Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:21

-

Lənkəranda danışırlar ki, bu şəhərin bazarında quş südü belə istəsən tapmaq olar. Təbii bunu məcazi mənada deyirlər. Ancaq bu da faktdır ki, ətraf rayonların imkanlı sakinləri əsasən məhz bu bazarda alış-veriş edirlər. İlin bütün fəsillərində səhər saatlarında bu bazarda qələbəlik olur. Ancaq bu dəfə bazarda alıcıdan çox satıcı gördük. Bazarın daimi sakinləri deyirlər ki, son günlərdə hər alıcıya 2-3 satıcı düşür. Bazarda satan çox, alan isə azdır.

«İNDI BAZARDA ƏN UCUZ SATILAN TURPDUR»

Əlində səbət tutan Lənkəran sakini deyir ki, vəziyyət yaxşı deyil:

«Oğlum Rusiyada yaşayır. Hərdən pul göndərirdi. İndi onun da imkanı yoxdur. Mənə zəng vurub xahiş etdi ki, pensiyamdan ona göndərim. İndi bazarda ən ucuz satılan turpdur. Onu da çox yemək ziyandır».

PENSİYA VERİLƏN GÜNLƏR ALVER YAXŞI OLUR...

Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olan sahibkar isə bildirir ki, qiymətlər ötən ilin müvafiq dövründəkindən ucuzdur. Qarşısında olan məhsulları bir-bir göstərərək qiymətləri deyir:

«Əvvəla yerli kartof tükənib. Bazarda ən çox xaricdən gətirilən kartof satılır. İran kartofudur, 1 kilosu 60 qəpiyədir. Soğan isə özümüzünküdür. Bir həftə ərzində qiyməti 100 faiz artdı. İndi kilosu 50 qəpiyədir. Arpa 25, buğda isə 28-30 qəpiyədir. Pensiya verilən günlərdə bir az alver yaxşı olur. Qalan vaxtlarda çətindir. Ötən il gün ərzində 18-19 ədəd 50 kiloqramlıq buğda kisəsi satardım. İndi bir kisə satılmır. Əhalinin alıcılığı yoxdur. Nisyə də ki, dəhşətdir, 3 nisyə dəftərim var».

ALICI YOXDUR, ƏT UCUZLAŞIB...

Bazarda ətin qiyməti də düşüb. Əvvəllər 1 kiloqram dana əti 7 manata satılırdısa indi 5-6 manata düşüb. Qəssab bunun səbəbini ətin çoxluğunda yox, alıcının azlığında görür:

«Alan yoxdur. Adam tanıyıram həmişə məndən ət alır. Əvvəllər həftədə 3-4 dəfə gəlib ət alırdı. İndi 2 həftədən bir gəlib 1 kilo ət alır. İmkan yoxdur, tükənib. Bazarda 10-15 yerdə ət satılardı. İndi ət satan yerlərin çoxu bağlanıb».

Dükan

Dükan

Alıcılar yumurtanın qiymətinin qalxması ilə əlaqədar narazılıqlarını bildirirlər. Ev yumurtası 30 qəpiyə satılır. O da həmişə olmur.

BAZARDA UCUZLUQ, MAĞAZALARDA BAHALIQ...

Bazardan fərqli olaraq, ərzaq mağazalarında qiymətlər qalxmaqda davam edir. Bir supermarketin sahibi uzun tərəddüddən sonra suallarımıza cavab verməyə razılaşır. Sahibkarın sözlərinə görə, hər dəfə mal gətirəndə yeni artım qiyməti ilə gəlir:

«Mağazada 300 addan çox mal var. Bunların 3-4-nün qiyməti yerindədir. Bir də yerli konfet 50 qəpik düşüb. Söhbət bir ay ərzində qiymətlərin dəyişilməsindən gedir. Lakin Rusiyadan gətirilən bəzi konfetlərinin bir kiloqramının qiyməti 50 qəpik artıb. Qiymət hər dəfə qalxır. Xüsusən xarici mallar. Sular, ağartılar, şampunlar, hamısı bahalaşıb. Xüsusən qab şampunun qiyməti 25-40 faiz artıb. «Ariel»ə aid nə varsa, qiyməti qalxıb. Qiymət qalxdıqca alıcıların da sayı azalır».

Lənkəran bazarı

Lənkəran bazarı

«YUMURTA 7 QƏPİKDƏN 16 QƏPİYƏ QALXDI»

Sahibkar deyir ki, qiyməti mal gətirən şirkətlər qaldırır. Mağazalar qiymət qaldıra bilmir:

«Biz artırmırıq. Bizə sərf etmir. Alıcı gəlmir. Təkcə xarici malların qiyməti qalxmır. Məsələn, zeytun yağları var ölkəmizdə istehsal olunur. Bir həftə ərzində qiyməti 10 faiz artdı. Bu yağlar əvvəllər də baha idi. Yumurta 7 qəpikdən birdən-birə 16 qəpiyə qalxdı. Düyüdür, undur əvvəlki qiymətlərdə qalır. Bizə xəbərdarlıq edirlər ki, onlarda da bahalaşma olacaq».

ÇÖRƏYİN ÇƏKİSİ AZALIR...

Çörək satan isə deyir ki, qiymət yerindədir. Lakin 500 qramlıq çörəyin çəkisi 50 qram azdır.

Ərzaq məhsulları satan marketlərdə də alıcılar az idi. Alıcıların üzündə pərtliyi, satıcıların üzündə məyusedici ifadələri aydın görmək olurdu.

İqtisadçı Vidadi Mirzəyev deyir ki, kənd təsərrüfatı məhsullarında qiymətlərin yerində qalması müvəqqəti haldır:

Vidadi Mirzəyev

Vidadi Mirzəyev

«Kənd təsərrüfatı məhsulları tükəndikcə qiymətlər də qalxacaq. Yerli məhsulların yerini xaricdən gətirilən məsullar tutacaq. Böhran şəraitində xaricdən gətirilən məhsulların qiyməti istər-istəməz artacaq. Hələ ki, ehtiyatda var. Qaldı mağazalarda satılan ərzaq məhsulların qiymətinə, buna da şükür etməliyik. Dolların bahalaşması qaçılmazdır. Bu o deməkdir ki, iqtisadi böhran olacaq».

«GÖMRÜKDƏ MONOPOLİYA VAR»

Vidadi Mirzəyevin fikrincə, iqtisadiyyatda kök salmış neqativ hallar insanların yaşayışına mənfi təsir göstərir:

«Sadə insanlar ağır vəziyyətdən çıxmaq üçün iki cəbhədə vuruşmalı olacaqlar. Həm böhranla, həm də ölkəni çökdürən korrupsiya və monopoliya ilə. İki addımlıqda olan İran Astarasında kartofun bir kiloqramı 15-20 qəpikdir. Azərbaycan Astarasında həmin kartofun bir kiloqramı 60 qəpikdir. Gömrük rüsumunu verdikdən sonra kartofun bir kiloqramı təxminən 30-35 qəpik olmalıdır. Xaricdən gələn digər mallarda vəziyyət eynidir. Bu onu göstərir ki, gömrükdə monopoliya var. Bütün pullar dövlətin büdcəsinə getmir. Ölkə prezidenti dəfələrlə gömrüklə bağlı sərəncamlar qanunlar verib. Bu sərəncamlar işləmir. Gömrük ədalətlə işləsə, büdcədə problem yaranmaz. Gömrüyün fəaliyyəti yeni şəraitə uyğun qurulmalıdır. Kimsə 2 kilo banan alıb evinə gətirmək istəyir, onun bir kilosunu əlindən alırlar. Hökumətimiz qarşıdan gələn çətinliklərə ciddi yanaşmır».

Şərhləri göstər

XS
SM
MD
LG