Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:09

Çörəyi daşdan çıxanların işi daşa dirənib


«Bəziləri texnikanı kreditlə alıblar. İşləməsələr, vəziyyətləri daha ağır olar...».

«Bəziləri texnikanı kreditlə alıblar. İşləməsələr, vəziyyətləri daha ağır olar...».

-

Son 10 ayda Azərbaycanda əhəngdaşı istehsalının 20 faizə yaxın azaldığı bildirilir. Abşeron rayonunun Güzdək kəndindən keçib yolboyu daş karxanalarının işi ilə tanış olsan, bunun özün də şahidi olarsan.
Daş karxanalarının, az qala, yarısı ya fəaliyyətini dayandırıb, ya da istehsalını xeyli azaldıb. Karxanada çalışanların sözlərinə görə, əslində bu sahədə çöküş bir neçə il bundan əvvəl başlayıb.

DAŞ KARXANALARI NİYƏ BAĞLANIR?

Şərti olaraq Asif Məmmədov (O, adının çəkilməsini istəmir-red) adlandıracağımız Güzdəkdəki daş karxanalarından birinin sahibi fəaliyyətlərini dayandırmalarını əsasən bir neçə səbəblə izah edir. Asif Məmmədov deyir ki, ən başlıca səbəblər daşa tələbatın kəskin azalması və qiymətdəki düşüşdür:

«İndi daşın birinin maya dəyəri təqribən 17 qəpiyə başa gəlir. Biz yerindən bunu haradasa 20 qəpiyə verə bilirik. Bazarda daş 30-32 qəpik civarındadır. İndi daşın birindən bizə 2-3 qəpik qalır. Gün ərzində yaxşı halda iki maşın daş sata bilirik. Halbuki, 3-4 il əvvəl daşın birini 32 qəpiyə satırdıq. 10-12 maşının satışına da söz ola bilməzdi. Bəzən maşınlar günlərlə daş növbəsində dayanardılar. Fərqi indi siz özünüz təsəvvür edin...».

Asif Məmmədov deyir ki, texnikanın bəzən sıradan çıxması, ən müxtəlif yoxlamalar da qazanclarını heçə endirir. Sahibkar bildirir ki, işləyən daş karxanalarında da vəziyyət ürəkaçan deyil:

«Onların bəziləri texnikanı kreditlə alıblar. İşləməsələr, vəziyyətləri daha ağır olar. Ancaq qarşıdan qış gəlir. Qışda əvvəllər də daşa tələbat az olub...».

Sahibkar deyir ki, Avropa Oyunları ərəfəsində yerli hakimiyyət orqanlarının onların işinə əsassız müdaxilələri olub. Ancaq prezidentin sərəncamından sonra bu müdaxilələr dayanıb. Vergi, ekologiya, əmək müfəttişliyi və fövqəladə halların yoxlamaları isə qalıb.

«Daşın birindən bizə 2-3 qəpik qalır». Foto arxiv.

«Daşın birindən bizə 2-3 qəpik qalır». Foto arxiv.

ÇÖRƏYİ DAŞDAN ÇIXAN FƏHLƏLƏR...

Bu vəziyyət daş karxanalarına gəlib günəmuzd çalışanların da dolanışığına pis təsir edib. Cəlilabad rayonundan olan Namiq Hüseynov deyir ki, indi harada işləyəcəyini bilmir:

«Əvvəllər bir həftə evdə olurdum, bir həftə də daş karxanalarında çalışırdım. Həftənin sonu evimizə gedəndə, özümlə 150-200 manat apara bilirdim. İndi daş karxanasında minnətlə iş tapsam belə, həftəyə 70 manatdan artıq qazana bilmirəm. Rayonda da iş yoxdur...».

Qobustan rayonunun Nabur kəndinin bir sakini isə deyir ki, əvvəlki illərdə onların cavanlarının 70-80 faizi daş karxanalarında çalışmaqla ailələrini dolandırıblar.

İqtisadçı Nemət Əliyev deyir ki, əsasız cərimələr də bu sahədə fəaliyyəti bir xeyli çətinləşdirib:

Boş karxana

Boş karxana

«Fərman ümumi ovqatda müəyyən müsbət təsirlər göstərsə də, əsas köhnə qaydalar hələ də qüvvədədir. Çünki, sahibkarların soyğunçuluğu ilə məşğul olan vəzifəlilər illər uzunu onu talamaq, təzyiq altına almaq, zəif yerlərindən vurmaq sahəsində peşəkara çevriliblər. Belə zehniyyəti bir fərmanla necə sağaltmaq olar? Sahibkarlara belə münasibət onsuz da aşağı olan işgüzarlıq səviyyəsini daha da zəiflədir».

TİKİNTİ SEKTORU ÇÖKÜR...

Nemət Əliyev qeyd edir ki, ümumilikdə tikintiyə kapital qoyuluşu son 10 ayda 43 faizə yaxın və ya 1 milyard manatdan çox azalıb:

«Tikinti qumunun hasilatı 60 , çınqıl, qırmadaş, xırda çay daşının istehsalı 52, hörmə üçün hazır beton qarışığının istehsalı 42 faiz azalıb. Bundan başqa, betondan yığma tikinti konstruksiyaların istehsalı 35, metaldan qapı və pəncərə istehsalı 41 faiz düşüb. Tikinti kərpicinin, armaturun istehsalı enib. Sement idxalında da 76 faiz azalma qeydə alınıb. Bu rəqəmlər onu göstərir ki, bütövlükdə tikinti sektoru çox çətin vəziyyətə düşüb. Daş karxanalarının bu ümumi prosesdən kənarda qalması mümkün deyil...».

Günün bütün mövzuları

XS
SM
MD
LG