Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:28

Açılarsa hörülmüş saçın


Elşən Böyükvənd
Elşən Böyükvənd

-

Elşən Böyükvənd

Bir söz qırpımında

Bir qovaq göyərçinidir gözlərin

Titrəşən qır pəncərəsi budağının kipriklərində

Sığraq sürür günəş

Qaraşın kürələrinə.

Bir söz qırpımıdır yaşam

Utanqac röyaların qəbristanlığı dilində

Qıvraq çapır sağış

Gövdən düzənliyində.

Qonmaq keçincə qonur baxışım

Ürkək boyalı saçın bənizinə.

Yuxuma qonaq gəlmiş yağışlı yuxun

Görüşümə göz yaşlarını gətirmiş

İslanır gözlərim

İslanır sözüm.

Xiyo türməsi-94/8/22

Yağan Günəş

Küləyin dili ilə yağan günəşdən soruş
qızların ruh usandıran qızmarlığını
ilmələri sökülüb dodaqdan qopunca uçuşan kəpənəklərdən soruş
şeirin azğınlığını

sıxınca qızıl üzüklü misralarını
beytə çevrilir əllər
və əriyir qafiyələr

sürməli sözün pəncərəsidir gözlərin
göyqurşaqlı dalğalar
dodağından süzər
süzülər
səssizliyə oraqlanan səsin sünbüllərinə

küləyin dili ilə yağan günəşdən soruş
göylə dənizin öpüşməsini
və buludların doğulmasını

Dilləşmək 1

Dilinlə dilləşərsə şərablı dilim
Ürəyim baramasından uçuşar dodağın


Açılarsa hörülmüş saçın
Diksinər otağın havası
Və alovlanar ehtiras lampası


Bütün mahnıları unutmaq
Və minlərcə ürpəşmiş tükün
Öpüş simfoniyası yatağında uzanmaq


Hüceyirələrimizn Mövlana sayaq
Vəcdə gəlməsini düşün


Duy
Dodağımızda qığılcım çiçəyinin cücərməsini
Göyərçinlərin sənin döşlərin arasında
Yuva qurmaq istəyi
Və otaq ürəyinin döyünməsi
Sovrulmayacaq yaddaşından


Pəncərə gözündən tozu silər günəş
Və sərçələrin öpüşməsi yansıyar
Otağımızın divarına


Dilinlə dilləşərsə şərablı dilim
Ürəyin baramasından
Uçuşar dodağın.


Dilləşmək 2

Didərginlik gözüm göbəyini Zəmzəm dodağında zümzümə edəndə
Tozcuqlar öpüşündən boylanar hava
Və bayquş kimi qonar
Kağız budaqlarına sözcüklər


Sən
Su çilərcə ruhum qırına
Boy atar düşlərim
Dilimdə dilləşər

Yelbiz səsinin
Torunda çırpınarkən kəpənək barmaqlarımın daraqlı dişləri
Gövdəm odununa od qığılcımları qonar
Və ətimlə dilləşər

Sən
Ovsun ovunun
Naxışlı boyaları ilə
Gözüm ayaqlarını xıncaxınc edir
Baxışımla dilləşirsən

Cücərirəm öpüldüyüm hər yerimdən
Və ilmələnirəm səsin tellərinə.

Korluğumdan

Günəşdən umacağım bir pay yox
Korluğumu anımsadandır gözləri


Küləyə sovrulacaq nəsnəm yox
Saçımın ətrini çalmış


Dərincə səsimdəki qır hənirtisini
Kül kül üstə qalanır yarpaqlar kürəyində


Basınca dilimdəki pinar güzgülü düş gözlərini
Göyqurşağı tumu duz səpilər al qanadlı yanaqlarına


Cızır-çizilir oyur-yonulur qaraşın içimdəki od dilimlərinin yanqılığı
Burax ucunu baxışımın
Qoy qurusun bu quraqlıqda.


Ovuclarından damcılayan
Yaşıl-mavi qandan anladım
Kor olduğumu.

***

Qır - çöl, səhra

Sığraq sürmək - sağəri dolandırmaq (Dədə qorqud)

sağış - qiyamət (Dədə qorqud)

yelbiz - zülf (İzahlı lüğət)

ayaq - mey piyaləsi

xıncaxınc - aşıb-daşmaq

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG