Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:52

Evini söküblər, kompensasiya da ala bilmir


Söküntü
Söküntü

-

«Əvvəl işığı, qazı, suyu kəsdilər. Özü də sənəd-filan təqdim etmədən.... Sonra da gətirib traktoru söykədilər qapıya, dedilər, «çıxın çölə»... Sual etdik ki, «hara gedək?». Dedilər, «qərar özünüzündür, istəyirsiniz çıxın, istəyirsiniz içəridə qalın. Ev söküləcək». Sonra da əmr verdilər ki, «sökülsün»».

Bakı şəhər sakini İslam Abbasov deyir, bu ilin martında Sabit Orucov küçəsində yerləşən və ona məxsus 5-otaqlı mənzil sökülüb. Xətai rayon İcra Hakimiyyətinin işçiləri sahəsi 150 kvadratmetr olan təmirli mənzili elə həmin ünvanda yaşayanların gözü önündə ağır texnikadan istifadə etməklə söküblər.

BİR TƏRƏFDƏ POLİS, BİR TƏRƏFDƏ DƏ TRAKTORLAR...

«Adını qoydular ki, guya Yusif Səfərov küçəsindəki parkı uzadırlar. Mənim də evim həmin parkın uzadılacaq hissəsinə düşür. Bizə ailəlikcə əməlli-başlı faciə yaşatdılar. Evimiz söküləndə yoldaşıma görə təcili yardım gəldi. Bir tərəfdə həkim briqadası, bir tərəfdə polis, bir tərəfdə də hökumət nümayəndələri, traktorlar...».

İslam Abbasov iki övladı və həyat yoldaşı ilə 10 il imiş ki, həmin mənzildə yaşayırmış. Ev sökülüb, yeri şumlanıb, ərazisi də hasara alınıb. Ortada əmlakla ev əşyaları da yararsız hala düşüb. Ancaq tərəflər öz aralarında kompensasiyaya görə hələ də razılığa gələ bilməyiblər. Səbəbindən əmlak sahibi danışır:

«Qiymətləndirmə manatın devalvasiyasından əvvəl olub. Qiymətləndirməyə görə, əmlakımın dəyəri 240 min 100 manat olub. Ancaq icra hakimiyyəti dedi, sənə 140 min 100manatdan artıq pul verə bilməyəcəyik».

«EVİMİ BAYRAQ MEYDANININ KEÇMİŞ RƏİSİ SÖKDÜRÜB»

İslam Abbasov deyir, evini sökməkdə məqsəd heç də park salınması deyil:

«Evimin yerləşdiyi ərazini Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi, «Azİmport» şirkətinin sahibi Rəşad Məmmədov alıb. Bu məsələlər o, həbs olunmamışdan əvvəl baş verib. Əvvəl işləri yaxşı gedirdi. Rəşad Məmmədov nə qədər ki, azadlıqda idi, mənim evimin yan-yörəsindəki evləri də belə haqsızlıqlar etməklə söküb hasara aldılar. Rəşad Məmmədov qəflətən həbs olundu, işlər də dayandı. İndi bütün sahələr hasarda qalıb. Nə qədər ailə isti ev-eşiyindən uzaq düşdü».

Deyir, indi söhbət açıq qalıb – nə kompensasiya verən var, nə də hasarın ortasında qalan boş ərazidən istifadə edən... İş orasındadır ki, əmlak sahibinə cəmi 3 aylıq kirayə pulu verilib, sonra bu pulun verilməsini də dayandırıblar.

«HÜQUQ MÜSTƏVİSİNDƏ HƏLL ETSİNLƏR»

Xətai rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ərazidən abadlıq işləri məqsədilə istifadə olunacaq. Rəşad Məmmədovun məsələlərlə heç bir əlaqəsi yoxdur.

Hüquqşünas Fuad Hüseynov Xətai rayon İcra Hakimiyyətinin addımını vətəndaşın mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirir:

«Məhkəmə qərarı olmadan vətəndaşın əmlakının sökülməsi onun birbaşa mülkiyyət hüquqlarının pozulmasıdır və qanunda buna görə məsuliyyət nəzərdə tutulub. Heç bir icra orqanı vətəndaşın əmlakını məhkəmə qərarı olmadan sökə bilməz. Hətta o ərazi dövlət ehtiyacı üçün lazım olsa belə, tərəflər bunu hüquq müstəvisində həll etməlidilər».

Hüquqşünas deyir, indiki durumda vətəndaş mülkiyyət hüquqlarının pozulması və icra hakimiyyəti nümayəndələrinin özbaşına hərəkətlərindən ərazi üzrə inzibati iqtisad məhkəməsinə müraciət etməlidir.

XS
SM
MD
LG