz qadınlar yaşadıqları fiziki və psixoloji təzyiqləri gizlədirlər. Qurban qadın uşaqlarının atasını, ərini ələ vermək istəmir, polisə müraciət etməkdən çəkinir. Bunun əsas səbəbi ərini qanunların tələb etdiyi etdiyi cəza tədbirindən “qorumaq"dırsa, digər səbəbi polisə inamsızlıq, əksər hallarda məhkəmə sisteminin qeyri-şəffaflığıdır.

Əyalətlərdə yaşayan qadınların psixoloqa getməsindən söhbət belə, gedə bilməz. Bu qadınların psixoloq yardımı almaq haqqında anlayışları yox dərəcəsindədir. Çünki yerli icra hakimiyyətlərində psixoloji reablitasiya kursları fəaliyyət göstərmir. Bu da gələcəkdə məişət zorakılığı qurbanlarının sayının artmasını labüd edən dəhşətli rəqəmlərin artacağına işarədir.

Aparılan araşdırmalardan əldə edilən digər nəticə bundan ibarətdir ki, Azərbaycanda işsiz kişilərin sayı artıqca məişət zorakılığı qurbanlarının da sayı artır. Kişilər işləmək üçün yenicə evləndikləri qadınları ata-analarının nəzarətində qoyaraq qonşu ölkələrə (xüsusən Rusiya) işləməyə gedirlər. Onlar bəzən aylarla, illərlə arvad-uşaqlarının üzünü görmürlər. Nəticə isə bundan ibarətdir:

Bugünlərdə əyalətlərin birində yaşayan 24 yaşlı 3 uşaq anası R.Şəlalənin uşaqlarını və ər evini tərk edərək qaçması sosial şəbəkələrdə xeyli tənqid və müzakirələrə səbəb oldu.

Minlərlə sosial şəbəkə istifadəçisi qadına qarşı aqressiv mənfi rəylər yazır, onu “namussuz” adlandırırdı. Lakin bir neçə gündən sonra tapılan qadının verdiyi müsahibə onu tənqid edənlərin münasibətini tamamilə dəyişdirdi. Məlum oldu ki,13 yaşında valideynləri tərəfindən nişalandırılan Şəlalə 6 illik evliliyi zamanı Rusiyada işləyən ərinin üzünü az hallarda görürümüş.

Aylarla ər sevgisi,nəvazişindən məhrum, ev işləri və uşaqlarla məşğul olan gənc qadın qaynatası və qaynanasının işkəncələrinə, təhqirlərinə dözə bilməyərək evi tərk edib. Göründüyü kimi, yenə də erkən nikah, təhsildən kənarlaşdırılma, ər evində müxtəlif təzyiqlərə məruz qalmış qadınları (xüsusən gənc və təhsilsiz qadınlar) doğma valideynlərin belə, dinləmək istəməməsi və s.

Çıxış yolu hər zaman mümkündür...

Əksər hallarda məişət zorakılığına məruz qalmış gənc qadınlar hara müraciət edəcəklərini belə, bilmirlər. Qadın sığınacaqlarının yoxluğu və televiziyada məişət zorakılığı qurbanları haqqında maarifləndirici sosial çarxların nümayiş etdirilməməsi bu cəhalətə rəvac verən əsas amillərdəndir.

Azərbaycanda məişət zorakılığına məruz qalmış qadınlar üçün yeganə qadın sığınacağı təşkilatı “Təmiz dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bu təşkilata heç bir rəsmi yardım göstərilmir. Qadın sığınacaqlarının olmamasını bu sığınacaqların ayaqda dura bilməsi üçün dövlət və qeyri-dövlət təşkilatları tərəfindən heç bir maliyyə yardımı və dəstəyin olmaması ilə izah etmək olar.

Gəncə sakinləri
Gəncə sakinləri

Lakin çıxış yolu var. Əyalətlərdə məişət zorakılığı, erkən nikah qurbanlarının depressiya və ümidsizlikdən xilas edilməsi üçün asudə vaxtda, xüsusən həftəsonu istirahət etmək, idmanla məşğul olmaq, film seyr etmək, kitab oxumaq, karaoikiyə getmək, hobbilərinə vaxt ayırması onların psixoloji durumlarına müsbət təsir edə bilər.

Halbuki, bütün bunlar adi həyat tərzinin bir parçasıdır. Bütün bunlardan məhrum olan qadın,əlbəttə təkcə özünə deyil, böyütdüyü uşaqların psixologiyasına mənfi təsir göstərir. Nəticədə həyatı sevməkdən, xoşbəxt olmaqdan, sevinməkdən və sevilməkdən məhrum potensial qatillər, intiharçılar ordusu yetişir.

P.S. Ailə zorakılığı qurbanı olan dostumla söhbət edərkən aydın oldu ki, onun psixoloji yardım almaq üçün pulu yoxdur.Üstəlik, yaşamaqdan da yorulan yoxsul dostuma “səyahət et” deyə bilməzdim. Ona görə də daha sadə və maraqlı təklif etməyi düşündüm, “bəlkə xeyli vaxtdır etmədiyin bir işi yerinə yetirəsən” dedim.

Bir neçə psixoloji janrda film məsləhət gördüm və Avropa yazıçılarının əsərlərini, həmçinin mənə də bir vaxtlar xeyli köməyi dəymiş sevimli D.Karnegidən kitab hədiyyə etdim. Bu,işə yaradı. İndi o kitablardan ikiəlli yapışıb həyata tutunduğunu, onu sevdiyini deyir.

Təbii,onun üçün sevindim. Bu sətirləri yazarkən kofe fasiləsi verib ölkədə baş vermiş gündəlik xəbərlərə göz atıram. Budur, daha bir gənc qadın naməlum səbəblərdən intihar edib...

XS
SM
MD
LG