Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:02

«Təqaüdlərin, əmək haqlarının ödənməsində gecikmələr yaranacaq»


Məhəmməd Talıblı
Məhəmməd Talıblı

-

Son bir həftədə dünya bazarında neft kəskin ucuzlaşıb. «Brent» markalı neftin qiyməti 37 dollar 93 sentdir. Bu hala sonuncu dəfə 2008-ci ildə rastlanılıb. Proqnozlara görə, neftin qiyməti bir qədər də düşəcək.

Bu durum iqtisadiyyatı neft gəlirləri üzərində qurulan Azərbaycana, onun vətəndaşına hansı sürprizləri vəd edir? Sualın cavabını iqtisadçı Məhəmməd Talıblı verir:

- Azərbaycan iqtisadiyyatında əsas gəlir neft və neft məhsullarının ixracatından əldə edilir. Neftin qiymətinin düşməsi təbii ki, bir çox şeydə özünü göstərəcək. İlk növbədə dövlət büdcəsinin gəlir hissəsi azalacaq. Bu da büdcənin idarə edilməsi imkanlarını çətinləşdirəcək, əlbəttə. Bilirsiniz ki, 2016-cı ilin dövlət büdcəsi haqqında qanunda gəlirlər 25 faiz, xərclər isə 22 faiz azaldılıb. Məlumat üçün deyim ki, Azərbaycanın son 10 ildə büdcə gəlirlərinin bu qədər kəskin azalması müşahidə edilməmişdi. Biz bu büdcəni «böhran büdcəsi» də adlandıra bilərik. Ona görə də dövlət məcbur qalıb xərcləri, daha çox da investisiya xərclərini, sosial xərcləri azaldacaq. Təqaüdlərin, əmək haqlarının ödənməsində gecikmələr yarana bilər. Bu da əslində risklərdən biridir. Eyni zamanda, Dövlət Neft Fondunun gəlirlərinin azalması da nəticədə büdcəyə transfertləri vaxtlı-vaxtında aparmağa imkan verməyəcək. 2015-ci ildə Dövlət Neft Fondundan büdcəyə 10 milyard 300 milyon manat transfert edilməsi nəzərdə tutulmuşdu. Ancaq ilin sonunda bunun 8 milyardının transfert edildiyi məlum oldu. İndi neftin ucuzlaşması da onu göstərir ki, qiymətlər daha da aşağı düşə bilər. Söhbət 30-35 dollara düşməsindən gedir.

- Bu halda Azərbaycanda durum kökündən dəyişirmi?

- Dövlət büdcəsini hazırlayarkən neftin barrelini 50 dollardan hesablayan hökumət bu halda 14.6 milyard gəlir formalaşdıra biləcəyini düşünürdü. Neftin qiyməti düşərsə, deməli, həm Dövlət Neft Fonduna, həm də dövlət büdcəsinə daxilolmalarda azalmalar müşahidə ediləcək. Bu da o deməkdir ki, Azərbaycan hökuməti xarici borclanmaya gedə bilər. Bununla da bizim xarici borc səviyyəmiz də artır, yəni 7.2 milyarddan əlavə də borc ala bilərik. Növbəti ilin büdcəsindən gözləntilər ondan ibarətdir ki, büdcə vəsaitlərinin bölüşdürülməsində problemlər yaranacaq. Sosialyönümlü xərclərdə artımlar olmayacaq, amma mövcud status-kvo, yəni əməkhaqqılar, pensiyalar, hətta təqaüdlər sabit saxlanılsa belə, problemlər yaşanacaq. Əhalinin gəlirləri dəyərsizləşə, əhəmiyyətini itirə bilər. Eyni zamanda ölkədə ikirəqəmli inflyasiya da realdır. İkinci devalvasiya ehtimalı isə çox yüksəkdir. Bu zaman vətəndaşların gəlirləri, yığımları bir gündə əhəmiyyətsizləşə bilər, yəni 25-35 faiz dəyərindən düşər. Bundan başqa, hökumət investisiya layihələrinin dayandırılmasına gedərsə, bu, əhalinin bir qisminin iş yerini itirməsinə səbəb olacaq.

- Məhəmməd bəy, proqnozlar, yumşaq desək, ürəkaçan deyil. Sizcə, hökumət öncədən hansısa «B» planı hazırlamalıydımı?

- Azərbaycanda dövlət büdcəsi Dövlət Neft Fondunun gəlirlərindən, Fond özü isə neftin konyunktur qiymətindən asılı vəziyyətdədir. Belə vəziyyətdə Dövlət Neft Fondundan transfertlər də çıxış yolu deyil. Çünki bu il onun da gəlirləri azalmağa başlayacaq. Bir yandan da Mərkəzi Bankın ehtiyatları əriməkdədir. Deməli, biz bu vəziyyətdə dövlət büdcəsində xərcləri optimallaşdırmaq haqqında düşünməliyik. Düzdür, müdafiə olunan xərcləri kəsə bilmərik, bu qanunvericiliyə də ziddir, əmək haqlarını, təqaüdləri azaltmaq hüququmuz yoxdur. Amma iki variant var. Hökumət ya xarici borclanmaya gedir, ya da xərcləri azaldır, o cümlədən investisiya layihələrini dayandırır. Hökumət öncədən bu yöndə plan hazırlamalıydı. Dövlət Neft Fonduna arxayın olub qeyri-neft sektorunu inkişaf etdirməmək düzgün deyildi.

XS
SM
MD
LG