Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:53

Türkiyə-Rusiya münaqişəsi Cənubi Qafqazı bölür


Türkiyə vs. Rusiya.
Türkiyə vs. Rusiya.

-

Türkiyə kürd millətçiliyini İŞİD-dən artıq təhlükə sayır; Tatar fəallar dəniz blokadası barədə düşünür – 3 dekabr Qərb mediasının icmalı.

«Türkiyə və Rusiya arasında sıxılmış, əsrlər boyu imperiyaların döyüş səhnəsinə çevrilmiş Cənubi Qafqaz indi də Rusiya təyyarəsini Türkiyə vurandan sonra geosiyasi qalmaqalın qəlpələrini gözləməkdədir». Bunu eurasianet.org saytında Tbilisidə çalışan jurnalist Giorgi Lomsadze yazır.

Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqi Ermənistan dərhal Kremli dəstəkləyib. Bu ölkədə ictimai fikir də Moskvanın Suriyadakı hərbi məqsədlərinin tərəfini tutur. Ermənistanda Amerika Universitetində mühazirə oxuyan təhlilçiVahram Ter-Matevosian belə deyir. Hələ Suriyada vətəndaş müharibəsi başlanmazdan həmin ölkədə böyük erməni diasporu fəaliyyət göstərirdi. Digər tərəfdən, Rusiya daima Ermənistanın təhlükəsizliyinin qarantı olub.

«Rusiya silahlı qüvvələrinin Suriyada iştirakı nəhəng resurslar tələb edəcək. Ermənistanda Rusiyanın hərbi bazaları var. Strateji müttəfiq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistandan da prosesə qoşulmaq istənilə bilər», - Ter-Matevosian deyir.

Gürcüstanda isə «Su-24»ün vurulması Rusiya ilə 2008-ci il müharibəsini yada saldı. Gürcülərin əksəriyyəti Ankaranı alqışladı.

Tbilisidə bəzi təhlilçilər ümid edir ki, bu insident Gürcüstanın NATO-ya üzvlük cəhdlərini sürətləndirə bilər. «Rusiya Gürcüstanın hava məkanını dəfələrlə pozub… Türkiyə bu qanunsuz hərəkətə dözmədi. Bu fakt gürcü xalqına siqnal olmalıdır, fürsəti fövtə verməyib NATO-ya daha da yaxınlaşsın», - Tbilisi Beynəlxalq Qara Dəniz Universitetinin beynəlxalq məsələlər üzrə professoru Giorgi Mchedlishvili deyir.

Təhlilçilərin fikrincə, Türkiyə-Rusiya ədavəti Azərbaycanı xeyli dərin dilemma qarşısında qoyur. «Birinci sual budur ki, Rusiyanın Türkiyəyə qəzəbi nə qədər çəkəcək və bu, Türkiyənin tərəfdaşlarına da yönələcəkmi?» - xarici siyasət məsələləri üzrə müstəqil təhlilçi Zaur Şiriyev söyləyir.

Müəllif yazır ki, Azərbaycan hökuməti Qərbin insan haqları tənqidlərinə qarşı Kremllə birlikdə sədd çəksə də, onun neft-qaz ixracının Qərbə qapısı Türkiyədir. İranla birgə neft istehsalı planlarına baxmayaraq, hələlik Azərbaycan üçün Türkiyənin əvəzi yoxdur.

«Azərbaycan liderləri narahatdır ki, Bakı səhv adım atarsa, Moskva da Qarabağ cəbhəsində əvəzini çıxar»,- siyasi şərhçi Altay Göyüşov belə düşünür. «Əliyev üçün çox incə situasiya yaranıb. O, tərəf tutmaq istəmir, ancaq ictimaiyyət möhkəmcəsinə Türkiyə tərəfdədir. Türkiyə təzyiqi artırsa, Əliyev seçim etməli olacaq».

«Hər 3 ölkə durumdan qısamüddətli fayda götürə bilər. Rusiya Türkiyə ilə ticarətə məhdudiyyət qoyduğundan, meyvə-tərəvəz ixracı bu boşluğu doldura bilər. Gürcüstan turist axınından qazanc götürər. Belə ki, Moskva Türkiyəyə uçuşları azaldıb», - bunlar Mchedlishvili-nin proqnozlarıdır. Ancaq regional müşahidəçilər, ümumilikdə, belə bir qənaətdədir ki, Qafqaz ölkələri Türkiyə-Rusiya qarşıdurmasından daha çox itirəcəklər. «Bu rəqabət təlatümlü Cənubi Qafqaz regionuna fayda verməyəcək, heç vaxt da verməyib», - Ter-Matevosian belə deyir.

Diyarbəkirdə qətlə yetirilən hüquqşünas Tahir Elçi-nin dəfni.
Diyarbəkirdə qətlə yetirilən hüquqşünas Tahir Elçi-nin dəfni.

TÜRKİYƏ KÜRD MİLLƏTÇİLİYİNİ İŞİD-DƏN ARTIQ TƏHLÜKƏ SAYIR

«NATO müttəfiqi, AB namizədi Türkiyə iki dramın mərkəzində yer alır: Suriya qaçqın böhranı və İŞİD təhlükəsi». «The Financial Times»da David Gardner yazır ki, Türkiyə cəbhə xəttində yerləşir, cihadçılar onun ərazisindən Suriyaya keçir, qaçqınlar isə bu torpaqlar üzərindən AB-yə doğru yol alır.

Müəllifin fikrincə, İŞİD şübhəlilərinin saxlanılmasından savayı, hökumət oktyabr partlayışlarından sonra elə bir birbaşa addım atmayıb. İŞİD-in törətdiyi həmin hücumlarda 102 kürdpərəst fəal həlak olmuşdu.

««Cumhuriyet» jurnalistlərinin Suriyadakı islamçı döyüşçülərə silah ötürülməsinə dair dəlillərin dərcinə görə həbsi bir daha göstərir ki, cənab Erdoğan xəbərçini vurmaq tendensiyasını davam etdirir. Bu işi araşdıran müstəntiqlər və polis bir ildən çoxdur həbsdədir, ötən həftə iki general və bir polkovnik də onların sırasına qoşulub. Hüquq müdafiəçisi Tahir Elçi isə türklərlə kürdlər arasında atışmanı dayandırmağa çağırdığı mətbuat konfransında öldürülüb».

«Vyana sammitində AB rəsmisi deyirdi ki, «Türkiyə ikili oyunlarını davam etdirsə, bunun nəticəsi çox pis olacaq». Hələlik Türkiyə kürd silahlıları İŞİD-dən daha təhlükəli sayır, bu mövqe dəyişməyib. Cənab Erdoğan isə AB ilə münasibətin bərpasına sırf sövdələşmə kimi baxır».

Lenur Islyamov
Lenur Islyamov

TATAR FƏALLAR DƏNİZ BLOKADASI BARƏDƏ DÜŞÜNÜR

Ukraynanın Krım blokadasının koordinatorlarından biri deyir ki, indi də dənizdən blokada planlaşdırırlar. Məqsəd Ukraynadan məhsulların Krıma çatdırılmasını əngəlləməkdir. «The Newsweek»də Damien Sharkov yazır ki, Krımın müsəlman tatar icması Rusiyanın Krımı ilhaqından sonra onlara qarşı ayrı-seçkiliyə etiraz olaraq Ukrayna ilə yolları blokadaya alıblar.

Qrupun koordinatoru Lenur Islyamov Rusiyanın «Açıq Rusiya» müxalifət təşkilatına deyib ki, tezliklə Krımın dənizdən ticarət yollarını da bağlayacaqlar: «Krım tatarlarının öz maraqları var. Biz Ukraynaya, ya Rusiyaya qarşı deyilik». Islyamov-un dediyinə görə, qrup tatarlara münasibətə diqqət yönəltmək istəyir.

Müəllif tatarların Krım əhalisinin 13 faizini təşkil etməsinə diqqət çəkir. Əsrlərdir mədəniyyət baxımından da bu yarımadaya bağlıdırlar. «Amnesty International» və «Human Rights Watch» Krımda tatarların məruz qaldığı ayrı-seçkilik barədə xəbərdarlıq edib. Belə ki, tatarların evlərinə, ibadət yerlərinə basqınlar olur, öncə məqbul sayılan dini ədəbiyyat indi «ekstremist» adıyla qadağan olunur. Tatar mediası da çətin günlərini yaşayır. Rusiya hakimiyyəti yeganə Tatar TV-ni martda qeydiyyata almayıb.

XS
SM
MD
LG