Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:54

«İmkan verin, doğmalarımızı basdıraq»


Pulkovo aeroportu.
Pulkovo aeroportu.

-

Rusiyanın «MetroJet» aviaşirkətinə məxsus «Boeing A321»in Sinay yarımadası səmasında qəzaya uğramasından bir aydan çox ötür. Bu qəzada həlak olanların doğmaları aparılan istintaq haqqında yetərli informasiya ala bilməmələrindən və meyitlərin hələ də onlara verilməməsindən şikayətçidirlər. Qohumlar mərhumları, heç olmasa, onların qırx günündə dəfn etmək istəyirlər.

Qohumlar faciə ətrafında yaranmış böyük hay-küydən sonra bir müddətdir yaranan səssizlikdən narahatdırlar. İstintaq komitəsinə zəng vurmaq, DNT ekspertizasının gedişi, meyitlərin nə zaman veriləcəyi haqqında xəbər almaq getdikcə çətinləşir. Özü də verilən informasiya da ziddiyyətlidir: əvvəlcə istintaq hərəkətinin iki ay çəkəcəyini deyirlər, sonra cənazələri lap yaxında qaytaracaqlarına dair ümid verirlər, daha sonra hər şey təxirə düşür.

«BİLMƏK İSTƏYİRİK! HÖRMƏT TƏLƏB EDİRİK»

Səbir kasası daşan qohumlar bu günlərdə mətbuata açıq məktub ünvanlayıblar. Məktubda deyilir:

«Biz artıq gözləməkdən, səbir etməkdən yorulmuşuq. Biz bilirik ki, «əli-ayağı yerində olan» meyitlərin ekspertizası artıq başa çatıb, onların soyadları da bəllidir. Niyə bu meyitlər verilmir? Biz bilmək istəyirik. Biz anlamaq istəyirik... Yaxında qırx gün tamam olacaq. Doğmalarımızı basdırmağa imkan verin. Biz sizdən hörmət tələb edirik!».

«BEŞ FRAQMENTİ VERDİK, DƏFN ETDİNİZ, SONRA TAPILAN FRAQMENTLƏRİ NƏ EDƏCƏKSİNİZ?»

Bununla belə, həlak olanların yaxınlarından bəziləriİstintaq Komitəsinin üzləşdiyi çətinlikləri anlayışla qarşılayırlar. Elena Nikitina bu qəzada ərini və dostlarını itirib. Düzdür, Elena-nın durumu fərqlidir, onun əri qısa zamanda tanınıb dəfn edilənlərdəndir.

Bu il oktyabrın 31-də Misirin Sinay yarımadası üzərində baş verən qəzada 224 Rusiya vətəndaşı ölüb.
Bu il oktyabrın 31-də Misirin Sinay yarımadası üzərində baş verən qəzada 224 Rusiya vətəndaşı ölüb.

«Ancaq o tək uçmurdu, bir dəstə adam bir yerdə gedirdilər: ərim Viktor, Elena Gaidamak, onun qızı Alina, yenicə 27 yaşı tamam olan gənc bir oğlan. Belə çıxır ki, Armen Vishnev təxmini tanınıb, Alina tapılıb, Elena isə yox. Orda DNT analizi üçün material da götürülüb, nəticəni gözləyirik. Bir həftəmiz var. Çox ümid edirəm ki, Elena da tapılacaq», -söyləyir Nikitina.

O, bu günə kimi 47 adamın dəfn edildiyini, 58 nəfərin 100 faiz tanındığını bildirir.

«Ancaq bəziləri ilə bağlı iş davam edir. Burda yaranacaq çətinlikləri anlayıram. Bəzən meyitin ayrı-ayrı fraqmentləri tapılır, məsələn, birinin bir fraqmenti, o birinin beş. Müstəntiqlər deyirlər ki, yaxşı, bu beş fraqmenti sizə verdik, aparıb dəfn etdiniz, daha sonra altı fraqment tapılanda, onları nə edəcəksiniz? Bir çətinlik də var. Bəzi qohumlar həlak olanların meyitlərini tanıdıqlarını desələr də, sonradan DNT analizi ortaya ayrı nəticə çıxardı. Bizə əvvəldən bildiriblər ki, DNT analizi iki ay davam edəcək, məncə, onlar çox sürətlə işləyirlər. Görünür, 2006-cı ildə baş vermiş Anapa faciəsindən dərs çıxarıblar, o zaman dəfələrlə eksqumasiya keçirildi və hər şey qarışdırıldı. İnsan məhz öz doğmasını dəfn etdiyindən əmin olmaq istəyir», - deyir Elena Nikitina.

Pulkovo aeroportunda ölənləri anırlar.
Pulkovo aeroportunda ölənləri anırlar.

İKİNCİ DƏRƏCƏLİ QOHUMLAR DA TƏZMİNAT İSTƏYİR

Problemsə təkcə meyitlərin verilməsində deyil, həm də təzminatla bağlıdır. «İnqosstrax» şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru Karen Asoyan deyir:

«Biz təzminat verməli olduğumuz bütün qohumlara ödəniş edirik. Çətin vəziyyətlərdə qohumlarla əlaqə yaradırıq və situasiyadan asılı olaraq fərdi qərarlar veririk. Başlıca problem ondadır ki, bəzi hallarda ailənin bütün üzvləri məhv olub, qanuna görə də, ikinci dərəcəli qohumlar təzminat ala bilməzlər. Ancaq biz bu cür halları ayrı-ayrılıqda araşdırır və qohumların xeyrinə qərar verməyə çalışırıq».

Vəkillərsə bəzən fırıldaqçı qohum-əqrəbanın da tələm-tələsik təzminat davası açdıqlarını deyirlər. Məsələn, övladından imtina edən ata qəzadan sonra təzminat üçün müraciət edib, nəvəni tərbiyə edən nənə isə qıraqda qalıb.

Bu il oktyabrın 31-də Misirin Sinay yarımadası üzərində baş verən qəzada 224 Rusiya vətəndaşı ölüb. Təyyarə terrorçular tərəfindən partladılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG