Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:06

-

"Dağıntılardan, ölümlərdən, zorlanmalardan, göz yaşlarından, qan axıdılmasından, insanın alçaldılmasından romantika yaratmaq istəyənlər cinayətkardırlar."

Seymur Baycan

Müharibə haqqında

“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü”
Hüseyn Cavid


Adamlar sadə suallardan doğan həqiqətlərlə üz-üzə qalmamaq üçün qəsdən vəziyyəti mürəkkəbləşdirirlər. Ola bilsin, insan hələ də bir çox həqiqətlərlə üz-üzə qalmaq istəmir. Biz siyasətçi, vəkil, yazıçı, psixoloq, sosioloq, tarixçi oluruq. İnsan olduğumuzu yadımızdan çıxarırıq.

Gəlin, tarixə emosional yanaşmayaq və siyasətci, vəkil, millətçi, aktyor, rejissor kimi deyil, bir insan kimi, terminsiz, başqalarından sitat gətirmədən, sadə bir suala cavab verək. İnsanlar niyə müharibə edirlər?

Din uğrunda? O necə dindir, o necə allahdır ki, başqasını öldürməyə icazə verir, başqasını öldürməyə təhrik edir?

Torpaq uğrunda. Əgər səmərəli və ağıllı istifadə olunsa, təbiətə zərər verilməsə, hamıya çatar, hələ artıq da qalar.

İllüstrasiya

İllüstrasiya

Mal, dövlət uğrunda? Əgər ədalətli bölüşdürülsə, hamıya bəs edər. Hamı da rahat dolanar.

Bəs o zaman insanlar niyə müharibə edirlər?

Siz dindən, millətçilikdən, ideologiyalardan, tarixdən doğan emosiyalarınızı bir kənara qoyun, bir mömin, bir millətçi, bir siyasətçi, bir hərbçi kimi deyil, yalnız və yalnız bir insan kimi müharibə səhnələrini gözünüz önündə canlandırın.

Yaxud bir insan kimi müharibədən bəhs edən filmə baxın. İnsanlar ailələrindən ayrılırlar. Səngərdə yaşayırlar. Bit-birə onları basır. Xəstəlik yayılır. Uşaqları, arvadı üçün darıxırlar. Qorxurlar. Həyəcan keçirirlər.

Sağ qalacaqlarını, yoxsa öləcəklərini, evinə qayıdıb-qayıtmayacaqlarını bilmirlər.

Siz bir anlıq döyüş səhnəsini bir insan kimi gözünüz önündə canlandırın. Adamlar bir-birinin başına mərmi yağdırırlar. Bir-birini vəhşicəsinə öldürürlər. Birini öldürürkən öldürdüyünün ailəsini ömürlük yasa batırır. Buna görə ona mükafat verirlər. Daha çox öldürməsini təbliğ edirlər.

Bütün bunlar necə də mənasız və absurd görünür? Bu cür kobud hərəkətlər insana yaraşmır. İnsanlar nəyin uğrunda bir-birlərini öldürürlər, bir-birlərinin evini dağıdırlar? Dindən, millətçilikdən, ideologiyalardan gələn düşmənçiliyi qoyaq kənara, bu mənzərəyə necə ad vermək olar?

İnsanlar bir-birini doğrayır, bir-birlərini öldürürlər. Müharibə öldürməyə, zorlamağa, dağıtmağa icazə verir. Müharibənin qəhrəmanlıq tərəfləri maraqsızdır. Müharibələr siyasətin, quruluşların nəzarətində olduğu üçün muharibə haqqında çoxlu yalanlar uydurulub.

İllüstrasiya

İllüstrasiya

Tarix, musiqi, ədəbiyyat, kino bu yalanların daha canlı alınması niyyətiylə istifadə olunur.

Müharibə haqqında uydurulmuş yalanlar təəssüf ki, bəzən çoxluğu qane etdiyi üçün az qala hər kəs tərəfindən həqiqət kimi qəbul edilir.

Hətta bir çox normal fikirli adamlar da dindən, millətçilikdən, ideologiyalardan doğan nifrətlə yüklənirlər, emosional stabillikləri pozulur. Müharibələrə bir insanlıq faciəsi kimi baxa bilmirlər, tökülən qanları zərurət kimi qəbul edirlər.

Təəssüflər olsun ki, bir çox sənət adamları da ümumi ab-havaya uyaraq müharibə çağırışları etmişlər, nifrətin, düşmənçiliyin alovlanmasında rol oynamışlar.

Nə yaxşı ki, müharibə çağrışları edən, nifrət oyandıran əsərlər tarixin imtahanından keçə bilmir. Bunun özü az deyil. Bu fakt onu göstərir ki, insanlar insan olduqda müharibə istəmirlər.

Tarixə qarşı öz münasibətini emosiyalarsız müəyyən edən adamlar nifrət alovlandıran, düşmənçilik toxumları yayan, müharibələrə səsləyən əsərlərin üstündən birdəfəlik xətt çəkiblər.

Deməli, yalnız sülhə çağıran, məhəbbətə xidmət edən aqil qiymətlidir. Deməli, insanlar millətçiliyin, zərərli fikirlərin, dini fanatizmin caynağından qurtardıqca müharibənin nə qədər dəhşətlər törətdiyini başa düşürlər.

Müharibə nədir? Müharibə qandır. Göz yaşlarıdır. Müharibə insanların illərlə tikdiklərinin, qurduqlarının bir anda, bir mərmiylə dağıdılmasıdır.

Müharibə insanın bir insan kimi dəyərdən düşməsidir. Özünü, qiymətini itirməsidir.

Hərbi parad

Hərbi parad

Müharibə uşaqların yetim qalmasıdır. Müharibə kəndlərin, qəsəbələrin, şəhərlərin xarabazarlığa çevrilməsidir.

Müharibə başdan-başa dəhşətdir. Onun dəhşətini heç bir filmlə, heç bir romanla ifadə etmək olmaz.

Müharibənin heç bir romantikası yoxdur, ola da bilməz. Dağıntılardan, ölümlərdən, zorlanmalardan, göz yaşlarından, qan axıdılmasından, insanın alçaldılmasından romantika yaratmaq istəyənlər cinayətkardırlar. İnsan düşmənidirlər.

Söhbət insanın birbaşa qatil olmasından getmir, sən əlini heç bir silaha vurmadan da, müharibə çağırışları etməklə, düşmənçiliyi, nifrəti alovlandırmaqla, minlərlə insanın qətlinə, ölümünə bais ola bilərsən.

Bəs əgər müharibə bu qədər dəhşətlər doğurursa, insanlar niyə müharibədə iştirak edirlər? İnsanlar niyə müharibəyə yox deyə bilmirlər?!

Təəssüf ki, insanlar hələ də dinlərin və millətçiliyin, zərərli ideologiyaların, zərərli fikirlərin doğurduğu nifrətdən xilas ola bilməyiblər. Ona görə də insanlar nifrətlərinin qurbanına çevrilirlər.

İllüstrasiya

İllüstrasiya

Başqa səbəblər də var. Muharibədə vətəni qoruduqlarını düşünənlər azdır.

Çoxlarını məcbur aparırlar. Mexanizm işə düşür və insanlar bu mexanizmə tabe olmaq məcburiyyətində qalırlar.

Hətta qəti öldürmək istəməyənlər də, təbiəti öldürməyə icazə verməyən adamlar da, muharibə mexanizmi işə düşdükdə aciz vəziyyetə düşürlər.

Müharibədə bəziləri macəra axtarırlar. Bəziləri varlanmaq istəyirlər. Bəziləri darıxılarr. Bəziləri həyatdan bezib, müharibə onun üçün legitim ölümdür.

Məsələn, bir vaxtlar Avropada yoluxucu xəstəliklər çox geniş yayılmışdı. Bu xəstəliklərdən əziyyət çəkən adamlar müharibələrdə həvəslə iştirak edirdilər. Bu haqda Volter “Kandid” əsərində, Stefan Sveyq “Dünənin dünyası”nda yazıblar.

Lakin səbəb nə olursa olsun, müharibə insanların, insanlığın səhvi kimi qəbul edilməlidir.

Hər bir insan millətçilikdən, dini fanatizmdən, zərərli fikirlərdən, irqçilikdən qidalanan nifrətdən azad olub tarixə, həyata qarşı bir insan kimi münasibətini müəyyən etdikdə, müharibənin dəhşətlərini daha kəskin hiss edəcək, müharibənin insana yaraşmadığını başa düşəcək, passiv də olsa, müharibəyə “yox” deməyi bacaracaq.

Meydan.tv

Günün bütün mövzuları

XS
SM
MD
LG