Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:09

►“Tənqid araşdırılmalıdır, ancaq bu o demək deyil ki, deyilən hər tənqid qəbul olunur”

BMT-nin dekabrın 11-də yaydığı hesabatda bildirilirdi ki, işgəncələrlə bağlı həbs yerlərindən gələn yüzlərlə iddiaya baxmayaraq, Azərbaycan hökuməti son bir neçə ildə bircə işgəncə halını belə araşdırmayıb.

İgəncələrlə bağlı şikayətlər Ombudsman Aparatına da göndərilir. Bununla bağlı suallarımızı Ombudsman Aparatının İşgəncələrin Qarşısının Alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadəyə ünvanladıq.

– Rəşid bəy, işgəncələrlə bağlı sizə gələn şikayətlər necə araşdırılır, nəticələri necə olur?

- Ehtimal olunan müraciətlər ombudsmana ünvanlanırsa, bununla bağlı dərhal Baş Prokurorluğa müraciət edirik. İlkin araşdırmanı da Baş Prokurorluq aparır və məhkəmə qaydasında buna hüquqi qiymət verilir.

– Keçən həftə BMT Azərbaycanın işgəncələrə görə tənqid elədi, bircə işgəncə halının belə araşdırılmadığını bildirdi.

- İşgəncə ehtimal olunan müraciətlər, o cümlədən, digər kateqoriyalardan olan müraciətlərlə bağlı hər hansı bir quruma müraciət olunursa, bu, vaxtında araşdırmalıdır. Vətəndaş və ya onun qanuni nümayəndəsi müraciət edəndə bunun təmin olunmasını tələb edir. Qaldı ki, bunun Cinayət Məcəlləsinin işgəncə sayılan müvafiq maddəsi ilə tövsifinə, bu, istintaq orqanının səlahiyyətinə aid olan məsələdir. Düşünürəm ki, bizim bununla bağlı fikir bildirməyimiz yerinə düşməz.

Buna da bax: Emin Ağalarov telekanal açır

Mingəçevirdə polis şöbəsində ölən Bəhruz Hacıyev. Ailəsi ona işgəncə verildiyini deyir.

Mingəçevirdə polis şöbəsində ölən Bəhruz Hacıyev. Ailəsi ona işgəncə verildiyini deyir.

– Bu hesabatdan əvvəl noyabrda Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycanla bağlı keçirilən müzakirələrdə siz də iştirak edirdiniz. Həmin müzakirələrdə də Azərbaycan tənqid olunmuşdu. Həmin tənqidlər haqqında nə deyə bilərsiniz?

– Ombudsman müstəqil bir qurumdur. Eyni zamanada Milli Preventiv Qrup özü də başçəkmələrini konfidensial şəkildə təmin edir. Amma hər bir halda ünvanlanan tənqid, açıqlanan rəy, fikrilərlə bağlı hər bir kəs bunu araşdırmalıdır. Ancaq bu, o demək deyil ki, deyilən hər bir tənqid qəbul ediləndir. Bununla bağlı adları çəkilən müvafiq qurumlar yəqin ki, öz yanaşmalarını nümayiş etdirəcəklər. Öz arqumentlərini, mövqelərini açıqlayacaqlar. Əlbəttə, Milli Preventiv olaraq, biz təkcə öz başçəkmələrimiz, yanaşmalarımızla, müşahidələrimizlə deyil, eyni zamanda kənardan da gələn müraciətlər əsasında, Komitənin tövsiyələri əsasında bunu öz fəaliyyətimizdə də nəzərə alacağıq. Bunların yoxlanması baxımından da addımlarımızı atacağıq. Çünki Komitəyə də ünvanlanan müraciətlər müxtəlif qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutlarının üzvləri tərəfindən ünvanlanır. Hər bir halda, bu məlumatların yoxlanması və səlahiyyətli qurumlar tərəfindən mövqe nümayiş etdirmək daha məqsədəuyğundur.

İlqar Məmmədov

İlqar Məmmədov

– Bu yaxınlarda həbsdə olan ReAL hərəkatının lideri İlqar Məmmədovun döyülməsi ilə də bağlı vəkili sizə şikayət eləmişdi. Elə hüquq müdafiəçisi Leyla Yunus da bir neçə dəfə təcridxanada ona işgəncə verildiyini demişdi. Həmin şikayətlərin nəticəsi necə oldu?

- Həyata keçirdiyimiz başçəkmələr ərzində adları mediada işıqlandırılan həmin şəxslərlə biz Ombudsman və Milli Preventiv Qrupun üzvləri dəfələrlə görüşüb. Onların içərisində Leyla xanım və onun həyat yoldaşı da olub. Müraciətləri ilə də bağlı dəfələrlə aidiyyatı qurumlara müraciətlər etmişik. Bir çox məsələlərin təmin edilməsinə da nail olmuşuq. Bunu onların özləri də deyə bilərlər. Hər bir halda onların müraciətləri üzrə Ombudsman haqqında Konstitusiya qanununa müvafiq olaraq əlimizdən gələn hansı imkan varsa, etmişik. Hər bir müraciət üzrə araşdırma vaxtında aparılır. Bütün imkanlar daxilində onların müraciətlərinin aidiyyatı üzrə istiqamətləndirilməsində, çatdırılmasında əlimizdən gələn dəstəyi göstərmişik. Bundan sonra da göstərəcəyik. Bu, həm də saxlanılan digər şəxslərə aiddir. Bizə edilən hər bir müraciətin çatdırılmasında, onların hüquqlarının həyata keçirilməsində əlimizdən nə gəlirsə edirik.

– Bir neçə gün əvvəl həbsdə olan hüquq müdafiəçis Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus şərti cəza ilə azadlığa buraxıldı. Azərbaycan hökumətini tənqidlərə məruz qoyan media nümayəndələri, vətəndaş cəmiyyəti fəalları həbsdə qalır.

- Kimlərinsə həbs olunmasına gəldikdə, onlar məhkəmə qərarları əsasında həbs olunublar. Bizim məhkəmə qərarlarına müdaxilə etmək səlahiyyətimiz yoxdur. Ancaq onların, vəkillərinin müraciətlərinə gəldikdə, hətta bizə müraciət edilməsə də, biz mediada hər hansı bir müraciəti görəndə buna dərhal reaksiya veririk. Eyni zamanda, bizə müxtəlif KİV-lərin müraciətləri olur, onlarda da dərhal reaksiya veririk. Biz qanunun bizə verdiyi imkanlar, səlahiyyətlər çərçivəsində istənilən addımı atmağa hazırıq və bunu da edirik.

Günün bütün mövzuları

XS
SM
MD
LG