Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:31

-

Dekabrın 7-dən Nizami Kino Mərkəzində Meksika kinosu günlərinin açılışı olub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, kino günləri Meksikanın Azərbaycandakı səfirliyi, Azərbaycanın Meksikadakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və «Lider» televiziyasının birgə əməkdaşlığı çərçivəsində gerçəkləşib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinoşünas Ayaz Salayev tamaşaçılara Meksika kinosu barədə bilgi verib. Onun dediyinə görə, Meksika kinematoqrafı böyük yol keçib və özünəməxsusluğu ilə fərqlənir. Bu da onun populyarlaşmasının əsas səbəbidir. O, Meksika filmlərinin Azərbaycanda uğurla nümayiş olunacağına əminliyini də ifadə edib.

Bütün iştirakçılara minnətdarlığını bildirən Meksikanın Azərbaycandakı səfiri Juan Rodrigo Labardini Flores Xəzər dənizindəki «Günəşli» yatağında baş vermiş faciə ilə əlaqədar Azərbaycan xalqına və dövlətinə başsağlığı verib.

Keçirilən kino günlərinin əhəmiyyətindən söz açan diplomat bildirib ki,bu tədbir ölkələrimiz arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunub.

Kino günləri çərçivəsində tamaşaçılara 5 bədii film təqdim ediləcək.

Açılış günü «Səfil həyat» filmi nümayiş olunub.

Dekabrın 11-dək davam edəcək kino günləri çərçivəsində «Makario», «Ümid var», «Varislər» və «Mirvari» bədii filmləri göstəriləcək.

Meksika filmləri Azərbaycan dilinə «Lider» televiziyası tərəfindən dublyaj olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG