Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:42

«The Washington Post»: QHT-lərlə qlobal müharibə


George Soros
George Soros

-

«1990-cı illərinə əvvəllərində milyarder George Soros-un dəstəklədiyi fondlar Sovetlərin dağılmasından sonra ortalıqda qalmış müəllimlərə, alimlərə və digərlərinə qrant ayırır, əsl tarix kitablarının yazılması kimi layihələri dəstəkləyir, universitetləri internetə birləşdirirdi. İndi isə, prezident Vladimir Putin-in rəhbərlik etdiyi Rusiya naşükür davranaraq Soros fondlarını «arzuolunmaz təşkilatlar» siyahısına salıb, onların qrant ayırmasını dayandıra bilib».

«The Washington Post» qəzetinin baş məqaləsində Uqanda, Çin, Misir, Burundi kimi ölkələrdə də çoxsaylı QHT-lərin bağlandığı, onların hökumət əleyhinə fəaliyyətdə suçlandığı vurğulanır:

«Bu, avtoritar rejimlərin QHT-lərə qarşı qəti müharibəsinin bir hissəsidir və sürət yığmaqdadır. Bu təşkilatların işi heç vaxt asan olmayıb, insanların həyatını xilas edib, çox da qonaqpərvər olmayan mühitdə hüquqları qoruyublar. Ancaq avtokratlar və onların dövlət maşınları getdikcə bu qurumların maliyyələşməsinə, fəaliyyətinə və azadlıqlarına baryerlər qurmaqdadır».

Yazıda qeyd olunur ki, QHT-lər 1990-cı illərdə yüksəliş dövrü yaşayıblar. Onda onların işi lazımlı idi. Ancaq Gürcüstanda «qızılgül», Ukraynada «narıncı» inqilablardan sonra cənab Putin vintləri sıxmağa başladı, digər avtokratlar da onun yoluyla getdilər. 2011-ci ilin «ərəb baharı»ndan sonra isə repressiyanın yeni dalğası başlandı:

«Böyük və kiçik tiranlar QHT-ləri qorxudur, yerlə-yeksan etməyə çalışırlar. Onlar dövlət mediasının diliylə onlara «xarici agent» deyirlər... QHT-lər fəaliyyətsiz hökumətlərin yaratdığı boşluğu doldururlar. Daha çox QHT susdurulsa və bağlansa, bundan ən çox itirən milyardlarla insan olacaq».

Sibirdə neft buruqları.
Sibirdə neft buruqları.

RUSİYA İQTİSADİYYATI YAVAŞIYIR

Yeni il yaxınlaşdıqca Rusiya iqtisadiyyatında da göstəricilər düşür. Ümumi Daxili Məhsul (ÜDM) 2008-ci ildəki səviyyəyə enir və iqtisadiyyat son yeddi ildə əsaslı durğunluq yaşayır. Bunu «The Moscow Times»da Sergei Alexashenko yazır.

Səbəbləri rəsmilər də xarici faktorlara – qlobal iqtisadi böhrana, neft qiymətinin düşməsinə, Qərbin maliyyə sanksiyalarına, Çində iqtisadi yavaşımaya bağlayırlar. Ancaq iqtisadi artım hələ 2013-cü ilin əvvəlindən tədricən zəifləməyə başlamışdı. O zaman ÜDM illik yalnız 1.3 faiz artırdı, neftin barreli isə 100 dolları keçmişdi. «Hətta neftin qiymətinin artması belə Rusiyanın indiki iqtisadi problemlərini həll edən deyil», - müəllif yazır.

Bu ilin ən pis göstəricisi investisiyada düşüş hesab olunub. Qeyri-hərbi sektorlara sərmayələr kəsilir. Gələn il büdcə xərcləmələri, azı, 3-5 faiz azalacaq. Gəlirlərin 2/3-ni xammal ixrac edən şirkətlər qazanırlar.

Müəllif yazır ki, Rusiya iqtisadiyyatının indiki durumuna mülkiyyət hüquqlarının zəif qorunması səbəb olub. Putin özü son çıxışında qeyd edib ki, ötən il cinayət işi açılmış 200 min biznesmendən 83 faizi biznesini itirib. Dünya İqtisadi Forumunun rəqabətlilik hesabatında isə Rusiya mülkiyyət hüquqlarının qorunmasına görə 140 ölkə arasında 120-ci yeri tutub.

Məqalədə vurğulanır ki, Rusiyada mülkiyyət hüquqlarının qorunması və biznes mühitinin yaxşılaşdırılması siyasi iradə, siyasi islahatlar tələb edir. Müstəqil məhkəmələr olmalı, media müstəqil fəaliyyət göstərməli, korrupsiyaya qarşı tammiqyaslı mübarizə aparılmalıdır.

Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi – 14 aprel 2015.
Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi – 14 aprel 2015.

TÜRKİYƏ RUSİYA İLƏ SAVAŞI UDUZUR

«Türkiyə «Reuters» agentliyinə deyib ki, Rusiya nüvə stansiyalarında işi dayandırıb. Əslində, türklər şişirdirlər. Rusiyalılar işi dayandırmayıblar, ancaq sürəti azaldıblar. Bu, Rusiya təyyarəsini Türkiyə vurandan sonra tərəflər arasında artan münaqişənin ancaq bir hissəsidir». Bunu «Observer» saytında Micah Halpern yazır.

Bu nüvə sazişi 2013-cü ildə başlanıb. Türklər 20 milyard dollar yatırmağa boyun olublar, Rusiyanın «Rusatom» şirkəti isə Türkiyədə dörd 1200 meqavatlıq atom elektrik stansiyası tikməlidir. Birinci stansiya 2019-cu ildə açılmalıydı, ancaq lap əvvəldən işlər düz getmədi. Layihənin beynəlxalq qaydalara uyğun olmadığı üzə çıxdı:

«Rusiyalılar daha öncə bunu İranla ediblər. İlkin təklifi yubadıblar, İran beynəlxalq məhkəməyə müraciət edib… İndi də Türkiyə nüvə işini bitirməyə başqasını axtarır..».

Müəllif yazır ki, Türkiyə Rusiya ilə münaqişəni heç vaxt uda bilməyəcək. Əvvəla, tamamilə idxal olunan enerjidən asılıdır, elə nüvə stansiyalarına da çox bel bağlayırdılar.

Bundan başqa, Rusiya digər sanksiyalara əl atmaqla Türkiyəni cəzalandırmaq istəyir. Rusiya Türkiyədən ildə 30 milyardlıq mal alır. Türkiyə Rusiyanın təchiz etdiyi qazdan asılıdır. Hələ qaz rıçaqı qabaqdadır, Rusiya onu da çəkməyə başlayacaq. Türkiyə bu qazın heç də hamısının əvəzini tapa bilməyəcək.

XS
SM
MD
LG