Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:27

Ölən neftçinin körpəsinə məktub


Əziz Rzazadə
Əziz Rzazadə

-

"Sən heç öz süd payını başqasına verərsənmi? Yox. Görürsənmi, bəzi adamlar da sənin kimi. Nefti – qazancı kimsəylə bölüşmək istəmir..."

Əziz Rzazadə

Mələyə məktub

Atasına ağı deyirlər.

Kəfənə bükülü cənazə ortada.

Bir ay əvvəl doğulmuş qızcığaz ağı səsinə yuxuya gedib.

İllüstrasiya
İllüstrasiya

Sanki dünyanın bütün səs-küyləri üstünə qurğuşun basılıb-basdırılıb.

Bəlkə o, tam başqa səslər eşidir?

Başqa bir dünyadan olan səslər...

Bəlkə də indi mələklər ona laylalar, ninnilər pıçıldayır.

Bilinməyən dildə. Məchul avazda.

Ya da təsəlli verirlər.

Axı o da hələ ki, gözümüzdə mələkdi.

O – məsum körpə.

Hə, əlbəttə, o, “Günəşli”dəki faciə zamanı həlak olan neftçinin dünyadan bixəbər balasıdı.

Dünyadan bixəbər.

Dərddən.

Ölümdən.

Öz aləmində, dünyasında yaşayan insan.

Bunu düşündükdə belə, üşənirsən, adamı qəribə bir hiss çulğayır. Necə yəni dünyadan bixəbər, öz aləmində yaşayan...

Dünya içində dünya.

İnsan. Amma başqa bir dünyanın insanı...

İçindən, qabığından, qınından, qılafından bizim, böyüklərin çoxdan çıxdığı aləm.

Ölçüsü və şəkli – yumrudumu, dördküncdümü? Göyü, asimanı – mavidimi, üstündə bulud topaları üzürmü? O dünyadakı insanların – irqləri, milli mənşələri fərqlidimi?

Bilmirik ki...

Bəs dəniz, külək, neft...

Varmı, yoxmu?

O dünyadan bəriki – bizim, böyüklərin dünyası necə görünür?

Bu dünyadan – bərikindən o dünyaya – körpənin dünyasına xəbərləri kim və necə ötürür?

O körpə, o qızcığaz atasının öldüyünü doğrudanmı bilmir?

Bəlkə bilir?

Bəs onda niyə ağlamır?

Dərdlənmir?

Yoxsa içində çəkir?

Axı üzündəki cizgilərdən heç nə bilinmir...

İşə bax, özündən soruşa da bilmirik.

Dili yoxdu ki danışa...

Bu da növbəti əcaiblik. “Dili yoxdur...” Var, amma hələ tanışa bilmir.

Bağışla, sənə ünvanlanan bu kiçik məktubu beşiyində başının altına özüm qoya bilmədim.

Onu dənizin sularına atacam, ümid ancaq onadı ki, mələklər oxuyub, sənə danışar yuxularında, həm də anlayacağın dildə...

Yaxınlıqda uşaq bağçası olduğunu bildirən yol işarəsi
Yaxınlıqda uşaq bağçası olduğunu bildirən yol işarəsi

İşıldaquşların aydınlatdığı intəhasız çəmənlikdə otlar pıçıldaşır, mələkləri vəsf edir, qulaq pusqusundan yenicə qayıtmış cinlər təpəciklərin kölgəsində gizlənərək səmadan gətirdikləri xəbərləri bir-birinə bölüşürdülər.

İki pəri uçuşurdu bu bilinməz dünyada. Bir insan-yarımələk də yanlarında. Qızılı qanadlı pərilər dənizdən çıxardıqları məktubun məzmunu növbəylə çatdırırdılar körpəyə...

“Sənə necə təsəlli verim, bilmirəm, düzü, sözə nədən başlayacağımı da.

Dənizdənmi başlayım, ya küləkdən?

Ay Allah, axı sən heç bilmirsən dəniz nədir!..

İndi səni necə başa salım?

Dəniz – sudur, ucsuz-bucaqsız hövzə.

Dənizlə bərabər, külək var bu dünyada...

Bax sən indi beşikdəsən. Elə bil ki, suya buraxılmış qayıqda, ya da gəmidəsən. Ətrafın da dənizdi. Beşiyin yırğalanması da qayığın ləngərinə oxşayır. Əgər səni tərpədən əl beşiyi, tutalım, möhkəm silkələyirsə, deməli, dənizdə tufandı, güclü külək əsir.

Başa düşdünmü, balaca?”

Pərilər daha yuxarı qalxdılar. Yan-yana süzərək intəhasız səmada. İnsan-yarımələk də onların qanadları ucunda.

“Keçək neftə, neft bilirsənmi nədi?

Ona çox ehtiyaclıyıq. Çox-çox. Sən ana südünə möhtac olduğun kimi.

Sənə bir “sirr açım” – sən və mən bir ovuc milyonçusu və ovucu hər zaman açıq milyonlarla dilənçisi olan bir məmləkətdə yaşayırıq.

Neft bizi daha nələrə məcbur eləmir: tufanlı havada bir qarın çörək üçün dənizə çıxmağa, ayağımızı onun yorğanına – dünya bazarındakı qiymətinə uyğun uzatmağa, insan faciələrini gizlətməyə, min bir yalana uymağa, günaha batmağa...

"Günəşli" yatağında yanğın
"Günəşli" yatağında yanğın

Mərhum atan neftçi idi, onun əlləri hər gün neftə bulaşırdı, bəzi adamların da əlləri təmiz qalır, vicdanı neftə bulaşır indiki zamanda.

Sən heç öz süd payını başqasına verərsənmi?

Yox. Görürsənmi, bəzi adamlar da sənin kimi.

Nefti – qazancı kimsəylə bölüşmək istəmir...

Bundan artıq yazmayım, sözlərin mənasını, həyatın hər üzünü böyüyəndə biləcəksən, balaca. Yuxuna haram qatmayım, yat, balaca, öz dünyanda qal, yuxun şirin olsun...”

P.S. Sənə bu məktubu yaza-yaza köhnə bir əhvalatı xatırlayıram. Çoxdan olub bu. Gör neçə ildi. Sənin doğumundan çox-çox əvvəl, balaca. Hətta mərhum atanın da.

Ajda Pekkan 1980-ci illərdə
Ajda Pekkan 1980-ci illərdə

1980.

Eurovision.

Türkiyə o illərdə neft böhranı yaşayır, Ajda Pekkan isə oxuyurdu:

Aman petrol, canım petrol

Artık sana sana muhtacım petrol

Elinde petrol, sonunda petrol

Artık dizginlerim senin elinde petrol

Nice zengin dilber düşmüş ardına

Düş başka gerçek başka yar olmazsın sen bana

Belki gideceksin bir gün gerçekten

işte senin ardından ağlıyorum şimdiden...

İndi bizim dünyada 2015-ci ildi, sənin dünyanda hansı əsrdi, bilmirəm. (Ümumiyyətlə, orda zaman anlayışı varmı?)

Hə, Azərbaycan “neft bumu” yaşayır və dekabrın 4-dən Azərbaycan ağlayır. “Günəşli”də ölən neftçilər üçün. Yəni həm də sənin atançün.

Bilmirəm, bəlkə də sən böyüyəndə neft bitəcək, bir şair demişkən, vətən ağ günə çıxacaq. Təki elə olsun, – bizim yerimizə iltimas-dua elə, – dənizdə boğulan olmasın, oddan qurtulub suda, yapışmağa saman çöpü də tapılmayanda “La ilahə iləllah” deyə, Allahdan mədəd uman qalmasın, insana dəyər verilsin, şükr-niyazımız çoxalsın, atalar evlərinə əli ətəyindən uzun yox, başı dik girsin, sənin kimi mələk qızlarını görəndə də analarından soruşmasınlar: “Qara qızın dərdi nədi?...”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG