Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:15

-

Mətbuatın yazdığına görə, Məmməd Əmin Rəsulzadə haqqında mahnı yazdırdığı üçün telekanallar müğənni Qismət Məmmədzadəyə qadağa qoyub. Hətta yayılan məlumatlar arasında müğənninin təzyiqlər nəticəsində ölkəni tərk etdiyi də deyilir. Meydan TV Qismət Məmmədzadəni Almaniyada tapdı və suallara cavab aldı.

- Qismət bəy, yazılanlara görə, Məmməd Əmin Rəsulzadə haqqında mahnı yazdırdığınıza görə telekanallar qapılarını üzünüzə bağlayıb. Özünüzdən öyrənək. Bu hadisə necə olub?

- Əslində telekanallar bu qadağanı mənə həmin mahnıya görə qoymayıblar. Bu qadağa bu ilin aprelindən başlayıb. Mən bunu Facebook səhifəmdə də yazdım. Uzun müddət heç nə yazmaq istəmədim. Çünki düşünürəm ki, bu mənim problemimdirsə, heç kimi ilgiləndirməməlidir. Efir qadağası mənim şəxsi problemimdir. Ancaq adamlar hər dəfə yazır ki, niyə efirə çıxmırsan və sən də məcbur olursan buna ümumi bir cavab verəsən. Mən də bundan sonra Facebook-da bu barədə status yazdım. Qadağanın səbəbi isə mənim artıq ötən ildən başlayaraq Facebook-da ölkədə baş verən siyasi-ictimai proseslərlə bağlı müxalifyönlü, tənqidi yazılarım, yanlışlıqları göstərməyim olub. Hər şey bundan başladı. Amma dərhal bunu etmədilər. Sanki bir məqam axtarırdılar. Sonda aprel ayında Gəncədə Rəsulzadənin büstünün üzərinə çuval keçirilməsi ilə bağlı bir status yazdım. Orda yazdım ki, imkan varsa insanların beyninə də bir çuval keçirin, ümumiyyətlə, Rəsulzadə haqda düşünməsinlər. Nə oldusa, bu statusdan sonra oldu. Telekanallar bir-bir zəng edib «verilişə gəlmə» dedilər. Hətta «Lider» telekanalında məni binadan bayıra çıxardılar, «belə tapşırıq verilib»- dedilər.

- Yəni vətəndaş mövqeyi ortaya qoyduğunuza görə belə bir halla qarşılaşdınız?

- Eynən.

- Sizcə, vətəndaş mövqeyi ortaya qoyan bir insana, bir sənətçiyə niyə belə münasibət göstərilsin ki?

- Mən bunu müsahibələrimdən birində demişdim. Təkrar olsa da, yenə deyəcəyəm. Azərbaycanda nəinki incəsənət adamları, hətta bir çox insanlar Mirzə Ələkbər Sabirin personajı mövqeyindədirlər. Yəni «mən tox olum, özgələrlə nədir karım» məsələsi. Xüsusən də belələri incəsənət adamlarının arasında daha çoxdur. İncəsənət adamlarının çoxu sovet adamlarıdır və onların beynindən o kommunizm ab-havası çıxmayıb. O dövrü yaşayanlar bilər. «Lenin baba sağ olsun», mədhiyyələr və s. Bunların da beynində belə qalıb ki, mütləq dövlət adamlarını tərifləmək lazımdır. Hətta tərifləmək də bir yana qalsın, yaltaqlanmaq lazımdır. Nə qədər iyrənc səslənsə də, bu gün bizim incəsənət adamlarının 90 faizi, hətta deyərdim 99 faizi o gündədirlər. Yəni ad almaq, ev almaq, kiminsə xoşuna gəlmək, kiminsə bahalı məclislərinə getmək və s. və i.a. Bunu da bir nəfər, iki nəfər etməyəndə gözə görünür. Artıq ağ qarğa olursan. Səni daha tez görürlər. Yəni «bir dəqiqə dayan, xeyir ola, sən bu qədər adamdan çox ağıllısan? Bu qədər adam bunu edir, sən niyə etmirsən ki?». Səbəb budur. Yəni təriflə ad verək, təriflə ev verək. Saray müğənnisi ol.

- Qismət bəy, dediniz ki, Rəsulzadə ilə bağlı apreldə yazdığınız statusdan sonra sizə qadağalar qoyuldu. Maraqlıdır, siz bundan əvvəl də vətəndaş mövqeyi ortaya qoyurdunuz, yoxsa susurdunuz?

- Əslində susmurdum. Məni tanıyan dostlarım, yaxınlarım bilir ki, olduğumuz məclisdə, getdiyimiz kütləvi yerlərdə, toylarda - yəni xalqın içində olanda istər siyasət, istər dini və ya başqa mövzu olubsa, vətəndaş mövqeyimi ortaya qoymuşam. Yəni nə düşünürdümsə, bunu deyirdim. Sadəcə, həmin vaxtlar mən Facebook-un fəal istifadəçisi deyildim. Amma gördüm ki, mitinqlər oradan təşkil olunur, Facebook vasitəsilə insanlara çağırışlar edilir və insanlar buna reaksiya verirlər, onda anladım ki, deməli, burda auditoriyaya səslənmək mümkündür. Burda insanlar səni eşidə bilərlər. Azərbaycan telekanallarında bunu etmiş olsan, ən yaxşı halda səsini kəsəcəklər. Bilirsiniz ki, verilişlər 5-10 dəqiqə gecikmə ilə gedir efirə. Ən pis halda verilişdən çıxaracaqlar və qadağa qoyacaqlar. Mən müğənniyəm, siyasətçi deyiləm. Uzun müddət istədim ki, təvazökarlıqdan uzaq olsa da, bu bayağı musiqilərin içində tərzimlə, danışığımla, mədəniyyətimlə nümunə olum, sonda vəziyyət o dərəcəyə gəldi çıxdı ki, artıq mənə də toxundular. Zatən o düşüncəli adam deyiləm ki, «mənə toxunmayan ilan yüz yaşasın».

- Amma yəqin təxmin edirdiniz ki, siz bunları desəniz, sizə toxunacaqlar?

- Nəsimi də o vaxt bilirdi, Giordano Bruno da bilirdi. Adını saya biləcəyimiz neçə-neçə insanlar hamısı bilirdi. Bu, bizim susmağımıza əsas vermir axı. Kimsə bunu deməlidir. Məsələ burasındadır ki, mənim dediyim sözlər o qədər də kəskin deyildi. Ölkədə adamlar var ki, daha kəskin danışır. Misallar deyə bilərəm. Hətta bizim sənət adamlarının içərisində də var. Yəni mən heç onların dediyi qədərini deməmişdim. Amma bundan sonra deməyə qərarlıyam.

- Amma deyənlərin bir çoxu təqib olunur, onların üzünə bütün qapılar bağlı olur, hətta deyənləri bəzən həbs edirlər. Belə faktlar var. Azərbaycanda siyasi və vicdan məhbusları var. Bütün bunları gözə almısınızmı?

- Türklərin yaxşı bir sözü var, deyirlər: «dəmirdən qorxsaydıq, qatara minməzdik». Yəni bu yola girmişiksə, bunun hər cür neqativ halını da gözə almaq zorundayıq. O ki qaldı təqibə, həbslərə, dünya genişdir. Azərbaycanda yaşamamaq da olar. Başqa yerlərdən də biz sözümüzü deyə bilərik...

- Hazırda Almaniyadasınız. Bu günlərdə sizin haqda bəzi şayiələr də yayılıb. Təzyiqlərə məruz qaldığınız və ölkəni tərk etdiyiniz deyilir. Doğrudurmu?

- Yox, bu, doğru deyil. Mənim Almaniyaya gəlməkdə məqsədim ailəmin səhhəti ilə bağlıdır. Ona görə hazırda burdayıq. Amma burda olduğum müddətdə hər hansı bir təqib və ya təhdidlə üzləşsəm, təbii ki, geri qayıtmaya da bilərəm. Belə bir imkan da var...

- Sizcə, hakimiyyətin Rəsulzadə qısqanclığı nəyə görədir?

- Azərbaycanda kommunist hakimiyyəti bitib. Rəsmi şəkildə bitib. Amma hakimiyyətdə oturanlar kommunist düşüncəli insanlardır. Onlara mütləq bir «baba» obrazı lazımdır. Necə ki sovetlər dönəmində bunu edirdilər. İndi də sadəcə babanın adı dəyişib. Baba obrazı yerində qalıb. Bu baba da onlar üçün Rəsulzadə ola bilməz. Çünki Rəsulzadə olsa, artıq digər baba kölgədə qalmış olur. Ona görə də Rəsulzadəni hər bir vəchlə unutdurmağa çalışırlar. Baxmayaraq ki, prezident İlham Əliyevin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı qərarı var idi. Həmin vaxt İctimai Televiziyada «Ekspromt» adlı apardığım verilişdə mənə onun ad gününü təbrik etməyə icazə vermədilər. Hətta dedilər ki, sən bunu etsən, biz yayımı dayandıracağıq. Sonra da mayın 10-u ərəfəsində, adı «Gül bayramı» olan Heydər Əliyevin doğum günü yaxınlaşanda mənə dedilər ki, bu barədə veriliş olacaq. Mən də onda dedim ki, onda bu veriliş də olmayacaq. Onda da mənim verilişimi bağladılar. Sanki uşaq oyunu oynayırlar. Siyasət, məncə, ciddi bir şey olmalıdır. Siyasətin bu dərəcədə cılızlaşdığını mən ancaq Azərbaycanda görürəm...

- Efir qadağası ilə üzləşən ilk və tək müğənni siz deyilsiniz. Vaxtı ilə siyasi mövqeyinə görə Flora Kərimova, Akif İslamzadə bu qadağa ilə üzləşib. Hazırda Xalq artisti Nazpəri Dostəliyevaya da efir verilmir. Məlumatınız var yəqin ki?

- Nazpəri xanıma qadağa, məncə, İsa Qəmbərin oğlunun toyunda oxuduğu üçün qoyulub. Məncə, burda heç bir Rəsulzadə, Müsavat və yaxud digər faktorlardan söhbət gedə bilməz. Sadəcə, sırf bir şəxsi təşəbbüs olub. Və həmin təşəbbüsün qarşılığında da ona qadağa qoyublar. Sən niyə onun oğlunun toyunda oxumusan? Məsələ budur. Azərbaycan telekanalları cahil bir toplum formalaşdırmaqdadır hazırda. Bu, çox acınacaqlı bir şeydir. Bizdən sonra gələn nəslin necə yaşayacağı çox acınacaqlıdır. Tarixindən xəbərsiz, milli etnik kimliyindən xəbərsiz bir toplum formalaşır. Mən müğənniyəm. Mənim 5 min, 10 min tamaşaçım var. O tamaşaçıların 500-nə, 1000-nə, lap 50-sinə bir şey çatdıra bilsəm, kiminsə beynində bir toxum səpilsə, o da bir xeyirdir. Yəni bizim borcumuz bacardığımız qədər danışmaqdır. Məsələlər danışdıqca çözülür, susduqca yox.

- Bu yaxınlarda Rəsulzadə adı ilə bağlı bir qalmaqal yaşandı. Düzdür, bu qalmaqalı yaradan deputat sonradan bu sözləri demədiyini bildirdi. Amma nəticədə qınaqlara görə Gəncədə xeyli müddətdir başına çuval keçirilərək saxlanan Rəsulzadə abidəsinin başından həmin çuval çıxarıldı. Bu hadisəyə münasibətiniz maraqlı olardı.

- Mən bu barədə öz Facebook səhifəmdə yazmışdım. Əslində bu məsələdə həmin məsələni ortaya çıxaran mətbu orqanının rəhbərinin obyektiv olacağına bir qədər şübhəm var. Məlum səbəblərdən. Amma əgər o adam həqiqətən o sözü deyibsə (deməyibsə, tamam, ona bir sözümüz yox), bu, sadəcə hökumətin Rəsulzadəni sevənlərə göstərdiyi bir şou idi. Əvvəlcə hökumətin demək istədiyini onun adı ilə dedilər. O adamın ağzı ilə dedilər. Ondan sonra «alın, çuvalı götürdük, sevinin»- dedilər. Görün biz nə gündəyik ki, bir çuvalın götürülməsinə sevinirik. Bu, hansı durumdur? Biz necə acınacaqlı haldayıq. Mən özümə çox acıdım, sözün doğrusu. Həmin deputatın Rəsulzadə haqda bu fikirləri yayılandan sonra YAP-çılar dedilər ki, bu, onun şəxsi mövqeyidir. Mən statusumda da yazmışdım ki, bu iş Heydər Əliyev haqqında, onun abidəsi haqqında deyilsəydi, Heydər Əliyev haqqında belə bir şəxsi mövqe ortaya qoyulsaydı, həmin adamları nə gözləyirdi? Həmin adamlar həbs olunacaqdır. Bu məsələyə necə bu qədər tolerant qala bilərdilər? Əslində çox acınacaqlı durumdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG