Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:56

Maşın "zapçast"ı bahalana bilər


►“Kimsə gedib əziyyət çəkir, orijinal mal gətirir, kimsə də bazara həmin malın saxtasını orijinal adı ilə çıxarır..."

“Son zamanlar maşın “zapçast”ı işinə girənlərin sayı artmışdı. Çox adam internetlə, ya da Bakıdakı “postavşik”lər vasitəsilə mal sifariş edirdi, pis də tutmurdu. Bir az gəlir var deyə kimlərsə bu sahəni nəzarətə götürməyə, monopoliyaya almağa çalışır yəqin. İndiyə kimi təhlükəsizlik niyə yadlarına düşmürdü?”

Paytaxtın Əhmədli qəsəbəsində avtomobillər üçün ehtiyat hissələri satan dükanın sahibi Cahan Həmzəyev belə deyir (Bu, onun şərti adıdır).

Məsələ bundadır ki, Nazirlər Kabinetinin yeni qərarına görə, avtomobillərin ehtiyat hissələri də təhlükəsizliyi təmin edilməli olan məhsulların siyahısına salınıb. Həmin qərara görə, ölkəyə gətirilən bütün ehtiyat hissələri yalnız sertifikatlaşdırılandan sonra bazara çıxarıla bilər.

Sertifikatlaşdırmanı, qanunvericiliyə görə, müstəqil qurumlar həyata keçirməlidir. Artıq bu işi görəcək üç belə qurum qeydiyyatdan keçirilib: “AzeSert” MMC, “Azcertcenter” MMC və “TexnoSert” Azcertcenter MMC. (Ardı aşağıda)

Buna da bax: "Dembel"lərin məhkəməsi başlandı: intihar, yoxsa qətl?

SÜRÜCÜ: “YAXŞI QƏRARDIR, ANCAQ...”

Sürücülər bu qərarı birmənalı qarşılamırlar. Esmira Qasımova deyir ki, söhbət təhlükəsizlikdən gedirsə, yaxşı qərardır, ancaq bir şeydən ehtiyatlanır:

“Ehtiyat hissələri bahalana bilər. Sertifikatın necə verildiyini hamı yaxşı bilir”.

Yeri gəlmişkən, söhbət etdiyimiz sürücülərdən təkcə Esmira Qasımova yox, başqaları da sertifikat verəcək qurumların şəffaflığına, obyektivliyinə şübhə edirlər. Buna görə də həmin şirkətlərlə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.

İndi də gələk ehtiyat hissələrinin satışı ilə məşğul olanların deyəcəklərinə. “Şərq Motors”-dan bildirdilər ki, onlar mallarının təhlükəsizliyinə əmindilər və buna hər zaman zəmanət də veriblər. Amma qərarla bağlı daha geniş şərh üçün bir gün sonra danışmağı məsləhət gördülər. (Ardı aşağıda)

Buna da bax: “MTN əməkdaşları artıq işsiz sayıla bilər”

“HALAL, DÜZGÜN İŞLƏYƏN MAĞAZALARIN XEYRİNƏDİR”

Ehtiyat hissələrinin satışı ilə məşğul olan “Cəliloğlu” şirkətinin satış müdiri Yaşar Cəliloğlu deyir ki, hələlik bu qərar haqda geniş məlumatı yoxdur:

“Bu haqda eşitmişik, amma hələlik dəqiq bir söz deyən olmayıb. O ki qaldı, bazardakı məhsulun keyfiyyətinə, əksər malların sertifikatı var. Amma bazarda saxta mal da var. Mən də mənşəyi bilinməyən malın satılmasına qarşıyam. Bu qərar keyfiyyətli mal satan mağazaların xeyrinədir, mən belə fikirləşirəm. Kimsə gedib əziyyət çəkir, orijinal mal gətirir, bunun da maya dəyəri yüksəkdir, təbii ki. Kimisi də bazara həmin malın saxtasını orijinal adı ilə çıxarır və aşağı qiymətə satır, o birinin də zəhmətini yerə vurur. Bu qərar, bir də deyirəm ki, keyfiyyətli mal satmaq istəyənlərin xeyrinədir. O, malına arxayındır, bələddir, normal qiymət qoyur. Ancaq“podval”da, sexdə saxta mal satıb orijinal adına satmaq həm camaata ziyandır, həm də düzgün, halal işləyən mağazalara. Ona görə sertifikat olmalıdır və hər bir malın mənşəyi bilinməlidir”.

Satış müdiri ehtiyat hissələrinin bahalaşması ilə bağlı sürücülərin narahatlığına da əsas görmədiyini bildirir:

“Sertifikatın qiymətə dəxli yoxdur. Mal gətirən onun keyfiyyətinə bələddirsə, problem də olmaz... Ancaq hələlik bizə deyən olmayıb ki, “sertifikat gətirin”. Təqdim etmək üçün sertifikatlarımız var”. (Ardı aşağıda)

Buna da bax: “Bizi məsciddən didərgin salıblar”

MAŞIN BAZARINDA DEYİLƏNLƏR VƏ DEYİLMƏYƏNLƏR

Babək prospektində yerləşən Maşın Bazarının rəhbərliyi qərarı şərh etmək istəmir. Burda ehtiyat hissələri satanlar da danışmağa ehtiyatlanırlar. Çoxu sualımıza susaraq çoxmənalı təbəssümlə cavab verir. Ancaq adının çəkilməsini istəməyən, mağazaya mal gətirən şirkətlərdən birinin əməkdaşı bunları deyir:

“Büdcə boşalır, hökumət də onu doldurmaq üçün bütün cərimələri artırıb. Sizdən qabaq satıcı ilə onu danışırdıq. Biz təchizatçı kimi keyfiyyətli mal gətirmişik, malımıza da başımızla cavabdehik. Bu qərarın verilməsinin səbəbi aydındır. İki-üç şirkət yaradıb bu yolla haqq alacaqlar, vəssalam. Bu da sənə təhlükəsizlik”.

Onun söhbətinə qarışan satıcı da deyir ki, olan adi sürücüyə olacaq, malların qiyməti qalxacaq:

“Bizdən haqq istəyəcək, aparıb verəcəyik, onun əvəzində malın qiymətin qaldıracağıq. Əyri oturaq, düz danışaq...”

Buna da bax: Yumurta yenə “ceyranın beli”ndə...

“GÖMRÜKDƏN KEÇMƏK ÜÇÜN UYĞUNLUQ VƏ KEYFİYYƏT SERTİFİKATI TƏLƏB OLUNURDU”

İqtisadçı Natiq Cəfərlisə ona diqqət çəkir ki, sözügedən qərar yeni deyil, gömrükdən malı keçirməkdən ötrü mütləq uyğunluq və keyfiyyət sertifikatı təqdim olunmalıdır. Bu sertifikatlar olmadan həmin mallar gömrükdən buraxılmırdı:

“Ancaq görünür, indi söhbət Çindən, Rusiyadan, Gürcüstandan və başqa yerlərdən gələn və gömrükdən necə keçməsi bəlli olmayan, əslində keçirilməsinə korrupsiya sxemləri əsasında göz yumulan ehtiyat hissələrindən gedir. Çox güman, bu yolla gətirilən malın bazara girməsinə çətinlik yaradacaqlar. Yəni qayda-qanun yaratmaq və büdcəyə gəlir gətirmək təmin edilə bilər. Amma əsas hədəf ya rüsumların artırılmasıdır, ya da gətirilən malların leqallaşdırılması, bu yolla da büdcəyə əlavə vəsaitin cəlb edilməsidir. Hər halda, qərarın sərtləşdirilməsinin arxasında hansı məqsəd durur, bunu o, işə düşəndə demək mümkün olacaq”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG