Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:01

«İslam Dövləti» Suriyaya, qismən də Türkiyəyə neft satır


Suriyada neft buruqları.

Suriyada neft buruqları.

-

ABŞ maliyyə nazirinin terrorla mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Adam Shubin «İslam Dövləti» tərəfindən idarə olunan ərazilərdən neft ixracının detallarını açıqlayıb.

Onun dediyinə görə, «İslam Dövləti» qruplaşması hər ay 40 milyon dollar dəyərində neft satır. Bu neftin əksər hissəsini Suriya hökuməti alır, bir hissə isə Türkiyəyə gedir.

««İslam Dövləti» neftin çox hissəsini Bashar al-Assad rejiminə satır» –A.Shubin bildirib. Nazir müavini Londonda «Chatham House» Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edib.

«GƏLİR KİFAYƏT QƏDƏR ÇOXDUR»

«Suriya hökuməti və «İslam Dövləti» bir-birini məhv etməyə çalışır, amma eyni zamanda milyonlarla dollar həcmində ticarət əlaqələri var» – ABŞ rəsmisi qeyd edib. Onun dediyinə görə, Assad rejimi və «İslam Dövləti»nin neft alverindən əldə etdiyi gəlir kifayət qədər çoxdur

A.Shubin onu da deyib ki, neftin bir hissəsi Türkiyə sərhədləri vasitəsilə ötürülür, xüsusən də Kürdüstan ərazisindən keçməklə. Neftin müəyyən bir hissəsini «İslam Dövləti» İraqa satır, qalanını isə öz ehtiyacları üçün istifadə edir.

«NEFT ALVERİNDƏN İLLİK GƏLİR 1 MİLYARD DOLLARA ÇATIR»

A.Shubin-in dediyinə görə, «İslam Dövləti»nin hər il neftin «qara bazarı»ndan əldə etdiyi gəlir 500 milyon dollardır. Bunun üzərinə Suriya və İraqda ələ keçirilmiş neft anbarlarından götürülən gəliri də gəlsək, illik məbləğ 1 milyard dollara çatır.

«Bizim qiymətləndirməmizə görə, «İslam Dövləti» daha çox mənfəəti neft quyularının istismarından götürür» – ABŞ rəsmisi bildirib. Onun dediyinə görə, bu cür quyular müxtəlif rayonlarda yerləşdiyindən, mərkəzləşdirilmədiyindən «İslam Dövləti»nə lazımi səviyyədə təzyiq göstərilə bilmir.

A.Shubin Türkiyəni Suriya ilə sərhədlərinə daha ciddi nəzarət etməyə çağırıb.

«Şübhəsiz ki, belə olan halda Türkiyənin sərhədlərini bağlaması əsas komponent ola bilərdi. Hesab edirik ki, bu istiqamətdə Türkiyə əlindən gələni edəcək» – A.Shubin deyib.

«HƏQİQƏT SƏRF OLUNAN HƏDDƏ AÇILIR»

Bundan öncə Rusiya da Türkiyə prezidenti Recep Tayyip Erdoğan və ailəsini «İslam Dövləti» ilə qanunsuz neft alverində ittiham edib. Buna cavab olaraq Erdoğan deyib ki, «İslam Dövləti» ilə neft alverinə Türkiyə yox, ikili - həm Rusiya, həm də Suriya vətəndaşlığı olan bir şəxs nəzarət edir. A.Shubin-in açıqlamasından çıxan nəticə isə odur ki, həm Rusiya, həm də Türkiyə həqiqətin yalnız onlara sərf edən hissəsini açmağa üstünlük veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG