Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:11

-

«21 Azər Hərəkatının ən mühüm nəticəsi o oldu ki, millət parçalandığını başa düşdü». Bu sözləri 21 Azər Hərəkatının 70 illik yubileyinə həsr edilmiş «İz»ətarixçi alim Əkrəm Rəhimli (Bije) söylədi.

«VAHİD AZƏRBAYCAN»

2009-cu ildə Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyətini araşdıraraq «Mübarizə burulğanlarında keçən ömür» adlı kitab yazan Əkrəm Rəhimli o vaxtadək bunun fərqində olmadıqlarını açıqladı: «Xalq anladı ki, iki yerə parçalanıb... Vahid Azərbaycan söhbəti ortaya gəldi. O vaxtadək biz kitablarda oxumurduq ki, Azərbaycan bölünüb, yarısı o taydadır, yarısı bu tayda. Gülüstan, Türkmənçay müqavilələri var... Ancaq onu bilirdik ki, Qafqazda 17 şəhərimiz var, biz onu almalıyıq. Demək, hərəkat Azərbaycan birliyini ortaya gətirdi».

KÖMƏYİN ARXASINDA NƏ GİZLƏNİRDİ?

«İz»in bələdçisi 21 Azər Hərəkatında Sovetlərin yardımını həlledici saymır: «Bu hərəkata xaricdən kömək olub? Olub! Kim edib köməyi? Sovetlər. Bu hərəkatın baş verməsi üçün Sovetlər silah verib. Mənəvi kömək göstərib. Ola bilsin, pul yardımı da edib.... Amma heç kəs, heç bir tarixçi sübut edə bilməz ki, bu hərəkat milli zəminə söykənməyib... Milyonlarla insan əldə silah ayağa qalxıb. Sovetlərin verdiyi silah da kömək edib. Ona qədər də bir miqdar silah xalqın özündə vardı. Siz elə bir hərəkat göstərə bilərsinizmi ki, o xaricdən yardım almadan, öz qınına girib qələbə çalsın? Ona görə də, Pişəvəri hərəkatındaSovetlərin yardımını həlledici yox, təsiredici yox, köməkçi vasitə sayıram. Həm də, bu köməyin arxasında nə vardı? - bunu biz bilmirik, çünki Pişəvəri onu gizlədib...».

NİYƏ 21 AZƏR?

Əkrəm Rəhimli hərəkatın tarixini belə təsvir edir: «1945-ci ilin noyabrından başlamış, dekabrınadək Azərbaycanda kütləvi inqilab baş verdi. Dekabrın 12-də olduğundan buna tarixdə «21 Azər» deyirlər. Səttarxan və Xiyabani hərəkatları ilə müqayisədə bu, zirvə hesab olunur. Səbəbi odur ki, bu hərəkat birillik hökumət qura bildi. Azərbaycan Milli Hökuməti quruldu və Seyid Cəfər Pişəvəri tam demokratik əsasla bu firqənin sədri və Milli Hökumətin baş naziri oldu. Bu dövlət bir il Seyid Cəfər Pişəvərinin başçılığı ilə fəaliyyət göstərdi».

SOVET CASUSU PİŞƏVƏRİ?

Əkrəm Rəhimli Seyid Cəfəri araşdırmaq qərarına gəldiyinibelə açıqladı: «Gördüm ki, XX əsrin əvvəlində tarix Azərbaycana çox görkəmli siyasi xadimlər bəxş edib. Onlardan kitablar yazılıb, filmlər çəkilib. Ancaq bu böyük insan kölgədə qalıb... İranda onun haqqında böhtan, yalan, uydurmalar yazırlar. Onu Sovetlərin agenti kimi, kənardan İrana gəlmiş adam kimi tanıdırlar. Məqsəd təkcə Pişəvərini deyil, onun başçılıq etdiyi milli hökuməti də ləkələməkdir. Mən bunları görüb, Pişəvərinin həyat və fəaliyyətini araşdırmağa keçdim».

KOMMUNİST PİŞƏVƏRİ...

Verilişin digər bələdçisi tarixçi alim Solmaz Rüstəmova-Tohidi Seyid Cəfərin ötən əsrin əvvəllərinə təsadüf edən uşaqlıq illərinə nəzər saldı: «Pişəvərinin atasıötən əsrin əvvəllərində Bakıya iş dalınca gəlib. Seyid Cəfər iranlılara məxsus «İttihad» məktəbində təhsil alıb, sonra orada müəllimlik edib və daha sonra inqilabi fəaliyyətə başlayıb. 20-ci ildə İran Kommunist Partiyası yaradıblar. Cümhuriyyət dövründə Bakıda iranlıların bir neçə təşkilatı vardı. O dövrdə Pişəvərinin daxil olduğu partiya bolşeviklərlə çalışıb. 1920-ci ildə - Azərbaycan sovetləşəndən sonra Gilanda Mirzə Kiçik Xanla əlaqəyə girib Gilan Sovet Respublikası qurdular. İran kommunistləri - Pişəvəri də onların içində olmaqla, İrana getdilər. O dövrdə Pişəvəri radikal sol kommunist idi. O, İranda da nazir olub və hərəkatın məğlubiyyətindən sonra Bakıya gəlib,2 il burda qalandan sonra - 1922-ci ildə təzədən İrana qayıdıb. Orada «Həqiqət» adlı qəzet çıxarıb, həmkarlar ittifaqında çalışıb. Gizli fəaliyyətə keçiblər. 31-ci ildə İran Kommunist Partiyasının üzvü kimi həbs olunub və 10 il «Qəsri-Qacar» zindanında saxlanıb. Bax, bu 10 ildə dünyagörüşündə, fikirlərində çevriliş baş verib».

Solmaz Rüstəmova-Tohidi

Solmaz Rüstəmova-Tohidi

«DÜZ YOLDA DEYİLƏM...»

Əkrəm Rəhimli onun kommunist keçmişindən ayrılmasını belə izah etdi: «Özü yazır ki, mən gördüm ki, düz yolda deyiləm... Bu, istintaq materiallarında da var. Deyir, kommunist prinsiplərini İran kimi geridə qalmış məmləkətdə tətbiq etmək mümkün deyil. Kommunistlər proletariat diktaturasını əsas tuturlar, İranda isə proletariat yoxdur, bəlkə heç 100 ildən sonra da olmayacaq... Kəndli məsələsi az qoyulur. İransa aqrar ölkədir... Sinfi mübarizə məsələsi qoyulur. O biri siniflər ləğv olunur... İran kimi çoxukladlı ölkədə bunu tətbiq etmək mümkün deyil».

İRANÇI PİŞƏVƏRİ...

Əkrəm Rəhimli 1944-cü ilin iyununadək Pişəvərinin irançı olduğuna diqqət çəkdi: «1944-cü ildə seçkilər keçirilir. Pişəvəri Təbrizdən məclisə namizəd göstərilir. Məclisdə fars şovinistlərinin, dövlət adamlarının azərbaycanlılara böhtan, hiylə və kələklə yanaşdığını görüncə, fikri dəyişir. Seçkilərdə 48 səs lehinə, 50 səs əleyhinə olur. Onadək deputatları açıq səsverməyə qoyurdular. Bunun adını görüb gizli səsverməyə buraxırlar və deputatlığa keçmir. Ancaq onun məclisin tribunasından söylədiyi nitqin mətni qalıb. Orada məclisin iç üzünü açıb-tökür...».

«AZƏRBAYCAN ÖZ DƏRDLƏRİNƏ ÖZÜ ƏLAC TAPMALIDIR»

Araşdırıcı Seyid Cəfərin deputat seçkisi dövründə 3 dəfə Azərbaycana gəldiyini deyir: «Xatirələrində yazır ki, mən indiyədək xalqımı belə tanımırdım. Onda belə ruhiyyəni, mübarizliyi, rejim əleyhinə çıxmağını, Azərbaycanın İran mühitindən ayrı geridəqalmış bir bölgə olduğunu görəndə, məndə belə fikir yarandı ki, biz ayrı yolla getməliyik. Azərbaycan öz dərdlərinə özü əlac tapmalıdır».

«GƏL TƏBRİZƏ!!!»

İstər bu qənaətlər, istərsə dostlarının ona müraciəti Pişəvərinin yolunu dəyişir: «Təbrizdən dostları ona müraciət edir ki, Əlcəzairdən məqalələr yazdığın yetər, indi gəl Təbrizə... Bunu ona görə belə detallı danışıram ki, bəzi tarixçilər yazdığına inansaq, guya Pişəvərini Stalin, Mir Cəfər Bağırov Azərbaycan Demokratik Firqəsinin sədri qoyub. Bu firqənin məramnaməsi Bakıda yazılıb, Moskvada təsdiqlənib və s. Bunların hamısı sovet rejiminin yalanlarıdır. Demək istəyirdilər ki, oradakı hərəkatı biz elədik. Sual olunur: O hərəkatı siz elədinizsə, silahı siz verdinizsə, bəs silahı tutan əl kimin idi? İkinci, əgər milli zəmin olmasaydı, o boyda hərəkat meydana çıxardı?».

TƏBRİZ

Tarixçi alim bundan sonra Pişəvərinin Təbrizə gəldiyini deyir: «İlk məsələ təşkilat yaradıb kütləni bir yerə yığmaq və mübarizəyə yönəltmək olub. Azərbaycan Demokrat Firqəsinin yaranması haqqında 77 nəfərin imzasıyla bəyannamə çap olunur. Bütün kütlə bu partiyanın ətrafında toplanır və az zamanda bu partiya əzəmətli qüvvəyə çevrilir. İran Xalq Partiyasından, Həmkarlar Təşkilatından çıxıb buraya yazılırlar. Partiyanın proqramı hazırlanır».

Seyid Cəfər Pişəvəri

Seyid Cəfər Pişəvəri

ADI «AZƏRBAYCAN» OLAN DAHA BİR QƏZET...

Tarixçi alim adı «Azərbaycan» olan daha bir qəzetin çapından da söz açdı: «Birincisi, heç bir zorakılığa əl atmadılar, İran şahına, məclisinə, baş nazirinə və böyük dövlətlərin başçılarına müraciət olundu – «Bizim dərdimizə yetişin! Bizə azadlıq verin!» - tələbiylə. Qoy xalq özü-özünüidarə etsin. Dilimizi özümüzə verin, gəlirlərimizin müəyyən hissəsi Azərbaycanda qalsın...Tehran hamısını çəkib aparırdı. Firqə yaradılandan sonra onun orqanı – «Azərbaycan» qəzeti çapa başladı».

«NEYLƏMƏLİYİK? BİZ BU ZÜLMƏ DÖZMƏMƏLİYİK!»

Dekabradək firqənin iki plenumu və bir qurultayı keçirilir: «Xalq Məclisi yaradıldı. Xalqa müraciət olundu: Neyləməliyik? Hamı bir səslə dedi: Biz bu zülmə dözməməliyik! İkinci plenumun qərarı vardı: Dövlət öz siyasətini davam etdirsə, bizim bir çıxış yolumuz var: Silaha silahla cavab vermək! Belə də olur...».

«TƏBRİZ KEÇDİ PİŞƏVƏRİNİN ƏLİNƏ...»

AzadlıqRadiosunun «Can Bakı» proqramının arxivində sabiq Azərbaycan Demokrat Firqəsinin sədri mərhum Əmirəli Lahrudinin səsyazısı qorunur. Həmin tarixi anların canlı şahidi olan Lahrudi o günləri belə xatırlayır: «Dekabrın 12-də Təbriz Qarnizonunun komandiri olan generalla (Əmirəli müəllim o zaman onun adını yada sala bilmədi. Fikrimizcə, o, sonralar müdafiə naziri olan general Cəfər Kavian olub-S.İ.) Seyid Cəfər Pişəvəri yazılı müqavilə imzaladılar və silahı qoydular yerə. Təbriz keçdi Pişəvərinin əlinə. Və elan olundu ki, Azərbaycan xalqı milli hüququna çatmaq uğrunda mübarizənin qələbəsini bu gün çaldı. O üzdən həmin gün - 21 Azər bizim tariximizdə milli hökumətin yaranması və Təbrizdə Azərbaycan dövlətinin - milli dövlətin meydana gəlməsi günü kimi qeyd olunur».

MİLLİ HÖKUMƏT NƏLƏR ETDİ?

Solmaz Tohidi milli hökumətin etdiklərini belə sadaladı: «O hökumət bir il yaşadı, amma bu müddətdə böyük iş gördü. Milli hökumət yarandı, parlamentə seçkilər keçirildi, milli məclis yarandı, Təbrizdə Azərbaycan Universiteti açıldı. Azərbaycan dili dövlətin rəsmi dili oldu. Torpaq islahatı keçirildi. Filarmoniya, çoxlu məktəblər açıldı Azərbaycan dilində. Bir ilin içində dərsliklər belə buraxıldı. Mətbuat nəşr olundu, radio açıldı. Şübhəsiz ki, böyük bir tarixi dövrdür. Bu dövr özünün mübarizlər nəslini, azadsevərlər nəslini yaratdı. Ən önəmlisi, sübut etdilər ki, İran Azərbaycanı İran daxilində ən mütərəqqi ideyaların, azadlıq, demokratiya ideyalarının beşiyidir. Pişəvəri hərəkatı özündən əvvəlki hərəkatlara – Səttarxan və Xiyabaniyə nisbətən dövlət yaratmaqla ən yüksək səviyyəyə çatdı».

Əmirəli Lahrudi

Əmirəli Lahrudi

MİLLİ HÖKUMƏT NƏDƏN YENİLDİ?

Əkrəm Rəhimli bu suala belə cavabladı: «İranda hakimiyyətə Qivamissəltənə gəldi. O, İran tarixində çox hiyləgər və uzaqgörən bir şəxs olub. Dərhal Sovetlərlə danışığa girdi. Cənubi Azərbaycanın şimal hissəsində neft və qazıntı mədənləri vardı. Sovetlər onların ixtiyarını ələ keçirmək istəyirdi. Həm mədənlərə sahiblənmək, həm də qonşu ölkələrə qarşı casusluq düşərgəsi yaratmaq üçün. 1946-cı ilin martında Qivamissəltənə Moskvaya gəlib Stalinlə görüşür və deyir ki, mədənləri veririk sizə. İki şərt irəli sürür. Birinci bu idi ki, Sovet qoşunları İrandan tez çıxarılsın. İkincisi, Azərbaycan hadisəsi İranın daxili işi sayılsın və beynəlxalq miqyasa çıxarılmasın. Razılaşırlar. Sovet qoşunları oradan çəkilir və verilən silahlar geri alınır».

QIRĞIN

Tarixçi alim məsələnin bununla da bitmədiyini söyləyir: «Pişəvərini məcbur elədilər ki, Tehranla müqavilə imzalasın. İyunun 13-də Təbrizdə müqavilə imzalandı. Guya Tehran qoşunları Azərbaycana gəlir və sonra XV məclisə seçkilər keçiriləcək. 15 maddədən ibarət müqavilə başdan-ayağa təslimçi mövqeyindəydi. Ciddi yanaşma tələb edən məsələlər barəsində yazılırdı ki, buna gələcəkdə baxılacaq. Müqaviləyə əsasən, Tehran qoşunu Azərbaycana sülh şəraitində gəlməliydi, qırğın etməməliydi. Amma əksinə oldu... Onlar Zəncana qədəm qoyandan, ta Azərbaycanın bütün nöqtələrində böyük qırğınlar törətdilər və... Milli hökuməti devirdilər...».

DÜNYA BU MƏĞLUBİYYƏTİ NECƏ QARŞILADI?

Aparıcının bu sualını mərhum Əmirəli Lahrudi vaxtilə belə cavablamışdı: «Sovetlərin uduzduğu bir səhnə idi. İki siyasi düşərgə arasında gedən döyüşdə Sovetlər bu cəbhədə uduzdular. Sovetlər həmişə belə olublar. Dünya inqilabının genişlənməsi naminə Azərbaycan cəbhəsindən geri çəkildilər. Pişəvəri İrandan zor gücünə çıxmadı. O, Təbrizdə qalıb partizan müharibəsi aparmaq istəyirdi. Amma nə ilə müharibə aparacaqdı? Qulam Yəhya (müdafiə nazirinin birinci müavini-S.İ.) Zəncan cəbhəsindən geri oturdulandan sonra Miyana cəbhəsindən Pişəvəriyə zəng elədi ki, məni göydən Amerika təyyarəsi, yerdən tanklar, uzaqatan toplar vurur, böyük qoşun bizim üstümüzə gəlir. Biz də yüngül pulemyotla onları vururuq... Heç olmasa, iki top göndərin, atılanları dəf edək. Pişəvərinin topu yox idi göndərsin... Pişəvəri özü anladı vəziyyətin çıxılmazlığını. Bir müsahibəsində deyirdi ki, 200 ailəni köçürək Bolqarıstana, ya Sovetlərə, özümüz çıxaq dağlara. Bu da mümkün olmadı. Onda Pişəvəri sovetlərlə bir söhbətində demişdi ki, siz bizi elə yerə aparırsınız ki, Gilanda, Rəştdə necə bizi tək qoydunuz, bu dəfə də tək qoyacaqsınız. Və bizim camaat töküləcək sizin tikanlı məftilə, yapışacaq ora və siz də onu geri qaytaracaqsınız...».

- Əkrəm Rəhimli Seyid Cəfər Pişəvərinin hansı səhvlərindən söz açdı?

- 21 Azər Hərəkatının ən böyük dərsi nə oldu?

Verilişi burdan dinləyin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG