Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:00

Nədir məndəki bu əbədi hüzn...


Şakir Xanhüseyn
Şakir Xanhüseyn

-

"Bəzən düşünürəm

dərdim mirasdı-

nəsildən-nəslə keçən miras,

bu gün mən ona sahiblənmişəm..."

Şakir Xanhüseynli

KÖK

Bir dağ zirvəsinə işləyən köküm

həm də yerin təkinə gedir...

çoxdu köklərim-

arzu-bir kök,

ümid biri,

sevgi digəri...

kökümüz su içir

ən gur alovdan,

ən iti yanan oddan da...

evimin divar daşına,

qapımın dəmir cəftəsinə,

hətta

pəncərədən içəri süzülən gün şüasına

işləyən köküm...

saçaq-saçaq köklərim-

bir palıd kökü,

bir zanbaq kökü,

bir sünbül kökü...

ayı, ulduzları, günəşi göydə saxlayan köklər var yəqin...

isti bir salama uzanan əlim,

əyilən başım,

haqq deyə çarpan ürəyim-

bunlar da köküm...

atəşdə bir köküm,suda bir köküm,

atəş də bir köküm,su da bir köküm...

torpağa kök atmaq deyirəm ha,

elə bu torpaq ana köküm-

kökümdən kök ayrılır,

gövdə ayrılır,

budaq ayrılır...

insan

özü özünün köküdü həm də

və görürəm... yazı masam-

mən ona da kök atmışam...

NECƏ OLUR...

Hərdən

boş-boşuna

xəyallar quranda da

dizimə, qoluma güc yığılır...

Necə olur,

çiynimə heç yük almadan

cavabdehliyini daşıyıram ağır bir yükün...

Bir atəşböcəyinin

mənə verdiyi işıq ümidindən

güc aldığım var...

Əyilib yerdən götürdüyüm bir ovuc torpaq

bir ovuc... gücdü-çoxdan çox...

Necə olur,

bir çaya

baxa-baxa

ürəyimə sanki güc axır,

üstümə düşüb bədənimdə gücə çevrilir

gün işığı

və bütün bunların içində

gücsüzlüyüm-

bu, necə olur...

HƏR GÜN...

Hər gün-səhər,axşam

süfrəmdə sözünüz olur, dostlar,

özünüz olmasanız da...

bəzən şeirin ətri uzaqdan vurur məni,

günlərlə dadlı bir misra

ya bir bənd fikrimdə dolanır-

sanki daşlar

daş-qaşa çevrilir ayağım altda;

bu zənginlik,

bu var-dövlət içində

kimsə kasıblığın daşını ata bilmir amma...

hər şeyə rəğmən

məhrəm duyğuların

ruhumda boy verməsi çox gözəl...

süfrəm bu halallığa,

sevgiyə,

ilgiyə həmişə açıq,

öz tamı,qoxusu olan kəlmələr

doyumsuzluq yaradır-

haçan bu süfrədən doyub qalxdım,

nə vaxt daha bəs dedim-

burda əbədi sürən bir zövq,şövq var,əlbəttə...

ya bəlkə

əsl toxluq budu ki,

daim sözə ac olursan, hə?..

ARZULAR üzərinə bir şeir...

Mənim arzularım vardı

köhnə evimizin taxta rəfində yan-yana

düzülmüş kimi sanki

ən çox da

rəfin bir küncündə üst-üstə yığılmış nağıl, dastan kitablarının

arasında sanki...

rəfdə nizamla, səliqəylə yerləşdirilmiş

çini kasaların, dəmir dərinkələrin içində sanki...

xəfə yerlərdə-

şalban diblərində hörümçək toruna düşmüştək sanki

heç vaxt o torlardan qurtarmayıblar sanki..

ÇİYİN-ÇİYİNƏ...

Baxsan, sözlərimiz çiyin-çiyinə,

sanıram fikirlərimiz də çiyin-çiyinədir,

düşüncələrimiz də...

Üzlərimiz... çiyin-çiyinə gülür,

gözlərimiz də...

barmaqlarımız... çiyin-çiyinə verib yumruqlaşır...

ürəklərimiz daha inamla vurur,

ümidlərimiz doğrulur çiyin-çiyinə...

bir xəyal et beyinlərimiz də... çiyin-çiyinədir,

elə çiyinlərimiz də

nə gözəldi

ayaqlarımız yol gedirsə... çiyin-çiyinə,

qoy salama uzansın

əllərimiz də... çiyin-çiyinə...

***

Yol, bir söz de, mən bir yol axtarıram...

Torpaq, bir söz de altından, üstün heç...

And verirəm bərkliyinə, daş, bir söz de...

Su, bir söz de, bax canımdakı yanğıya...

Bir söz de, od; niyə buz kimi olmusan e?..

AYAQ ÜSTƏ...

Bəlkə elə ayaq üstə keçməli ömrümüz-

oturmağımız da ayaq üstə,

dincəlməyimiz də...

Dizlərimiz üstə iməkləsək belə,

ayaq üstə görünməliyik hər kəsə...

Əllərimiz də... ayaq üstə olmalı,

ayaqlarımız da...

Hətta vurmasında ürəyimizin

ayaqüstəliyi anlaşılmalı...

İşimizi ayaq üstə tutmalı...

Daim ağaclartək ayaq üstündə,

axı,

gözünü qırpmadan iti-iti baltalar baxır

bizə də...

İlk və son sözü ayaq üstə deməli,

ayaq üstə dinləməliyik...

Ayaq üstə gəzənləri də

ayağa qaldırmalıyıq,bəli...

***

daralmış ən geniş yerlər və

çürümüş iplərdən sallanır kimi həyatlar...

sıyrılmış qılıncların qabağına duz-çörəklə,

şeirlə çıxdım gördüm başımı ayaqlar altında...

gərilmiş əsəbimin cərəyanından uğuldayır, bax, sətirlərim də...

...bu

zir-zibilin içində

qiymətli bir şey yoxmu,

məsələn, həmişə ələgəlməz bir şey-

bir sevinc qırıntısı,

bir xoş gündən bir parça,

bir əlcə kifsimiş ümid,

ya da

kiminsə üzündən düşüb qalmış

bir təbəssüm tikəsi,

olmazmı yəni...

BİR İKİ...

1

fikirlərim, səs salmayın,qoy bir az yatım

beynimdə təbil çalırsınız e, sağolmuşlar...

2

adamın da... divarı çat verir,

tavanı yatır, döşəməsi çökür -

bəzən adam da bir xarabalığa dönür...

***

Boğulmamaq üçün

dərinləşməliyik-

suda da

torpaq yoldakı kimi addımlamalıyıq hətta...

varıqsa, bir şeylərə bir qatqımız olmalı,

nəsə artmalı bu dünyada-

yahu, bir ağac çoxalmalı,

görünməli ki,

yollara bir iz düşüb yepyeni...

düşün hər gələn

dünyanı bir az da genişləndirməli,

uçurumların ağzına

bir tikiş atmalı,

yaratmalı...

göy üzündə

təzə bir ulduz sayrışmasıtək

duyulmalı fərqli bir hava gəlmiş

bir gözəl şeir,ya bir bəstə şəklində ən azı...

ŞEİRƏ şeir...

Otağımı

havalandırıram şeirlə,

otağımın sərinliyi,

istisi-soyuğu,

bütün acılarımın şirinliyi

şeirdən...

şərdən şeirlə qurtarıram özümü...

...ey həyatımı rəngləndirən sözlər,

baxıram, tavan göyüzüdü,

döşəmə yerüzü

və yerüzü boyda birotaqlı evim...

***

Mürəkkəblikdən yoruldum,

bir az da sadəlik - qoy lap bəsitlik desinlər-

yavanlığım olsun...

Qaçıram çoxüzlülük kimi

çoxqatlılıqdan-

eh, bu çoxsəslilik,

çoxrənglilik,

nə bilim, daha nə...

Başını qaldır bir, filosof şair,

qartalın deyil,

bir kəpənəyin

uçuşuna dal,

uçanlardan ucadakı sürünənləri də gör-

ey xəyalpərvər,

məlum,

sənə yerdən göy yaxındı, göy...

MİRAS

Ocağım - odum mirasdı...

Gün işığı sanki

ilahi mirastək gəlib çatır bizə...

Bəzən düşünürəm

dərdim mirasdı-

nəsildən-nəsilə keçən miras,

bu gün mən ona sahiblənmişəm...

Yunus Əmrənin salamı,

Şəms Təbrizinin kəlamları mirasım,

Mirasımız;

bu mirasların yeri könüllərdir,

yaddaşlardır,

düşünən başlardır...

ey qələm, yaz:

Nəsiminin dözümü,

İnadı,

hər axşam üfüqdə s a r a l a n günəş-miras

və hamımıza yetəcək qədər

sevinc, kədər...

Xəyanətləri,

şəri,

hər cür pisliyi də

miras bilənlər var-

yox,var sayılmaz onlar...

əsrlərdən bəri

insan üzündə gələn təbəssüm,

gözlərdəki sevgi nuru,

sədaqət, inam, etibar-

Gör, nələrin varisiyəm,

Gör, nələr mirasımdı-

ömür boyu bəhrələndiyim miraslar!..

BİR ÜÇÜNCÜ ŞƏXSİN şeiri

mən bu küçələrdə

öz ayaqlarımla

özgə ayaq izləri üstə gəzib-dolaşıram

vallah elə bilirəm

sadəcə əl-ayağa dolaşıram

mən bu yollardan deyil də

sanki haqdan keçirəm

əlimi buzlu suya salmıram

yandırar

bir doğruçudan qaçıram ki

məni daha bir yalanına inandırar

baxıram

hər yerdə ağıla gəlməyən

amma başa gələnlər

və gözümü açıb onu da görürəm ki

mən bir k o r a m

***

Qəlbinin bir guşəsində

bir damcı, bir damlacıq sevgi qalıbmı;

ona bağlan,

ona kök at ağac torpağa kök atar kimi-

iki daş arasında göyərəcəksən,

görəcəksən...

Bütün

pis bildiklərinin əksini düşün-

yaxşını düşün yəni...

Gözün hara baxır-

Öndən bəla gəlir,arxadan yox,

Bəzən gündən üşüyürsən, şaxtadan yox...

Tanıyırsan özünü?

Barı, bir ayağının yerini edə bilirsənmi

bu geniş yollarda? ...

tikan batan bir barmağın qanı da

yuxunu qaçırır,qarışdırır,

qardaşım,

adaşım,

özüm heyy...

***

Səni and verirəm ucalığına, dağ,

əlçatmazlığına,

ətəyindən üzülməyən dumana,

çisəkləyən çənə,

başında günəşi

xonçatək tuta bilməyinə,

başın üstə çaxan şimşəklərə and verirəm,

bir də vıy-vıy əsən küləklərə,

səni and verirəm

xırda-xınalı daşlarına,

daşlarından keçmişin silinməyən izinə,

o daşların çopur üzünə and verirəm,

and verirəm yamacına, yalına,

dar cığırlarına,

yekəağız kahalarına and verirəm,

and verirəm dağlığına,

qoyun-quzunun

daşları çıqqıldadan göyçək dırnağına,

ayağına

dərin dərələri geyinmisən-

onlara andım olsun,

nədir məndəki bu əbədi hüzn-

həmişə qəlbimin qanıyla doludu ovcum...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG