Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:59

İranın nüfuzlu azərbaycanlı şairi Əhməd Şamlu


Ahmad Shamloo (Əhməd Şamlu)
Ahmad Shamloo (Əhməd Şamlu)

-

"Bu an zamanın ağırkeçər dalğasıdır ki

daş və poladla dolu dəniz kimi məndə ötür."

Əhməd Şamlu
Əhməd Şamlu

Əhməd Şamlu (1925-2000) - şair, yazıçı, jurnalist, İranda modern fars ədəbiyyatının ən böyük şairi olması haqda ədəbiyyatşünaslıq iddiaları var.

Sağlığında yetmişdən artıq kitabı çıxmışdı. Bunların əksəriyyəti çoxcildlik poeziya topluları idi.

Onun şeirləri modernist Qərb poeziyası ilə klassik fars poeziyasının modern transformasiyasının qovşağındadır.

Furux Fərruxzad (Forough Farrokhzad), Söhrab Sapehri də daxil olmaqla, bir çox modern İran şairlərinin yaradıcılığına təsir edib.

Onun qafiyəli, vəznli Klassik fars şeirindən fərqli - "sadə, azad poeziya" üsulu İranda Sepid (sərbəst) Fars Poeziyası kimi tanınır. Mövzuları siyasi məsələlər (o, solçu idi), azadlıq, insani hallar, sevgi arasında dəyişir.

Əhməd Şamlu
Əhməd Şamlu

Əhməd ŞAMLU

Şeirlər

Qarışmaq

Farscadan çevirən: Zaman Paşazadə

Zaman, amansızca

Darısqal idi

Olay, olduqca gözlənilməz!

Bahardan bir tamaşalıq

Tamsınmadan

Qəfəs baxçanı soldurdu.

Nəfəsdən və günəşdən

Öylə vaz keçəcəyəm

Sanki dodaq doyulmaz bir

Öpüşdən...

Çılpaqca,

Tapşır məni çılpaqca

Torpağa tapşırsınlar

Təpədən dırnağa çılpaq.

Sevgiyə namaz

Qıldığımız kimi:

Heç bir örtük olmadan

Torpaqla vurğuncasına qarışmaq istəyirəm.

Ağlayış bir sirrdir

Ağlayış bir sirrdir

Gülüş bir sirrdir

Sevgi bir sirrdir

Sevgimin gülüşü idi o gecənin göz yaşı.

Nağıl deyləm danışasan

Mahnı deyiləm oxuyasan

Səs deyiləm eşidəsən

Yoxsa görəcəyin bir şey

Yoxsa biləcəyin bir şey

Mən ortaq bir dərdəm

Məni qışqır.

Ağac meşə ilə danışır

Küləş kövşənlə

Ulduz kəhkəşanla

Mən isə səninlə danışıram.

Adını mənə de - əlini mənə ver

Sözünü mənə de - könlünü mənə ver

Sənin kökünü mən anlamışam

Dodaqlarınla bütün dodaqlara danışmışam

Əllərin əllərimə tanışdır

Aydın sayxınlıqda səninlə ağlamışam dirilər üçün

Və qaranlıq qəbristanlıqda səninlə oxumuşam ən gözəl mahnıları

Çünki bu ilin ölüləri

Ən vurğun dirilər idilər.

Əlini mənə ver

Əllərin mənlə tanışdı

Ehey əlçatmazlıq! Səninlə danışıram:

Tufanla bulud sayaq

Kövşənlə küləş sayaq

Dənizlə yağış sayaq

Baharla quş sayaq

Və meşə ilə danışan ağac sayaq

Çünki sənin kökünü anlamışam

Çünki mənim səsim sənin səsinlə tanışdır.

Mən, ölümü…

Farscadan çevirən: Ərəstu Mücərrəd

Bu an zamanın ağırkeçər dalğasıdır ki məndə ötür.

Bu an zamanın ağırkeçər dalğasıdır ki dəmir irmağı tək məndə ötür.

Bu an zamanın ağırkeçər dalğasıdır ki

daş və poladla dolu dəniz kimi məndə ötür.

İlıq yellər keçidində bir başqa mahnı başladım.

Yağmur keçidində bir başqa mahnı başladım.

Kölgə keçidində bir başqa mahnı başladım.

Nilufər və yağış səndə idi

Qılınc və haray məndə.

Fəvvarə və röya səndə idi

Bataqlıq və qaranlıq məndə.

Sənin keçidində bir başqa mahnı başladım.

Mən yarpağı mahnıya çevirdim

Ormanda yaşıl.

Mən dalğanı mahnıya çevirdim

İnsandan döyüntülü.

Mən sevgini mahnıya çevirdim

Ölümdən haylı.

Ormandan yaşıl

Mən yarpağı mahnıya çevirdim

Dənizin ürəyindən çırpıntılı

Mən dalğanı mahnıya çevirdim

Həyatdan haylı-haraylı

Mən ölümü mahnıya çevirdim.

Nazlı

-Nazlı! Bahar güldü və ərğəvan açdı

Evdə,

Pəncərə altında çiçəkləndi qoca yas

Əlini üz gümandan!

Nəhs ölümlə düşmə!

Olmamaqdan olmaq yaxşıdır, özü də baharda…

Nazlı danışmadı,

Başı uca

Qızaraq dişini yorğun ciyarına basdı və getdi.

-Nazlı! Danış!

Sükut uçarı, faciəli ölüm cücəsini

Yuvada çıxarmağa oturmuş!

Nazlı danışmadı,

Günəş kimi

Qaranlıqdan çıxıb qanda batdı və getdi.

Nazlı danışmadı

Nazlı ulduzdu:

Bir an bu qaranlıqda parladı və getdi

Nazlı danışmadı

Nazlı bənövşə idi:

Çiçək açdı və

Xəbər gətirdi: ((qış qurtardı!))

Və getdi...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG