Keçid linkləri

2024, 30 Mart, şənbə, Bakı vaxtı 04:56

Sarkisian 2018-ci ildən sonrakı planlarını açıqlamır


Serzh Sarkisian
Serzh Sarkisian

-

Ermənistan prezidenti Serzh Sarkisian 2018-ci ildə prezident səlahiyyətlərini təhvil verdikdən sonrakı planları barədə detallı danışmaqdan yayınır. Məsələn, açıqlamaq istəmir ki, baş-nazir postuna iddialı olacaq, yoxsa Milli Məclisin sədri olacaq.

Yerli telekanallardan birinə müsahibəsində «ölkədə konstitusiya referendumundan sonra parlament üsul-idarəsinə keçilərsə, nə edəcəksiniz» sualına Sarkisian belə cavab verib:

«Əvvəlcə onu demək istərdim ki, sizin tələskənliklə bölüşmürəm, məni yalnız 3 il sonra «keçmiş prezident» adlandırmaq olar».

«BU BARƏDƏ 2017-Cİ İLDƏN SONRA DANIŞARIQ»

«Bəs 3 il sonra» deyə jurnalist sual etdikdə, Sarkisian-ın cavabı belə olub:

«Bu başqa məsələ. Bu barədə 2017-ci il parlament seçkilərindən sonra danışarıq. Hələ bu barədə danışmaq çox tezdir».

Başqa bir jurnalistin də analoji sualına cavabında Serzh Sarkisian qeyri-müəyyən cavab verib. Bildirib ki, bu sual hələlik heç bir maraq kəsb etmir və bu barədə növbəti parlament seçkilərindən sonra danışmaq olar. «Nəyə görə deyirəm, 2017-ci ildən sonra? Çünki yalnız parlamentdə səs çoxluğu toplayandan sonra baş nazir ola və ya hökumətin formalaşmasında iştirak edə bilərsən» – deyə Sarkisian vurğulayıb.

Sarkisian vaxtilə baş nazir, prezident və ya Milli Məclisin sədri olmayacağı ilə bağlı dediklərindən indi imtina edir? Bununla bağlı suala cavabında Sarkisian deyib ki:

«Yox, demirəm ki, mən dediyim sözdən heç vaxt geri çəkilməmişəm, amma əksər hallarda - fərq etməz məişətdə və ya siyasətdə - verdiyim sözə əməl etmişəm. Mən heç nədən imtina etmirəm».

Sarkisian bir nüansı da qeyd edir ki, səlahiyyət müddəti başa çatanadək o, prezident postundan getməyi düşünmür:

«Fəaliyyətimi azaltmaq fikrim yoxdur. 2018-ci ilədək - səlahiyyətlərimi baş nazir, prezident və ya bir başqasına təhvil verəcəyim günədək çalışacağam».

«ELAN ETSƏM Kİ. PARTİYA SƏDRİ DƏ OLMAYACAĞAM...»

Müxalifət düşərgəsindən Sarkisian-a belə bir mesaj ünvanlanıb ki, o, hətta baş nazir postuna gəlməsə belə, hakim partiyanın sədri kimi parlamentdə çoxluq üzərində hakimiyyətə yiyələndiyi halda hökuməti çox rahatlıqla idarə edəcək. Başqa sözlə, ölkə başçısı olmadan da ölkəyə rəhbərlik edəcək. Buna Sarkisian-ın cavabı belə olub:

«Əgər günü sabah elan etsəm ki, partiyanın da lideri olmayacağam, əminəm ki, müxalifət iddia edəcək ki, Sarkisian Şahmat Federasiyasının sədri olaraq qalırsa, demək ki, hakimiyyət də ona məxsusdur. Bilirsiniz, hər şeyin bir həddi var».

Prezident Konstitusiya referendumunda tənqidçilərin ən çox narahatlığına səbəb olan bir nüansa – stabil çoxluğun yaradılması ilə bağlı məsələyə də aydınlıq gətirib:

«Birincisi, deməliyəm ki, spekulyasiya əsasən Konstitusiyanın bu maddəsi ilə bağlıdır. Mən səmimi olaraq deyirəm ki, hələ ki, seçki kodeksi ilə bağlı hər hansı dəqiq yanaşma yoxdur. Amma stabil çoxluq o demək deyil ki, mütləq ikinci tura da keçirilməlidir. İkinci turun keçirilməsi mümkün ehtimallardan biridir. Komissiya üzvlərindən birinin dediyi kimi, ehtiyat variantdır. Stabil çoxluqdan niyə ehtiyat edirlər ki? Bəs ölkədə stabillik olsun deyə, nə etməliyik?».

«BU, AZƏRBAYCANA MÜHARİBƏ ELAN ETMƏK DEMƏKDİR»

Konstitusiya dəyişikliyinin vacibliyindən danışan Sarkisian bildirib ki, hazırkı konstitusiyada bir neçə təhlükəli məqam var və bu təhlükələrdən danışmağı özünə borc bilir. Ölkə başçısı belə bir misal çəkir. Bir dəqiqəlik təsəvvür edin ki, 2012-ci ilin parlament seçkilərində «İrs» partiyası qalib gəlib və öz hakimiyyətini formalaşdırıb, baş nazirini müəyyənləşdirib.

«Təsəvvür edək ki, siyasi güc «İrs» partiyasındadır. «İrs» partiyası nə deyir? Deyir ki, Dağlıq Qarabağın müstəqilliyi dərhal tanınmalıdır. Hakimiyyət qərar qəbul edəcək və qanun layihəsini Milli Yığıncağa göndərəcək və parlament Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyacaq. Konstitusiyamıza əsasən, bu qanun prezident administrasiyasına daxil olacaq. O zaman da mən 5 gün ərzində bu qanunu təsdiq etməli olacağam. Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması nə deməkdir? Bu, Azərbaycana müharibə elan etmək deməkdir, çünki əgər sən belə bir addım atırsansa, o zaman hansı danışıqlardan söhbət gedə bilər? Danışıqlara alternativ də məhz müharibədir» – deyə Sarkisian aydınlıq gətirir.

Sarkisian ölkənin birinci və ikinci prezidentləri Levon Ter-Petrossian və Robert Kocharian-ın da konstitusiya dəyişikliyi ilə bağlı şərhlərinə münasibət bildirib. Ter-Petrossian bildirib ki, belə bir addım atmaqla Sarkisian prezident olma müddəti ilə bağlı hazırkı məhdudiyyəti aradan qaldırmaq istəyir. Kocharian isə deyib ki, bu, hakimiyyəti bir partiyanın əlində cəmləşdirməyə bir cəhddir.

«Mən özümdən əvvəlki prezidentlərin baxışlarının şərhçisi deyiləm, amma çox təbiidir ki, onların mövqe və motivləri ilə tanışam. Başa düşürəm, amma qəbul etmirəm. Mənim üçün əsassız ittihamlar qəbuledilməzdir» –Sarkisian bildirib.

XS
SM
MD
LG