Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:17

-

“Artıq” sözünü demək üçün əziyyət çəkmək lazımdır. Əvvəl ağzını böyük açıb sonra dodaqlarını dartmalısan. Hamımız tənbəlik. Dildə isə xüsusilə.

"Ümumiyyətlə" və "vabşe" - davaya hər iki sözlə başlayın, görün hansı variantda sizdən daha çox qorxacaqlar?!

"Qazax mahalının ləhcəsində gözəl, maraqlı bir söz var, eyni mənanı ifadə etmək üçün: "Boylum"

Ziya F.M.

İzah(lı)sız lüğət

- Əmi, orda nə göstərilir?

- Bir manat ver deyim.

Hamının yadında olar, "Şərikli çörək" filmindəndir.

- İzahsız bir manat, izahnan iki manat.

Ziya F.M.

Ziya F.M.

Vaxtaşırı "Azərbaycan dilinin izahlı lüğəti" buraxılır. Qiyməti də yüksək, dünyanın, aləmin xərci çəkilir, alimlər baş sındırır, katibələr mətnləri yığır, korrektorlar hərf səhvlərini düzəldir, mətbəələr səhifələyir, çap edir, üzləyir, kitabsatanlar işə qoşulur.

Bir sözlə, aləm dəyir bir-birinə ki, kiməsə (daha çox özlərinə) heç kimin işlətmədiyi sözlərin mənasını başa salsınlar.

İstəyirəm bir dəfə də izahsız lüğət buraxılsın. Orfoqrafik lüğət yox, adını elə “İzahsız lüğət” qoysunlar. Hesablamalara və kino tariximizə görə izahlı lüğətdən iki dəfə ucuz olmalıdır. Ucuz və keyfiyyətli.

Onsuz da heç kim heç kimin sözünə inanmır. İzahatına da. Odur bax, sən polisdə-zadda izahat yazırsan, məhkəmədə vəkil-zad izahat verir, şahidlər ifadələrində müxtəlif kağızlar imzalayırlar. Hökümət nümayəndələri televizorda-zadda çıxıb yekə-yekə izahatlar verirlər, məsələn, örtük-zad belə oldu, JEK(MİS) müdiri belə tutuldu, cinayət üstündə.

Onsuz da heç kim inanmır ki, inanmır. Mənim fikrimcə, Azərbaycanda daha izahata-zada ehtiyac qalmayıb. Çünki onsuz da hamı öz istədiyini başa düşür. Onda daha izahlı lüğətə nə ehtiyac?!

Vəziyyətdən çıxış yolu izahsız lüğət buraxmaqdır. Qoy kim nə cür bilir, elə də başa düşsün. Daha izahata-zada artıq pul xərcləməsin. Rusiyanın da meşələri bir az daha az qırılar. Bizdə onsuz da meşə qalmayıb. Məsələn, sabah bizim izahlı lüğətdə meşə sözünü izah edəcəklər ki, bu böyük ərazini tutan, təbii şəkildə bitən ağaclardır.

Bizdə artıq (heç əvvəllər də olmayıb) Böyük ərazi yoxdur. Gələcəkdə də gözlənilmir, əgər Xəzər qurumasa. Meşə də ki, ilahidən, Nuh əyyyamından olmayıb. Olanını da qaz olmayanda qırıb axırına çıxıblar. İndi əkilən yolkənarı ağaclar heç vaxt meşə sayıla bilməz. Uzaqbaşı zolaq demək olar.

Markesin Azərbaycan dilində kitabları

Markesin Azərbaycan dilində kitabları

İndi bu yazıq izahlı lüğət istifadə edənlər haradan bilməlidirlər ki, meşə nədir? Parklardakı ağaclar meşə sayılmalıdır, yoxsa yol kənarlarındakılar?!

Lap Markesin "Yüz ilin tənhalığı" əsərindəki vəziyyətə gəlib çıxmışıq.

Əşya var, adı var, amma nəyə istifadə oluna biləcəyini heç kim bilmir, sonra əşyanın adı yaddan çıxır, sonra üstünə yazılıb vurulmuş istifadə təlimatı anlaşılmır, çünki izah üçün istifadə olunan sözlərin də mənası yaddan çıxır.

Fikrimi izah edə bildim, görəsən? Anlamadızsa, izahlı lüğətə baxın, orada bütün olan və olmayan sözlərin izahı var.

Sadəcə izahsız lüğət isə bütün problemləri həll edə bilər. Kim hansı əşyaya hansı ad istəsə götürüb hər bir sözdən istifadə edə bilər.

Amma yox. Ədliyyə Nazirliyi qoymaz. Uşaqların adını hökümət qoya bilər ancaq. Əşyaların da adı onun kimi.

Türkmənbaşı çörəyə anasının adını qoyanda olar, bizimkilərə başqasının uşağının adını diqtə eləmək olmaz?! Nə isə...

Amma pis fikir deyildi. İzahsız lüğət...

Bir manat da xərcləyib, hər halda izaha qulaq asmaq lazım gələcək. Mən isə öz tərəfimdən bu ölkədaxili daxıla bir-iki manat daxil etmək istəyirəm. Akademik olmasam da, elmi dərəcəm olmasa da, bu sözlərin mənə də aidiyyatı var.

İzahlı lüğətə isə indi işlədilən bir çox sözlər daxil edilməyib. Halbuki, bir çox söz lüğət olmadan da işlədilir. Fikrimcə, bəzi sözlərin elmi olmasa da, subyektiv izahına ehtiyac yaranıb. Düzgün izah olmasa da.

Sevgi, Eşq , Məhəbbət, İstək

Biz azərbaycanlıların qəribə bir şakəri var - olmayan söz yaratmaq əvəzinə, olan sözlərə sinonim axtarmaq, bütün dillərdən. Bizi maraqlandıran şeyləri sözlərin sinonim çoxluğu ilə müəyyən etmək olar, nəyə daha çox meylliyiksə onun söz ifadəsinin variantları daha çoxdur.

Eşq, məhəbbət, sevgi, istək və s. eyni mənalı sözlərdir, amma artıq hamısından istifadə olunduğuna görə bizə elə gəlir ki, onların arasında hissiyatın qədərinə, ictimailəşməsinə və ya intimliyinə görə hansısa fərqlər var.

Yoxdur, mənim fikrimcə. Fərqli istifadə olunmasının isə bircə səbəbi var; lirika, poeziya tələbləri, qafiyə problemləri, ahəng, axıcılıq və obraz yaratmaq cəhdləri və mövzu yeknəsəqliyi. Sadalanların arasında bircə sözün praktiki mənası var.

“Mən səni istəyirəm” deyəndə heç də sevgi nəzərdə tutulmur. “I want you” deyimindəki mənanın bizim kimisə istəməyimizə heç bir aidiyyatı yoxdur. Bizim söz seksual yox, sosial mənadadır. Birbaşa gələcək partnyora yox, onun ata-anasına yönəlmiş müraciətdir.

“Mən səni sənin ata-anandan istəyirəm”. “Almaq istəyirəm” ifadəsinin kökü isə gələcək arvadın əvəzinə veriləcək mal-heyvan, pul-paranın göstəricisidir. Əgər ingilis dilindəki “love", rus dilindəki “любовь” birinci halda bütün dünyaya, ikinci halda dünyanın altıda birinə bəs edirsə, bizi bir hissin, bir məfhumun bir adı heç təmin etmir. Bizə hissin özündən çox onu poeziyada əks etdirmək üçün "cinası" daha çox lazımdır. Ya da olmayan hissi gözəl sözlə pərdələmək...

SİZLƏR...(cəmin cəmi)...

İngilis dedim, yadıma düşdü, bu dildə "you" sözü "siz" deməkdir, onlar "sən" sözündən tamam imtina ediblər, sən - "thou" ancaq İncil kimi əski mətnlərdə qalıb. Biz isə ikiqat siz sözü tapmışıq - "sizlər". Çox iyrənc sözdür.

Niyə iyrənc olduğunu izah eləməyə çalışım. Bu sözü radio və TV işçiləri fikirləşib tapıblar ki, tamaşaçıdan və dinləyicidən uzaq dursunlar. Guya ki, “sizlər” sözü “siz” müraciətindən daha mədənidir. Yox!

Ona görə ki, söz hörmətə bağlanmalıdır, onun, siz sözünün kökündə minilliklərin tərbiyəsi, mədəniyyəti, böyüyü-kiçiyi durur, amma sizlər sözünün konkret ünvanı yoxdur, bu söz nə toplumu, nə də konkret şəxsi ifadə edir, kökü olmayan, tarixi olmayan söz, ona verilən şəxssizlik missiyasını tam yerinə yetirir.

Mikrofonun və ekranın o biri tərəfində oturanların canını zəng edənlərin və ya qulaq asanların dərdini-azarını hiss etməkdən, onlara ürək ağrısı ilə yanaşmaqdan xilas edir. Çox həyasız və iyrənc sözdür. Çox. Çox-çox.

Uje...(уже)...artıq...

Rus dili dərsi

Rus dili dərsi

Niyə bu söz dilimizə ilişib qalıb?

Ümumiyyətlə (bir başqa söz də onun kimi- вообще), ilişib qalan sözlərlə bağlı fikir heç vaxt heç nəyi izah edə bilməz. Ancaq şəxsi fikir ola bilər.

Ən əsası, deyilişi asandır. “Artıq” sözünü demək üçün əziyyət çəkmək lazımdır. Əvvəl ağzını böyük açıb sonra dodaqlarını dartmalısan. Hamımız tənbəlik. Dildə isə xüsusilə.

Nə qədər mümkündür, aradakı az məna kəsb edən sözlərin üstündən atılıb keçmək istəyirik. Deyilişində hətta bir poetiklik axıcılıq da var. İndiyədək poeziyamızda niyə istifadə olunmayıb, çox maraqlıdır?!

İkincisi isə, başqa (mənasından başqa) heç bir fikir oyatmır. Qabaqdan qalan artıq, kəsilib atılan artıq, onun-bunun artığı və s. Hər birində bir gizli və ya aşkar neqativ məna var. Bir az da üstünə qoymaq mənasını da qatsaq, heç kimin bu sözdən istifadə etmək istəməməsini başa düşmək olar.

Bir-iki sözü də ruslardan alsaq, dünya dağılmaz ki?!

Vermirik axı, alırıq, istifadə edirik. Qoy bir söz də onlardan qalsın. Nə olsun ki, türklərlə müharibə eləmək istəyirlər?!

Вообще....в общем...vabşe...boylum...

Heç rusların özləri də bu sözü yerində, düzgün işlətmirlər. Hələ də rusdilli internet saytları "вообще", "в общем" sözlərinin düzgün işlədilməsi və ayrı-ayrı mənalar daşıması haqqında yazılarla doludur.

"Вообщем" isə yerli-dibli yoxdur. Ruslar belə deyirlər. Bizimkilər isə ruslarda olmayan sözdən geninə-boluna istifadə edirlər. Yenə həmin prinsipi, dilin tənbəlliyini yada salsaq, "ümumiyyətlə" demək üçün kifayət qədər güc, vaxt və əzələ hərəkəti lazım olur.

"Vabşe" demək üçün isə heç nəyi (ağızda) gərginliyə salmaq lazım olmur. Elə bil hava buraxırsan boşluğa, dişlərinin arasından. Rahat, özü sürüşüb çıxır.

Leqal dava

Leqal dava

Vobşem, pis söz deyil. Vabşe qəşəng sözdür. Deyəndə narahat eləmir. Gəl indi bir fışıltının əvəzinə ərəb dilində mahnı oxu görüm, oxuyarsanmı?

Vabşe, bilirsən nə var?... Döyüşməyə, söyüşməyə hazırlaşmaq üçün də rahatdır. Qısa və konkret. Dava salmağa hazırlaşan hansı biri uzun-uzadı "ümumiyyətlə" deyər ki?!

Biz döyüşən millətik. Sübutu da "ümumiyyətlə" sözünü "vabşe" ilə əvəz etməyimizdədir. İnanmırsınızsa, davaya hər iki sözlə başlayın, görün hansı variantda sizdən daha çox qorxacaqlar?

“Vobşem” sözü isə, guya ki, söhbətin məğzinə yaxınlaşan vaxt istifadə olunur. Amma Qazax mahalının ləhcəsində gözəl, maraqlı bir söz var, eyni mənanı ifadə etmək üçün: "Boylum".

Azərbaycan. Qazax

Azərbaycan. Qazax

Əhvalatı danışıb axırına çatmağa heç nə qalmayanda ondan çıxan nəticəni deməyə hazırlaşırkən bu sözdən istifadə olunur.

"Boylum, filankəs həmin axşam yata bilmədi".

Təqribən belə.

Boylum, bu sözün də axırına çıxdıq.

Allah, Tanrı, İlahi.

Mənim fikrimcə "Не дай бог" kimi ifadələri də elə "Allah göstərməsin" kimi tərcümə etmək lazımdır. Daha "Tanrı göstərməsin" kimi yox.

Elə tərcümə edirlər ki, guya Allah bizimkidir, Tanrı isə onların və ya Tanrı sözünü tərcümə etmək olar, Allah sözünü isə, "əstəğfürullah", olmaz. Dil vahidi ilə din vahidlərini bir-birinə qatmaq dəbi haradasa axır vaxtlar, dindarlıq-zad başlayandan sonra baş alıb gedir.

Əvvəllər belə şeylərə dəli-divanə kimi baxmırdılar azərbaycanlılar, baxmayaraq ki, milliyyətini soruşanda "musurman" deyirdilər.

Dal

İşə düşmüşük! Hər iyirmi-otuz ildən bir gərək bütün kitabları yenidən yeni əlifbayla buraxaq. Xalqa zülm etməkdən başqa əllərindən iş gəlmir ağıl dəryalarımızın.

Böyüklər kiçikləri anlamırlar, kiçiklər də böyükləri. Hər nəsil o biri nəsildən bir əlifba uzaqda yaşayır. Dörd dəfə əlifba dəyişmək olar bir əsrdə?! Sonra da deyirlər ki, hərə bir dildə danışır. Danışarlar da! Gedin indi bir-birinizi başa düşün.

Hələ üç-dörd nəsil bundan qabağı demirəm. Oxuyun, görün başa düşürsünüzmü ki, “Əlif qəddim dala döndü” deyəndə yazıq şair nəyi nəzərdə tuturmuş? Hansı dalı? Nəyin dalını? Türklərin budaq dediyi dalı, yoxsa bizim uşaqlarda sevib öpdüyümüz yeri?

Nöqtə

Qələm olsun əli ol katibi-bəd təhririn,

Ki, fəsadi-rəqəmi sözümüzü şur eylər.

Gah bir hərf süqutilə qılır nadir nar,

Gah bir nüqtə qüsurilə gözü kur eylər.

Pis yazan katibin əli qurusun ki, onun yazısının səhvləri “sözümüzü” “şur” edər, gah bir hərfi yazmamaqla “nadir”-i “nar”-a çevirir, gah da bir nöqtə səhvinə yol verməklə “göz”-ü “kor” edər.

Füzulinin sözləridir. Öz adımıza çıxmağımıza baxmayaraq, onun yazdıqlarının heç səksən faizini də başa düşmürük.

Bu sözləri anlamaq üçün ərəb əlifbasını bilmək lazımdır. “Kor” və “göz” demək olar ki, eyni yazılır. Fərq nöqtədədir. Nöqtə qoyanda “R” hərfi “Z” kimi oxunur, elə olanda “O” yumşalıb “Ö”-yə çevrilir. “K” də yumşalıb “G”-yə çevrilir. Qoymayanda göz kor qalır. Nöqtəni deyirəm.

Mən də burada nöqtə qoyum, icazənizlə.

Mənim izahlı lüğətim kiməsə maraqlı gəldisə, xəbər edin, davamını da yazım.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG