Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:47

-

Bəraət hökmü təqsiri olmadığı halda müttəhimə çevrilən istənilən adamın haqqıdır. Amma Azərbaycanda təqsirsiz adamın məhkəmədə bəraət almaq şansı bəlkə də lotereyada milyonlar udmaqdan daha azdır. Bu ölkədə bəraət hökmünün çıxarılmasına nail olmaq möcüzəyə bərabərdir. Statistik göstəricilər belə deməyə əsas verir.

1 İLDƏ CƏMİ 20 BƏRAƏT HÖKMÜ

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycan məhkəmələrində 11 min 705 ittiham hökmü çıxarıldığı halda, bəraət hökmlərinin sayı cəmi 20 olub. Bu da ümumi hökmlərin cəmi 0.17%-i deməkdir. 2011-ci ildə 11 min 307 hökm çıxarılıb ki, bunun da 11 min 286-sı ittiham, 21-i (0.18 %) bəraət hökmü olub. 2012-ci ildə isə 10 min 865 ittiham hökmünün qarşılığında 23 (0.21%) bəraət hökmü verilib. 2013-cü ilin statistik göstəriciləri də bənzərdir – 11 min 55 ittiham, 27 (0.24%) bəraət hökmü.

Ədliyyə Nazirliyinin ATƏT-in Bakı ofisinə təqdim etdiyi 2010-2011-ci illər üzrə ittiham və bəraət hökmlərinə dair məlumatlar da eyni olub. Yalnız 2010-cu ildə çıxarılmış bəraət hökmlərinin sayı məsələsində Ədliyyə Nazirliyi və Dövlət Statistika Komitəsinin məlumatları arasında kiçik fərq var. Komitə bu sayın 20, nazirlik isə 34 olduğunu göstərib.

Azərbaycan Hüquq Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov deyirdi ki, hətta ötən əsrin 30-cu illərindəki repressiyalar dövründə ölkədə çıxarılan bəraət hökmlərinin sayı indikindən dəfələrlə çox olub. Hüquq müdafiəçisinin sözlərinə görə, 1937-ci ildə müttəhimlərin təxminən 10 faizinə bəraət verilirdi.

AZƏRBAYCAN BELARUSA YAXINDIR

Azərbaycan hazırda dünyada ən az bəraət hökmü çıxarılan ölkələr sırasındadır. Müqayisə üçün qeyd edək ki, ABŞ-da ümumi hökmlərin 17-25%-i şəxsə bəraət verilməsi barədə olur. Bu göstərici Avropada 6%, Tayvanda 12%, Rusiyada 3-5% təşkil edir. Rusiyada 2013-cü ildə mühakimə olunanların 4.9%-i barəsində bəraət hökmü çıxarılıb.

Bu məsələdə Azərbaycana oxşar ölkə isə Belarusdur. Bu ölkənin məhkəmələri 2013-cü ildə cəmi 172 nəfərə bəraət verib ki, bu da ümumi hökmlərin 0.44%-ini təşkil edir. Belarusda 2012-ci ildə isə bəraət hökmlərinin sayı bundan iki dəfə çox olub.

TAM KOMPENSASİYA

Avropada xeyli vaxtdır belə bir praktika formalaşıb ki, şəxs təqsirsiz olduğu halda dəmir barmaqlıqlar arxasında keçirdiyi hər günə görə ona 40-90 avro kompensasiya hesablanır. ABŞ-ın özündə də bu cür istintaq səhvləri bir sıra hallarda dövlətə milyonlarla itki hesabına başa gəlir. Bir həftəlik həbsə görə adamların astronomik məbləğdə kompensasiya alması halları olub...

Yeri gəlmişkən, Cinayət-Prosessual Məcəllənin 57-ci maddəsi bəraət almış şəxsə kompensasiya verilməsini nəzərdə tutur. Məcəllənin 58-ci maddəsində göstərilib ki, vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

Müzəffər Baxışov

Müzəffər Baxışov

Bir sıra ekspertlərin fikrincə, əslində, bəraət hökmləri istintaq orqanının yarıtmaz fəaliyyətinin təsdiqidir. Belə ki, Azərbaycanda məhkəmələr prokurorluqla «üz-üzə gəlməmək» üçün təqsirsiz adam barədə ittiham hökmü çıxarmağı bu qurumun əleyhinə çıxmaqdan daha üstün tuturlar.

ADINI KİÇİK HƏRFLƏ YAZAN MÜSTƏNTİQLƏR

«Hüquqi Dövlət» Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, bəraət hökmlərinin azlığının əsas səbəbi məhkəmələrin müstəqil olmaması, faktiki onların sanki icra hakimiyyətinin əlavəsi kimi fəaliyyət göstərməsindədir:

«Azərbaycanda müxtəlif dövlət strukturlarının tərkibində ümumilikdə 8 istintaq orqanı fəaliyyət göstərir. Onların apardığı istintaq nəticəsində tərtib olunan ittiham aktını isə prokurorluq təsdiqləyir. Azərbaycanda hakimlər müstəqil qərar verə bilsə, hökmü Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun çıxarsa, həmin işlərin böyük bir qismi üzrə bəraət hökmü çıxarılar və ya ən azı, o iş yenidən istintaqa qaytarılar. Azərbaycanda istintaq orqanlarının fəaliyyəti çox bərbaddır. Sadəcə, məhkəmələr faktiki müstəqil deyil deyə, ittiham aktını hökmə köçürməklə onların yarıtmaz işini ört-basdır edirlər. Bunu mən yox, Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyev deyirdi. Deyirdi, «Azərbaycanda elə müstəntiqlər var, ad-soyadını kiçik hərflə yazır, üstəlik, yazanda da neçə səhv buraxır». Və təəssüf ki, məhkəmələr tamamilə prokurorluqdan asılı vəziyyətdə olduğundan bu cür adamların tərtib etdiyi ittiham aktını da gözüyumulu hökmə köçürməklə təsdiqləyirlər. Elə hakimlər var ki, məhkəmə prosesində prokurorun razılığı olmadan heç bir addım atmır».

SAVAD VƏ ÖZÜNƏHÖRMƏT

Ekspertin fikrincə, günahsız adam barədə ittiham hökmünün çıxarılması hakimlərin özlərinin də şəxsi keyfiyyətlərinə bağlı məsələdir. Belə ki, siyasi motivli işlərdə «yuxarı»dan gələn tapşırıqdan kənara çıxa bilmirlərsə, qeyri-siyasi işlərdə də əksər hallarda prokurorluğun qorxusundan eyni cür davranırlar:

Məhkəmə

Məhkəmə

«Düzdür, istisna təşkil edən hakimlər var ki, təqsirsiz şəxs barəsində bəraət hökmü çıxarırlar. Amma öz şəxsiyyətinə, qanunlara hörmət edən belə hakimlərin sayı, təəssüf ki, çox azdır».

Müzəffər Baxışovun sözlərinə görə, prokurorluq qarşısında risk edib bəraət hökmü çıxaran hakimlər sonradan müəyyən problemlərlə üzləşir: «Bəraət hökmü çıxaran bir hakim vardı, Baş prokuror ondan Məhkəmə-Hüquq Şurasına şikayət etmişdi...».

ANDLI İCLASÇILAR OLSAYDI...

Belə fikirlər də səslənir ki, Azərbaycanda andlı iclasçılar institutunun olmaması da bəraət hökmlərinin azlığında rol oynayan faktorlardandır. Andlılar institutu məhkəmələrə ictimai nəzarət formasıdır. Beynəlxalq təcrübəyə əsasən, andlı iclasçılar müxtəlif sahələrdə bilik və təcrübəsi olan vicdanlı, müstəqil, qərəzsiz vətəndaşlardan ibarət olur. Adətən onların sayı 12 nəfər olur, prosesi izləyərək sonda şəxsin təqsirli olub-olmaması barədə gəldikləri nəticəni bildirirlər.

Azərbaycanda andlı iclasçılar institutu 2000-ci ildə məhkəmə-hüquq islahatlarının yekunlaşmasından sonra tətbiqedilmə şərtilə təsis edilib və qanunvericilikdə də öz əksini tapıb. Lakin 14 il ərzində bu institut tətbiq olunmayıb. Ötən ilin iyununda isə Milli Məclis Ali Məhkəmənin və Baş Prokurorluğun təqdim etdiyi sənədə əsaslanaraq, «Məhkəmələr və hakimlər haqqında» Qanundan andlı iclasçılar institutunun təsis edilməsinə dair normanı çıxarıb.

Amma Müzəffər Baxışov andlı iclasçılar institutu tətbiq olunsaydı belə, yenə də fərqli nəticə əldə olunacağına inanmır: «Azərbaycandakı indiki reallığı nəzərə alaraq, hesab edirəm ki, məhkəmələrə andlı kimi nəzarət edəcək vicdanlı, tərəfsiz, heç bir halda mövqeyini nələrsə müqabilində dəyişməyən adamları tapmaq çox çətin olardı...».

Yalçın İmanov

Yalçın İmanov

VƏKİLİN TƏCRÜBƏSİNDƏ BİRCƏ BƏRAƏT HÖKMÜ OLUB

Vəkil Yalçın İmanov deyir ki, Azərbaycanda bəraət hökmlərinin bu dərəcədə az olması ölkədə ədalət mühakiməsinin keyfiyyətli və səmərəli olmamasının göstəricisidir. Vəkilin sözlərinə görə, indiyədək təqsiri olmadığı halda cinayət məsuliyyətinə cəlb olunmuş bir xeyli adamın hüquqlarını müdafiə etsə də, yalnız bir halda məhkəmədə bəraət verilməsinə nail olub. O da müvəkkilinə ittiham verilmiş maddələrdən yalnız biri üzrə:

«Məhkəmələr faktiki icra hakimiyyətinin, konkret olaraq, prokurorluğun əlavəsinə çevriləndə fərqli nəticə də gözləməyə dəyməz. Azərbaycanda səmərəli, hərtərəfli məhkəmə araşdırması illüziyadır. Hökmlərə nəzər yetirilsə, məlum olar ki, onların böyük əksəriyyəti nöqtə-vergülünə, hətta qrammatik səhvlərinə qədər ittiham aktından köçürmədir. Hakimlər əksər hallarda prokurorluğun sübutlarının təsdiqlənməsinə çalışdıqları halda, müdafiə tərəfinin iş üçün çox vacib olan vəsatətlərini təmin etmirlər. Nə qədər ki, məhkəmə proseslərində tərəflərin bərabərliyi, çəkişmə prinsiplərinə əməl olunmur, ədalətli nəticəyə ümid etməyə dəyməz».

GÖZDƏN PƏRDƏ VƏ ZİRVƏDƏN YIXILAN ALPİNİST

Azərbaycanda çıxarılan azsaylı bəraət hökmlərinə gəlincə, Yalçın İmanov hesab edir ki, bu, gözdən pərdə asmaqdan başqa bir şey deyil: «Yəni «bizdə də bəraət hökmü çıxarılır» görüntüsü...».

Hakimiyyət təmsilçiləri isə məhkəmələrin müstəqil işlədiyini, onlara heç bir təzyiq göstərilmədiyini bildirirlər. Məhkəmələrin icra strukturundan asılılığı, sifarişli qərarlar çıxarması barədə deyilənlər isə bir qayda olaraq təkzib olunur, qərəzli yanaşma sayılır.

Ancaq vəkil Adil İsmayılov Azərbaycan məhkəmələrinin hazırkı vəziyyətinə dair adətən məhkəmələrdəki çıxışlarında hakimlərə bu lətifəni danışır: «İki vəkil filmə baxır, onlar mərc gəlirlər, biri deyir ki, alpinist dağa çıxacaq, o biri deyir ki, çıxmayacaq. Alpinist zirvəyə çatanda yıxılır. Mərci qazanan tərəf deyir ki, mən bu filmə baxmışdım, bilirdim ki, çıxmayacaq. Uduzan deyir ki, mən də baxmışdım, amma ümid edirdim ki, bəlkə bu dəfə çıxar...».

Və lətifədən sonra Adil İsmayılov əlavə edir: «Mən də məhkəmələrin vəziyyətini bilirəm, amma yenə də ümid edirəm...».

Günün bütün mövzuları

XS
SM
MD
LG