Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:56

Türkiyə Bakıya niyə yan alır


İlham Əliyev və R.T.Erdoğan
İlham Əliyev və R.T.Erdoğan

-

İŞİD Suriya və İraqdakı neft yataqlarından necə qazanır; İŞİD-in gəlirini necə kəsməli – 7 dekabr Qərb mediasının icmalı.

Türkiyə baş nazirinin Azərbaycana səfəri bu ölkəylə enerji sahəsində və siyasi əməkdaşlıqda böyük dəyişikliyin göstəricisi ola bilər. «Middle East Eye» saytında David Barchard yazır ki, Ahmet Davutoğlu-nun ikigünlük səfərinin məqsədi Türkiyənin xarici və enerji siyasətində yeni istiqamətlərin xəritəsini hazırlamaq idi. Belə ki, Türkiyə Rusiyanın «Su-24» bombardmançısını vurandan sonra Moskvayla Ankara arasında bu tezliklə yaxınlaşma mümkün görünmür.

Davutoğlu və prezident İlham Əliyev dekabrın 3-də elan etdilər ki, Trans-Anadolu Kəməri (TANAP) layihəsi üzrə işlər sürətlənəcək.

«Bu, Azərbaycan üçün çox yaxşı xəbərdir. Elə də mehriban olmayan qonşularla əhatələnmiş bu ölkə daima enerji ixracı üçün yeni marşrutlar axtarır. TANAP-ın sürətləndirilməsi də sürpriz qərar deyil. Rusiya ilə mübahisə yaranandan Türkiyə Azərbaycandan əsas enerji tərəfdaşı kimi yararlanmaq, Rusiyadan aldığı enerjinin bir hissəsini Azərbaycanın hesabına təmin etmək istəyir. AKP hökuməti üçün bu, ciddi siyasət dəyişikliyidir və erkən baş verdi. Düzdür, hələlik Rusiyanın enerji təchizatını dayandıracağı barədə fikir səslənməyib. AKP-yə yaxın bəzi mənbələr bunun heç vaxt baş verməyəcəyini deyir, ancaq onu da etiraf edirlər ki, Türkiyə alternativ axtarmalıdır».

Müəllif bu baxımdan Türkiyənin Azərbaycan və digər ölkələrin timsalında enerji mənbəyi axtarmasını ehtiyatlı qərar adlandırır. Bu nöqteyi-nəzərdən Davutoğlu-nun Bakıdakı çıxışı da xeyli ölçülü-biçili idi. Ancaq mesaj aydındı. Geriyə yol yoxdur: «Elə təəssürat yaranır ki, Moskvayla sıx enerji tərəfdaşlığı sona çatır, bu da daha çox prezidentlər Putin və Erdoğan-ın şəxsi ədavətinə dayanır».

«Azərbaycan Türkiyə ilə münasibətlərin yaxınlaşmasına şövqlə yanaşır, ancaq bu yaxınlaşma Qafqazda, Dağlıq Qarabağ münaqişəsində yeni gərginliklərə yol aça və Rusiya ilə münasibətlər də çətinləşə bilər. Ola da bilsin, Rusiyanı Türkiyənin enerji təminatından kənarlaşdırmaq məsələsində Türkiyə və Azərbaycan yalnız xəbərdarlıq çıxışları edirlər, açıqladıqları planlar heç də qəti deyil. Ancaq yenə də Türkiyənin region və enerji ilə bağlı siyasətinin alternativi görünməkdədir. Hələlik, nə Rusiya, nə də Türkiyə geri çəkilmək əhvalında deyillər».

İraq nefti
İraq nefti

İŞİD SURİYA VƏ İRAQDAKI NEFT YATAQLARINDAN NECƏ QAZANIR

Rusiya Türkiyə prezidentini «İslam Dövləti» (İD) silahlı qruplaşması ilə qanunsuz neft ticarətində ittiham edir. «The Los Angeles Times»da Nabih Bulos İD-nin Suriyada neft yataqlarını necə işlətdiyini və məhsulu bazara necə çıxardığını araşdırıb.

İD Suriyada bir sıra neft-qaz yataqlarını ələ keçirsə də, istehsal müharibədən əvvəlki səviyyəyə heç yaxın düşmür. Müharibədən öncə günə 385 min barrel neft çıxarılırdısa, indi bu rəqəm günə 30-40 min barreldir.

Yazıda qeyd olunur ki, neftin böyük hissəsi kiçik, özəl neft emalı müəssisələrinə satılır. Bu müəssisələri adətən İD-ə bağlı olmayan mülki şəxslər idarə edir. Onlar xammalı birbaşa quyudan alır, emal edir və aşağı keyfiyyətli məhsulu qara bazarlarda satırlar. Müəllif yazır ki, bu şəxslərin evləri İD-lə döyüşlərdə dağıdılıb. Onlar İD-nin neft ticarətinin əsasını təşkil edirlər – bu nefti nəinki emal və nəql edirlər, eləcə də ABŞ koalisiyasının neft infrastrukturuna hava zərbələrinin də əsas hədəfləridir. Bu neftin böyük hissəsi heç vaxt xarici bazarlara çatmır, İD-nin nəzarətində olan ərazilərdə istehlak olunur, yaxud da digər üsyançı fraksiyalara, Suriya hökumətinə satılır.

Bu neftdən əldə olunan gəlirə gəlincə, günə 2-3 milyon dollardan söhbət gedir. Rusiyanın hava kampaniyası başlanandan bu rəqəm iki dəfə azalıb.

İraqın keçmiş milli təhlükəsizlik müşaviri Mowaffak Rubaie deyir ki, İD ötən il neft istehsalından 800 milyon dollar qazanıb. «DAESH (İD, İŞİD-in ərəbcə qısa adı-red.) İraq və Suriya neftini Türkiyənin qara bazarında qlobal bazardakından 2 dəfə aşağı qiymətə satır», - Rubaie deyib. Bəzi təhlilçilər isə İD-nin neft gəlirlərinin həddən artıq şişirdildiyini bildirirlər.

Türkiyə rəsmilərinin iştirakına gəlincə, buna ciddi dəlil yoxdur. «DAESH-in yeganə sərhədi Türkiyə ilədir», - Suriyanın kürd Rocava bölgəsinin Enerji Komissiyasının rəhbəri Salman Khalaf deyib. Rubaie də oxşar fikirdədir ki, heç bir silahlı qruplaşma qonşu ölkənin dəstəyi olmadan duruş gətirə bilməzdi.

Britaniya qırıcıları Kiprdə
Britaniya qırıcıları Kiprdə

İŞİD-İN GƏLİRİNİ NECƏ KƏSMƏLİ

«Newsweek»də David Stupples isə yazır ki, cihadçıları neft yataqlarından məhrum etmək hərbi koalisiya üçün prioritet olmalıdır. Elə Britaniya da Suriyada ilk zərbələri məhz neft yataqlarına endirdi:

«Ancaq koalisiya qanunsuz neft ticarətini dayandıra bilər. Suriya və İraq üzərində, İŞİD raketlərinin vura bilmədiyi mövqelərdə ABŞ və Böyük Britaniyanın kəşfiyyat və pilotsuz hücum aparatları var. Onlar 24 saat ərzində işləyir, əla sensorlarla təmin olunub. Bu silahlarla İŞİD-in neft ticarətindən əldə etdiyi gəliri kəsmək mümkündür. Bu gəlir ayda 50 milyon, ildə 600 milyon dollarla ölçülür. Qarət olunmuş banklar və hərbi bazaların İŞİD-ə 1.5-2 milyard dollar qənimət verdiyi bildirilir».

Yazıda qeyd olunur ki, İŞİD Türkiyəyə günə 25 min barrel xam neft göndərir və qara bazarda barrelini 25 dollara satır. Bu neftin ticarət mərkəzlərinə çatmadan hədəfə alınmasıyla İŞİD-in bel bağladığı maliyyə qaynaqlarından ən vacibi məhv edilə bilər.

XS
SM
MD
LG