Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:13

-

"O hekayənin polyak dilinə çevrilməsini, Polşada yayımlanmasını çox istəyirəm. Amma bir şərtlə, mümkünsə, hekayə haqda yavaş səslə danışın. Axı Kaçinskinin anası hələ də oğlunun öldüyünü bilmir..."

Azad Qaradərəli

İMTİNA

(Bəzən imtina uğur gətirsə də - məsələn, məddahlıqdan imtina - demokratiyadan imtina xalqın faciəsinə səbəb olur)

İosif Stalin

İosif Stalin

Mən və mənim nəslim Stalinin xofundan təzəcə çıxmaqda olan, amma hələ də o nostalji ilə havalı gəzən insanların tərbiyəsində böyümüşük.

Məsələn, anam xatırlayırdı ki, mən doğulan gecənin səhəri (5 mart 1954) qatarlar uzun-uzadı fit verirmiş – Stalinin ölümünün ildönümüymüş. Hələ bəlkə onun xiffətini çəkib ağlayanlar da varmış - bir il keçməsinə baxmayaraq!

- Xanqulu, kənddə nə var, nə yox? – Bunu İzzət dayı qəsəbəyə gələn yetim kəndçimizdən soruşub. Bu da qayıdıb ki: - Deyirlər, Stalin ölüb.

Kişi acıqlanır:

- Kim deyir, ə?

Xanqulu özünü itirir, söz tapmır, kəndin ən qorxmaz qadınının – nənəmin adını verir: “İzafa mamam deyirdi...”

Axşam İzzət dayı bizə gəlib əmisi qızını - nənəmi danlayır. O da and-aman edir ki, belə söz danışmayıb.

Həmin söhbətin axşamı İzzət dayının radiosundan Levitan kədərli səslə haray çəkərək, Stalinin ölüm xəbərini bildirir. Nənəm danışırdı ki, pencər yeməkdən ağızları yara tökmüş uşaqlar – Xanqulunun tay-tuşları bir ağlaşırdılar ki, elə bil ataları müharibədə təzədən ölmüşdü...

Nikita Xruşov və sağda ailəsi

Nikita Xruşov və sağda ailəsi

Xruşşov dönəmi qısa çəkdi. Xalq buna hazır deyildi.

Təzəcə aclıqdan çıxmaq istəyən ölkə qarğıdalıya möhtac olmağını və çox hava verilməsini sinirə bilmədi.

Havasızlığa öyrəşmiş xalqa bol hava boğucu təsir bağışladı.

Stalindən yumşaq, Xruşşovdan sərt adam lazım idi – Brejnyev belə tapıldı...

Liviyaın keçmiş lideri Muammar Qaddafi (ortada), Leonid Brezhnev, Moskva, 1976

Liviyaın keçmiş lideri Muammar Qaddafi (ortada), Leonid Brezhnev, Moskva, 1976

O öləndə məktəbin həmkarlar təşkilatının sədri kimi müəllim və şagird kollektivinin yığıncağını mən açmalı oldum.

Elə iki kəlmə demişdim ki, arxadan kimsə dedi:

“Əşşi, yazığın canı qurtrdı – o qədər ora-bura sürüyürdülər ki...”

Bir ayrı səs: “Azərbaycanı Əfqanıstanla dəyişik salmadımı?” Sərin gülüşmə oldu. Xalq öz rəhbərini lətifələrlə yola salırdı bu dəfə. “Bir dəfə Brejnyev gəlir Bakıya...”

Elçibəy gerçəkdən bir demokrat idi. Fəqət bizim xalq o demokratiyanı həzm edə bilmədi: “İclasda siqaret çəkir...”, “Lçibəy-Keçibəy...”, “Yan-yörəsi onu saymır...”, “Biz qılınc müsəlmanıq, Elçibəydən bizə rəhbər olmaz...” Xof camaatın canından tüstüsü sönmək üzrə olan ocaqdan çıxan kimi çıxırdı.

Arzu olunanlar oldu da... Ağrılı, amma şərəfli müstəqillik illəri...

Sonra içimizdən heç cür keçib getməyən keçid dövrü...

Amma 1990-cı illərin o romantik, gözütox, qorxmaz, mərd xalqı indi bazarlarda sürünür, bankların girovuna çevrilir, acından günorta durur.

Sən bir şeyi dilinlə istəməsən, yetər ki, könlündən keçirəsən, onu sənə verəcəklər. Biz istədiyimizi almışıq. Ona görə baş-ayaq atmağın heç yeri deyil...

...İki Koreya var: Şimali və Cənubi Koreya. Cənubi Koreyada hamı elmlə, yaradıcılıqla, qurub-yaratmaqla məşquldur. Şimalda isə öz topal prezidentlərinin dalınca düşüb ona diframbalar oxumaqla. Bu əbləh də onların onu həqiqətən sevdiyinə inanıb taytıya-taytıya qarşılarında şəstlə gəzir, əl sallayır.

Cənubda camaat toxdur, çünki elm, texnika inkişaf edib.

Şimalda camaat acdır, amma atom bombası var!

İki Koreya var, elə iki də koreyalı var! Hə, idarəçilik millətin genini belə dəyişə bilər! Bu gün Şimaldakı xalq, əsla cənubdakının eyni deyil. Şimaldakı bu marionetkaları dəyişmək, insana çevirmək üçün illər yox, bəlkə əsirlər lazım gələcək...

...Bu yaxınlarda bir yazı oxuyub xeyli pərişan oldum: Polşada senzura qayıdır!

Lex Valensiyanın, Kaçinskinin Polşası indi diktaturaya meyillənib.

...Mərhum Polşa prezidenti Lev Kaçinski təyyarə qəzasında şəhid olandan sonra (hərçənd, mən bunu qəza deyil, qətl hesab edirəm) onun xatirəsinə bir hekayə yazdım. “Sonuncu kibrit çöpü” adlanan həmin hekayə öz bədbəxtliyimizlə (torpaqlarımızın işğalı) Polşanın bədbəxtliyinin sintezi kimi işlənmişdi.

Bir az sonra eşitdim ki, AYB-la (Azərbaycan Yazıçılar Birliyi -red.) Polşa səfirliyi birgə “Polşa haqqında hekayələr” adlı müsabiqə keçiriləcək.

Dostların istəyi ilə həmin hekayəni o müsabiqəyə təqdim etdim. (AYB-a görə vermək istəmirdim, Polşa səfirliyinin adı olduğu üçün ürəkləndim – bu barədə ayrıca məqalə ilə çıxış etdiyim üçün qısa keçirəm.)

Müsabiqə oldu da, bitdi də, mənə "xala xətrin qalmasın" bir diplom verdilıər də.

Amma... məsələ ayrı cürəymiş.

Lech Kaczynski (Kaçinski)

Lech Kaczynski (Kaçinski)

​Polşayla əlaqələri olan, səfirliyin köhnə personalıyla daha çox ünsiyyət saxlayan bir ədəbiyyatçı xanım mənə pıçıldadı ki, Polşanın indiki rəhbərliyi mərhum Kaçinskiyə və onun apardığı milli marağa söykənən işlərə sıcaq baxmır, bəlkə də pis baxır...

Mən də gör kimdən nə umurmuşam: hekayəm polyak dilinə çevrilsin, Kaçinskiyə, onun özünün və məsləkdaşlarının müəmmalı şəhid olmasına bizim də acıdığımızı polyaklar bilsinlər. (Dərd adamları yaxınlaşdırır axı: eynilə, bizim də başımıza gəlmədimi vertolyot qəzası?!)

... Polşanın yeni mədəniyyət naziri ölkəsinin aparıcı teatrlarından birinə Nobel mükafatlı yazıçının pyesini səhnələşdirməyi qadağan etməyə çalışır, o, bu haqda qərar imzalayıb.Nazir deyib: “Xalqın pulu pornoqrafiyanı maliyyələşdirmək üçün subsidiya kimi istifadə oluna bilməz.” Söhbət Nobel mükafatlı Avstriya yazıçısı, bir çox azərbaycanlı oxucuların “Pianist” filminin ssenari müəllifi kimi tanıdığı Elfriede Jelinek'in əsərindən gedir. Mədəniyyət naziri Piotr Gliński həm də mühafizəkarların "Hüquq və Ədalət" hökumətində baş nazirin müavini olduğundan, liberal vətəndaş hərəkatları onun bu qərarını Polşanın senzura dövrünə qayıtması kimi şərh edirlər... (Azadlıq Radiosu)

Rusiyanın Varşavadakı səfirliyi qarşısında nümayiş. Xalq müəmmalı qəzanı aydınlaşdırmağı tələb edir, 2013

Rusiyanın Varşavadakı səfirliyi qarşısında nümayiş. Xalq müəmmalı qəzanı aydınlaşdırmağı tələb edir, 2013

Hekayə rus dilinə çevrildi, rusca bu ədəbiyyat saytına yerləşdirildi, Anadolu türkcəsinə də çevirilməkdədir, yəqin ki, tezliklə oradakı saytlarda yayımlanacaq. İngiliscəyə də çevrilib.

Amma inanın ki, ürəyimdə bir kədər nöqtəsi hələ də qalıb, hərdən ürəyin özü kimi yumulub-açılır:

o hekayənin polyak dilinə çevrilməsini, Polşada yayımlanmasını çox istəyirəm.

Amma bir şərtlə, mümkünsə, bu hekayə haqda yavaş səslə danışın. Axı Kaçinskinin anası hələ də oğlunun öldüyünü bilmir – Rafiq Tağının anası kimi...

S.A. (Söz Ardı)

Kaçinskinin anasını (elə bütün polyak analarını da) oğlunun ölümündən daha çox yandıracaq bir hal da var, əfsus ki: Polşada kaçinskilərin yolundan imtina edilməkdədir.

Bəzən imtina uğur gətirsə də - məsələn, yaltaqlıqdan imtina - demokratiyadan imtina xalqın faciəsinə səbəb olur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG