Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:25

İlahiyyat... yəni, indi imperatorların yerində biz otururuq


Voltaire
Voltaire

-

"Siz indi skiflərin Roma imperiyasının yarısını qoparıb aldıqlarını eşidəndə çaşıb qalacaqsınız, biz ruhanilər isə onun qalan yarısına yiyələnmişik, mənim kimi rahibin birisi indi Papa taxtında oturur."

VOLTER

Araz Gündüzün tərcüməsində

Mark Avreli ilə Françiskalı rahib

Mark Avreli.1 Deyəsən, buralar mənə tanış gəlir. Mən bilən bura Kapitolidir2, o böyük tikili isə məbəddir; bu gördüyüm adam da, sözsüz, Yupiterin kahinlərindəndir. Dostum, sizdən bir-iki söz soruşmaq olarmı?

Qədim Roma Kolossiumu
Qədim Roma Kolossiumu

Fransiskalı rahib3. Tanımadığın adamı dost deyə çağırmaq qabalıqdır. Görünür, siz yadellisiniz, yoxsa məni:

Kapitolidə yaşayan fransikançı Fulgentsiya qardaşı belə çağırmazdınız, mənim, haçansa papanın özü ilə üz-üzə oturub danışmış hersoginiya Popolinin ruhani atası olduğumu bilsəydiniz, buna ürək etməzdiniz.

M. A. Kapitolidə yaşayan Fulgentsiya qardaş! Buralar nə yaman tanınmaz olub! Sizin dediklərinizi isə, sözün düzü, yaxşı anlaya bilmirəm. Bura Yupiterin məbədi deyilmi?

F. r. Özünüzü dəliliyə vurmayın, ay yaxşı adam. Bir deyin görüm, əski çağlardakı kimi saqqal saxlayıb, o çağların paltarını geyinib, buralarda nə gəzirsiniz? Haradan gəlmisiniz, nə istəyirsiniz?

M. A. Mən öz gündəlik geydiyim paltardayam, Romaya baxmaq üçün keçmişdən bugünə gəlmişəm. Mən—Mark Avreliyəm.

F. r. Mark Avreli? Belə birisini eşitmişəm. Yanılmıramsa, bu adda bir kafir-bütsevər imperator olub.

M. A. O dediyin adam mənəm. Ötən çağlarda çox sevdiyim, çox da sevildiyim doğma Romaya baxmaq üçün gəlmişəm, bu Kapitoli mənim çağımda neçə-neçə bayramlar gördü, neçə savaşlarla üzləşdi, ancaq bircə yol da olsun, yağıların əlinə keçmədi, istəyirəm, o çağlarda ağ günlərə çıxadığım bu torpaqlarda bir az gəzim dolanım, baxım görüm, buralarda indi nə var, nə yox.

Mark Avreli
Mark Avreli

Ancaq bayaqdan baxıram, Roma büsbütün tanınmaz olub. Mənim adıma ucalan sütunu tapa bildim, ancaq mənim atam, böyük müdrik Antoninin adına ucalan sütun yerində olsa da, onun üstündə indi başqasının heykəli durub.

F. r. Yoxsa sən nəsə, ayrı bir şeymi gözləyirdin, ay Günüqara? Beşinci Sikst4 o sütunu yenidən qurdurmalı oldu, onun üstünə isə, səndən də, atandan da qat-qat artıq olan bir insanın heykəlini qoydurdu.

M. A. Mən yaşadığım çağlarda, atamın özümdən qat-qat üstün bir kimsə olduğunu sanırdım. Ola bilsin, ona olan sevgim məni çaşdırıb — istənilən kimsə çaşa bilər, mən də onların biri. Ancaq bunu başa düşmədim, siz nədən mənə qaragünlü deyirsiniz?

F. r. Çoxlu qarğış yiyəsi olduğunuz üçün də sizə qaragünlü deyirəm. Yağış yağdırıb yağılarınızla döyüşü udmaqda sizə yardım eləmiş kimsələrin yaxşılığını çox keçmədən unudub, onları izləyib incidən siz deyildinizmi?

M. A. Ah, nə yazıq! Mən imperator olanda bir kimsəni də olsun, nə incitmiş, nə də izləmişəm; mənim döyüşçülərim susuzluqdan korluq çəkib əldən düşəndə, hansısa bir təsadüfdən yağış yağdığına görə isə, göylərə öz sayğımı yetərincə bildirmişdim.

Bu yağışa görə hansısa adamlara borclu olduğumu mən indi sizdən eşidirəm, siz dediyiniz o adamlara gəlincə isə, onların çox yaxşı döyüşçülər olduğunu deyə bilərəm.

And olsun, nəyə inanırsınızsa ona, mən qarğış yiyəsi olmamışam. Mən bütün ömrüm boyu ancaq yaxşılıqlar eləməyə çalışmışam, inanmıram ilahi varlıq mənə qarğış göndərsin.

Nə olar, bir mənə deyin görüm, mənim ardıcılım olan imperatorun sarayı indi harada yerləşir? Yenədəmi Palatin təpəsindədir, yoxsa harayasa, başqa yerə köçürüblər? Sözün düzü, mən öz doğma şəhərimi tanıya bilmirəm.

F. r. Sizin çağınızda buraların indikindən qat-qat yaxşı olduğuna ürəkdən inanıram. İstəsəniz, mən sizi Monte-Kvalloya5 apara bilərəm; siz orada müqəddəs atanın ayaqlarını öpüb suçlarınızdan arına bilərdiniz, mənə elə gəlir, bu sizin yaxşılığınıza olardı.

M. A. Məni bağışlayın, siz mənə deyin görüm, doğrudanmı artıq Roma imperiyası, onun imperatoru yoxdur?

F. r. Yox-yox, siz nə danışırsınız, imperiya da, imperator da vardır, ancaq buradan dörd yüz mil uzaqlıqda, Dunay çayının üstündə, Vyana adında bir kiçik şəhər var, indi imperator orada oturur.

Fransiskalı rahib. Portretin müəllifi rəssam Jacopo Bassano
Fransiskalı rahib. Portretin müəllifi rəssam Jacopo Bassano

Mənə elə gəlir, sizin ora gedib özünüzün ardıcılınızla tanış olmağınız çox da yaxşı olardı, yoxsa burada qalsanız sizi, inkvizisiya ilə tanış olmaq qorxusu gözləyir.

Bu sözlərimi qulağınızda sırğa eləyin, bizim dəyərli dominikançı atalar onlarla kimsənin şuxluq eləməsinə dözməzlər, onlar üçün Mark Avreli, Adatonin, Trayan, Tit6 olsun, yoxsa da katexizisi7 bilməyən bir başqası, uf demədən, bir anın içində başını batırıb, yola salarlar gedər-gəlməzə.

M. A. Katexizis! İnkvizisiya! Dominikançılar! Fransiskançılar! Papa! Bütün bunlarla yanaşı, Roma imperiyası Dunayın üstündəki bir balaca şəhərə sığınıb! Nəyi də olsa, ancaq bir bunu gözləməzdim!

Keçən min altı yüz ildə, dünyadakı nəsnələrin dəyişiləcəyini bilirdim, ancaq buracan yox! Lap ola bilsin Roma imperatorunun, markomanlı, kvadalı, kimvralı, tevtonlu8 birisinin olması da mənə belə çöçün görünməzdi!

F. r. Bu harasıdır, siz öz düşündüyünüzdən də artığını görəcəksiniz. Siz indi skiflərin9 Roma imperiyasının yarısını qoparıb aldıqlarını eşidəndə çaşıb qalacaqsınız, biz ruhanilər isə onun qalan yarısına yiyələnmişik, mənim kimi rahibin birisi indi Papa taxtında oturur, sonradan sırası gələndə elə mən də onun yerində otura bilərəm, onda mən, sizin savaşda yendiyiniz kralları öz arabanıza bağlayıb saxladığınız o yerdə xalqa xeyir-dua verərdim, sizin Dunay çayının üstündə oturan ardıcılınız isə, yan-yörəsindəki ruhanilərlə anlaşmadan, bir şəhərə də nəsə buyuruq verə bilməz.

M. A. Siz mənə inanılmaz şeylər danışırsınız. Bu dəyişikliklər hansısa böyük yamanlıqlar olmadan baş verə bilməzdi. Bütün bunlara baxmayaraq, mən yenə də insanları sevirəm, onların durumuna acıyıram.

F. r. Siz çox yaxşı adama oxşayırsınız. Düz deyirsiniz, bunların baş verməsi üçün çox böyük yamanlıqlar oldu: qan su yerinə axdı, çoxlu bölgələrimiz var-yoxdan çıxdı, ancaq bunlar gərək baş verəydi, yoxsa mən Fulgensiya qardaş, indi burada, Kapitolidə qayğısız yaşaya, qulağı dinc yata bilməzdim.

M. A. Dünyanın paytaxtı olmuş Roma necə yıxılarmış, yaman günlərə qalarmış!

F. r. Yıxılmağı ola bilsin düz deyirsiniz, ancaq ona yamangünlü deyəndə yanılırsınız! Tərsinə, indi o barış içində yaşayır, burada çox gözəl incəsənət örnəkləri yaradılır.

Dünyaya ağalıq eləyən bir ölkə, indi də ona musiqi müəllimliyi eləməkdədir. Biz indi İngiltərəyə basqınçı qoşunlarımızı yox, öz kastratlarımızı9, skripkaçılarımızı göndəririk. Bizdə indi Karfageni yerlə bir edən Stsipionlar yoxdur, ancaq bizdə terror da yoxdur: biz, ad-sanı dincliyə dəyişmişik.

M. A. Mən öz yaşamımda filosof olmaq istəyirdim, əlləşib-vuruşub bu istəyimə çatmışdım da. Mən dincliyin ad-sanla dəyişdirilməsini ilk dəfə burada eşidirəm; danışdıqlarınıza görə Fulgentsiya qardaş, sizin filosof olmadığınızı söyləyə bilərəm.

F. r. Necə? Mən, filosof deyiləm? Mən çox hikkəli bir filosofam! Mən fəlsəfədən də, ilahiyyatdan da dərs demişəm.

M. A. Ay yaxşı insan, bu ilahiyyatın nə demək olduğunu mənə başa sala bilərsinizmi?

F. r. İlahiyyat... bunun qısa anlamı belədir: indi imperatorların yerində biz otururuq. Görürəm mənim ad-sanımı gözünüz götürmür, sizin imperiyanızda baş vermiş bu hakimiyyət dəyişikliyini də bəyənmirsiniz.

M. A. Mən sonsuzluğun gətirdiyi dəyişikliklərə boyun əyirəm, uğuruma çıxan yamanlıqlara görə söylənməyi sevmirəm.

İnsanın işlərinin belə kəskin dəyişməsi mənə çox çöçün gəlsə də, bu dəyişikliklərin olması qaçılmazdırsa, Roma kimi böyük imperiya yıxıldısa, demək haçansa, bu fransiskançı rahiblərinin ağalığının yıxılacağı gün də gəlməlidir.

F. r. Görünür, mən sizi kilsədən qovmalı olacağam, çıxın gedin buradan, mən indi səhər ibadətinə getməliyəm.

M. A. Yaxşı, elə isə mən də gedim, varlığın mahiyyətinə qovuşmağa.

1Mark Avreli(121-180) 161-180-ci illərdə Roma imperatoru olmuşdur, böyük filosof kimi də tanınır.

2Kapitoli Pomanın tikildiyi yeddi təpədən biridir, onun üstündə Yupiterin məbədi olmuşdur.

3XIII yüzildə Assizli Frantsisin yartadığı rahiblər birliyi, onlar insanları asketcəsinə yaşayışa çağırırdılar.

4V Sikst XVI yüzildə Roma papası olmuş, imperator Antoninin adına ucaldılmış sütunun üstündən onun heykəlini götürüb, Müqəddəs Pavelin heykəlini qoymuşdur.

5Monte Kvallo—o çağlar Roma papasının yaşadığı yerin adı idi.

6Bu sadalananlar adlı-sanlı Roma imperatorları olmuşdur.

7Katexizis—xristianlığın ehkamlarının qısaca yazılıb yozulduğu kitaba deyilirdi.

8Bu sadalananlar Roma imperatorluğu ilə qonşuluqda yaşayan varvar xalqlar idilər.

9 Burada Osmanlı imperiyasının yerləşdiyi torpaqlar anılır.

10Kastrat—səslərinin çox yüksək, incə olması üçün, uşaqlıqdan axtalanmış kişi müğənnilərə deyirdilər.

XS
SM
MD
LG