Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:37

PKK-çı olmaqda suçlananın anası: “Oğlumu MTN-də “presləyiblər””


İllüstrasiya
İllüstrasiya

►“Maşına mindirib, başlarına torba keçiriblər”

Qaraçuxur qəsəbəsindəki "Cümə" məscidində baş vermiş yanğını törətməkdə təqsirləndirilənlərə uzunmüddətli həbs cəzası istənilib.

"Oğlumu MTN-də "presləyiblər". Əllərinə, ayaqlarının altına, belinə "dubinka" ilə o qədər vurublar ki, 25 gün həkim nəzarətində qalıb. 25 gündən sonra izahat vermək üçün müstəntiqin yanına əl ağacı ilə aparıblar..."

Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Elnur Ələkbərovun anası Sevda Ələkbərova AzadlıqRadiosuna deyir.

Buna da bax: Milyarderin oğlu anasını öldürməkdə suçlanır

YANĞINI TÖRƏTMƏKDƏ TƏQSİRLİ BİLİNİBLƏR

Elnur Ələkbərov və onunla birlikdə mühakimə olunan Namiq Nəsibov ötən il noyabrın 26-da Qaraçuxur qəsəbəsindəki "Cümə" məscidində baş vermiş yanğını törətməkdə təqsirləndirilir.

Bu cinayət işi üzrə uzun müddətdir davam edən məhkəmə prosesi yekunlaşır. Artıq məhkəmə istintaqı başa çatıb. Dekabrın 14-də keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə uzunmüddətli həbs cəzası istədi.

Namiq Nəsibov və Elnur Ələkbərova qarşı Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) və 228-ci (qanunsuz olaraq odlu silah-sursat saxlama) maddələrilə ittiham irəli sürülüb. Onlar yandırıcı maye ilə dolu şüşələri atmaqla məsciddə yanğın törətməkdə ittiham olunur.

Cinayət işinin materiallarında onlar həm də PKK-çı kimi təqdim edilib. Qeyd olunub ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriyada PKK-nın nəzarətində olan ərazilərə gedərək, oradakı döyüşlərdə iştirak edib.

Buna da bax: ABŞ-da Xədicə İsmayılla bağlı dinləmələr keçiriləcək

“BELİNƏ SİLAH QOYUBLAR”

"Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birlikdə PKK-nın Azərbaycandakı qanadı kimi, qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar", - deyə ittihamda yazılıb.

Dövlət ittihamçısı çıxışında bildirdi ki, məhkəmədə ittihamlar sübuta yetirilib. Prokuror Namiq Nəsibova 17, Elnur Ələkbərova isə 15 il həbs cəzası verilməsini istədi.

Dekabrın 21-də təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək.

Sevda Ələkbərova deyir ki, oğlunun əleyhinə heç bir dəlil yoxdur:

"MTN əməkdaşları evə basqın edib Elnurla Namiqi çıxarıblar. Maşına mindirib, başlarına torba keçiriblər. Elnurla Namiqin kəmərini dartıb, bellərinə silah qoyublar. Oğlumu tanıyanlar bilir ki, bu vaxta qədər üstündə bıçaq da gəzdirməyib".

Buna da bax: Neft gələn ilə kəllə-mayallaq gedir

“İŞGƏNCƏLƏRDƏN SONRA ORQANİZMİ LAP MƏHV OLUB”

Sevda Ələkbərovanın sözlərinə görə, 4-5 gün ərzində oğlunun yeri barədə məlumat ala bilməyib:

"Düşdüm yollara, axırda MTN-in Baş İdarəsinə getdim. Dedilər ki, “burada yoxdur, gedin, 7-ci mikrorayondakı idarəyə”. Orada da olmadığını deyəndə qışqırdım ki, "balamın yerini deyin, yoxsa bu dəqiqə burada özümü yandıracam". Ondan sonra çətinliklə öyrəndim ki, baş idarədə imiş..."

Elnur Ələkbərovun MTN-də işgəncələrə məruz qaldığını deyən ana qeyd edir ki, oğlunun səhhətində ciddi problemlər var:

"Əvvəldən də ağciyərindən, qaraciyərindən, Hepatit C-dən müalicə alırdı. İşgəncələrdən sonra orqanizmi lap məhv olub. Bu zülmün, haqsızlığın cavabını kim verəcək? Elnur məhkəmədə də dedi ki, "bilsəydim, kimsə məscid yandırar, canımla-qanımla o işin qarşısını alardım".

Sevda Ələkbərovanın sözlərinə görə, oğlunun nahaq həbsi barədə uzun müddət susmasının da səbəbi olub:

"İşi aparan müstəntiq mənə demişdi ki, “heç yerə yazıb-eləmə, bayramda oğlun evində olacaq”. Mən də səbr eləyib gözlədim. Bayramlar çox... Sonradan başa düşdüm ki, məni aldadıblar".

Həmçinin baxın: AzadlıqRadiosunun Youtube kanalında izləyin

XS
SM
MD
LG