Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:44

İtkin neftçinin qohumu: "Guya axtarırlar..."


Platformada yanğın hələ də söndürülməyib
Platformada yanğın hələ də söndürülməyib

►“Günəşli” qəzasından bir həftə ötür

Dekabrın 11-də “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəzadan bir həftə ötür. itkin düşən 23 nəfərin axtarışı davam etdirilir.

Həmin itkinlərdən biri də Xalid İbrahimovdur. Qazaxda yaşayan ailəsi xəbəri alar-almaz Bakıya gəlib ondan xəbər tutmağa çalışıb. İtkin düşənlərdən bir neçəsi tapılanda onlar da morqa gedib Xalid İbrahimovu onların arasında axtarıblar, ancaq tapmayıblar...

Növbəti günlərdəsə itkin düşənlərin nə öldüsündən, nə qaldısından xəbər çıxdı. Odur ki, Bakıya yığılan qohum-əqrAba, dekabrın 11-də isə ailəsi kor-peşman Qazaxa qayıdıb. Ailəsi son məskəni dəniz olan Xalid İbrahimovdan xəbəri onun doğulduğu Qazaxda gözləyəcək.

Buna da bax: "İşgəncələr daha çox MTN-də verilib"

“GUYA AXTARIRLAR, ANCAQ XƏBƏR YOXDUR”

Xalid İbrahimovun əmisioğlu Ramin İbrahimovsa axtarışlardan narazıdır, deyəsən. O AzadlıqRadiosuna bunları söyləyir:

- Deyilənə görə, axtarırlar. Ancaq dənizdə deyilik, görmürük axtarırlar, ya yox. Deyirlər ki, işləyirik. Heç nə bilmirik. Guya axtarırlar... Ancaq xəbər yoxdur.

- Vaxt uzandıqca tapmaq şansı azalmır ki? Sizə bu haqda nəsə deməyiblər?

- Nə deyim. Ağsaqqal var, Xoşbəxt Yusifzadə televizorda deyirdi ki, axırıncı adam tapılana qədər axtaracaqlar. Belə deyirlər.

Xalid Ibrahimovun iki qızı ali məktəbdə oxuyur, oğlu isə orta məktəbi bitirməyib. O, ayın 15 gününü dənizdə olur, 15 günü Qazaxda traktorçuluqla ailəsinə çörəkpulu qazanırdı.

Xalid İbrahimov qəzadan az sonra həyat yoldaşına zəng vuraraq deyib ki, qaz sızması var, yanğın ola bilər. Ona ehtiyatlı olmağı tapşıran xanımına “Olacağa çarə yoxdur” deyə cavab verib, hətta zarafata salıb: “Birdən külək “şlyupka”nın ağzını o tərəfə çevirib Türkmənistana aparar”.

Fırtınalı dəniz Xalid İbrahimovu hansı səmtə, hansı yana aparıb, hələ bilən, ondan soraq gətirən yoxdur.

Ailəsi isə intizarla xəbər gözləyir. Və bu ailə kimi daha 22 ailə də itkinlərinin tapılması ümidiylə gecəni-gündüzə qatıb səbirsizliklə gözləyir.

AXTARIŞLARIN TƏXİRƏSALINMADAN DAVAM ETDİRİLDİYİ DEYİLİR

Qəzayla bağlı yaradılmış qərargahdan isə deyirlər ki, axtarışlar təxirəsalınmadan davam etdirilir:

- Hələlik heç bir nəticə yoxdur. Nəticə olarsa, dərhal ictimaiyyətə də, yaxınlarına da məlumat veriləcək. Həmin şəxslər tapılana kimi axtarış davam etdiriləcək.

- Axtarışların uzanması itkinlərin tapılma şansını azaltmırmı? Axtarışlar ilk neçə gündə realdır?

- Bu haqda nəsə deyə bilməyəcəyik. Ancaq onlar tapılana kimi axtarışlar davam etdiriləcək. Bütün qüvvələr bunun üçün səfərbər olunub.

Buna da bax: Sahibkarlara seçim haqqı verildi...

“GƏMİLƏRİN, HELİKOPTERLƏRİN SAYI AZALDILMAYIB”

Axtarışlara əcnəbi mütəxəssislər də cəlb olunub. Mətbuat onların işə qoşulmasından sonra axtarışların sürətləndiyini yazsa da, qərargahdan bununla bağlı nəsə deyə bilmədilər.

Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də AzadlıqRadiosuna eyni sözləri deyib. O da itkin düşmüş neftçilərin axtarışının davam etdiyini, hələlik dəyişiklik olmadığını bildirib. “Gəmilərin və helokopterlərin sayı artırılıb ki, azaldılmayıb”, - deyə o əlavə edib.

Yanğın hələlik söndürülməyib. Fövqəladə Hallar Nazirliyi bildirir ki, 2 gəmisi yanğını söndürməyə çalışır, 4 helikopteri və bir təyyarəsi itkin düşənlərin axtarışını aparır.

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə aparır.

Dekabrın 4-də «Günəşli» yatağındakı 10 saylı platformada sualtı qaz xəttində yanğın başlayıb, nəticədə 23 nəfər itkin düşüb, 7 nəfər ölüb.

XS
SM
MD
LG