Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:41

Cəvahirləl Nehrunun qızı İndira Qandiyə məktubları


Jawaharlal Nehru (1889 – 1964)

Jawaharlal Nehru (1889 – 1964)

-

Hindistanın milli-azadlıq hərəkatının liderlərindən biri, müstəqil Hindistanın birinci dövlət başçısı olmuş Cəvahirləl Nehru öz yurdunun milli istiqlaliyyətinə qovuşması yolunda çox ağır mübarizə sınaqlarından keçib.

Cəvahirləl Nehrunun qızı İndira Qandi də atasının yolunu davam elətdirib, uzun illər Hindistanın dövlət başçısı olaraq onun inkişafı üçün böyük işlər görüb.

İndira Qandinin yeniyetmə olduğu 1930-33 cü illərdə, dustaqlıqda olan Nehru qızının yetkin bir insan və vətəndaş kimi böyüməsinin qayğısına da qalıb, dünyagörüşünün formalaşması üçün ona ardıcıl məktublar yazıb, dünya tarixinin keçmişdən bugünə yolunu incələməyə, onun başlıca hadisələrini və tərəqqiyə aparan yolunu anlatmağa çalışıb.

Nehrunun o illərdə qızına yazdığı məktublar sonradan “Ümumdünya tarixinə baxış” adı ilə qalın və oxunaqlı bir kitaba çevrilərək çap olunub. Bugünümüz üçün də aktuallığını itirməmiş bu əsərdən bir parçanı OxuZalının oxucularına çatdırıram.

Araz Gündüz

Cəvahirləl NEHRU

ÜMÜMDÜNYA TARİXİNƏ BAXIŞ

(əsərdən bir parça)

1. YENİ İL SOVQATI

1931-ci ilin Yeni il günü

İki il öncə, sənin Massuridə, mənim isə Allahabadda olduğumuz çağlarda sənə yazdığım məktubları xatırlayırsanmı?

Indira Gandhi

Indira Gandhi

Dediyinə görə, o məktubları çox bəyənmişdin və mən o günləri çox tez-tez xatırlayıb düşünürdüm:

yoxsa, sənə o cür məktublar yazmağı və yaşadığımız dünyanı sənə tanıtmağı davam eləsəm yaxşıdır.

Ancaq sonradan bu fikrimdən daşındım. Tarix kitablarında yazılanları oxuyub dünyanın keçmişi ilə bağlı və o uzaq ilərdə yaşayaraq çox böyük işlər görmüş adlı-sanlı kişilər və qadınlar haqqında düşüncələrə dalmaq çox maraqlıdır.

Tarixi oxuyub öyrənmək yaxşıdır, ancaq tarixin yaranmasına yardımçı olmaq bundan qat-qat maraqlı və cəlbedicidir.

Sən bunu yaxşı bilirsən, bugün bizim ölkəmizdə də, böyük bir tarix yaranmaqdadır. Hindistanın tarixi çox-çox uzaq keçmişlərə gedib çıxır, bu tarix əski çağların dumanlığında gözdən itir.

Ancaq bugün bizim keçmişlə bağlı düşüncələrə dalmaq üçün boş vaxtımız yoxdur.

Onun tarixində bizi qüssələndirən və utandıran, olduqca kədərli və pis günlər də olmuşdur, ancaq bütövlükdə götürəndə Hindistanın çox parlaq bir tarixi keçmişi olub və bizim bu keçmişlə öyünməyə, onu sayğı ilə anmağa haqqımız var. Ancaq bugün bizim keçmişlə bağlı düşüncələrə dalmaq üçün boş vaxtımız yoxdur.

Bizim ağlımız büsbütün gələcəklə məşğuldur – qurmaq istədiyimiz gözəl bir gələcəklə, – və bugün görməli olduğumuz işlər bizim bütün vaxtımızı və gücümüzü əlimizdən almaqdadır.

Mənim indi olduğum Naini qazamatında istədiklərimi oxumaq və yazmaq üçün yetərincə vaxtım olub. Ancaq düşüncələrim dayanmadan məni uzaqlara çəkib aparır, mən ara vermədən, qazamat divarlarının dışında gedən o böyük savaşla, başqalarının gördüyü o işlərlə bağlı düşünüb-daşınır, özümün orada olsam hansı işləri görə biləcəyimlə bağlı xəyallara dalıram.

Bugün və gələcəklə bağlı düşüncələr məni büsbütün qapladığından keçmiş haqqında düşünmək belə, yadıma düşmür. Ancaq indi, bu anlarımda belə eləməkdə haqlı olmadığımı anlayıram. Azadlıqda olanların gördükləri işlərə qoşula bilmirəmsə, buna görə özünü üzüb əldən salmağa dəyərmi?!

Ancaq, sözün düzü, yazmaqdan əl çəkməyimin gerçək səbəbi başqadır. Bu səbəbi sənin qulağına pıçıldayımmı?

Mən səni öyrətmək üçün yetərincə bilikli olduğuma şübhə eləməyə başlayıram!

Sən elə tez böyüyür, elə tez balaca bir müdrikə çevrilirsən, mənim məktəbdə, kollecdə və ondan sonra öyrəndiklərimin artıq səni qane eləməyəcəyini, ya da artıq köhnəldiyini düşünməyə başlamışam.

Hindistanda müxalifətçi Aung San Suu Kyi keçmiş baş nazir Jawaharlal Nehru'nun Yeni Dehlidəki məqbərəsinə gül səpir, 2012

Hindistanda müxalifətçi Aung San Suu Kyi keçmiş baş nazir Jawaharlal Nehru'nun Yeni Dehlidəki məqbərəsinə gül səpir, 2012

Biraz da keçəcək və sən özün müəllim rolunu üzərinə götürüb mənə çoxlu yenilikləri öyrətməyə başlayacaqsan!

Sənə keçən ad günündə yazdığım kimi, mən özümü: o, adamların başına ağıl qoyan, biliyinin çoxluğundan partlamasın deyə qurşağını bərk-bərk mis kəmərlə sıxan “çoxbilmiş müdrik” adama əsla oxşatmaq istəməzdim.

Massuridə olanda sənə dünya tarixinin ilkin çağları ilə bağlı yazmaq mənə çox asan gəlirdi, axı bizim o dönəmlə bağlı biliklərimiz çox dumanlı və qeyri-müəyyəndir.

Ancaq biz yavaş-yavaş o uzaq keçmişlərlə bağlı olan tarixdən aralandıqca, artıq gerçək bir tarix başlayır və insan özünün yer üzünün müxtəlif bölgələrinə aparan heyrətamiz yolunu keçməyə gəlib çıxır.

İnsanın bu, aradabir müdrikliklə, ancaq çox vaxt ağılsızlıq və anlamazlıqlarla dolu olan yolunu izləyə bilmək çox da asan deyildir. Kitabların yardımı ilə bu işi görməyə çalışmaq olar. Ancaq Naini qazamatında kitabxana yoxdur.

Ona görə də, özüm də istəmədən, dünya tarixinin biri-biri ilə sıx bağlı olan hadisələrini sənə yetərincə anlada bilməyəcəyimdən qorxuram. Oğlan və qızların yalnız bir ölkənin tarixini öyrənmələri mənim heç xoşuma gəlmir, özü də onların bu vaxt aldıqları biliklər də, hadisələrin baş vermə tarixlərini və bir sıra faktları az-azacıq öyrənməkdən ibarət olur.

Tarix ayrı-ayrı bölmələri biri-biri ilə qırılmaz tellərlə bağlı olan bir bütövlüyü təmsil eləyir və sən dünyanın başqa yerlərində nə baş verdiyini bilmədən hansısa ayrılıqda götürülmüş bir ölkənin tarixini də anlaya bilməzsən.

Yadında saxla, müxtəlif xalqlar arasındakı fərqlər heç də biz düşündüyümüz qədər böyük deyil.

Umarım, sən belə bir dar çərçivədə ilişib qalmaycaq, yalnız bir-iki ölkənin tarixini öyrənməklə yetinməyəcəksən, bütün dünyada baş verənləri tarixilik baxımından öyrənməyə çalışacaqsan.

Yadında saxla, müxtəlif xalqlar arasındakı fərqlər heç də biz düşündüyümüz qədər böyük deyil.

Xəritə və atlaslarda müxtəlif ölkələr ayrı-ayrı boyalarla rənglənmişlər. Sözsüz, ayrı-ayrı xalqlar biri-birindən fərqlənirlər, ancaq onların olduqca çoxlu xüsusiyyətləri biri-birinə oxşardır, bunu yadda saxlamaq və xəritədəki müxtəlif rənglərin səni mahiyyətdən uzaqlaşdırmasına yol verməmək çox önəmlidir.

Mən sənin üçün tarixi ürəyim istədiyi kimi yazmağı bacarmıram. Sən gərək başqa kitablar da oxuyasan. Ancaq mən zaman-zaman sənə keçmişlə, o çağlarda yaşamış və dünya səhnəsində böyük rol oynamış insanlarla bağlı düşündüklərimdən nələrisə yazacağam.

Bilmirəm, mənim məktublarım sənə maraqlı görünəcəkmi, onlar səndə tarixi öyrənmək həvəsi oyadacaqmı? Mən hətta bilmirəm, sən yazdığım bu məktubları haçan görəcəksən və ümumiyyətlə, onları görə biləcəksənmi?

Çox qəribədir, biz indi biri-birimizin lap yaxınlığındayıq, ancaq bununla yanaşı, biri-birimizdən necə də ayrılmışıq!

Massuridə sən məndən yüz kilometrlərlə uzaqda idin. Ancaq onda mənim sənə daha çox yazmaq imkanım vardı və haçan ürəyim səni bərk istəsəydi, qaçıb yanına gələ bilirdim.

Burada isə, biri-birimizə bu qədər yaxın olsaq da, Camna çayının ayrı-ayrı sahillərində yerləşsək də, Naini qazamatının bizi biri-birimizdən ayıran hündür divarları bir yerdə olmağımızı əngəlləyir.

Mənə burada iki həftədə yalnız bir dəfə sənə məktub yazmağa icazə verirlər, elə səndən də iki həftədə bir dəfə məktub ala bilərəm, habelə, iki həftədə bir dəfə iyirmi dəqiqəliyinə səninlə görüşməyimə icazə verirlər.

Öz savadını artıra bilmək üçün, aradabir, qazamatda oturmağa dəyərmiş. Xoşbəxtlikdən, indi bizim ölkəmizdə onminlərlə adam belə bir savadartırma kursunu keçməli olur.

Ancaq mənə elə gəlir, bu qoyulan məhdudiyyətlər bizim yararımıza işləyir.

Biz asanlıqla əldə elədiklərimizi çox az hallarda yetərincə dəyərlndirə bilirik və məndə belə bir inam yaranmağa başlayıb: öz savadını artıra bilmək üçün, aradabir, qazamatda oturmağa dəyərmiş.

Xoşbəxtlikdən, indi bizim ölkəmizdə onminlərlə adam belə bir savadartırma kursunu keçməli olur.

Bu məktublar sənə gəlib çatanda onları bəyənib-bəyənməyəcəyini demək çətindir. Ancaq mən özüm bu işdən həzz aldığım üçün bu məktubları yazmağa girişdim. Bu məktublar səni mənə yaxınlaşdırır və mənə elə gəlir, onları yazanda səninlə danışmış oluram.

Mən sənin haqqında çox tez-tez düşünürəm, ancaq bugün, demək olar, bütün düşüncələrim yalnız səninlə bağlı olub.

"Səhər açılandan sonra ananın da tutuqlanıb qazamata salındığı xəbərini gətirdilər. Bu, mənim üçün çox gözəl bir Yeni il sovqatı oldu."

Bugün Yeni il günüdür. Dan yeri söküləndə mən yatağımda uzanıb ulduzlara baxır və ötüb keçən bu böyük illə bağlı düşünürdüm, ömrünü başa vuran bu ildə yaşadığımız ümidləri, əzabları, sevincləri, görülən çox böyük işləri və göstərilən ağlasığmaz igidlikləri xatırlayırdım.

Bu anlarda, İeravde qazamatının dar bir hücrəsində oturub, özünün möcüzəli təması ilə ölkəmizə gənclik və enerji gətirən Bapudcini andım. Mən Dadunu1 və bir çox başqalarını da xatırladım. Ən çox da, ananla sənin barəndə düşünürdüm.

Səhər açılandan sonra ananın da tutuqlanıb qazamata salındığı xəbərini gətirdilər. Bu, mənim üçün çox gözəl bir Yeni il sovqatı oldu.

Onu burada çoxdan gözləyirdilər və mən ananın bu dustaqlığına görə özünü xoşbəxt sayıb, bundan razı qaldığına şübhə eləmirəm.

Ancaq çox güman sən indi özünü çox yalqız sanırsan. İndən belə sənin iki həftədən bir ananla, eləcə də, hər iki həftədən bir mənimlə görüşmək imkanın olacaq və bizə biri-birimizdən soraq gətirəcəksən.

Ancaq mən qələm və kağızı qarşımı qoyub daima sənin haqqında düşünəcəyəm. Bax belə anlarımda sən gözə görünmədən, səssizcə mənə yaxınlaşacaqsan və biz çoxlu şeylər barədə danışa biləcəyik.

Biz keçmişlə bağlı xəyallara dalacaq və gələcəyi bu keçmişlərdən qat-qat böyük eləyə bilməyin yollarını arayacağıq. Gəl, bu Yeni il günüdə səninlə belə bir iş görməyə razılaşaq:

bu yeni doğulan il qocalıb dünyadan köçənə kimi biz, gələcəklə bağlı işıqlı düşüncələrimizi öz gerçəkliyinə yaxınlaşdıracaq və bu ili Hindistanın tarixinə işıqlı bir səhifə kimi yazmağı bacaracağıq.

1 Nehru burada Dadu deyəndə, Hindistanın itiqlal savaşının ilk liderlərindən biri olmuş, atası pandit Motilal Nehrunu anır.

TARİXİN DƏRSLƏRİ

5 yanvar 1931-ci il

Sənə nə yazım, mənim əzizim? Nədən başlayım?

Keçmişlə bağlı düşünəndə gözlərimin qarşısından sayı bilinməz mənzərələr gəlib keçir, onlardan biriləri başqa birilərindən daha çox dayanıb dururlar:

Baş nazir Indira Gandhi ABŞ senatoru Edward Kennedy ilə, 1971

Baş nazir Indira Gandhi ABŞ senatoru Edward Kennedy ilə, 1971

bunlar mənim çox sevdiyim tarixi olaylardır və mən onların üzərində düşünməyə başlayır, az qala qeyri-şüuri olaraq, o uzaq keçmişdə baş verənləri bugünkü gerçəklərlə tutuşdurmağa başlayır və gəldiyim qənaətlərdən gələcəkdə görmək istədiyim işlər üçün dərs almaq, bu dərslərdən gəldiyim nəticələrə arxalanaraq, onların göstərdiyi yolla getməyə çalışmaq istəyirəm.

Ancaq bizim şüurumuzda biri-biri ilə əlaqəsi olmayan düşüncələrin və obrazların yaratdığı anlaşılmaz bir qarışıqlıq hökm sürür, elə bil, heç bir sistem və qayda gözlənilmədən divardan aslmış bir şəkil qalerayasına düşmüsən.

Ancaq ola bilsin, bunun belə olmasında yalnız elə biz günahkar deyilik. Sözsüz, bizim çoxumuz, öz düşüncələrində bu qarmaqarışıq olayları necəsə qaydaya sala bilərdi. Ancaq nə etməli, bu olaylar özləri, aradabir, hansısa bir sistemə uymayacaq dərəcədə heyrətamiz olurlar.

Yadıma gəlir, mən bir dəfə sənə öz məktubumda belə bir söz yazmışdım: tarixin öyrənilməsinin göstərdiyinə görə, dünya çox yavaş da olsa, ancaq qarşısıalınmaz bir şəkildə tərəqqi yolu ilə gedir, necə ilkin sadə canlılar özlərindən sonra yaranan daha mürəkkəb və inkişaf etmiş varlıqlar tərəfindən sıxışdırılırsa, insan da öz intellektinin gücü ilə dünyadakı bütün varlıqlardan daha üstün olmuş və onların üzərində ucala bilmişdir.

Elə tarixin predmeti də, insanlığın barbarlıqdan sivilizasiyaya doğru inkişafıdır.

Bir sıra məktublarımda mən insanlar arasında kooperasiyaların və ya birgə əməyin necə yarandığını göstərməyə çalışmışdım və bizim idealımızın da, birgə əmək əsasında ümumi fayda üçün çalışmaq olduğunu bununla yozmuşdum.

Ancaq, aradabir, dönüb tarixi keçmişin böyük dönəmlərinə baxanda bizim bu ideala azacıq da olsa yaxınlaşa bilməyimizə və bu yöndə yetərincə sivil və öncül olduğumuza inanmaq çox çətindir.

Bu gün bir insanın başqalarını istismar elədiyi, bir sıra xalqların və dövlətlərin öz eqoist maraqları üzrə başqa xalqların və dövlətlərin üzərinə basqın elədiyi və onları əzdiyi bir durumda, biz insanlar arasında əməkdaşlığın çatışmadığı bütün aydınlığı ilə gözə çarpmaqdadır.

Milyon illərlə davam eləyən tərəqqidən sonra, biz indiki geriçilik və naqislik içində qalmışıqsa, onda insanlığın böyük çoxluğunun özünü sağlam düşüncəli və yetkin şüurlu bir varlıq kimi apara bilməsi üçün, gör hələ hələ necə böyük bir zamanın keçməsi gərək olacaqdır.

Aradabir, biz tarixin keçmiş dönəmləri ilə bağlı hadisələri oxuyub öyrənəndə, oradakı insanların bizdən yaxşı yaşadıqlarını, hətta onların mədəniyyət və sivilizasiya səviyyəsinin də bizdəkindən yüksək olduğunun təsvirləri ilə qarşılaşırıq və onda istər-istəməz bizdə belə bir sual yaranır:

görəsən, dünyanın inkişafı irəliyəmi, yoxsa geriyəmi doğru yönəlibdir?

Doğrudan da, bizim doğma yurdumuzun keçmişində, bütün yönlər üzrə, indiki çağımızdan qat-qat yaxşı olan dönəmlər olmuşdur.

Sözsüz, çoxlu ölkələrin öz keçmişlərində belə gözəl çağları olmuşdur, bunlardan Hindistanı, Misiri, Çini, Yunanıstanı və başqalarını göstərmək olar, ancaq sonradan bu ölkələrin çoxusu tarixi inkişafca geridə qalmış, üstəlik, tənəzzülə uğramaışlar.

Hindistan prezidenti Jawaharlal Nehru (ortada), 1956

Hindistan prezidenti Jawaharlal Nehru (ortada), 1956

Ancaq bunun belə olması da, gərək bizi ruhdan salıb əl-qolumuzu görməli olduğumuz işlərdən soyutmasın.Yaşadığımız dünya çox böyükdür və hansısa zaman kəsimində bir sıra ölkələrin tərəqqi yolunda enib-qalxması dünyada gedən proseslərə seziləcək təsirlər göstərə bilmir.

Çağdaş insanların çoxu bizim sivilizasiyanın böyüklüyü və elmin yaratdığı möcüzələrlə öyünməyi sevirlər. Doğrudan da, elm möcüzələr yaratmağı bacarmışdır və elmə qulluq eləyən böyük insanlar hər cür sayğıya və sevgiyə layiqdirlər.

Ancaq özünü öyməyi sevənlər çox az hallarda böyük olurlar. Bunu da unutmaq olmaz: insanlığın tərəqqəsi başqa bir sıra heyvanlarla tutuşduranda onardan önəmli dərəcədə fərqlənmir. Bir sıra heyvanların birgəyaşayış qaydalarının isə, hətta, insanlığın yaratdığı sivilizasiyadan yuxarıda olduğunu da düşünmək olar.

Bu deyilən sözlər kimlərəsə gülünc də görünə bilər və bunun nə demək olduğunu anlamayan insanlar bu dediklərimi ələ də sala bilərlər. Ancaq sən lap bu yaxınlarda Meterlinkin “Arıların həyatı”, “Termitlərin həyatı”, “Qarışqaların həyatı” kitablarını oxumusan və bu böcəklərin arasında hökm sürən sosial sistem səni heyrətə salmışdır.

Biz bu böcəkləri ən aşağı inkişaf səviyyəsində dayanan varlıqlar saymaqla, onlara yuxarıdan aşağı baxmağa öyrəşmişik, ancaq göründüyü kimi bu, olduqca kiçik varlıqlar birgəyaşayışın incəliklərinə yiyələnməyə və ümumi işin xeyrinə özlərini qurban verməyə insanlardan qat-qat yaxşı alışa bilmişlər.

Termitlər haqqında oxuyandan və onların özlərini yoldaşları naminə necə qurban verdiklərini öyrənəndən sonra, ürəyimdə onlara qarşı çox böyük bir sayğı yaranmışdır.

Qarşılıqlı əməkdaşlıq və toplumun xeyri naminə özünü fəda eləmək sivilizasiyanın başlıca ölçüsüdürsə, onda termit və qarışqaların bu baxımdan insanları üstələdiyini inamla deyə bilərik.

Bizim sanskrit dilində yazılmış çox əski kitablarımızda belə tərcümə oluna biləcək bir şeir vardır:

“Ailə naminə bir insanı qurban vermək olar; qəbilə naminə ailəni, ölkə naminə qəbiləni, Ruh naminə isə bütün dünyanı qurban verməyə dəyər”.

Ruhun nə demək olduğunu çox az adam deyə bilər və bu sözü hərə öz istədiyi kimi yozur. Ancaq bu sansikritcə olan şeir bizə insanların qarşılıqlı əməkdaşlığını və onların ümumi işin xeyrinə özlərini qurban vermələrini aşılayır.

Biz Hindistanda bu gerçək böyüklüyə aparan gözəl yolu unutduq, elə buna görə də, beləcə, yaman günlərə uğraşdıq.

Ancaq indi bu yol, elə bil, yenidən bizim gözlərimiz qarşısında açılmış və bütün ölkə ayağa qalxıb bu yolu tutmağa başlamışdır.

Heç bir əzabdan və ağrı-acılardan qorxmadan, Hindistan uğrunda köksünü irəli verib, gülərüzlə irəli yürüyüən bu kişiləri, qadınları, oğlan və qızları görmək adama bir möcüzə kimi görünür!

Hə, onların üz-gözlərindən gülüş və sevinc yağır, axı onların taleyinə belə böyük bir işə qulluq eləyə bilmək düşmüşdür. Kimnsə bəxtinə belə böyük işlər görmək düşürsə, onlar bu, özünü fəda eləməyin sevinci ilə yaşayırlar.

Jawaharlal Nehru və Mahatma Gandhi ÜmumHindistan Konqresinin sessiyasında, 1942

Jawaharlal Nehru və Mahatma Gandhi ÜmumHindistan Konqresinin sessiyasında, 1942

Bugün biz Hindistanı azad eləmək üçün çalışırıq. Bu, çox böyük bir işdir.

Ancaq bundan da böyük iş bütün insanlığın azadlığı uğrunda çalışmaqdır.

Biz həm də bu mübarizəmizin bütün insanlığın yoxsulluğa və ağrı-acılara son qoymaq üçün apardığı savaşın bir hissəsi olduğunu bildiyimiz üçün, bu işimizlə bütün dünyada gedən tərəqqiyə töhfə verdiyimizi anladığımız üçün sevinməkdə haqlıyıq.

Bütün bunlarla yanaşı, sən indi Anand Bhavanedə, anan Malakka qazamatında, mən isə burada, Naini qazamatında oturmuşuq və biz aradabir, biri-birimizə, yeri heç nə ilə doldurula bilməyən, böyük bir ehtiyac duymaqdayıq, bu axı doğrudan da belədir, elə deyilmi?

Ancaq sən bizim üçümüzün də birlikdə olacağımız günləri düşün!

Mən o günü gözləyəcəyəm və onunla bağlı düşüncələrim mənə təpər verəcək, ürəyimdə bir yüngüllük yaradacaqdır.

XS
SM
MD
LG